ANA SƏHİFƏ / YAZARLAR

Cadu olunan evimiz

17346    |   2018-05-15 10:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir otaqlı evimizin güzgüsündən əksimə baxıram. Üzümə gah təbəssüm qonur, gah da kədər. Pəncərəmizdən görünən mənzərə: stadion ağaclıqların arasında gizlənib.

Uşaq səsləri, maşınların uğultusuna qarışıb otağımızda eşidilir. Elə bil ki, maşınlar evimizin içində şütüyür, uşaqlar futbol topunu qapımıza vurur.

Uşaqdım. Arıq, sısqa bədənli, seyrək saçlı. Əlimdə top hər gün aşağı düşər, futbol oynayar, qan-tər içində evimizə gedərdim. Məhəllə uşaqlarına söz vermişdim ki, bir gün böyük futbolçu olacam.

Böyüdüm, ilk işim ofisiantlıq oldu. İnsanları tanımağa başladım. Qız sevib ağlımı itirdim. İki ay dəlixana divarlarında özümü axtardım.

Universitetə qəbul oldum. Atamı, anamı itirdim. Həyat yumruğunu bərk-bərk sıxıb əngimə birini ilişdirəndə özümə gəldim. İçimdəki sarsaq, axmaq adamlar yerə düşüb çilik-çilik oldu.

Kitablarla tanış oldum. Şeir yazmağa başladım.

Evləndim. Qızım dünyaya gözünü açdı.

Bütün bunları bir otaqlı evimizdə yaşadım. Güzgüyə baxanda yaşadıqlarım avtomobil yarışları kimi sürətlə ötüb keçir yaddaşımdan. Bütün bunları mənmi yaşadım?

Güzgüdəki əskim qımışır. Kül rəngli saçlarım eynəyimə düşür. Bütün bunlar hələ başlanğıcdı. Hələ qarşıda məni həyatın həqiqi üzü gözləyir.

Bu bir otaqlı evimizdə gözəl günlər, illər yaşamışam. Gözəl günlər də heç vaxt yaddan çıxmır. Axı çirkin xatirələr kimin yadına düşür ki? Acı ya da şirin, fərq eləməz, xatirələr həmişə əzab verir – demişdi Dostoyevski.

Bir gün yayın cırcırama istisində anamla bazara getmişdik. Əlimiz dolu yolu keçirdik ki, qəfil məni maşın vurdu. Yerə sərildim. Ayağım əzildi. Anam da yerdə, gözlərində qorxu, təşvişlə məni qaldırmağa çalışırdı. Yolun ortasına kartof, soğanlarımız səpələnmişdi. Anamın yardımıyla, axsaya-axsaya yolu keçdik. Evə gələ bildik. Atam o vaxtlar siqareti tərgitmişdi. İşdən qayıdırdı. Bloka çatanda qardaşım "Oğuzu maşın vurdu” deyəndə ildırım vurmuşa dönüb, tez-tələsik pillələri qalxıb yanıma gəlmişdi.

Saçıma tumar çəkməyi, sonra çönüb qardaşıma əsəbi-əsəbi "get papiros al” dediyi yadımdadır. O gün atamın mənə olan sonsuz sevgisini duymuşdum. Sevgisini heç vaxt açıq-aşkar göstərmədiyindən mənə olan diqqətinə təəccüblənmişdim. Əli Kərimin şeirində dediyi kimi, sevgisi də soyuq idi, təzə əkini hər bəladan hifz eləyən qar kimi.

Bu hadisə də birotaqlı evimizdə olmuşdu.

Zəlzələ olanda da biz birotaqlı evimizdə idik. Onda hələ 11 yaşım vardı. Elə bilmişdim ki, evimiz dağılacaq. Oyuncaqlarım, topum daşların arasında qalıb parçalanacaq. Zəlzələ də bizim evi yıxa bilməmişdi. Sanki ev xatirələrdən, gözəl günlərdən güc alırdı. Dimdik, əyilmədən ayaqda dururdu. Yenə də qollarını açıb bizi qucaqlayırdı.

Çox vaxt atamın dostları bu evdə neçə ildi yaşadığımıza heyrət edir. Atamın əlinə şanslar da düşmüşdü. Başqa ev almağımız üçün. Ancaq yenə də gizli bir əl bunu da əngəlləyirdi. Sonralar qonşu arvadlar deyirdilər ki, bu evə cadu olunub. Ona görə də bunlar köçə bilmirlər. Hər dəfə bu söhbətləri eşidəndə şaqqanaq çəkib gülərdim.

İndinin özündə də ailəmlə bu bir otaqlı evdə yaşayırıq. Yoldaşım, qızım, bacım, qardaşım və mən. Əvvəlki kimi yenə də mehriban, sevgi doluyuq. Atamla, anamı bu dəfə sevdiyim qadın və qızım əvəz edib. Əslinə baxanda heç nə dəyişməyib. Bir otaqlı evdə 16 mərtəbəli həyat yaşamışıq.


İmza:

YAZARIN ARXİVİ

2018-07-19 : Aciz yazıçılar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-10-21
2018-10-20
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK