adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 May 2018 16:17
14218
ƏDƏBİYYAT
A- A+

ÖN SÖZ HAQQINDA SÖZ

Söhbət Məmməd Orucun Rusiyada yaşayan soydaşımız, RF Əməkdar Mədəniyyət işçisi Knyaz Qoçaqla birlikdə rus şairi Aleksandr Kerdanın «Obereq» (Ümid mələyi) kitabı əsasında tərtib və tərcümə etdiyi «Ümid mələyi» kitabına görkəmli şair, tərcüməçi, Əməkdar İncəsənət xadimi Səyavuş Məmmədzadənin yazdığı «Körpü» adlı ön sözdən gedir. Aleksandr Kerdanın «Ümid mələyi» kitabı haqqında artıq mətbuatda xəbərlər yayımlanıb, mənim daha çox diqqətimi çəkən düşündürən isə bu şeir toplusuna yazılmış ön söz oldu. Hər cümləni oxuyanda Səyavuş müəllimin özünəməxsus gur, şaqraq səsini eşitdim, hər cümlənin qatlarına varınca, ümumiyyətlə rus şeirinə, tərcümə sənətinə qarşı məhəbbət duydum. O yazır ki, «Obereq» («Ümid mələyi») kitabında A.Kerdanın şeirlərini oxuyandan sonra istəkli həmkarlarımın tərcümələrində də göz gəzdirdim və bəri başdan qeyd edim ki, M.Oruc da, K.Qoçaq da bu çevirmələrdə tam sərbəstdilər və onların başlıca məqsədi müəllifin fikrini-amalını, məramını çatdırmaqdı. Və sözün bu yerində ağsaqqal, peşəkar tərcüməçi çox ehtiyatla qeyd edir ki, bu bir qədər mübahisəli yanaşma olsa da, düşünürəm ki, M.Oruc da, K.Qoçaq da sıradan qələm sahibi deyillər. Və beləliklə ön söz müəllifi nikbinliyini də ehtiyatla bildirir: «Hər-halda uğurlar arzulayıram: rus mənəviyyatını, çağdaş rus dünyagörüşünü öz şeirlərində yaşadan A.Kerdana da, bu şeirlərin tərcüməkarları M.Oruca da, K.Qoçağa da; hər şeydən öncə ona görə ki, Rusiya ilə geniş əlaqələrin (bütün sferalarda) xatirəyə çevrildiyi bir zamanda «Ümid mələyi» kitabı ilə yeni bir körpü atılıb.

Ümumiyyətlə, ön söz, mənim aləmimdə hər hansı bir kitabın açarıdır. Bu anlamda mən Səyavuş müəllimin yazısında yalnız tərcüməçilərin fəaliyyəti haqqında yox, müəllif barəsində də kifayət qədər bilgilənə bildim. Məlum oldu ki, A.Kerdan istefada olan polkovnikdi və o iftixarla yazır ki, xidmət etdim, nə öldürdüm, nə öldüm: «Bəli, o özünün «əfqan» keçmişini – Əfqanıstanda keçən əsgər həyatını bu sayaq xatırlayır, amma bununla belə L.D.Vinçinin məktublarına istinad edərək yazır ki, Düşmənin nifrəti bülöv daşıdır, dostluğu – eşq kimi gözünü tutar. S.Məmmədzadə ön sözdə başqa bir tərcüməyə də diqqət çəkir və vurğulayır ki, dostlarla əylənmək, gülmək çox xoşdu, Dostsuz da ötüşür amma ağıllı...

S.Məmmədzadənin ön sözündə bir oxucu kimi mənə bir həqiqət də bəlli oldu: Sən demə, son illər M.Oruc Rusiya vətəndaşı olan soydaşımız K.Qoçaqla birlikdə çağdaş rus şair və yazarlarından Dmitri Mizqulinin, Yeremey Aypinin, Sergey Kozlovun, Aleksandr Tarxanovun, Andrey Titovun, Andrey Postarqayevin, İrina Ryabininanın, Pavel Çerkaşinin, Vyaçeslav ar-Serqinin, İvan Şelekovun, Ruslan Martaqovun da şeir və hekayələrini ana dilimizə çevirib və onların bu xidməti rus ədəbi ictimaiyyətində dəfələrlə dəyərləndirilib.

Sevgi haqqında yeni söz demək mümkünmü? Amma A.Kerdan Platona istinad edərək ki, deyir ki, Sevgi – bu dünyanın çiçəyi deyil (Lyubov – Nezdesniy tsevetok...).

Dərhal sezilir ki, haqqında sözü gedən ön sözü də S.Məmmədzadəyə böyük anlamda sevgi yazdırıb: rus poeziyasına və eyni zamanda tərcüməçi həmkarlarının zəhmətinə qarşı sevgi. Və məncə buna örnək də demək olar, ibrət də.

Keçən ilə qədər, əsasən, rus klassik şairlərindən etdiyi tərcümələri kömpüterdə yığdırmaq üçün AYB-yə gəlirdi, bir ilə yaxındır ki, yeni tərcümələrini və eləcə də məqalələrini yaxın dostları ilə mənə göndərir. Bilirəm ki, bu ömrünün 9-cu onilliyini yaşayan şairin səhhəti ilə bağlıdır. Amma bununla belə hər dəfə onun çətin oxunan xətti ilə üzləşəndə gur, şaqraq səsini eşidirəm. Amma AYB-nin divarları daha bir səsi eşitmir...

Şəmsiyyə Camalova