adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 May 2018 16:11
66446
MÜSAHİBƏ
A- A+

Faiq Qismətoğlu: TOY KARVANLARI ÖLÜM SAÇIR

Həmsöhbətimiz Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovdur

- Cənab polkovnik, biz sizinlə təxminən bir ay bundan əvvəl maraqlı söhbət aparmışdıq. Ancaq o söhbətdə bir çox məsələlərə toxunsaq da, əsas məsələni yada salmamışdıq: yəni Bakı şəhərində toy karvanlarının yaratdığı problemləri nəzərdə tuturuq…

- Toy karvanları ilə bağlı və onların yaratdığı fəsadlarla əlaqədar dəfələrlə müxtəlif KİV-
lərdə və televiziya kanallarında çıxışlarımız olub. Amma nə etmək olar ki, Bakıda toy edən insanlar bu təbliğatdan və iradlardan nəticə çıxarmırlar...

- Görünür, yəqin keçirdiyniz tədbirlər ya yetərli olmayıb, ya da bir çoxları üçün bu məsələ bir o qədər də önəmli deyil. Təki toy olsun, maşın karvanları bir-birinin ardınca getsin.

- Məsələ heç də sizin dediyiniz kimi deyil. Ən azından ona görə ki, toy karvanları ilə bağlı və kobud surətdə pozulan yol hərəkəti qaydaları ilə əlaqədar lazımi ölçülər götürülüb. Şəhərin bütün küçə və prospektlərində kameralar quraşdırılıb. Və həmin kameralar vasitəsilə nəinki toy karvanlarına, eləcə də digər nəqliyyat vasitələrinin hərəkətinə nəzarət etmək mümkündür. Sadəcə olaraq, bizim əhalidə belə bir fikir formalaşıb ki, əşi, toydu da, buna görə yol polisi bizə bir söz deməz…

- Ancaq nəinki bir söz deyilir, lazım olanda onlar barəsində ən ağır inzibati cəzalar görülür…

- Axı dedim, bizdə bəzi insanların mental təfəkkürləri hələ də dəyişməyib. Bax, o karvanların hərəkəti zamanı bir çox halda yol hərəkəti qaydaları kobud surətdə pozulur, yolun hər iki istiqaməti gəlin maşınlarıyla tutulur və aşağı sürətlə hərəkət edirlər. Bəzi özündənrazı sürücülər isə avtoxuliqanlıq eləməkdən belə çəkinmirlər. Yəni avtomobili istədikləri kimi idarə edir, şou yaradırlar. Və bu zamansa hər hansı faciə qaçılmaz olur…

- Faciə dediniz, istər-istəməz biz də narahat olduq: yəni belə toy karvanlarında ölüm və xəsarətalma halları baş verir?!

- Əlbəttə, niyə baş vermir?! Elə 2017-ci ildə və 2018-ci ilin əvvəllərində Bakıda bu cür toy karvanları hərəkət edərkən ağır qəzalar baş verib. Ölənlər və yaralananlar olub. Bəs bu görəsən toy sahiblərini heç narahat etmir?!

- Görünür, narahat etmir ki, avtomobilləri belə təhlükəli idarə edirlər. Bir saatlıq məqam üçün bəziləri deyir ki, yol polisi bizim xətrimizə dəyməsin. Bax, dəyməyəndə də belə olur…

- Mən heç cürə başa düşmürəm ki, bəzi sürücülər niyə bu cür düşünür. Ümümiyyətlə, toy karvanında çoxlu sayda avtomobilə heç bir ehtiyac yoxdur. Deyirlər ki, bu, bizim adət-ənənəmizdi. Qabaqlar toylarda güllə də atırdılar. İndi atmırlar. Deməli, biz zaman-zaman dəyişməliyik. Yəni toy karvanlarında çoxlu sayda avtomobillər deyil, az avtomobil olmalıdır. Çünki hər bir bəy, gəlin həm şadlıq sarayına, həm də evə sağ-salamat çatmalıdır. Bax, bunu düşünmək lazımdır. Təəssüf ki, bunu düşünənlər azdır.

- Vaqif müəllim, bir məsələ də bizi və hərəkət iştirakçılarını çox narahat edir. Xüsusən də şəhərdə tıxacların səhər və axşam saatlarında tez-tez baş verməsi…

- Tıxac məsələsi əgər sizi elə narahat edirsə, görün onda yol polisini nə qədər düşündürür. Birincisi, hər bir sürücü «dayanma-durma» qaydalarına əməl etməlidir. İkincisi də valideynlər övladlarını məktəblərə apararkən şəxsi avtomobildən bir o qədər də çox yararlanmamalıdır. Yaxşı olar ki, hər bir məktəbin yaxınlığına avtobuslar getsin və şagirdlər də avtobuslara minib dərsə yola düşsün. İkincisi də bizim duracaqlarda ciplərin olmaması və yaxud az olması tıxacların yaranmasında müstəsna əhəmiyyət kəsb edir.

- Görünür, tıxacların aradan qaldırılmasında hamının üzərinə böyük yük düşür...

- Nə yaxşı ki, siz bunu yada salırsınız. Əgər hər bir sürücü, hər bir hərəkət iştirakçısı sizin kimi sağlam düşünsə, inanın, tıxacları aradan qaldırmaq o qədər çətin olmaz. Düzdür, yol polisi səhər və axşam saatlarında tıxaclar olan küçə və prospektlərdə hərəkəti tənzimləyir. Amma gərək hərəkət iştirakçıları da bizə yardımçı olsun ki, işimiz müsbət effekt versin.

- Deyəsən sərxoş sürücülər Bakı şəhərində əvvəlki vaxtlara nisbətən bir az azalıb. Çünki bəzən elə gecə olurdu ki, həmin ərəfədə 40-a yaxın sərxoş sürücü aşkarlanırdı. İndi nə baş verib: sürücülər ağıllanıb, yoxsa yol polisi daha təsirli tədbirlər həyata keçirir?

- Birincisi, mütəmadi olaraq yol polisi kobud qayda pozuntularına qarşı mübarizə aparıb və aparır. İkincisi də «Yol hərəkəti haqqında» Qanuna edilmiş əlavələr cərimələri daha da sərtləşdirib. Bu isə sürücülərin bir qədər məsuliyyətini artırıb. İkincisi də indi «Ayıq sürücü» xidməti fəaliyyət göstərir. Kimsə toyda, hər hansı yerdə spirtli içki qəbul edirsə, təbii ki, o, bu xidmətdən istifadə edir.

- Ancaq başqa bir söz-söhbət də dolaşır: məsələn, deyirlər ki, yol polisilə ayıq sürücü əlbirdir. Bəzən ayıq sürücü aparıb yaxınlıqda sürücünü qoyur və sürücü də maşını idarə edəndə onu yol polisi saxlayır. Guya bu xəbəri də ayıq sürücü yol polisinə çatdırır…

- Bunlar hamısı başdan-ayağa şər-böhtandır və heç bir ayıq sürücüylə yol polisinin əlaqəsi ola bilməz. Bəzən görürsən ki, hansısa sürücü inad eləyib evinin yaxınlığında sükan arxasında avtomobili idarə edirsə və bu vaxt da yol polisi xidməti maşını onunla rastlaşırsa, burda günah yol polisində deyil, inadkar sürücüdədi...

- Gün ərzində sizin bölməyə çoxlu sayda yol polisindən müraciətlər, narazılıqlar daxil olur. Burda kim haqlıdır: sürücü, yoxsa yol polisi?!

- Öncədən onu deyim ki, gün ərzində bizim bölməyə 20-25 müraciət daxil olur. Həmin müraciətlər müxtəlif xarakterlidir. Kimi deyir yol polisi mənim haqqımda ədalətli tədbir görməyib, məni incidib və eləcə də yoldan saxlayıb. Amma onu qeyd edim ki, müraciətlər araşdırılarkən əksəriyyəti öz təsdiqini tapmır. Birincisi ona görə ki, hər bir yol polisinin xidmət apararkən yaxasında mikrofon olur. O, sürücüylə nə danışırsa hamısı yazılır. İkincisi də xidməti maşında da kamera fəaliyyət göstərir. Yəni yol polisinin bütün fəaliyyəti müasir texnologiyayla yaddaşa yazılır. Biz də həmin görüntülərə baxırıq, araşdırırıq və bundan sonra hər şey dəqiqləşdirilir. Yol polisi haqlıdırsa, onu müdafiə eləyirik. Sürücü haqsızdısa, buna görə üzr istəyir. Hər halda, yol polisi ilə sürücü arasında çox yaxşı və normal münasibət yaranıb.

- Cənab polkovnik, ancaq deyəsən piyadalarla belə münasibət hələ də tam yetərincə öz həllini tapmayıb.

- Bax, bu bizim yaralı yerimizdi. Sizə bir fakt deyim. Bakı şəhərində baş verən ümumi hadisələrin 65 faizini piyada vurulması halları təşkil edir. Siz təsəvvür edirsinizmi piyadalarla bağlı yol polisi nə qədər maarifləndirmə, təbliğat və təşviqat işləri aparır. Elə bir gün olmaz ki, yol polisi piyadaların təhlükəsizliyi ilə bağlı reyd keçirməsin. Reydlərin nəticəsi çox ürəkağrıdıcıdı. Əksər piyadalar yolun təyin olunmamış yerdən keçirlər. İyirmi manat məbləğində cərimə edilirlər, onu da çoxları vermir.

- Piyadaların diqqətsiz hərəkəti dediyiniz kimi, bir çox halda ölümlə nəticələnir. Bəs qəza şəraiti yaradan piyadanı nə gözləyir?

- Çox gözəl bir məqama toxunursunuz. 2017-ci ildə Bakı şəhəri üzrə piyadaların iştirakı ilə on bir hadisədə onların günahı aparılan istintaq hərəktləri tam sübuta yetirilib. Düzdür, ölüm faktı olmasa da, amma bu reallıqdı və hadisə də piyadalar tərəfindən törədilib. Təyin olunmamış yerdən keçən piyadanı hər an ölüm təhlükəsi gözləyir. Çünki elə nəqliyyat vasitəsi var ki, sürətlə idarə olunur və yaxud əyləc sistemi normal işləmir. Bu isə piyadanın son anda taleyinə son qoymaq deməkdir.

- Bizə elə gəlir ki, bu gün hərəkət iştirakçıları arasında tək yol polisi təbliğat işi aparmaqla bu problemlər öz həllini çox çətin tapacaq. Ən azından ona görə ki, ataların belə bir məsəli yadımıza düşür: «Tək əldən səs çıxmaz».

- Bəzən tək əldən də səs çıxır, niyə çıxmır. Amma sadəcə olaraq, yol polisinə geniş ictimaiyyət, qeyri-hökumət təşkilatları və eləcə də əhali kömək göstərəndə bu iş daha effektli olur. Əvvəllər bizə təkcə «Ədalət» qəzeti kömək göstərirdi. İndi demək olar ki, televiziya kanalları, «Avto.az» kimi saytlar, eləcə də Ərşad Hüseynov kimi ekspertlər insanlar arasında və kütlə daxilində nümunəvi maarifləndirmə, təbliğat və izahat işləri aparırlar. Elə Baş Dövlət Yol Polisi İdarəsi öz gücüylə yol hərəkəti qaydalarının öyrənilməsi ilə əlaqadər altı ədəbiyyat hazırlayıb məktəblərə, müəssisələrə və uşaq bağçalarına bağışlayıb.

- Görünür, bu cür kütləvi maarifləndirmə və təbliğat işləri nə vaxtsa öz bəhrəsini verəcək. Sadəcə olaraq, hərəkət iştirakçıları bir qədər diqqətli və məsuliyyətli olmalıdır…

- Söhbətimizin sonunda sizə bir faktı da xatırlatmaq istəyirəm. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin apardığı təbliğat və maarfilənldirmə işləri zaman-zaman öz bəhrəsini verir. Məsələn, Bakı şəhər məktəblərdən ibarət komanda Rusiyada, Qazaxıstanda və Rostovda keçirilən yol hərəkəti qaydaları ilə bağlı yarışlarda birinci yerə çıxıb. Bu isə o deməkdir ki, artıq biz çəkdiyimiz zəhmətin nəticəsini görürük. Deməli, birgə aparılan və bir istiqamətə yönəldilən işlər də öz nəticəsini verir. Bu isə həm də o deməkdir ki, hərəkət iştirakçılarının təhlükəsizliyi yol polisi tərəfindən maksimum səviyyədə həyata keçirilir.

Söhbəti yazdı: Faiq QİSMƏTOĞLU