adalet.az header logo
  • Bakı 12°C
14 May 2018 10:16
7630
MƏMLƏKƏT
A- A+

UNEC tələbəsindən şəkərli diabet və artıq çəkidən əziyyət çəkənlər üçün İDEYA

UNEC-də "Made in Azerbaijan-3” biznes ideya müsabiqəsinin final mərhələsi keçirilib.

Adalet.az xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, "Kapital Bank” ASC və UNEC-in birgə təşkil etdiyi müsabiqənin məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə "Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətini təbliğ etməkdir.

"Made in Azerbaijan-3” biznes ideya müsabiqəsinə respublikanın 6 universitetindən 58 layihə təqdim olunub. Biznes ideyalar hazırlanarkən onların sərəncama və müsabiqənin missiyasına uyğunluğu, layihənin daxili bazarda tətbiqinin reallığı, sadələşdirilmiş və biznes ideya səviyyəsində maliyyə planı, aktuallığı və kreativliyi nəzərə alınıb. Ekspert Şurası təqdim edilən biznes ideyaları dəyərləndirib və 5 layihə finala vəsiqə qazanıb.

Finalda UNEC-in SABAH qruplarının 4-cü kurs tələbəsi Elnarə Məmmədzadə "Count Me”, 3-cü kurs tələbəsi Toğrul Mirzəyev "Novbe.al”, İqtisadiyyat fakültəsinin 4-cü kurs tələbəsi Cəlil Abbaslı "E-travel”, Beynəlxalq İqtisadiyyat Məktəbinin 3-cü kurs tələbəsi Eşqin Cəfərov "Stevia” və Bakı Mühəndislik Universitetinin tələbəsi Elçin Süleymanov "Chessy” layihəsi ilə münsiflər heyətinin qarşısında çıxış edib.

Təqdimatlardan sonra münsiflər heyəti biznes ideyaları tətbiqin mümkünlüyü, məhsulun və ya xidmətin brendləşmə perspektivi, investisiya cəlbediciliyi, təqdimatı, sualların cavablandırılması, orijinal və kreativ yanaşmaya görə qiymətləndirib.

Münsiflər heyətinin qərarı ilə Eşqin Cəfərovun "Stevia” biznes ideyası qalib olub. Kənd təsərrüfatı və sənayə sahəsini əhatə edən biznes ideyada stevia bitkisinin istehsalı, dərman və qida sənayesində istifadəsi təklif olunur. Məhsul xüsusi olaraq şəkərli diabet və artıq çəkidən əziyyət çəkənlər üçün nəzərdə tutulub.

Qeyd edək ki, E.Cəfərov "Made in Azerbaijan-2” müsabiqəsində IV, ilk müsabiqədə isə V yeri qazanıb.

II yerə "Chessy”, III yerə isə "Count Me” biznes ideyası layiq görülüb.

Qaliblərə və finalçılara Gənclər və İdman Nazirliyi, "Kapital Bank” ASC-nin qiymətli hədiyyələri təqdim olunub. İlk 3 yerin sahibi isə "Kapital Bank”ın maliyyə dəstəyi ilə Türkiyənin aparıcı universitetlərinin texnopark və startap təcrübəsini öyrənəcəklər.