adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
13 May 2018 15:29
13168
ELM VƏ TƏHSİL
A- A+

İmtahana telefon keçirmək istəyən abituriyentlər qovuldu

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

Adalet.az DİM-ə istinadən xəbər verir ki, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılıb.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayıblar. Bundan əlavə imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu gün "Space” telekanalında canlı yayımlanacaq "Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları isə DİM-in internet saytında və "Facebook” səhifəsində yerləşdiriləcək.

Xatırladaq ki, abituriyentlər müəllimlər, ekspertlər, valideynlər imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

Mayın 14-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.