adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

POEZİYA... POEZİYA...

VAQİF YUSİFLİ
25615 | 2018-05-11 21:55
(2017)

IV

2017-ci ilin şeirlərini bir başqa aspektdən nəzərdən keçirək. Bu da fərdi üslub məsələsidir. Məşhur bir kəlamı yada salaq: "Üslub - bütün üslubların yaddan çıxarılmasıdır". Əlbəttə, bizim müasir poeziyada öz fərdi deyim tərzi, başqa yazarlardan seçilən, fərqlənən, yalnız özünəməxsus poetik ləfzi ilə dtqqəti cəlb edən şairlər az deyil. Müasir Azərbaycan şeiri bu mənada fərdi üslub rəngarəngliyi ilə diqqəti cəlb edir. Şair hansı mövzuda yazırsa-yazsın, onun özünəməxsus SƏSİ, NƏFƏSİ elə şeirindəki ilk misrasından hiss edilməlidir.

Qız qalası
ölkəmizini daş bayrağı,
Əsrlərcə bayraqların salınmazı.
Əlincəmiz
Naxçıvanın baş bayrağı
Teymurlənglər ordusuyla alınmazı.

Bu, son otuz ildə daha çox nəsr əsərləri yazan, amma arabir şairliyini də unutmayan və hələ altmışıncı illərin sonlarında "Tək bircə "Durna günü şeirini yazsaydı, bu şeir ona şair deməyə yetərdi" tərifini unudulmaz Rəsul Rzadan eşidən Vaqif Nəsibin misralarıdır. Vaqif Nəsibin şeirlərində heca şeiri ilə sərbəst şeirin "qovuşması" kimi maraqlı bir proses diqqəti cəlb edir. Amma mahiyyət etibarilə, fərdi üslub baxımından o illərin Vaqif Nəsibi dəyişməyib.

Quşların cəh-cəhi sökür bağrını,
Qatır nəğməsinə ürək ağrını.
Sevdasız bir ömrün görüb axırını,
Baharda sevgisiz yaşamaq olmur.

Hər tərəf çiçəkdir, hər tərəf güldür,
Mehrinə ürək qıy, o gülü güldür.
İlahi, sən məni baharda öldür,
Baharda sevgisiz yaşamaq olmur!

Bu isə Musa Ələkbərlinin bir sevgi şeirindəndir. Hər gün onlarla sevgi şeirləri ilə qarşılaşırıq, ancaq görürsən ki, çox zaman hazır stereotiplər, şablonlar bizi məyus edir, nə qədər demək olar "Sevgidən ölürəm!" "Ağzımın içində dilim ağlayır", "Üzmə ürəyimi, gəl insaf elə", "Qarşında qul olum, əsir olum mən"...g Amma nə yaxşı ki, insan münasibətlərinin bugünkü xaotik mənzərəsində Füzulidən gələn o ruh, o nəfəs hələ ki, sönməyib və Musa Ələkbərlinin indi də cavanlıq şövqü ilə yazdığı şeirlərində o ruhu, o nəfəsi hiss edirik.

Bu dağlarda ay işığı-
çəməni bürüyən şehdir,
Bir ahıl saçında gümüşü zehdir.
Bu dağlar ay işığında
Nəsildən-nəslə saflıq aparan
Yelkənli gəmidir.
Bu dağlar ay işığında
üz-gözü südə bulaşmış
körpə kimidir.

Bu isə Rəşad Məcidin şeiridir. Onun "Çiyələk qadın" və "Bir də gəlməyəcək" şeirlər kitabının böyük əksəriyyəti sevgi şeirlərindən ibarətdir. Amma mən onun bir təbiət şeirini seçdim, Bu şeiri R.Məcid sanki ay işığına tamaşa edərkən yazıb, elə onun sevgi şeirləri də ay işığına bələnib və Rəşad Məcidin fərdi üslubunu səciyyələndirən onun şeirlərindəki saf romantikadır.

Qartal yuvasıydı bizim zirvələr,
Əyilməz dağların əzmini gördüm.
Hayanı dolaşdım, hara baxdımsa,
Tanrının sehrli rəsmini gördüm.

Mən orda bilmişəm sözün tamını,
Şair eləmişdi dağlar hamını.
Məmmədin, Bəhmənin ol ilhamını,
Şəmşirin hikmətli nəzmini gördüm.

Bu misraları isə Kəlbəcər həsrəti ilə alışıb-yanan Adil Cəmil qələmə alıb. Etiraf edək ki, doğma yurd həsrətini, Kəlbəcərsiz, Laçınsız, Qubadlısız yaşayan şairlərin içində Adil Cəmilin səsi-harayı heç kiminkinə bənzəmir. Adil Cəmilin "Qarabağ" şeirini xatırlayıram: "Qarabağ-qiyamətə qalan qisas. Sulanan sulux, Qurumayan göz yaşı, Bütün dərdlərimizin başı, yaxud, ümidcimizə başdaşı. Doğanaqdan keçməyən örkən, ya da uzanan sicim".

Bir dünyasan, səni sevmək,
Torpağı sevmək kimidi.
Su içib ürək dolusu,
Bulağı sevmək kimidi.

Bəni-adəmsən, ya mələk,
İcazə ver, dinə gələk,
Sən tək savabı sevməmək,
Günahı sevmək kimidi.

Nə şirinmiş eşq bulağı,
İçdikcə çoxalır yanğı.
Sənə hər gün yalvarmağım,
Sabahı sevmək kimidi.

Zülüm imiş işıq olmaq,
İşıqlanıb uşaq olmaq,
Vallah, sənə aşiq olmaq,
Allahı sevmək kimidi...

Bu şeirin müəllifi isə ədəbi aləmdə təzə-təzə məşhurlaşan, Xaçmazın Mürşüdoba kəndində müəllim işləyən Məmməd Qədirdir. Qoşmanın, gəraylının bu bürkülü bolluğunda onun hər şeirində beləcə təzəliklər görürəm.
Bu bənzərsizliklər seriyasını davam etdirib deyə bilərəm ki, müxtəlif mövzulara müraciət etsə də, şeirlərində fəlsəfi notlara, həyatın, gerçəkliyin bilməcələrini "ahəng qanunu" ilə öyrənməyə can atan Əhməd Qəşəmoğlu da, təbiətə məxsus ayrı-ayrı predmetləri obraz kimi mənalandıran, "ağac-kitabxanaların" "sirrini" açan Ağacəfər Həsənli də, aşıq şeiri havasına bürünüb Yunis İmrə, Qaracaoğlan, Ələsgər həqiqətlərini müasir təfəkkür sücgəcindən keçirən Barat Vüsal da, İbrahim İlyaslı da fərdi üslubu ilə seçilən şairlərdir.

Haçandır canımdan durnalar uçur, -
Mənim ürəyimdə payızmış, Allah.
Hərdən bu dünyanı yadıma salan
Mənim unutduğum o qızmış, Allah.

Bu ömür karvanı köçünü çəkir,
Ölümdü - kəfənin ucunu çəkir.
...Gördüm ki, bir söyüd içini çəkir,
O da mənim kimi yalqızmış, Allah.

Hər gecə yuxuma baş çəkir adın,
Yanım, - bir az isin, üşüyən qadın!
Çərpələng düzəltim, göyə uçmadı, -
Bu ömür islanmış kağızmış, Allah...

Bu isə Əlizadə Nurinin şeiridir. Metaforik təfəkkürlə aşılanan, yaxşı mənada "söz oyunu"nun bariz ifadəsi olan bir şeir. Hansı şeirini oxusan, Əlizadənin orijinal təşbehləri, metaforaları ilə qarşılaşarsan. Məncə, Salam Sarvandan sonra şeirimizdə bu orijinallığı qoruyub saxlayan şairlərdən biri də Əlizadə Nuridir.
Yenə də bu bənzərsizliklər seriyasını davam etdirib artıq öz fərdi üslubu ilə diqqəti cəlb edən - son illərdə sonetlər çələngi ilə bu poetik formanı "milliləşdirən" Balayar Sadiqin, daha çox "köhnə havalarda" təzə notlar səsləndirməyə can atan Zirəddin Qafarlının, İslam Sadıbın, İlham Qəhrəmanın, Məcnun Göyçəlinin, Əlirza Həsrətin, Sakit İlkinin şeirlərində də fərdiliyi, bənzərsizliyi hiss eləmək çətin deyil. Lirik qəhrəmanın idraki çırpıntıları, emosional həyəcanlar, psixoloji sarsıntıları əks olunan şeirlərdən söhbət düşsə, Tərlan Əbilovun, Hüseyn Bağıroğlunun, İnqilab İsaqın artıq yetkin şair kimi formalaşdığını görürük.
Poeziyada fərdi üslubla bağlı söhbəti uzatmayıb bir başqa məsələyə də münasibətimi bildirmək istəyirəm. Musa Ələkbərli "Yaddan çıxır Qarabağ" adlı bir şeir yazıb, deyir ki: "Aman Allah, yaddan çıxır Qarabağ". Təbii ki, daha çox öz şair dostlarına müraciət edir. Əlbəttə, bu fikrə bir kimsə haqq qazandıra bilər. Doğrudanmı son illərdə, elə 2017-ci ildə də əvvəlki illərlə müqayisədə şeirimizdə Qarabağ havası çatışmır? Doxsanıncı illərdə Qabilin, Məmməd Arazın, Cabir Novruzun, Nəbi Xəzrinin, Hüseyn Kürdoğlunun, Ələkbər Salahzadənin, Zəlimxan Yaqubun, Nurəngiz Günün Qarabağ harayı, döyüş çağırışları indi niyə səslənməsin? Amma hər vaxtın, zamanın öz şeiri olur. Vaxtilə Qabil "Çadırlara alışmayın" "Mərsiyə", şeirlərini, "Ümid sənədir ancaq, Azərbaycan əsgəri" çağırışını səsləndirmişdi, Məmməd Araz "Ayağa dur, Azərbaycan" deyirdi. Çadır düşərgələrində yaşayan, yaşayan yox, zülm çəkən soydaşlarımızın ağır vəziyyətini, yurd həsrətini mərhum şairlərimiz - Vahid Əlifoğlu "Bakıdan baxanda çadır görünmür" və Mətləb Misir "Çadır rəngləri" şeir silsilələrində ürək ağrısı ilə qələmə almışdılar. Amma indi Azərbaycan ordusu xeyli güclənib, düşmən belə bir ordunun qarşısında tab gətirə bilməz və bunu 2016-cı ilin Aprel döyüşləri də təsdiq etdi, sadəcə olaraq Ali Baş Komandanın bir əmri kifayətdir ki, torpaqlarımızı işğaldan azad edək. Çadır düşərgələri də neçə ildir ki, ləğv olunub. Amma bir milyon soydaşımız səbirsizliklə doğma yurd-yuvalarına qayıtmaq həsrətini yaşayırlar. Təbii ki, Qarabağ mövzusu şeirimizdə yenə səslənməkdədir və bu mövzuda ən çox yazıb-yaradan Ramiz Duyğunla, Ənvər Əhmədlə, Rəfail Tağızadə ilə yanaşı, neçə şairimizin də adını çəkə bilərik. Gizlətməyək ki, Qarabağ mövzusunda əvvəllər olduğu kimi, 2017-ci ildə də zəif və bəsit şeirlər çap olunub. Əlbəttə, istər zəif, istər ortabab, istərsə də həqiqi olsun, Qarabağdan söz açan şeirlərin Qarabağa məhəbbətdən doğduğuna heç bir şübhə ola bilməz. Ancaq poeziya təkcə məhəbbət üstündə qurulmur, poeziyanın öz qanunları var və bu qanunlar mövcud olmasaydı, Füzuli ilə onun yaşadığı əsrdə onlarla nəzmkarın, Mirzə Ələkbər Sabirlə adi bir həcv yazanın fərqi bilinməzdi. İstərdik ki, Qarabağa həsr olunan şeirlərdə şablonlar, artıq qulaqları döyənək eləyən sözlər, ifadələr, epitetlər olmasın. Nisə Bəyimin bir şeirindən bu misraralı misal gətirirəm:

Vətən göylərində şəhid tabutları uçur
sevgi qanadlarında...
Addımlayan xatirələr
cəbhəboyu döyüşlərdə ön sırada yeriyir,
zəfərlərdən zəfərlərə çağırıştək
inam kimi, uğur kimi
qalib kimi yürüyür...

2017-ci ilin, həm də ümumiyyətlə son illərin şeirləri haqqında bu yazıda bir neçə mətləbi də nəzərə çarpdırmaq istəyirəm.
1. Son illərin (ümumiyyətlə, ikimininci illərin) Azərbaycan şeiri ötən onilliklərlə müqayisədə hansı poetik axtarışları ilə diqqəti cəlb edir? Bu suala birmənalı belə cavab vermək olar: axtarışlar var, şairlər yeni əsrin insanını, onun mənəvi dünyasını əks etdirmək üçün yeni bədi üsüllara müraciət edirlər. Şeirimizdə bədii təsvir arsenalı güclənməkdədir. Deyək ki, altmış-yetmişinci illərdə Əli Kərimin, Vaqif Səmədoğlunun, İsa İsmayılzadənin, Ələkbər Salahzadənin şeirlərində işlətdiyi və çox zaman formalist şairlərin tənqidində lağa qoyulan təşbehlər, metaforaları xatırlayaq: "sevgi toranı", "ölüm sözünün polyar qışı", "boynuna qol salıram saatımın, otururam ömrümün bir parçasının kölgəsində" (Əli Kərim), "Bakıda bir boxça var, adı-İçəri şəhər", "Sərçələrin soyuq hamamı", "Orqan dənizi" (İsa İsmayılzadə). İndi bu tipli o qədər bədii təsvir vasitələri işlənilir ki, kimsə bunların fərqinə varmır. Özü də yeni təşbehlər, metaforalar var ki, onların əksəriyyəti doğrudan da göz oxşayır. Və fikirləşirsən ki, bunlar altmışıncı illərdə yaransaydı, mütləq kötək tənqidinə düçar olardı. İndi uğurludu, ya uğursuzdu, baxın: "Tək qalsan otaqda, götür şam yandır, qaranlıq otanda şam da adamdır" (Ay Bəniz Əliyar), "Bu tapmaca sərçə məndən böyükdü, Tutub dimdiyində bulud çörəyi" (Qəşəm Nəcəfzadə), "Dağılıb göylərə əlçim buludlar, Günəş yun əyirən cəhrə kimidir" (Əlirza Həsrət), "Bu gün şəhərdə şeirimi gördüm, su içirdi, siqaret çəkirdi, ağac sulayırdı körpə bir qızın ürəyində" (Zahir Əzəmət), "Gedir bir qadın, bətnində körpəsi, kürəyində ayağını itirmiş əri" (Ramil Əhməd), "Hər əsgər tabutu, bir ağ gəlinliklə köçər. Əsgər deyil, sevən qızın arzularını götürüb gedər hər atılan güllə" (Emin Piri), "Sənə sarı dartılmaqdan tikə-tikə olmuşam. Bədənim ki, uçuşan məktub parçalarıdı" (Şəhriyar del Gerani). "Vaxt qapını döyür əski əlifbayla. Üzünə Allahın təbəssümü düşməyən sözlər küçənin ortasında cırır yaxasını" (Balayar Sadiq), "Külək buludları kart kimi qarışdırır. Vicvicə keçir gölməçələrdən, suların üzü qırışır" (Qismət) və onlarla belə misallar gətirmək olar. Əgər bunların bir qismi şeirdə doğrudan da mənanı qüvvətləndirirsə, çox yaxşı, yox əgər şairin "söz oyunu"ndan doğursa, heç bir məna ifadə etmirsə, çox pis.
2. Lakin şeirdə bədii təsvir vasitələrinin rəngarəngliyi, təzə və orijinal təşbehlərin, metaforaların bolluğu heç də o demək deyil ki, müasir Azərbaycan şeiri sənətkarlıq, forma-məzmun vəhdəti baxımından narahatlığa heç bir əsas yaratmır. Belə düşünsək, özümüzü aldatmış olarıq. Şeirimizdə hələ də ötən əyyamların miras qalan və deyək ki, artıq poetik sanbalını itirmiş ifadələr, təşbehlər, epitetlər işlənməkdədir. Əlbəttə, bunların eyni tərzdə, eyni üsulla bir şairdən digərinə, bir şeirdən başqasına ötürülür. Məsələn, "dağ" deyəndə mütləq "vüqar" təyini işlənməlidir, Azərbaycanı vəsf edəndə mütləq Koroğlu, Nəbi, Nigar və digər tarixi şəxslər yada salınmalıdır, bahara həsr olunan şeirlərdə "gül gülü, bülbül bülbülü" çağırmalıdır və s. Hər il küllü miqdarda qoşma, gəraylı yazılır və bu şeir formalarında bir-birini təkrar edən və məzmunca da, forma baxımından da bir-birindən seçilməyən nümunələrlə qarşılaşırıq. Təkcə qoşmadamı, gəraylıdamı, heca şeirindəmi, yox, sərbəst şeir adıyla çap olunan yazılarda da eyni vəziyyəti müşahidə etmək olar. Son illərdə "sərbəst şeir axını" gözəçarpacaq dərəcədə güclənib. Bunu şərtləndirən amillər fikrimizcə 90-cı illərdə Qərb poeziyasının təsiriylə yaranan meyllərlə və ən başlıcası, sərbəst şeir poetikasına kifayət qədər bələdliyin olmamasıyla bağlıdır. Unudulur ki, sərbəst şeir o müəlliflərin düşündüyü kimi anarxiya, başlı-başına buraxılmış sərbəstlik deyildir. Sərbəst şeir daxili ritm və intonasiyadan, misralararası möhkəm və davamlı fikir ardıcıllığından məhrum olursa, o, heç cür sərbəst şeir olmur, sadəcə, söz yığını təsiri bağışlayır.
3. Keçək şeirin məzmun planına. Bu gün istənilən Azərbaycan şairi istənilən mövzuda şeir yaza bilər və artıq QLAVLİT qadağaları olmadığına görə istənilən mətbuatda da şeir çap elətdirə, istənilən nəşriyyatda da şeir kitabı işıq üzü görə bilər. Yazımızın əvvəlində qeyd etmişdik ki, 2017-ci ilin şeirlərindən söz açanda, bu şeirləri mövzular üzrə nəzərdən keçirməyəcəyik. Lakin vədimizə xilaf çıxıb, belə bir təşəbbüsdə olsaq, bir "tanış mənzərə" ilə qarşılaşarıq. Yazılan şeirlərin mənim hesablamama görə altmış faizi sevgidəndir. Sonra gəlir lirik mənin-şairin etirafları, onun daxili düşüncələrinin ifadəsi olan, dünya ilə, yaşadığı mühitlə, cəmiyyətlə bağlı fikirləri (əsasən şikayətlər və etiraflar), sonra gəlir gənclik illərinin xatirələri (əsasən də nostalji notlar), sonra gəlir ithaflar, sonra gəlir vətənpərvərlik və Qarabağ mövzusu, bir az da təbiət şeirləri. Şeirizdə bəzi istisnaları nəzərə almasaq, fəlsəfi ruh, fəlsəfi düşüncə arealı zəifləməkdədir. Əvəzində isə, publisistika müasir şeirin vücudunu sarmaqdadır. Təbii ki, XXI əsrin həm milli, həm də bəşəri duyğularla nəfəs alan İNSANI şeirin əsas qəhrəmanına çevrilməlidir, yəni bu insan nə düşünür, təkcə sevgi iləmi nəfəs alır, təkcə günün reallıqlarınımı, narazılıq və şikayətlərinimi şeirdə səsləndirməlidir? Vaxtilə, Səməd vurğun deyirdi ki: "Niyə şeirimizin baş qəhrəmanı, Gah İrandan gəlir, gah da Turandan, Bəs mənim ölkəmin varlığı hanı?" İndi şairlərimiz İrandan da yazırlar, Turandan da, Azərbaycandan da, Amerikadan da, Avropadan da, amma biz əksər hallarda XXI əsr Azərbaycan insanının öz obrazını şeirlərimizdə görə bilmirik.
2017-ci ilin şeirləri haqqında söhbəti heç də bədbin notlarla bitirmək istəmirəm. Xalq şairi Fikrət Qocanın keçən il "Azərbaycan" jurnalında çap olunmuş "Dağınıq duyğular" poemasının son misraları ilə sözümü sona yetirirəm:

Uğrunda ölüb-dirilmişik.
Azadlığın dadını
Hələ indi bilmişik,
Bir də ölən deyilik!!!
Biz hamımız bir canda
Bütöv Azərbaycanda
Yaşamağa gəlmişik!


TƏQVİM / ARXİV