HALAL HAQQIN İFADƏSİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
57025 | 2018-05-11 21:26
Mənim inancıma görə o, Zamanının Adamıdı

Onun haqqında bir neçə dəfə yazmışam. Və yenə də yazmaq istəyirəm. Yazdıqlarımdan xoşuna gələni də olur, gəlməyəni də. Özü də dərhal münasibətini bildirir. Sadəcə, heç vaxt demir ki, yazma və yaxud da niyə yazmısan. Heç qadağa da qoymayıb. Çünki onun özü qadağa nöqtəsinə qədər demokrat, azad fikirlidi. Hansı nöqtədə ki, səddi keçirsən, azadlıqdan talançı kimi istifadə edirsən, bax, orda onun despotluğu başlayır. Elə bil ki, sənə bir bağa, bir bostana rahat girib meyvə dərmək, tərəvəz toplamaq imkanı yaradır. Amma meyvə ilə birlikdə budağı qırıb sındıranda, tərəvəz ilə birlikdə onun kolunu qoparanda artıq onun yumruğu düyünlənir. Və bu "dur!" deməkdi, bu, demokratiyanın qurtardığı yerdi. Və yaxud da özünün baxışlayırla, düşüncəsiylə, hətta həyat tərziylə kimisə sıxdığını hiss edəndə və yaxud onun yanında kimsə sıxılanda elə mülayim bir şəkildə həlimləşir ki, o nöqtədən demokratiya başlayırg Bax, belə bir xarakterin daşıyıcısıdı mənim qəhrəmanım. Ona görə də onun bütöv obrazını bir bucaq altında görmək çox çətindi. Yəni görünən bucaqda o hələ sənin düşündüyün deyil. Onu görünməyən bucaq altından da izləmək lazımdı. Bu iki məqam bir nöqtədə paralelləşəndə, sonra da kəsişəndə onu görürsən. Özü də sənə o qədər doğma görünür ki, sən bu andan təkcə ləzzət almırsan, həm də qürur duyursan. Mən burada ləzzət sözünü ona görə vurğulayıram ki, onun fikirlərində, onun məntiqində sən axtardıqlarını tapırsan, görmək istədiklərini görürsən. Və deməli, sən həm də rahatlanırsang

Bəli, o, Azərbaycan adlı məmləkətin bir vətəndaşı olmaqla yanaşı, həm də bu vətənin yükünə çiyin vermiş insandı. Onun deməyə sözü, danışmağa dili olduğu kimi, ortaya qoyduğu əməl də var. Özü də yaşanan mənalı ömrün əməlləri. Kimliyindən asılı olmayaraq bu əməllərə sadəcə əsl insan kimi diqqət yetirsən, onda əməl sahibini tanımadan belə etiraf edərsən ki, BU KİŞİ İŞLƏYİB! BU KİŞİ SİNƏSİNİ QABAĞA VERİB!

Biri var ocağı yandırasan və durasan onun kənarında isinəsən. Biri də var o yandıracağın odunu özün tədarük edəsən, onun dəhrə-baltasını özün vurasan... çaxmaq daşıyla o ocağı özün alışdırasan... və sonra da ətrafdakılara imkan verəsən səninlə birlikdə həmin ocaqdan isinsin. Bax, mənim qəhrəmanım ikinci yolu tutan İNSANDI! Ona görə də 1993-cü ilin Azərbaycan üçün, bütövlükdə cəbhə bölgələrimiz üçün və nəhayət, Füzuli rayonu üçün ağır günlərində o, sükan arxasına keçdi. Bu sükanın arxasında dayanan an o bilirdi ki, qarşıda düşmən var, hər dəqiqə gülləyə tuş gəlmək mümkündü... O bilirdi ki, insanlar ehtiyac içərisindədi, təknələri boşdu, üstünə gələnləri, qapısını döyənləri elə qarşılamalıdı ki, heç kim ümidi birdəfəlik dəfn etməsin... O bilirdi ki, rayonda öncədən münasibətdə olduğu, çörək kəsdiyi həmyerliləri qruplaşıblar. Bu qruplar arasında qala bilər. Onların hansının haqlı, hansının haqsız olduğunu müəyyənləşdirmək yükünü daşımalı olacaqdı. Deməli, kimsə inciyəcək, hansı tərəfsə narazı qalacaq. Bax, bunu da özünün qarşılaşacağı problemlərin ən həssasları sırasına yazmışdı. Nəhayət, o bilirdi ki, hər şeyi sıfırdan başlamalı olacaq. Bütün bu bildiklərinin bir dayaq nöqtəsi var idi. O da onun həmin vəzifəyə təyin edən BÖYÜK ŞƏXSƏ - HEYDƏR ƏLİYEVƏ inamı və güvənciydi. Tam səmimiyyətlə o, özünə hesabat vermişdi ki, kadrı olduğum BÖYÜK ŞƏXSİYYƏT mənim dayaq yerim, ümid yerimdi!


Bəli, mən bu məqamları ona görə xüsusi vurğulayıram ki, həmin bəlli günə qədər mən onu müxtəlif vəzifələrdə müşahidə etmişdim, ömür yolundan xəbərim var idi.... adamlara əl tutmasından məlumatlıydım... məclislərdə, özü də rəsmi və qeyri-rəsmi məclislərdə necə qarşılandığını da, necə çıxışlar etdiyini də çox yaxşı xatırlayıram. Amma belə bir anın gələcəyini və mən onun belə bir sınaqla üz-üzə qalacağını düşünməmişdim. Həyat bunu da göstərdi! Və onda bir daha anladım ki, mən nə qədər yanılmışam, nə qədər az tanımışam qəhrəmanımı. Sən demə, bu İNSAN öncədən də həm həyatı öyrənməklə məşğul olub, həm həyatın fəlsəfəsinə diqqət yetirib, həm də bu gün onu önə çəkən ŞƏXSİYYƏTƏ ürəyində güvəncini hər gün kərpic-kərpic hörüb ucaldıbdı. Ona görə də bu sınaq anında o, meydana əliyalın daxil olmayıb... o, sükan arxasına ümidsiz, proqramsız, nəyi necə edəcəyindən xəbərsiz keçməyibdi!..

Hə, indi 2018-ci ildi. Yəni 1993-dən 25 il ötür. Onunla hər söhbətimdə sözü hərləyib-fırlayıb həmin tarixə aparıb çıxarıram. O da 25 il bundan öncə yaşadıqlarını cəmi bir-iki sözlə ifadə edir:

- Məni Ulu Öndər təyin etdi, arxamda durdu və mən də işlədim!
Bəli, bu söz təkcə hərflərdən, səslərdən ibarət deyil. Bu həm də onun həyat devizi, həyat kredosudu. O həmişə vurğulayır ki, Ulu Öndər mənim fəaliyyətimi istiqamətləndirən, məni nail ola biləcəyim uğurlara qovuşduran İNSANdı! Cənab İlham Əliyev də həmin o yolun uğurlu davamına yaşıl işıq yandırıb. Mən ölkə prezidentindən həmişə dəstək görmüşəm, onun tövsiyələrindən yararlanmışam!.. Bax, bu kiçik epizoddan sonra mən tanıdığım, güvəndiyim, məsləhət aldığım və bəzən də ciddi etirazıyla, təpkisiylə qarşılaşıb səhvimi etiraf etdiyim qəhrəmanımı mənim üçün, onu tanıyanlar üçün, bütövlükdə Füzuli üçün DİZİBƏRK, SÖZÜBÜTÖV, MƏNTİQİ KƏSƏRLİ, HAQLI MÖVQEYİNİ heç nə ilə dəyişməyən bir KİŞİ kimi tanıyıram. Həm də mən əlimi ürəyimin üstünə qoyub Allahın qarşısında etiraf edirəm ki, bu KİŞİ etdiyini deməyən, etmədiyi yaxşını, yaxşılığı öz adına çıxmayan bir ŞƏXSDİ! Onın uşaq kimi kövrəlməyi də, gənclik həvəsilə toyda qol qaldırmağı da var, ədəbiyyatçı məharətiylə fikir söyləyən də, ailəcanlı insan kimi evin işinin qulpundan tutub mətbəxdə çörək bıçağına əl uzadan da ÖZÜdü! O heç kimi yamsılamır, O heç kimi təkrar etmir!

Nəhayət, mənim qəhrəmanım dünyanın gəlişinə, gedişinə, hadisələrin inkişafına qiymət verməyi bacarır. İstər İranda olsun, istər Turanda, istər Rusiyada, istər Amerikada. Harda olur-olsun, hadisələrin inkişafı onun peşəkar diqqətindən yayınmır. Və hər dəfə də vurğulayır ki, bizim prezidentin tutduğu mövqe daha doğrudu, daha dürüstdü. Məhz bu mövqe qoruyur Azərbaycanı. Deməli, o, təqaüddə olsa da, Azərbaycan üçün görülən işlərə münasibətini ifadə etməkdən çəkinmir. Və üstəlik, o, gerçəkləşən arzularının timsalında sabaha da inanır. Bilir ki, bu gün ölkə rəhbərinin atdığı hər bir addım müsbət dividentlərə əsaslanır. Və deməli, onun özünün xərclənən ömrü, aid olduğu bölgəyə, mənsub olduğu ailəyə bəxş etdiyi uğurlar həm də Azərbaycana aiddi.

Sonda mən onun bir xüsusiyyətini də qeyd etmək istəyirəm. O da bu İNSANın ayağının ruzili olmasıdı. İşlədiyi bütün sahələrdə həmişə adamlara da, kollektivə də, ölkəyə də bolluq gətirilməsinin iştirakçısı olub.

Eyni zamanda həm də ümid verib. Dilində, hərəkətlərində heç vaxt nagümanlıq, ümidsizlik cizgiləri sezilməyib. Ya "hə" deyib, ya da "yox"! Konkret məsələlərə "baxarıq" yanaşması olmayıb. Elə ona görə də O, özü baxır, özü qiymət verir, özü dəyərləndirir. Çünki belə görübdü! Güvəndiyi ŞƏXSdən bunu əxz edibdi!

Mən yazımın sonunda vurğulamaq istəyirəm ki, illər üst-üstə yığılıb hansısa bir həddə çatanda daha əlamətdar olur, daha yuvarlaq görünür. Bax, mən də 70-in yuvarlaq olduğunu bilib bir xoş ovqatla fikrimi tamamlamaq istəyirəm. Mərhum şairimiz Süleyman Rüstəm özünün 70 illik yubileyi ilə bağlı oxuduğu şeirdə vurğulayıb ki, "yeddinin yanından sıfırı pozun". Mən həmin misranı təqribən belə formalaşdırardım:

- Nəbi müəllim, sizin həyatınız təkcə bu yetmiş ili əhatə edən zaman kəsiyi deyil! Bu həm də Sizi tanıyanların hər birinin qiymətləndirdiyi, araşdırdığı, münasibətini ifadə etdiyi yetmişlərin cəmidi. Bu cəmin içərisində isə, mənə görə, ən önəmlisi, bəlkə də lap zirvədə dayananı Sizin güvəndiyiniz ŞƏXSin və onun Varisinin sizə verdiyi önəmin, qiymətin ifadəsindədi! Siz yetmişi KİŞİ kimi fəth edib ömrə çevirən KİŞİsiniz!

TƏQVİM / ARXİV