adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 May 2018 15:45
13020
ƏDƏBİYYAT
A- A+

Söyüşü yaradıcılıq sayan, iti adam yeyən yazıçı - MARAQLI ADAM

Kulis.az "Maraqlı adamlar” layihəsindən Aqil Abbas haqqında fakt və əhvalatları təqdim edir.

Aqil Abbas məşhur romanı "Dolu”nu Türkiyədə səyahətdə olarkən yazıb. Özünün dediyinə görə, romanın bəzi yerlərini dəniz kənarında gəzişərkən siqaret qutusuna yazıb.


***

Bir dəfə televizorda "Real-Madrid”in oyununa baxırmış. Kristiano Ronaldonun oyununa heyran qalıb. Evdəkilərə üzünü tutub deyib:

- Ürəyi yumşaq adamdı Ronaldo. Gedib bir az qabağında ağlayaq, gəlsin bir sezon bizimçün oynasın.


***

Aqil Abbas nəşriyyatın 6-cı mərtəbəsinin foyesində durub pəncərədən küçəyə baxa-baxa siqaret çəkirmiş. Həmin gün möhkəm qar yağmışdı. Elə bu vaxt əyni nazik, arıq bir uşaq ora-bura baxa-baxa yazıçını işə gətirən 07 markalı "Jiquli”iyə yaxınlaşır. Aqil müəllim 6-cı mərtəbədən nə qədər hay-haray salırsa, uşaq vecinə almır. Cəld maşının qapısını açır, yazıçının bahalı dublyonkasını götürüb aradan çıxır...

Aqil Abbas uşağın dublyonkanı qoltuğuna vurub uca binaların həyətinə tərəf qaçdığını görəndə onun arxasınca bir-iki yağlı söyüş "tolazlayır”. Sonra yazıçını gülmək tutur! Əlini əlinə vurub başına toplaşanlara əhvalatı danışır.

Bir azdan sahə müvəkkili də daxil olmaqla beş-altı polis gəlir nəşriyyatın 6-cı mərtəbəsinə. Aqil müəllimdən xahiş etdirlər ki, balaca bir ərizə yazsın, axtarış əməliyyatları dərhal başlasın.

Aqil Abbas etiraz etdi.

Bir az da söhbəti uzatmaq istəyəndə polislərə acıqlanıb onları redaksiyadan qovur.

Səbəbini isə dostlarına belə açıqlayır:

- Varlı adam niyı dublonka oğurlasın ki? Bədbəxt bir adamdı şübhəsiz. Tutduracam, ata-anası gəlib üstümə ağlayacaq. Təzədən xahiş edəcəm ki, buraxın. Ondansa, təzə dublyonka aldıraram.


***

Tanıyanlar bilir ki, Aqil Abbas gücü çatdıqca adamlara əl tutur. Kimin nə problemi varsa, həll etməyə çalışır. Gənc yazarın yeni çapdan çıxmış kitabı münasibəti ilə ona pul mükafatı verir. Bəzən yazarların yeyib-içməsi üçün pul xərcləyir. Aqil Abbasın bu xasiyyətinə Həmid Herisçi belə bir bənzətmə tapıb:

"Aqil Abbas təqaüdü”.


***

Dostu Aqil Abbasın evinə gəlir. Həyətə girəndə iti görüb dayanır. Aqil Abbas görür ki, adam qorxur, deyir, a bala, qorxma. Dünən üç nəfəri yeyib, toxdu.

***

Günlərin birində Rafiq Tağı əlində təzə yazı "Ədalət” qəzetinin redaksiyasına gedir. Gənc xanım onun kağızdan diktə etdiklərini kompüterə köçürürmüş.

Aqil Abbas bunu görüb zarafatla xanıma deyib:

- Diqqətli olun!

Aqil Abbas Rafiq Tağının publisistik yazılarındakı "zəhərli iynə”lərdən ehtiyatlanırmış. Rafiq Tağı məsələni göydə tutub gülümsəyir:

- Aqil müəllim, bu məqalə deyil, hekayədir. Bədii əsərdir.

Aqil Abbas cavab verir:

- Sən adamın anasını hekayədə də ağladarsan!

aa

***

Türkiyədə bir restoranda oğlu ilə oturub çörək yeyirlərmiş. Oğlu zarafatla deyir, ata, nəsə fikirlisən deyəsən, səni burda heç kim tanımır, ondandır yəqin.

Ata-oğul ayağa duranda ofisiant hesabın çatdığını deyir. Sən demə, qonşu stolda azərbaycanlılar varmış.


***

Müstəqillik illərində yeni yazarlara mətbuatda ən geniş qapı açanlardan biri Aqil Abbas olub. Heç kimin yaxın qoymadığı gənc yazarlara "Ədalət” qəzetində yer verib. O zamanlar "Ədalət” qəzetinin həftədə 3-4 ədəbiyyat əlavəsi çıxırdı və yazarlar bu əlavələrdəki yazılara görə qonorar alırdılar. Hətta azad düşüncəli, yaşlı yazıçı-şairlərə tənqidi yanaşan gənclərə yer verdiyi üçün Aqil müəllimin Azərbaycan Yazıçılar Birliyi ilə münasibətləri korlanmışdı.


***

Aqil Abbas danışırdı ki, müharibə başlayandan sonra saçları sürətlə ağarıb, hətta dişləri də tökülüb. Ağzında bir dənə öz dişi yoxdur: "Dişlərimin dördünü əsəbdən əlimlə qırmışdım, dördünü də dişimi qıcayıb qırmışdım”.


***

Bilənlər bilir ki, Aqil Abbas hər açıqlamasında, hər müsahibəsinə rezonans yaradır. Onlardan biri də bu sərlövhəli müsahibə idi: "Aqil Abbas: "Hesablamışam, atamın goruna 932 adam söyüb”.


***

Aqil müəllim həm də kişilərin əhatəsində söydüyü unikal söyüşləri ilə məşhurdur. Onun fikrincə, söyüş də bir yaradıcılıqdır və xalqın istedadından xəbər verir.

***

Bəziləri hesab edir ki, Aqil Abbasın ziddiyyətli xarakteri vardır. Onun günahları da böyükdür, savabları da. Bu xüsusiyyətinə görə mərhum yazıçı Mehdi Bayazid ona belə demişdi: "Aqil müəllim, sizi o dünyada - cənnətlə cəhənnəm arasında dartışdıra-dartışdıra qalacaqlar!”


***

Onun on minlərlə şəxsi dost-tanışı var. Həm də bu dost-tanışlar bütün zümrələrə aiddir. Çoban, fəhlə, nazir, rəis, məhbus, musiqiçi, əkinçi və s. Hamıyla da eyni səmimiyyətlə görüşüb-öpüşür. Tanımadığı adamla dostlaşması üçün ona on-on beş saniyə kifayət edir.

***

Ağır 90-cı illərdə Aqil Abbasın "Ədalət” qəzetindəki kabinetinin qarşısına azı bir nazirliyin qəbul otağı qədər adam yığışırdı. Onlar çox ağır problemlərindən ötrü bura gəlirdilər və Aqil müəllimin işə gəlməsini gözləyirdilər.