adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 May 2018 12:51
19111
ƏDƏBİYYAT
A- A+

İçimdəki poeziya yataqları tükənib, nəsrə keçəcəyəm...

Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz” haqqında anlayışımıza yeni bir məna gətirir. "Söz adamı” layihəsinin növbəti qonağı gənc şair Tural Turandır.

- Ebu Turxanin fikrincə Böyük insanın faciəsinin səbəbi onun yaşadığı mühitin qəliblərinə sığmamasındadır. Əslində bu, ictimai mühitin, cəmiyyətin faciəsidir. Amma bu faciəni ancaq duyabilənlər yaşayırlar. Necə düşünürsünüz söz adamı kimi qəliblərlə dolu cəmiyyətdə yaşamağın hansıç ətinikləri var?

-Bəri başdan deyim ki, həmişə özümü qəliblərdən kənarda tutmuşam. Azad adamam. Özgür ola bilməsəm, yaza bilmərəm. Yazmağım da, yaşamağım da özgürlüklə sərhədlənib. Eyni zamanda, müəyyən mühafizəkarlığım da var. Amma bu mühafizəkarlıq da özünü məcburetmədən doğmayıb. Əksinə, özümü tapdığım, tapındığım yörə və törələrimizi yaşatmaq üçün bacardığımı eləməyə çalışıram. Bəlkə də həmin yörə və törə gələnəkləri bir başqası üçün qəliblik anlamına gələ bilər amma onlar mənim üçün keçmişin seçib-seçmələnmiş, bu günün insanı üçün labüd olan törə ənənələridir. Cəmiyyətin qəlib içərisində boğulması mümkün deyil. Qəlib içərisində boğulursa, deməli o hələ kütlədir, sürüdür. Cəmiyyət isə özünü dərk etmiş, yolunu müəyyənləşdirmiş insanlar çoxluğudur. Sürünün və ya kütlənin qəliblər içərisində boğulması isə normal haldır. Çünki onların özünüdərk prosesi olduqca ləng gedir və həmin toplum onları qəlib bataqlığından çıxarmaq istəyənlərə qarşı belə düşmən mövqeyində dayanır. Bu gün Azərbaycan cəmiyyəti qəlib içərisində deyil. Həmin cəmiyyətə daxil olanların sayı on minlərlədir. Amma bundan bəlkə də iki-üç dəfə çox kütlə psixologiyasına, sürü idrak sisteminə malik toplumlarımız var. Onlar sözün əsl mənasında bataqlıqdadırlar. Bu qəbildən olan insanlar vaxtilə Hindistandakı "beşinci kasta- toxunulmazlar” adlanan bölgüyə daxildirlər. Həmin qəlib məhkumları xurafata inanır, erkən nigaha hə deyir, bir manat üstündə adam öldürür, var-dövlətə görə qardaşını, atasını baltalayır. Bu gün əksəriyyətimiz onların halına acıyırıq. Onları doğulduqları, böyüdükləri bu bataqlıq mühitindən çıxarmağa çalışırıq. Həmin kəsim isə elə bilir ki, biz onları istəmirik və həmin adamları da "özümüzə oxşatmağa” çalışırıq. Onlar cəmiyyət üzvləri deyillər. Biz cəmiyyətlə mübarizə aparmırıq. Əli qələm tutan, kağız kimi ağappaq adamlar cəmiyyətlə deyil, kütlə ilə mübarizə aparır. Sadəcə olaraq, bizdə kütlə kateqoriyasına daxil olanların sayı çoxdur. Bu bizi yanıltmasın. Doğrudur, başqa ölkələrdə cəmiyyət kütlədən kəmiyyətcə daha böyükdür, elə keyfiyyətcə də. Amma bizdə əksinədir. Problem də bundadır. Mənə elə gəlir ki, cəmiyyət sinfinə daxil olanların yolu, istiqaməti kütlə təmsilçilərindən keçmədikcə, onlar qəlibləşmə sindromu üzləşməyəcəklər. Kütləni qəlibdən çıxarmağın bir yolu var, o da məcburi təhsildir. Bizdə isə məcburi təhsil anlayışı sovetlərin çöküşü ilə sona çatdı. Müstəqil təhsil sistemimiz isə cəmiyyətin yetişdirdiyi uşaqlara diqqət yönəldir. Yəni, birbaşa bünövrəsi olan insanlara kapital ayırır. Bu da bir ölkə daxilində cəmiyyətlə kütlə arasında böyük uçurumlara gətirib çıxara bilər...

- Yaradıcılığınıza təsir və əks-təsir imkanları haqqında nə deyə bilərsiniz?

- Yaradıcılığıma təsir imkanları əsasən Avropa və türk xalqları ədəbiyyatları ilə məhdudlaşır. Postmodern modern, eləcə də klassik dövr ədəbiyyatın təsirlərini hiss edirəm. Artıq bu təsir imkanları zəifləyib. Çünki artıq öz yolumu formalaşdıra bilmişəm. Öz dəst-xəttimin olduğunu düşünürəm. Hazırda əks-təsir imkanları səthidir. Ona görə səthidir ki, sosial şəbəkələr üzərindən bunu hiss edirəm.

- Keçmiş, yoxsa gələcək?

- Mən keçmişlə gələcək arasında bu günü seçənlərdənəm. Bugünü yaşayıb gələcək üçün yaşayıram. Eyni zamanda, kürəyimi də keçmişə söykəmişəm. Bu gün Azərbaycan ədəbiyyatı niyə qarmaqarışıqdır? Çünki bugünkü ədəbiyyatımızda yolsuzluq var. Yeni cərəyanlar yaranmır, çünki ideya bazası sıfırdır. Səbəbi isə keçmişi bilməməkdən gəlir. İndiki yazarların bir çoxu özlərini A və B parçaları arasında məhdudlaşdırırlar. Ta bilmirlər ki, biz bizdən əvvəl başlayan və bizdən sonra da davam edəcək yolun bir parçasıyıq. Yolumuz olmalıdır. Yolu olmayan ədəbiyyat qara şalvara göy sapla pərçimlənmiş yaşıl yamaq kimidir. Saplar çürüyəndə həmin yamaq düşəcək. Çünki rəngi şalvarın rəngi ilə uyuşmur. Müafizəkarlığımın olduğunu bayaq dedim, keçmişin yaxşılarını gələcəyə daşımaq ədəbdəndir-deyə düşünənlərdənəm.

- Müasir dövrdə texnologiyanın inkişafı kitabların, jurnalların, qəzetlərin mövcudluğunu sual altına qoyub. Bu fikrə münasibətiniz necədir?

- Kitab həmişə oxunub və oxunacaq. Bu gün internet və teniki resursların daimi inkişafı prosesində kitab oxunulmurmu, oxunulur. Almaniya, Yaponiya, Rusiya, Kanada kimi ölkələrdə kitab oxuma səviyyəsi çox yüksəkdir. Hər il bu ölkələrdə on milyonlarla kitab istehsal edilir. Həmin dövlətlərdə texnoloji inkişaf və yeniliklər də göz qabağındadır. Bəs niyə kitab oxuyan daha çoxdur, çünki kitab insanlara oxumaq rahatlığı, həzzi verən məvhumdur. Bunun alternativi yoxdur. Həm də ki, texnoloji vasitələr də, kitablar da insanın özünü inkişaf etdirməsi üçündür. Kim istəyir kitabdan oxusun, kim istəyir internet resurslardan faydalanaraq biliklər əldə etsin. Əsas odur ki, hər iki vasitə elmə, biliyə aparan istiqamətdir. Avropa və Rusiyada artıq bunu dərk edirlər. Biz isə hələ də kitab yoxsa, internet dilemmasını, mübahisəsini həll edə bilməmişik. Bu fikrim jurnal və qəzetlər üçün də keçərlidir. Bu gün mən də qəzet alıram, oxuduğum qəzetlər var. Niyə alıram, çünki arxiv yığıram. Niyə internet resurslarla bunu etmirəm, çünki onlara çox da güvənmirəm. Sabah sayt bağlansa, material da gedəcək və tapa bilməyəcəyəm. Qəzeti isə oğurlamasalar arxivimdə qalacaq.

- Oxumaq istədiyiniz, lakin oxuya bilmədiyiniz hər hansı bir əsər və ya imza....

- Belə imzalar və əsərlər çoxdur. Remarkı tam olaraq oxumamışam. Eləcə də Kafkanı. Bunları tam olaraq oxumaq istəyirəm. Oxumaq istədiyim kitabların və əsərlərin adlarını cib dəftərçəmə yazıram ki, unutmayım. Axır vaxtlar kitab oxuma saatım azalıb. Əvvəllər həftəyə 40-45 saat kitab oxuyurdum. İndi bu göstəricim 12-14 saatdır. Yəni, 168 saatlıq həftənin ancaq 12-14 saatını kitaba ayırıram ki, bunun da çox böyük hissəsi həftə sonlarına təsadüf edir. Fransız şairi Sülli-Prüdomu oxumaq istəyirəm. Bir-iki şeirini Anadolu türkcəsinə çevirmişdilər. Çox bəyənmişdim. Adam ədəbiyyat üzrə ilk "Nobel” mükafatçısıdır amma yazdıqları bu gün də aktualdır. Çünki yazdıqları bəşəri mahiyyət daşıyır. Təssüf ki, bizdə Prüdomun tərcümələrinə rast gəlməmişəm. Bəlkə də çeviriblər amma görmürəm. Axtarmışam, çoxları heç Prüdomun imzasını tanımadığını deyib. Söhbət kitab satanlardan gedir. Adamın şeirlərində səmimilik və söz oynadaraq etirafetmə bacarığı çox yüksək bədii çalarlarla verilir. Cozuye Karduççi adlı bir italyan şairi var. O, da Nobel mükafatçısıdır. Tənqidi görüşləri ilə tanışam. Amma cəmi bir şeirini oxumuşam. Klassik nümunələrin ən yaxşılarındandır. Selma Lagerlöf var, İsveç ədəbiyyatının daha doğrusu, nəsrinin "döyünən ürəyi” adlandırırlar. Haqqında həmişə tərif eşitmişəm. Amma oxumamışam. "Arabaçı” və "Yerusəlim” romanlarını çox oxumaq istəyərdim.

- Tərcümə işində hazırda hansı çatışmayan cəhətləri göstərmək olar?

- Tərcümə işində çatışmayan nüanslar çoxdur. Əsas problem lazımı əsərlərin tərcümə edilməməsidir. Bu yəqin ki, naşirlərin, nəşriyyatların problemidir. Çünki tərcüməçi əsasən sifarişlə işləyir. Nadir hallarda özünün yaxşı bildiyi əsərləri tərcümə edib nəşriyyatlara sata bilərlər. İndi tərcümə işimiz dünya ilə yalnız bir faktorla ayaqlaşmağa çalışır. Bu da dünyada ən çox oxunan, bestsellerə çevrilən əsərlərin burada da çapı ilə bağlıdır. Dünya dedektivə meyllidirsə, biz də həmin axınla gedirik. Məsələn, modern İsrail ədəbiyyatında nələr baş verir, bir o qədər xəbərimiz yoxdur. Cəmi bir-iki antalogiya çıxıb. Eləcə də müasir Fələstin ədəbiyyatında yaxşı şair və yazıçılar var, onları da çap etməliyik. Oxumalıyıq. Bu siyahıya Çin, Yaponiya, Mərakeş, Çex, macar ədəbiyyatı nümayəndələrini də əlavə edə bilərəm. Hazırda cənubi və mərkəzi Avropada çox böyük ədəbi inqilab dövrü başlanıb. Çox yaxşı şeir və romanlar haqqında məlumatlar alırıq, "buk treyler”lərə baxırıq. Bizdə niyə olmasın. Ya orijinaldan tərcümə edəcək adamlarımız yoxdur, ya da nəşriyyatlarımız özlərini müəyyən bir qəliblə sərhədləməyə çalışırlar. İkinci bir çatışmayan cəhəti də demək istəyirəm. Tərcüməçi cümlədə verilmiş aparıcı fikri düzgün təyin etməyi bacarmalıdır. Bu mütləqdir və hətta deyərdim ki, əsas məsələlərdən biridir. Əks halda tərcümə anlaşıqlı olmayacaq. Bizdə bu cür qüsurlara tez-tez rast gəlirəm. Əsasən də müasir Türkiyə dəbiyyatından çevrilən roman və şeirlərdə... Müəyyən qırılmaları o saat hiss edirsən. Çünki mənim mütaliə dilim əsasən Anadolu türkcəsidir. Ona görə də bu dildən tərcümələrlə bağlı çatışmazlıqları daha tez duyuram.

- Dünya ədəbiyyatından oxuyub, təsirləndiyiniz imzalar...

- Dünya ədəbiyyatından oxuyub təsirləndiyim imzalar çox olub. Lev Tolstoyu, Qabriel Markezi, Kamyunu, Kafkanı, Pol Sartrı, Boris Posternakı, Umberto Ekonu, Milan Kunderanı, Selinceri və başqalarını misal çəkə bilərəm. Mən onları oxuyaraq özümə bir cığır döyə bilmdim. Öz tapdaq yolumu müəyyənləşdirdim. "Qızıl gülün adı”, "Sıfır sayı” kimi əsərlər mənim yazı dilimin yönünü dəyişdirdi. Öz ədəbiyyatımızdan isə Mövlud Süleymanlını, Sabir Əhmədlini, Süleyman Rəhimovu çox oxumuşam. Mirzə Cəlilin dilini isə hədsiz sevirəm.

- Azərbaycanədəbiyyatındankimlərioxuyursunuz?

-Klassik Azərbaycan ədəbiyyatından Füzuli və Nəsimini tələbəlik dövründə daha çox oxumuşam. İndi onları oxumuram. İndi şairlərdən Vaqif Bayatlı Odəri, Vaqif Səmədoğlunu, Ramiz Rövşəni, Eldar Baxışı, Musa Yaqubu arada vərəqləyirəm. Nəsrdə isə Mövlud Süleymanlı, Yusif Səmədoğlu, Əkrəm Əylisli tez-tez müraciət etdiyim imzalardır.

- Gənclərdən kimləri oxuyursunuz?

- Fuad Cəfərli, Ulucay Akif, Çinarə Ömray, Ümid Nəccari, Emil Rasimoğlu, Fəridə Uğur, Oğuz Ayvaz, və Ayxan Ayvaz qardaşları... Bunların şeirləri, nəsrləri qarşıma çıxdıqca oxuyuram. Hərəsinin öz nəfəsi var.

- Mütaliə vərdişlərinin formalaşması üçün hər hansı bir düstur varmı?

-Mütaliə vərdişinin formalaşmasında heç bir düstur yoxdur. Sadəcə müxtəlif yollar var. İnsandan insana dəyişə bilər. Bu da fərdi yöntəmdir, düsturluq deyil. Məsələn atam uşaq vaxtı mənə 20 səhifəsi bir "məmmədəminə” "Şamo” romanını oxutdurub. Sual-cavab etdikdən sonra həmin bir "məmmədi” – 1000 manatı verirdi. Təxminən 15-17 il bundan əvvəl o dövrün min manatı çox böyük pul idi. Açığı mən oxumaöa bu cür həvəslənmişəm (gülür). Bəzi adamlar deyir ki, oxuma vərdişinə dedektiv əsərlərlə başlamaq lazımdır. Məsələn, "Hoqqa” dərgisinin baş redaktoru Nurlan Həsənli belə düşünür. Hesab edirəm ki, maraqlı yanaşmadır. Amma dedektivdə çox dayanmayasan, vərdişə yiyələnəndən sonra daha yüksək zövqlü əsərlərə keçəsən. Həm də nə oxuduğun önəmlidir. Gərək özünü ədəbiyyatın hansı qoluna aid olduğunu tapasan sonra oxumağa başlayasan. Əks təqdirdə oxuduqların sənə yaramayacaq. Yarasa belə, həzz ala bilməyəcəksən.

- Ədəbimükafatlaramünasibətiniz...

- Mən deməyəcəm ki, oxucu rəğbəti, onların bir şairi və ya yazıçını sevməsi əsl mükafatdır. Xeyr. Ədəbi mükafatlar yaxşı yaşamaq, ehtiyacdan qurtulmaq və bütün varlığınla yaradıcılığına bağlanmaq üçün bir stimuldur. İndiki şəraitdə bu dediklərimi təsdiq etmək daha asandır. Götürək öz cəmiyyətimizi, sosial problemlər üzündən nə qədər şair və ya yazıçı intihar edib. Son vaxtlar da bunu görmüşük. Bunlar olmamalıdır. Amma ədəbi mükafatlar da gərək sahibinə verilə, kiminsə tanışıdır, qohumudur- prizması ilə təqdim olunmaya.

-Şeirlərinizdə dialekt və şivələrdən, "ölü” sözlərdən intensiv istifadə etməyiniz nə ilə bağlıdır?

-İlk növbədə ölü sözləri diriltmək üçün istifadə edirəm. Çünki vaxtilə ərəb və fars sözlərinin dilimizdən vurub çıxardığı türk kökənli sözlərimizin "ölü söz” statusundan çıxaraq əvvəlki ümumişlək vəziyyətinə qayıtmasının vaxtı çatıb. Mən belə düşünürəm. Eyni zamanda, hər hansı bir fikri cəmiyyətə qəbul etdirmək istəyirsənsə, iki yola baş vurmalısan. Daha doğrusu, bunun iki yolu var; birincisi mediadır. Media ilə piarı aparılan hər hansı bir fikir və ya layihə uğura məhkumdur. Yəni, köşə yazılarında, araşdırma məqalələrdə az-az bu sözləri cəmiyyətə "yedizdirmək” lazımdır. İkincisi isə bədii yazılarla, ədəbiyyatla həyata keçirilən yoldur. Mən yeri gəldikcə hər iki yola baş vururam. Baxın, ötən əsrin otuzuncu illərində Cəfər Cabbarlı öz əsərləri vasitəsi ilə cəmiyyətə yeni türk kökənli, milli adlar təqdim etdi. Oktay, Aydın, Sevil, Yaşar və s. bu kimi adlar bədii əsərin təsir gücü vasitəsi ilə sürətlə yayılmağa başladı. Xalqın ad leksikonuna daxil oldu. Səməd Vurğun Qazax ləhcəsində itib-batmaqda olan "sayrışmaq” sözünü dilimizə yenidən qaytardı. Özü də cəmi bir-iki dəfə işlətməklə. Rəsul Rza özünün yaratdığı sözləri dilin leksik fonduna daxil etdi. Bunlar mütərəqqi, təqdir olunası işlərdir. Mən də Gəncəbasar, xüsusən də doğulduğum Alabaşlı kəndində köhnə kişilərdən, nənə-babalardan eşitdiyim, itib-batma təhlükəsi olan sözləri bu yolla yenidən dilimizə qazandırmaq yolu tutmuşam. Əslində burada mənim iki məqsədim. Əvvəla, dildə arxaikləşərək unudulmaq təhlükəsi olan sözlərə ikinci həyat vermək, eyni zamanda bir zamanlar ərəb-fars, rus mənşəli sözlərin təsiri ilə ümumişləkliyini itirən ana dilimizdəki sözləri əvvəlki taxtına qaytarmaq. Yəni, elə də asan missiya deyil. Mənim 1500-dən çox topladığım arxaik söz var ki, hamısı orijinaldır, gözəl ifadələrdir. Doğmadır, çünki ata-babaların mirasıdır. Yeri gəldikcə onlardan istifadə edəcəyimi düşünürəm. Artıq müsbət nəticələrini görməyə başlamışam. İndi məni oxuyan bilir ki, bədiz naxış deməkdi, yarıqçı-cərrahdı, buğarsaq – başının dəstəsi anlamındadır və s.

-Əyalətdə yazıb yaratmaqla dünya ədəbiyyatına çıxmaq olarmı?

-Günümüzün şərtləri elədir ki, indi əyalətlə şəhər arasında elə bir böyük fərq yoxdur. Əyalətlərdə də internet var, kitabxanalar mövcuddur. Hətta deyərdim ki, yazıb-yaratmaq üçün ən ideal yer sakit mühitdir. Kənd həyatıdır. Həm də əyalətlərdəki tiplər daha orijinaldır. Mövzu orijinallığı şəhərdəkinə nisbətən daha unikaldır. Mövzuların, tiplərin içərisində gəzirsən, bəzən yazmaq, bədiiləşdirmək istədiyin hadisələrin bir parçasına çevrilirsən. Şəhərdə isə bu kimi imkanlar azdır. Kənd mühiti dünyanın bütün yerlərində daha cəlbedici olub. Buradakı unikal və analoqu olmayan proseslər oxucu tərəfindən daha maraqla qarşılanıb. Kənd mühitindən yazaraq Nobel mükafatı almaq da olar. Posternakı, Perl Bakı buna misal göstərə bilərəm. Məsələn, Perl Bak çin kəndlilərinin həyatını orijinal boyalarla işıqlandırdığına görə Nobel mükafatı almışdı. Posternak da rus kəndlisinin yaşantılarını əsrarəngiz ilmələrlə dünya oxucusuna təqdim etməyi bacarmışdı. Düşünürəm ki, bizdə də kənd mühitindən yazıb Nobel almaq olar. Amma orada insan dramı olsun, lokal həyat hekayələri ilə dünya ədəbiyyatına çıxmaq olmaz.

-Siz də kənd mühitindən çıxmış insansınız. Əvvəlki kitablarınızda kənd insanının yaşantılarını görmək olurdu, sonra siz də şəhərdən yazmağa başladınız?

- Ömrümün 17 ili kənddə keçib. On bir ildir ki, paytaxtda yaşayıram. Bakıda yaşadığım ilk beş ildə kəndlə sıx bağlı idim. Hər ay gedib-gəlirdim. Bu tələbəlik dövrünə təsadüf edirdi. Hərbi xidmətdən sonra kəndlə əlaqəm demək olar ki, kəsildi. Jurnalist fəaliyyətim, işlərimin çoxluğu məni doğulduğum, böyüdüyüm eldən uzaq saldı. İndi kənddə nələr baş verir, nələr dəyişib, hansı sosial çağırışlar, təlatümlər var, bilmirəm. Ona görə də kənddən yaza bilmirəm. Artıq şəhər həyatının bir parçasına çevrilmişəm. Buradakı proseslərin içərisindəyəm. Son şeirlərim də elə şəhərin daşıyıcısı olduğu ağrılardan bəhs edir. Kənd mövzusuna ikinci kitabdan sonra nöqtə qoymağımın da əsas səbəbi budur.

-Müsahibələrinizin birində demisiniz ki, bir müddət sonra nəsrə keçəcəksiniz. Səbəbi nədir?

-Hiss edirəm ki, artıq tükənmişəm. Şeirlik canım qalmayıb. Şeir doğmaq üçün gümrah olmalısan, sancılara dözə bilməlisən, nəsrdə bu proses bir qədər yüngül olur. Şübhəsiz ki, hər ikisində ağrı var. Bu öz yerində. Bu vaxta qədər nəsrə keçməməyimin səbəbi roman və hekayə janrlarının incəliklərini öyrənməyimlə bağlı idi. Hesab edirəm ki, artıq bu məsuliyyətin altına girə bilərəm. Əvvəl belə bir əminliyim yox idi. İndi bu güvəni özümdə hiss edirəm. Nəsrə keçdikdən sonra şeirlə tamamilə vidalaşacağam. İçimdəki şeir yataqlarının hamısı işlənib. Ha qazıram, görürəm ki, su çıxır. Amma nəsr yataqları isə işlənilməyib. İçimdə romanlıq və hekayəlik bir neçə yataq kəşf etmişəm, onları işləmək üçün çalışmalara da artıq başlamışam. Düşünürəm ki, çətin olmayacaq. Poeziyadan nəsrə keçənlər deyir ki, bu cür keçidlər çox vaxt uğurlu olur. Yəqin bizdə də elə olar (gülür).

-Gürcü ədəbiyyatının son vaxtlar bizdən xeyli irəli keçdiyi haqqında fikirlərinizi oxuyuruq. Doğrudanmı belədir?

-Bəli, bu nüans xüsusən də nəsrdə aydın şəkildə nəzərə çarpır. Nodar Dumbadzedən sonra gürcü ədəbiyyatı istedadlı gənclərini dünyaya çıxara bildi. Bunlardan biri David Turaşvilidir. "Cins dövrünün uşaqları” romanı Avropada böyük səs-küy yaratdı. Dünyanın ondan artıq dilinə tərcümə olundu. Söhbət əsas dillərdən gedir. Ardınca Georgi Kekelidze öz yazıları ilə Gürcüstan sərhədlərini aşmağa başladı. Arçil Kikodzenin "Cənub fili” əsəri də müəllifiə böyük şöhrət gətirdi. Bu siyahını daha da artıra bilərəm. Təkcə sadaladığım bu üç müəllif səviyyəsində bizdə gənc yazıçı yoxdur. Cavan nasirlərimizdən kiminsə adını çəkməyə qorxuram, hətta deyərdim ki, yoxdur.

-Bizim gənc yazıçılarda nə çatışmır ki?

-Bu onların özlərindən soruşmaq lazımdır. Çünki nəsrin içində deyiləm. Təkcə onu deyə bilərəm ki, bizimkilər bəşəri ola bilmirlər. Doğrudur, çalışırlar, vuruşurlar amma hələlik alınmır. Bəlkə də bunun səbəbi bəşəri mövzuda deyil, bəşəri yazı dilindədir. Bəlkə də həmin dili tapa bilməyiblər. Çünki mövzunu hansı dildə çatdırmağın çox önəmlidir. Dünya oxucusunun anladığı təhkiyə, nəqletmə, keçid dillərini bilmirik bəlkə də. İstedadlı yazıçılarımız var. Sadəcə bu istedadı özümüzə tanıtdırmaqla kifayətlənmək olmaz. Dünyaya çıxarmaq üçün də yollar axtarmalıyıq. Dünyanın nə istədiyini bilmək üçün təkcə oxumaq, araşdırmaq kifayət etmir, gərək dünyanı da gəzəsən, Qərb, Amerika oxucuları ilə ünsiyyətdə olasan. Yəni, məşhur olmaq üçün bir yol da maddi durumdan, imkandan keçir. Çatışmayan məqamlardan da biri budur.

-Hədəfinizin Nobel almaq olduğunu dəfələrlə demisiniz. Böyük iddia deyil ki?

-Nobeli niyə bu qədər böyüdürük ki? Nobel mükafatını gözümüzdə böyütdükcə o bizdən qaçacaq. Mənim üçün Nobel elə də böyük mükafat deyil. Sadəcə olaraq ədəbiyyat adına təsis olunmuş çoxsaylı mükafatlardan biridir, vəssalam. Bəli, mən bu mükafatı alacağam. Buna iddialıyam. Hər kəsdə bu iddia olmalıdır. Qəlibləri qırmaq lazımdır. Yazıçıda, şairdə özgüvən olmalıdır. Yoxsa, Biləcəridən o yana keçməyəcəyik. Mən bu yolda ilk addımları atmağa başlamışam, rus, özbək, türk, qazax dillərində şeirlərim çap edilib. Hətta özbək dilində kitabım nəşr olunub. Maddi durumum imkan verdikcə Qərbə doğru ayaq açacağam. Onsuz da nə AYB-dən, nə də üzv olduğum digər ədəbi qurumlardan dəstək yoxdur. Məcburam ki, öz imkanlarım hesabına bunları edəm. Xalqdan, dövlətdən kömək gözləmək ağılsızlıq olardı. Dünyanın hər yerində belədir. Özün sərhədləri aşırsan, müəyyən mərtəbəyə çatırsan, sonra dövlət və xalq sənin arxanca deyir ki, mənimkidir. Mənim yetişdirməmidir. Tarixin bütün dönəmlərində belə olub. Öz imkanlarım hara qədər imkan verəcəksə, oraya qədər gedəcəyəm.

- Son olaraq söz haqqında sözünüz...

- Bunu bir dəfə də demişəm. Söz bəşəriyyətin ən böyük kəşfidir. Söz canlı orqanizmdir, eyni zamanda ilahi varlıqdır. Əsl söz hissləri kamil formada ifadə edəndir. Bunu bacaran insan isə əsl şair və ya yazıçıdır. Söz ürkəkdir, sözün naz yükü var. Söz ağırdır-sözün duz yükü var. Söz bakirədir-sözün qız yükü var. Söz qızıl ortadır – sözün tən yükü var. Söz sinə dağlayar-sözün köz yükü var. Söz tanrı ilə insan arasında yol ayrıcıdır. Eyni zamanda da rabitədir. Sözünüz yaradandan kiçik, tanrıdan böyük olsun, deyirəm. Mənim üçün sözün tərifi budur.


Söhbətləşdi: Tural Cəfərli