adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
10 May 2018 23:49
18945
ƏDƏBİYYAT
A- A+

Ümummilli lider Heydər Əliyevin dilimizə olan böyük sevgisi

Tarixi təcrübə göstərir ki, dili yaşadan və daim inkişaf etdirən onun mənsub olduğu xalqdır, millətdir. Dilin zaman-zaman hərtərəfli inkişaf etməsi və zənginləşib dolğunlaşması, zirvələrə qalxaraq yüksək nüfuz qazanması xalqın böyük övladlarının, qüdrətli dövlət başçılarının adı ilə də sıx bağlıdır. Belə qüdrətli dövlət başçısı və siyasi xadimlər cərgəsində ümummili lider Heydər Əliyevin adı çox yüksək və layiqli yerlərdən birini tutur.
Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabr ayının 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edilmişdir. Dövlət dilinin daha da təkmilləşdirilməsi haqqında ulu öndər Heydər Əliyevin 2001-ci ildə verdiyi fərmanda bu cümlələri oxuyuruq: "İndi Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə canlanması kamil mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır. Cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, Azərbaycan dili orada rahat işlədilməsin. Lakin digər sahələrdə olduğu kimi ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində də hələ görüləsi işlər çoxdur".
"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi" haqqında Azərbaycan respublikası prezidentinin 2001-ci il 18 iyun tarixli fərmanı və Nazirlər Kabinetinin 25 iyun 2001-ci il tarixli 113 saylı sərəncamı ölkənin təhsil sistemində dövlət dilinin - Azərbaycan dilinin tədrisi və latın qrafikasının tətbiqi sahəsində icra üçün direktiv hüquqlu normativ sənəd kimi qəbul edilmişdir.
Ümummilli liderin müstəqilliyimizin onuncu ildönümünə həsr olunmuş mərasimdəki nitqinin mətnini oxuduqca daha maraqlı və dəyərli fikirlərlə tanış oluruq: "Bu on ildə bizim ən böyük nailiyyətlərimizdən biri Azərbaycan dövlət dilinin, ana dilinin hakim olmasıdır. Biz bütün dünyaya nümayiş etdiririk ki, dünyada Azərbaycan xalqı var, Azərbaycan milləti var, Azərbaycan dili var".
Müstəqilliyimizin sonrakı inkişaf dövrlərində də sayı 50 milyonu keçən bir xalqın dili olan Azərbaycan dili zənginləşmiş və inkişaf baxımından kifayət qədər böyük uğurlar qazanmışdır. Azərbaycan cəmiyyətinin demakratikləşməsi, sonsuz bir maraqla dünyaya açılması dilə başqa bir özəl zənginlik qatmışdır.
Yaradılmış Dövlət Dil Komissiyasına möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərlik etməsi cəmiyyətimizdə dilimizə bu gün dövlət səviyyəsində diqqət və qayğının artmasının çox böyük göstəricisidir.
Möhtərəm Prezidentimiz İlham Əliyev Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı çıxışında demişdir: "Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, bir millət kimi qoruyub. Əsrələr boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə də bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu məni doğrudan da çox narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyacı yoxdur. Biz əsrlər boyu dilimizi qorumuşuq, bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Digər tərəfdən, gənc nəsil imkan verməməlidir ki, ana dilimizə yad kəlmələr daxil olsun. Buna ehtiyac yoxdur. Mən bir vətəndaş kimi hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək, bu bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır".
Hamımız çox gözəl bilirik ki, dilin qorunmasında və inkişafında məktəbin, xüsusilə Azərbaycan dili və ədəbiyyat müəllimlərinin rolu böyükdür. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimləri kursantların orfoqrafik və orfoepik normalara tam şəkildə riayət etmələri üçün bütün dərs və məşğələlərdə ədəbi dilin normalarına və bu normaların tələblərini ətraflı izah etməyə və başa salmağa çalışırlar. Biz kursantlara, gələcəyin zabitlərinə nitq mədəniyyətini tədris edə-edə həm də dilimizi sevdiririk. Bildiyimiz kimi dil və nitq bir-biri ilə üzvi şəkildə, qırılmaz tellərlə bağlıdır. Nitq ünsiyyət prosesi olub dilin ifadə imkanları əsasında meydana çıxır. Nitq dildən törəyir, dinləyib-anlama, dinləyib anlatma, başa düşmə, danışma, oxu və yazı formalarında təzahür edir. Biz bütün dərs və məşğələlərdə şagirdlərin nitqində ədəbi dilin fonetik, leksik normalarına riayət etmələrinə çox diqqət və məsuliyyətlə yanaşırıq. Məhz bu diqqət və qayğının nəticəsidir ki, bu gün kursantlarımız dilimizi çox gözəl bilir və onu ürəkdən sevirlər.
Biz dərs və məşğələ prosesində kursantlara ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafı istiqamətində gördüyü cahanşümul və səmərəli işlərdən, həyata keçirdiyi uğurlu islahatlardan da ətraflı danışırıq. Hamımız çox yaxşı bilirik ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk illərdən etibarən Azərbaycanın iqtisadiyyatının inkişafı ilə yanaşı mənəvi-mədəni həyatını da diqqətindən kənarda qoymamış, bu sahədə də böyük işlər görmüşdür. Onun zəngin təcrübəsi, fitri təşklatçılıq qabiliyyəti və istedadı, həm Şərq, həm də Qərb dünyasını yaxşı tanıması, mənsub olduğu xalqın mentalitetinə bələd olması imkan verirdi ki, respublikanın mənəvi-mədəni iqlimin inkişaf perspektivlərini dəqiq müəyyənləşdirə bilsin. 70-ci illərdə respublikanın iqtisadi, ictimai-siyasi və mədəni ideoloji həyatında böyük dönüş yaradan ulu öndər Heydər Əliyev dil məsələsinə də böyük önəm verirdi. Ölkə başçısı ana dilinin inkişafı ilə əlaqədar fəaliyyətini bir neçə istiqamətdə qururdu. Bunlardan birincisi heç şübhəsiz ki, ulu öndər bu sahədə həmişə şəxsi nümunə olmuşdur.
Ümummilli lider 1970-ci ildə Bakı Dövlət Universitetinin 50 illiyi münasibətilə keçirilən təntənəli yığıncaqda ana dilində çıxış etdi. Heydər Əliyevin ana dilinə verdiyi qiymət, bu dilin inkişafı, yayılması, böyük ictimai-siyasi mövqeyə malik olması üçün gördüyü işlər ulu öndər respublikada olmadığı illərdə də cəmiyyətdə milli şüurda öz təsir gücünü saxlayırdı.
Ulu öndər Heydər Əliyevin qətiyyətli və prinsipial mövqeyi və ciddi səyi nəticəsində keçmiş SSRİ-nin 1978-ci ildə qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur. O zamankı reallıqla belə bir qərarın qəbulu xalqımız üçün kifayət qədər ciddi bir hadisə idi. Bütün bunlar təbiidir ki, ümummilli liderimizin dilimizə olan böyük sevgisindən xəbər verirdi.
Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev 70-ci illərin əvvəllərindən dil sahəsində başladığı islahatları uğurla davam etdirdi. Ümummilli lider gənc nəslin ana dilini düzgün, hərtərəfli və elmi əsaslar zəminində mənimsənilməsi ilə bağlı bir sıra dəyərli məsləhətlər vermiş, özünün qiymətli fikir və mülahizələrini söyləmişdir. Biz ulu öndərin bu qiymətli və dəyərli kəlamını tez-tez xatırlayırıq: "Öz dilini sevməyən adam öz tarixini bilə bilməz. Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Füzulini oxuya bilməz. Cəlil Məmmədquluzadəni oxuya bilməz. Əgər onları oxuya bilməsə, o tariximizi bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaq".
Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti hər birimiz üçün nümunədir. Biz müəllimlər ümummilli liderimizlə fəxr edir, qürur duyuruq və onun dəyərli ideyalarını gənc nəslə həvəslə öyrədirik.

Peykər Həbibova,
Cəmşid Naxçıvanski adına
Hərbi Liseyin
Azərbaycan dili
və ədəbiyyatı müəllimi