adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 May 2018 23:47
32303
LAYİHƏ
A- A+

DEMOKRATİYANIN GERÇƏK GÖSTƏRİCİLƏRİNDƏN BİRİ

Azərbaycan ədliyyəsinin keçdiyi yola bir baxış

Ölkə prezidenti möhtərəm İlham Əliyev cənablarının elan etdiyi kimi bütün Azərbaycan Xalq Cümhuriyyətimizin 100 illiyini böyük bir sevgi və qürurla qeyd edir. Bunun iki önəmli səbəbi var. Birincisi, biz müstəqil dövlət olaraq yaşımızın 100 ilini qeyd edirik. İkincisi, həm də önəmli olanı budur ki, ölkə prezidenit 2018-ci ili "Cümhuriyyəti ili" elan edibdi. Bax, bu iki səbəbin bizə bəxş etdiyi qürurla yanaşı, bir məsuliyyəti də var. Təbii ki, biz öncə qürur hissimizi, bizə mübarizlik bəxş edən anı önə çəkirik, bu məqamı xatırlayırıq, tarixi vərəqləyirik.
Məlum olduğu kimi, cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti bu sayılı aylarda ən böyük dövlətlərin görə bilmədiyi işlərə imza atdı. Şərqin kiçik bir ölkəsi böyük potensialını orta qoydu. Özü də bütün bunlar rus imperiyasının burnunun ucunda, divar qonluğunda baş vermişdi. Müstəqilliyini elan edən Azərbaycan Cümhuriyyətinin rəhbərliyi dərhal dövlət quruculuğuna start vermişdi. Artıq noyabr ayının 14-də Azərbaycan Cümhuriyyətinin məhkəmə palatasının əsasnaməsi yaradılaraq tətbiq edildi. Bundan bir həftə sonra isə, yəni noyabr ayının 22-də Azərbaycan Cümhuriyyəti Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq olundu. Beləliklə, cümhuriyyətdə ilk dəfə olaraq insan haqlarının qorunması, cəza sisteminə nəzarət, cəzaçəkmə müəssisələrinə diqqət yetirmə problemləri rəsmi şəkildə Daxili İşlər Nazirliyindən alınıb Ədliyyə Nazirliyinə verildi. Bu humanist addımlar yaxın-uzaq ölkələrə, eləcə də Azərbaycanda baş verənləri izləyənlərə demokratiyanın nümayişi idi. Doğrudur, 23 ay yaşayan Xalq Cümhuriyyəti daha böyük hüquqi islahatlara vaxt əldə edə bilməsə də, amma birmənalı şəkildə dünyaya göstərdi ki, Azərbaycan xalqı beynəlxalq hüquqa da, dünya siyasətinə də bələddi və ondan yararlanmağı bacarır. Təbii ki, Sovet rejiminin qurulması cümhuriyyətin demokratik addımlarının müəyyən hissələrini arxa plana keçirsə də, ancaq ədliyyə sistemində cümhuriyyətin bünövrəsini qoyduğu müəyyən faklara istinad etməli oldu. Nəticədə Azərbaycanda Xalq Ədliyyə Komissarlığı yaradıldı, 10 il fəaliyyət göstərən bu komissarlıq 1930-cu ildə ləğv edildi. Yenə onun vəzifələri digər hüquq-mühafizə orqanları arasında bölüşdürüldü. Lakin bu bölüşmədən 3 il ötəndən sonra sovet hökuməti Ədliyyə Nazirliyini yenidən yaratdı. 1937-ci ildə isə onun əsasnaməsini təsdiq etdi.
Tarixi xronologiyanı gözdən keçirəndə məlum olur ki, 1959-cu ildə təkrar Ədliyyə Nazirliyi ləğv edilib. Yalnız ümummilli liderimiz, Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətdə olduğu zaman, yəni 1970-ci il oktyabr ayının 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın Ədliyyə Nazirliyi yaradıldı. Bu nazirliyə digər vəzifələrlə yanaşı notariat fəaliyyətinin də təmin edilməsi tapşırıldı. Beləliklə, rəsmi şəkildə notariat kontorları Ədliyyə Nazirliyinin tabeliyinə verildi. Bu faktın özü bünövrəsi Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ədliyyə sisteminin gərəkliyini həm də onun bir zərurət olduğunu təsdiq edir. Həmin zərurəti qiymətləndirən də məhz ümummilli liderimiz Heydər Əliyev cənabları olubdu. Maraqlı məqamlardan biri də budur ki, ümummilli liderimiz hüquq-mühafizə orqanlarına, eləcə də Ədliyyə Nazirliyi sisteminə həmişə xüsusi önə vermiş, bu sistemin təkmilləşməsinə, onun maddi-texniki bazasının yenilənib möhkəmlənməsinə maddi və mənəvi dəstək olmuşdur. Məhz onun imzaladığı və 2000-ci ilin noyabr ayının 11-də qüvvəyə minən Ədliyyə Nazirliyinin ilk əsasnaməsi bu günə qədər fəaliyyətdədir. Yeri gəlmişkən onu da qeyd edim ki, məhz Ulu Öndərimizin imzaladığı fərmandan sonra hər il noyabr ayının 22-si ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilir.
Bəli, Ulu Öndərimizin layiqli davamçı cənab İlham Əliyevin prezidentliyinin ilk illərindən başlayaraq ədliyyə sisteminin daha da təkmilləşməsi istiqamətində mühüm addımlar atılıb. Təkcə 2006-cı ildə imzalanmış iki fərman, yəni 18 aprel və 26 may fərmanları ilə "Ədliyyə orqanlarında qulluq keçmə" və "Ədliyyə orqanlarının inkişafı" haqqında olan sənədlər bu gün ədliyyə işçilərinin əməli iş proqramlarından biridir".
Ölkə Prezidentinin elan etdiyi "Cümhuriyyət ili"ndə tarixə nəzər salanda məlum olur ki, Azərbaycanın ilk ədliyyə naziri Xəlil bəy Xasməmmədovdan sonra bu yüksək vəzifəni icra etmək şərəfi nəsib olanlar arasında xanım hüquqşünas da var. Bax bu fakt Azərbaycanla bağlı müxtəlif qarayaxmalara start verənlərə, qaragurhçulara sərt bir zərbədi. Bu göstərir ki, Azərbaycanda fikir prüarizmi ilə yanaşı, insanların iş bacarığında, peşəkarlığında aid olduqları cinsin rolu o qədər də önəmli deyil. Yəni qadın və yaxud kişi olmasından asılı olmayaraq, ölkədə bacaran, savadlı, peşəkar və ən vacibi isə dövlətini və xalqını sevən vətəndaşlara həmişə diqqət yetirilir, yaşıl işıq yandırılır. Bax, bu mənada mənim çalışdığım notariat sahəsində də peşəkarlara üstünlük verilib. Mən işlədiyim bu illər ərzində kişi və qadın notariusların qanunsuzluğa, dövlətçiliyə necə ləyaqətlə xidmət etdiyinin şahidi olmuşam. Tarixin də xalqımıza bəxş etdiyi ən böyük şanslardan biri də məhz bu hüquq bərabərliyidi. Deməli, Azərbaycan Respublikasının hər bir vətəndaşı öz hüquq və vəzifələrindən qanunauyğun şəkildə istifadə etmək imkanına malikdir. Bunun da bünövrəsi Xalq Cümhuriyyəti tərəfindən qoyulsa da, onu inkişaf etdirən, onu müasir səviyyəyə gətirib çatdıran Azərbaycanın dahi oğlu, ümummilli liderimiz Heydər Əliyev və onun layiqli varisi ölkə prezidenti İlham Əliyevdir.
Düşünürəm və inanıram ki, xalqımız 100 yaşını qeyd etdiyi Cümhuriyyətin hələ neçə-neçə yüz illiklərini qeyd edəcəkdir.

Zəminə Həsən qızı
Abdullayeva
Bakı şəhər 2 saylı Notariat Kontorunun notariusu