adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Susuzluqdan dodağımız çatlayacaq

HİDAYƏT ELVÜSAL
42305 | 2018-05-10 23:35
Dünyanı belə bir bəla gözləyir. İçməli su ehtiyatı tükənməkdədir. Nəinki alimlər, elə siyasətçilər də indidən nə edəcəklərini götür-qoy edirlər. Ən son nəticə isə ürəkaçan deyil - Üçüncü Dünya Müharibəsi məhz içməli su ehtiyatları üzündən olacaq.
Böyük imperiyaların məzlum xalqlara "ən böyük demokratik" hədiyyələri bu insanların yaşadıqları zəngin torpaqları ələ keçirmək olub. Qızıl, almaz, gümüş, mis və s. onların mədələrini doldurduqca doldurub. Məhz bu müstəmləkə siyasətinin nəticəsində Avropa böyüyüb, varlanıb, siyasi, iqtisadi, hərbi üstünlük qazanıb.
Gözünü Bakı neftinə dikən Hitlerlə başqa müstəmləkəçilərin fərqi olmayıb. Neft ölkələri ya hərbi yürüşlərlə, ya da incə, dinc "demokratik" yollarla ABŞ və Avropanın "tərəfdaşına" çevrilib. Adi gözlə görünən, ən sadə sözlərlə izah olunan bir iqtisadi aldanış - "Bu məhsulu birlikdə əldə edək". Edirlər də.
Və biz sudan söz açdıq. Bəs, bu sahədə nə söz-söhbətlər dolanır? Yenə də siyasi məqsəd və iqtisadi "mehribançılıq", "Dünyanın içməli su ehtiyatları birlikdə qorunmalı və bu məqsədlə beynəlxalq mərkəz, qurum yaradılmalıdır". Yəni neftə necə yetişiblərsə, içməli su ehtiyatlarına da "dinc yolla" əl qoymaq istəyirlər. Və belə olduqda heç bir ölkə, heç bir xalq özünün su sərvətindən sərbəst istifadə edə bilməz.
Son illərin işğalçılıq siyasətlərində su ehtiyatlarına sahib olmaq cəhdi göz önündədir. Məsələn, bu sahədə korluq çəkən İsrail, içməli su ilə dolu olan Qolan təpələrindən heç vaxt əl çəkmir və çəkməz də. Bu ərazi Fələstinə deyil, Suriyaya aid olsa da, su qıtlığı öz işini görüb.
İsrail qalan su ehtiyacını Türkiyədən idxal etdiyi içəcəklə ödəyir. İki ölkə arasında tez-tez siyasi münaqişələr baş versə də, Türkiyə bu öhdəliyinə insani, humanist bir vəzifə olaraq fasiləsiz əməl edir. Və bəzən düşünürsən - əgər belə bir fürsət əksinə, İsrailin əlinə düşsəydi nə edərdi?
Bütün bunlar öz yerində, bəs ölkəmizdə vəziyyət necədir. Abşeronun içməli su ehtiyatı əsas üç mənbədən Şollardan, Kür çayından və Ceyranbatan su anbarından ibarətdir. Son illər Qəbələdən çəkilmiş su xətti böyüməkdə olan Bakının və ümumiyyətlə yarımadanın içməli su ilə təchiz olunmasında mühüm rol oynayır. Bu gün içməli sudan şikayət etməyə heç bir əsas yoxdur. Əgər belə çatışmazlıqlar varsa, bu, heç şübhəsiz texniki səbəblər üzündəndir. Yəni yeni məhəllələrə xətlərin çəkilməsi artıq konkret qurumların işidir, su qıtlığından söhbət gedə bilməz.
Abşeronun həm də bir cəhəti təəssüf doğurur. Müalicə əhəmiyyətinə malik olan, sərin quyu suları öz keyfiyyətini itirib, ya da itirməkdədir. Yeni yaşayış massivləri, sənaye obyektləri, avtomobil sıxlığı, əhali artımı və digər səbəblər üzündən quyu suları demək olar ki, zəhərlənir. Adicə bir misal çəkək. Milyonlarla avtomobili "çiynində gəzdirən" bu şəhərdə həmin avtomobillər məhz içməli su ilə yuyulur və bu çirkli, zəhərli su Abşeron (yaxud hər hansı bir şəhərinə, bölgəsinə) torpağına süzülür, qrunt sularına qarışır və nəhayət, su quyularında özünü göstərir.
Elə burada onu da qeyd edək ki, Araz və Kür çayları Gürcüstanın və Ermənistanın zərərli, zəhərli tullantıları ilə çirklənir. Deməli, az qala zəhərli suların mühasirəsinə düşə bilərmişik. Amma Qəbələ və əvvəlki Şollar, Ceyranbatanın, Abşeronun, Bakının su ehtiyatını təmin eləyir. Bu, düşünülmüş, düzgün bir planlamanın nəticəsidir.
Və nəhayət, ən dadlı, ən sağlam, müalicə əhəmiyyətli suların məkanı Qarabağın, Laçının, Kəlbəcərin, Qubadlının, Zəngilanın... buz kimi, saf sulu bulaqları, çayları.
Təkcə Kəlbəcərin adi bulaqlarını deyil, bəlkə heç narzan sularının, yəni turşularının sayını bilmirik. İsti su mənbələri - min dərdin dərmanı. Elə Kəlbəcərin, yəni rayon mərkəzini beş-on addımlığında 3 böyük turşsu bulağı - Şapılar, Boyaqlı və Millinin yolu üstündədir.
Dünyada yalnız Karlovı-Varının az-çox rəqabətə girə biləcəyi Kəlbəcər isti suları yalnız müalicəvi əhəmiyyət daşımır, həm də içəcək mənbəyidir. Oturub-duranda deyirik ki, alma yeyin, ya başqa bir meyvə ki, tərkibində dəmir var. Yəqin ki, Zülfüqarlı kəndi yolundakı maqneziumlu turşsuyu unudan yoxdur. Yarımca stəkan bəs edərdi ki, qandakı dəmir ehtiyatı gen-bol təmin olunsun.
"Ağ su", "qara su" anlayışları da əlbəttə, hamıya aydın deyil. Hər bulaq öyünə bilməz. Gözəl olar, bolsulu olar, amma qara sulu olar. Bu dadı, bu fərqi dağ adamları çox tez anlar. Hər bulağa əyilməzlər. Ağ sulu bulaqdan içərlər. Sağlamlıq ondadır. Dad, tam, ömür ondadır.
Bax, ermənilər yalnız qızıl, civə, palıd, qoz ağacları, digər minerallara görə deyil, həm də bu sulara görə Kəlbəcərdən əl çəkmək istəmirlər. Kəlbəcər dünyanın gözüdür, ürək sərinlədən bulağıdır, dağıdır, gözəllik məkanıdır. Elə bütün Qarabağ belədir.
Madam ki, içməli su uğrunda müharibələr başlanacaq, torpaqlarımıza indidən sahib olmalıyıq. Təkcə İsti suyun, turş suların satışından milyonlar deyil, milyardlarla gəlir əldə edərək, bu vətənin, bu millətin rifahına xərcləmək olar.
Və hələ ki, o suyun səsi, harayı gəlir. Gedək! Gedək və əyilib o bulaqlardan doyunca içək və - Oxxayyy... - deyək.
Yoxsa susuzluqdan dodağımız çatlayacaq...

TƏQVİM / ARXİV