adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
10 May 2018 17:45
11072
SİYASƏT
A- A+

“Paşinyan Azərbaycanı təxribata çəkmək istəyir” - Sabiq XİN rəhbəri

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsinə dair separatçı bəyanatına münasibət bildirib.

Adalet.az xəbər verir ki, sabiq XİN rəhbəri AzVision.az-a açıqlamasında bildirib ki, Paşinyanın son bəyanatları daxili auditoriyaya hesablanıb və bu onun zəifliyindən xəbər verir.

"Paşinyan ilk mərhələdə istəyinə çataraq baş nazir kürsüsündə əyləşib. İndi hakimiyyətini gücləndirmək üçün belə bəyanatlar verir. Populist və aqressiv bəynatlarla rəqiblərinin mümkün tənqidlərini qabaqlamağa çalışır. Hamıya bəllidir ki, bu bəyanatlar gücün nümayişi yox, Azərbaycan tərəfini bu və ya digər şəkildə provokasiyaya çəkərək, hansısa məqsədlərə çatmaq niyyəti güdür. Ona görə bu bəyanatlara önəm vermək lazım deyil”.

T.Zülfüqarov hesab edir ki, Ermənistanın gələcəyi birbaşa Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır: "Keçmiş prezident Serj Sarkisyan buna nail olmadı və ölkə böhran içərisindədir. Paşinyan onun yolu ilə getsə, böhran həll olunmayacaq. Çünki o, Sarkisyan kimi konstruktiv mövqe sərgiləmək niyyətində olmadığını nümayiş etdirir. Ona görə də Ermənistan məcbur olacaq ki, hansısa digər bir mərhələdə real mövqeyini nümayiş etdirsin”.

Qeyd edək ki, ötən gün Dağlıq Qarabağda separatçıların lideri Bako Saakyanla görüşən Ermənistanın yeni baş naziri Nikol Paşinyan sələfi Serj Sarkisyanın yolu ilə gedəcəyinin ilk anonsunu verib. Yəni Sarkisyanı geridə qoyan daha kəskin separatçı mövqe sərgiləyib:

"Dağlıq Qarabağ ayrıca tərəf kimi çıxış etməyənədək, Minsk qrupu çərçivəsindəki danışıqlar formatı bütöv sayıla bilməz. Dağlıq Qarabağın beynəlxalq birlik tərəfindən müstəqil qurum kimi tanınması üçün erməni diasporası da cəlb olunmalıdır”, - deyə Paşinyan vurğulayıb.