adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 May 2018 17:06
25950
ƏDƏBİYYAT
A- A+

Ədəbiyyat dəbdən düşübmü? - SORĞU

Bu gün ədəbiyyatın getdikcə maraq dairəsindən çıxdığını görürük. İnsanlar internet dövrünün əsirinə çevriliblər. Artıq hər şeyin sürətli olmasını istəyirlər. Ədəbiyyat isə onlara darıxdırıcı və lazımsız gəlir.

Həqiqətən belədirmi? Adalet.az yazarlardan bu barədə sorğu keçirib. Sizcə, ədəbiyyat indi dəbdən düşübmü? Ədəbiyyat bu günün insanına maraqlıdırmı?



Yazıçı Səfər Alışarlı: "İndi ədəbiyyatın bir qədər dəbdən düşdüyünü iddia etmək olar. Hər kəsin mobil telefonunda internet, vizual ünsiyyət, canlı yayım-filan insanların maraq, məşğuliyyət və əyləncələrinin əsas hissələrindəndir. Ona görə bu gün oxucu defitsitdir. Çapa verdiyim yeni kitabıma ön sözdə günün oxucusunun tələbatını belə şərh etmişəm: "Kitab oxumaq üçün insanın təkcə kitab və çörək almağa deyil, hərdən sadəcə başını açıb kef eləməyə də imkanı çatmalıdır".

Amma ədəbiyyatın yaxşısı, pisi var. Pis ədəbiyyatın dünyaya, insana, topluma etdiklərini biz gecə-gündüz görürük. Yaxşı ədəbiyyat isə insanın valideyni kimidir, ondan heç zaman vazkeçilməz. Görünür, gələcəkdə ədəbiyyat yalnız yüksək zövqlü, dərin bilikli insanların əqli və ruhi qidasına çevriləcək. Sıravilərə internet kifayət edir.



Yazıçı-ədəbiyyatşünas Allahverdi Eminov: "Bədii Ədəbiyyat fərdi zövqlə şərtlənir. Elə oxucu var ki, bədii ədəbiyyatı demək olar ki, həmişə mütaliə edir. Bu şəxslər özlərini həmin bədii ədəbiyyatda axtarıb tapırlar. Yaşlarından aslı olaraq obrazların müsbət psixologiyasını mənimsəməyə çalışırlar. Elə oxucular da var ki. yazıçının fkirini "tuta” bilmirlər. Belə fikir ayrılığı daha çox tarixi romanlarda olur. Çünki tarixi qəhrəmanlar yazıçının şəxsi təəssüratının nəticəsi olur. Məsələn jurnalist dostum Faiq Qismətoğlu ilə məhz jurnalistikdan yox bədii ədəbiyyatdan fikir mübadiləsi aparırıq. Söhbət mərhum yazıçımız Cəlal Bərgüşadın "Sıyrılmış qılınc” adlı tarixi romanıyla bağlı idi. Hər ikimiz həmin əsəri oxumuşuq və Babəki tarixi şəxsiyyət kontekstində təsəvvür etmişik. Ola bilsin ki, müəllif bir qədər başqa cür yanaşıb. Lakin Babək azərbaycan xalqının böyük oğludur. Yazıçı da elə bu ideyanı oxucuya aşılamaq istəmişdir.

Bədii ədəbiyyatın lazımı dərəcədə oxunmamasının bir səbəbi də yazıçı dilinin mürəkkəbliyi, qeyri-lokanikliyi və müəyyən detalları obrazlaşdıra bilməməsidir. Yazıçının dili olmalıdır, yazıçı tərcümədən gəlməməlidir.

Digər səbəbi obrazların psixologiyasını müasir oxucuya istənilən səviyydədə çatdıra bilməməsidir. Özümüzə sula verək, nə üçün Lev Tolstoy oxunur. Rus oxucusu heç də Tolstoyu birmənalı qarşılamamışdı. Məsələn onun "Anna Karenina” romanı da birmənalı qarşılanmadı. Çünki rus oxucusu Annanı qavramağa hazır deyildi. Bu gün isə Annada olan "anlaşılmamazlıq” müasir qadın psixologiyasında daha qabarıq nəzərə çarpır.



Yazıçı Nəriman Əbdülrəhmanlı: "Məncə, ədəbiyyat, ümumiyyətlə sənət heç vaxt dəblə bağlı olmayıb. Sadəcə, cəmiyyətin müəyyən dövrlərində yaranmış mənəvi mühitdən asılı olaraq bir qədər geniş və dar çərçivələrdə yayılıb. İndi ədəbi nümunələr səviyyəsindən asılı olmayaraq, daha çox yazılır və çap olunur, amma kütləvi informasiya vasitələrinin, xüsusilə elektron məlumat vasitələrinin çoxluğu, həm də əyləncə növlərinin izafiliyi ədəbiyyata meyli azaldıb. Məncə, bu keçid dövrüdür, xeyli uzun çəksə də, ədəbiyyat üçün münbit zaman da gələcək.”



Yazıçı Şərif Ağayar: "Bu gün kitab oxunur, lakin yetərli sayda yox. Ədəbiyyatsa, mən deyərdim, heç vaxt dəbdən düşmür. Ancaq neçə nəfər və kimlər üçündür bu dəb - bu başqa söhbətdir. Ədəbiyyat sözün yaxşı mənasında həmişə dəbdə olan bir sahədir. İçindəki "DƏB” hissəciyi də görünür təsadüfi deyil.”





Şair Aqşin Yenisey: "Ədəbiyyat və dəb. Bu sözləri yan-yana təsəvvür etmək üçün ikisindən birinə çox uzaq adam olmalısan. Dəb kütləni ifadə edən bir məfhumdu, ədəbiyyat fərdi və ədəbiyyat çox vaxt kütləvi dəblərə nifrət faktı kimi yaranır. Ədəbiyyatı dəbə çevirən siyasətdir. Məsələn, Nəsimin dövründə hər bir dövlət başçısının öz təriqəti var idi, Şirvanşahlar da hürufiliyi saray təriqəti seçmək istəyirdilər. Hürufilərin qəzəllərini təbliğ edir, yayırdılar. Əmir Teymur imkan vermədi. Yaxud sovet hökuməti şairlərinin populyarlığını indiki Aygün Kazımovanın populyarlığı ilə müqayisə etmək olar. Yaxşı ədəbiyyat bütün dövrlərdə az oxunub. Sadəcə, bu gün ədəbiyyata gələnlər kapitalizmin döşündən süd əmmiş şou təbiətli adamlardır. Onlar ədəbiyyata şöhrət dalınca gəliblər, ancaq heç kim onları barmaqla göstərmir deyə "şeir oldu", "xalq bizi oxumur" kimi bəhanələrə əl atırlar. Şəxsən mənə atamdan var-dövlət qalsaydı, ədəbiyyata vaxtımı yox, həyatımı həsr edərdim. Amma nə edim ki, onu pula çevirmək üçün yazdıqlarımı çap etdirməyə məhkumam.”



Yazar Xalid Kazımlı: "Ədəbiyyat dəbdən düşməyib. Ümumiyyətlə, ədəbiyyat heç vaxt dəb olmayıb, həmişə zərurət olub. Düzdür, bir zamanlar kitab oxumaq çox dəb idi, bir kitab növbəylə yüzlərlə adam tərəfindən oxunurdu. Hazırda isə bu xüsusda intensivlik azalıb. Çünki kitabları seriallar (onlar da hansısa kitabların əsasında çəkilir), filmlər əvəz edib. Həm də ədəbiyyat xeyli şaxələnib. Ona görə də hər kəs öz maraqlandığı sahə üzrə kitablar tapır oxuyur. Ədəbiyyat əyləncədən öncə, bilik xəzinəsi, məlumat bazası deməkdir və dünya durduqca insanlar kitab oxuyacaqlar - ya kağızdan, ya da elektron formada.”



Ədəbiyyatşünas İradə Musayeva: "Ədəbiyyat heç vaxt dəbdən düşmür. Sadəcə bəzən elə ölkələr və elə zamanlar olur ki, həmin zamanlarda həmin ölkələrin adamları öz yazdıqlarını yox, dünya ədəbiyyatını oxuyası olur. Yəni, istehsalçı yox, istehlakçı olur. Yazıçı statusundan daha çox oxucu missiyasında olur. Biz bu gün o durumdayıq. Çünki bütün sahələrdə bir itirilmiş dəyərlər və meyarlar, pis bir meyarsızlıq hökm sürdüyü üçün bu məqamın insanı böyük işlər görə bilmir. Dünya ədəbiyyatına da ona görə əliboş çıxır.

Əslində biz daha çox ədəbiyyat axtaran xalqlardanıq. Bəlkə də bütün dövrlərdə belə olub. Bütün dünyada isə ədəbiyyat ona görə dəbdən düşə bilməz ki, incəsənətin materialını ədəbiyyat verir. Kino, teatr, rəssamlıq, opera, balet, ümumiyyətlə bütün mədəniyyət sahəsi və s.”




Yazar Rəbiqə Nazimqızı: "Əgər ədəbiyyata dəb kimi yanaşsaq, bəli, demək olar ki, dəbdən düşüb. Amma bizim kimi adamlar üçün ədəbiyyat dəb məsələsi deyil axı, həyat fəlsəfəsidir, ya həyat tərzidir. Bu günün insanına, ola bilsin, maraqlı deyil, onun bədii ədəbiyyat üçün vaxtı, həvəsi, enerjisi yoxdur, amma bu məni narahat eləmir. Çünki eyni zamanda çox maraqlı, intellektual, dünya ədebiyyatının bir çox nümunələrini orijinaldan oxuyan, bəzən adını eşitmədiyim əsərlərdən danışan gənclik də yetişir. Bu mənada sadəcə kəskin qütbləşmə gedib. Oxucu ya çox biliklidir, ya da ümumuiyyətlə, oxucu deyil. Orta səviyyə yoxdur."





Telejurnalsit Elçin Əlibəyli: "Ədəbiyyat dəb hadisəsi deyil. O mənəvi durulma və maariflənmə fenomenidir. Ədəbiyyatdan uzaq düşən cəmiyyəti yalnız zövqsüzlük və cəhalət gözləyir. Katarsis məhz ədəbiyyar hesabına baş verir. Son illər ölkəmizdə kitab bumu sevindirici haldır. Amma oxunma statiskası təəssüf yaradır. İntellekti və zövqü dəbə mindirməyi bacarmalıyıq. Bizim qövm isə kitabdan və oxumaqdan qorduğu kimi heç nədən qorxmur. Bu mənada dəbdən düşüb deməzdim, ədəbiyyatdan qaçış baş verib. Y.Heyzinqanın "Oynayan adam" əsərində verdiyi sosioloji portretin acı mənzərəsini yaşayırıq. Ədəbiyyatdan uzaq düşdüyümüzdən fikirlərimizi ifadə də edə bilməyirik. İcma adamı kimi söyüşü yeganə yol görürük.”




Yazar Sevinc Elsevər: "İncəsənətin müxtəlif sahələri, o cümlədən ədəbiyyat da müxtəlif vaxtlarda dəbə minir, düşür. Bir müddət əvvəl ədəbiyyat dəbdən düşmüşdü. Mütaliə edən adama az qalırdılar gülələr. Halbuki Sovet dövründə kitab oxumayan adama birtəhər baxırdılar. Alimindən tutmuş fəhləsinədək, hamı oxuyurdu. Son vaxtlar kitab oxuyanların sayı artıb. Misal üçün , Kitabsevərlər qrupu var feysbukda. Kifayət qədər tanınmış qrupdu, üzvlərinin sayı minlərlədi. O qrupda hər yaşda adamlar oxuduqları kitabları şərh edir, tövsiyyə eləyir, müzakirəyə çıxarır. Bu, sevindiricidir. Düzdü, mən arzulayardım ki, kitabı insanlar dəb xatirinə oxumasınlar. Daxili ehtiyac duyduqları üçün oxusunlar. Bu, onların gündəlik mənəvi qidası olsun. Amma heç oxumamaqlarındansa, dəb üçün oxumaları da yaxşıdı. İndi xarici ədəbiyyat moddadı. Oxucular xarici müəllifləri oxumaqlarıyla öyünürlər. Bir az da klassik və müasir yazıçılarımızın əsərlərini oxumaqlarıyla, tanımaqlarıyla öyünsünlər. Kədərli haldır ki, gələcəyin bir çox filoloq aliminin belə müasir qələm adamlarından xəbərləri yoxdu. Ədəbiyyatı izləmirlər. Heç dəb xatirinə də izləmirlər."



Yazar Günel Natiq: "Yaxşı ədəbiyyat həmişə dəbdədir. Deyirlər, gənclər kitab oxumur, məncə bu fikir doğru deyil. Əgər kitab oxunmursa, nəşriyyatlar kimlər üçün çap edir? Fakt odur ki, bu kitablar alınır. Sadəcə olaraq bəsit kitablar oxunmur. Onlar da çoxluq təşkil etdiyi üçün belə bir fikir var ki, bu gün kitab oxunmur. Dünya ədəbiyyatının klassikləri- Tolstoy, Dostoyevski, Çexov və s. həmişə aktualdır və bu kitablara tələbat var. Nəşriyyatlar təkrar-təkrar bu əsərləri çap edir və oxucuları da tapılır. Kitab oxumaq heç vaxt kütləvi olmayıb. Əhalinin bir qismi kitab oxumağa meyl edir. Adətən ziyalılar dünya ədəbiyyatının seçilən əsərlərini oxuyurlar. Bir qism oxucu zümrəsi də var ki başlarını qatmaq üçün yüngül ədəbiyyata meyl edirlər. Belələrinin arasında tutaq ki, Elxan Elatlının oxucuları çoxdur.

Ədəbiyyat bu günün insanına o qədər də maraqlı eyil. Çünki çağdaş insan başqa cür düşünür. Ona texnoloji yeniliklər daha çox maraqlıdır. Amma yenə təkrar edirəm, yaxşı ədəbiyyata həmişə tələbat var və bu kitablar gec-tez öz oxucusunu tapır.”



Yazar Ayxan Ayvaz: "Məncə, hə, ədəbiyyat artıq insanların maraq dairəsində deyil. Dünyamız indi elm və texnologiyanın sürətli inkişafı ilə iç-içədir. Belə yerdə ədəbiyyat nağıl danışan qocanı xatırladır. Sözsüz ki, bu texnologiyanın sürətli inkişafı ədəbiyyatın üstünə kölgə salır. İnsanlar daha tez informasiya almaq istəyirlər, uzun romanlar oxumaqdansa, bir-iki cümləlik statusa üstünlük verirlər. Görünür, bu gün qısa hekayələr dəbə minəcək. Təbii ki, ədəbiyyat Lyosanın dediyi kimi, dünyadakı az saylı intellektualların marağındadır. Bu həmişə belə olacaq. Ədəbiyyatın kütləvi hal alması bir az ağılasığan məsələ deyil. Folknerin dediyi hardasa məni həmişə rahatladıb: "Ədəbiyyat yalnız fərdləri xilas edəcək". Ona görə də ədəbiyyatın çoxluğun marağında olmaması məni qətiyyən narahat etmir. Robota çevrilməyə gözüyumulu razı olan insana heç bir kitab fayda verməz. Biz kitabları o adamlara yazırıq ki, onlar bu dünyadan razı deyillər və başqa bir dünyanın axtarışındadırlar. Bu dünya ilə razı olan və hislərini bir aparat kimi bədənindən çıxarıb kənara qoyan adamlar dindarlar demiş, bizdən deyillər. Amma bir məsələni də deyim. Bu tip adamlar da ədəbiyyat üçün materialdır. Və indi yaşadığımız bu texnologik dünya yazarlar üçün yaxşı xammaldır. Yəqin ki, yaxın tarixlərdə yaranacaq gözəl əsərlər üçün münbit şərait olacaqlar.