adalet.az header logo
  • Bakı 20°C
13 May 2018 16:45
18562
ƏDƏBİYYAT
A- A+

MİLÇƏKQUŞU DİLİ - İSPAN HEKAYƏLƏRİ

İspandilli yazıçıların miniatür hekayələri

Milçəkquşu heç vaxt uçuşun rənginə, qanadların iriliyinə həsəd aparmır. O kiçik, miniatür quşdu, elə gözəlliyi də bundadı, taleyindənsə razıdı.



Xuan Ramon HİMENES

ÖZGƏ

DOSTUM pilləkənlə aşağı endi, orda, kandarda qəfildən başqalaşdı – tanınmaz dərəcədə yadlaşdı. Amma özgə həmişə vardı. Bilmirəm, dostum bunu dərk eləyir, halının sezildiyini duyurdumu, yaxud heç nədən xəbəri yox idi.

Özgəni yuxarıdan, dostumu nəzərlərimlə ötürə-ötürə gördüm: o, kandara qədəm basan kimi, o birini aydın sezdim. Öyrəşə bilmədiyim görkəmi cizgilərini ağlagəlməz dərəcədə qarışdırmışdı. Özümü pis hiss elədim.

Özgə dostuma qətiyyən oxşamırdı. Görkəmi yayılmış, sifəti dəyişmiş, tutqunlaşmışdı – adamı yalnız alov, tabut və dua kilsənin minbəri bu cür dəyişdirir. Bayırda üçqat qatılaşmış, dərkolunmaz, kədər dolu zülmət vardı. Elə o biri – özgə kimi ağlagəlməz, həmin cür də gerçək idi.

Dostum gəlirdi, söhbətləşir, gülür, düşüncələrimizi bölüşürdük. O - həmişə olduğu kimi, kəskin, səs-küylü, çox qəribə, mən - vəcdli, qızğın olurdum. Eyni zamanda digərini unudurdum. Amma dostumu ötürəndə, o, pilləkənlə aşağı enəndə orda, xəyanətkar görkəmi bircə anlığa o birinin görkəmini aydın nəzərə çarpdırırdı. Sonra hər ikisi gözdən itirdilər.




Federiko QARSİA LORKA

QADIN-QADIN OYUNU


Beş saray qadını – beş gözəllik və poeziya təcəssümü – sirli gənc səyyahı, uzaq diyardan gəlmiş qonağı görüb eşqindən dəli-divanə oldu. Amma oğlan bir şey hiss eləmədən bağda gəzir, bağbanın qızıyla bağlı şirin arzulara dalırdı – tökməbədən qız günəşdən yanmışdı, çox gözəl olmasa da, gözəgəlimliydi. Qadınlar bundan xəbər tutub heyrətləndilər, kəndçi qızı məhv eləmək fikrinə düşdülər, bu məqsədlə bağa getdilər, orda onu artıq ölmüş vəziyyətdə tapdılar. Qızın simasında işıqlı, səmimi təbəssüm vardı, kəpənəyin uçduğu oturacağın üstündəsə yalnız gənc səyyahın paltarı görünürdü.




Adolfo BYOY KESARES

XİLASKAR FİKİR


BU ƏHVALAT lap qədim zamanlarda baş verib. Bir heykəltəraş sarayın bağında gəzən müstəbid hökmdarı müşayiət eləyirdi. Onlar həmişəyaşıl Görkəmli Yadellilər dolanbacını ötüb Başıkəsik Müdriklər xiyabanından çıxdılar, çəmənlikdə, heykəltəraşın son əsəri olan çaylar və çeşmələr tanrısı "Nayada” fəvvarəsi qarşısında dayandılar. Öz əsərinin gözəlliyindən zövq alan ustad vəcdlə ətraflı texniki izahlar verməyə başladı, amma qəfildən müşayiət elədiyi hökmdarın yaraşıqlı simasında qorxunc kölgənin oynadığını gördü. Heykəltəraş hökmdarın fikrindən keçənləri asanlıqla oxudu: "Necə ola bilər? – O, beynindən keçirirdi. – Bu vecsiz adam mənim - xalqlar atasının qüdrəti çatmayan bir şeyi necə yarada bilir?”

Həmin məqamda fəvvarədən su içən kiçik quşcuğaz qanad çalıb havalandı, heykəltəraşın ağlına xilaskar bir fikir gəldi. "O quşlar, həqiqətən, çox vecsiz məxluqlardı, - heykəltəraş hörmətlə ağasına dedi, - amma etiraf eləmək lazımdı ki, hər halda, bizdən yaxşı uçurlar!”




Marko DENEVİ

HÖKMDARLAR VƏ TƏBƏƏLƏR


BÖYÜK ƏMİR TEYMUR xalqın nə düşündüyündən xəbər tutmaq üçün gecələr tacir paltarı geyinib yoxsulların yaşadığı məhəllələri gəzir, camaatı söhbətə çəkirmiş.

-Böyük Əmir Teymur barədə nə fikirləşirsiniz? – O, maraqlanırmış. – O, necə adamdı?

Daim ətrafda donquldanır, lənətləyir, hiddətlə şikayətlənirlərmiş. Tacir xalqın hiddətinin ona necə sirayət elədiyini duyurmuş. Lap qəzəblənəndə özü də hakimiyyətdəkiləri yamanlayır, onlara kəskin nifrət duyurmuş.

Səhəri gün Böyük Əmir Teymur sarayda qəzəbdən, az qala, ağlını itirirdi: "O tör-töküntülər hakimiyyəti əldə saxlamağın nə demək olduğunu bilmirlərmi? Bəlkə, həmin yaramazlar belə hesab eləyirlər ki, onların mənasız maraqlarından, səfeh dedi-qodularından başqa dərdim-azarım yoxdu?” Hökmdar sonra dövlət işlərilə məşğul olmağa başlayırdı.

Amma axşam düşəndə tacir yenə azğınlıq, özbaşınalıq, əsgərlərin qanunsuzluqları, məmurların rüşvət alması, vergiyığanların vicdansızlığı barədə adi əhvalatlara qulaq asmalı olur, yenə camaatın tərəfini saxlayırdı.

Bir müddət sonra tacir Böyük Əmir Teymura qarşı sui-qəsd hazırladı. O, hiyləgərliyi, cəsarəti, hərbi zəkası sayəsində sui-qəsdçilərə başçılıq eləyib xalqın rəhbəri oldu. Amma Böyük Əmir Teymur öz sarayından bəzən ağlagəlməz səylər bahasına, bəzən döyüşçülərini rəhmsizcəsinə qurban verə-verə sui-qəsdçilərin bütün planlarını pozdu.

Mübarizə bir neçə il davam elədi. Nəhayət, uğursuzluqlardan və məğlubiyyətlərdən cana doymuş xalq tacirin, əslində, Böyük Əmir Teymurun gizli casusu, araqarışdıranı olduğunu başa düşdü, saray əyanları artıq hökmdarın öz düşmənlərinin öhdəsindən gələ bilməyəcəyini düşündükləri məqamda onu yatağındaca öldürdü.




Antonio Dİ BENEDETTO

YATANLAR

Kişi gecənin ağlagəlməz sükutunda, nəfəs aldığı da hiss olunmayan sakit, dərin yuxuda qəfildən sevimli varlığın ölümünü görür. Yanında yatmış qadın onu bürümüş imidsizlikdən qışqırır. Kişi oyanır. Qadın dərin yuxudadı, amma yuxusunda özünün ağladığını görür.




Visente UYDOBRO

NİZAMLAYICININ QIZI


NİZAMLAYICININ budkası düz relslərin yanında yerləşir, dik qayaya söykənib, qayada da yalnız tək-tük ağaclar güclü köklərilə yarıqlardan yapışıb zirvəyə dırmaşmağa can atırlar. Budka daim silkələnməkdən, həm də qardan-yağışdan, az qala, uçub-dağılıb. Kiçik budka üçxətli dəmiryolundan iyirmi addım uzaqda yerləşir.

Həmin miskin daxmada dəmiryol nizamlayıcısı arvadıyla yaşayır. O, hər gün qarabasma kimi, bir şəhərdən digərinə şütüyən onlarla qatar yola salır. Yüzlərlə qatar şimaldan cənuba, cənubdan şimala gedir. Hər gün, hər həftə, hər il... Milyonlarla qarabasmanı aparan minlərlə qatar keçir. Qaya da onların ahənginə uyğun silkələnir. Nizamlayıcının arvadı da bütün yaxşı arvadlar kimi, bütün o qatarları düz yola yönləndirməkdə ərinə kömək eləyir. Saysız-hesabsız adamların həyatına görə duyduqları məsuliyyət hissi hər ikisinin sifətində faciəvi izlər qoyub. Onlar, hətta həm çiçəyi, həm quşu xatırladan üçyaşlı gözəl uşaqlarına baxanda belə, gülümsəməyi, demək olar, unudublar.

Qatarlar elə gurultuyla ötüb-keçirlər ki, elə bil, bütöv bir şəhər hələ də öz cingildəyən buxovlarında dolaşıb qalmış, sevincdən ağıllarını itirmiş kabuslarını azadlığa bu cür buraxır.

Qayanın altında yaşayan qızsa relslər arasında qorxunc sakitlik içində oynayır. O, heç şəhərdə yaşayan daha imkanlı ailələrin uşaqlarının siçandan kiçik oyuncaq qatarlarla əyləndiklərini sə bilmir. Amma artıq bir qədər laqeydcəsinə baxmağa öyrəşdiyi dünyanın ən böyük qatarları ondan ötrü oyuncaqdı.

O balaca qız çox gözəl, çevik, qayğısız, şən və ağıllıdı. Camaatın dediyinə görə, qızı bir dəfə qatar vurub. Amma ata-anası onunla yaşayır, onunla nəfəs alırlar. Hələlik...

Bilirlər ki, qızlarını nə vaxtsa qatar vuracaq...




Ana Mariya MATUTE

KARUSEL


PULSUZ OĞLAN əllərini ciblərinə soxub, gözlərini yerə dikib yarmarkada dolaşırdı. Pulsuz uşaq nə tirə, nə şeytan çarxına, xüsusilə, nə qızılı oxlarla birləşdirilmiş sarı, qırmızı və yaşıl atlara baxmaq istəyirdi. Pulsuz uşaq gözaltı karuselə baxa-baxa deyirdi: "Nə olsun, boş şeydi, heç yerə aparmır ki. Ancaq fırlanır, heç yerə aparmır”.

Yağışlı bir gündə oğlan yerdən girdə tənəkə qapaq, ömründə görmədiyi ən yaxşı pivə şüşəsinin ən gözəl qapağını tapdı. Qapaq elə parıldayırdı, uşaq onu qapıb dövrə vurmaq üçün yelləncəyin yanına qaçdı. Yağış yağırdı, karusel işləmirdi, üstü brezentlə örtülmüşdü, amma oğlan iri qanadları olan qızılı rəngli ata mindi. Karusel dönə-dönə fırlanır, düz kütlənin içindən musiqi eşidilirdi – o, ömründə belə bir şey görməmişdi. Amma bu karusel elə böyük idi ki, dövrəsini heç başa vurmur, yarmarkadakıların sifəti də, ticarət piştaxtaları da, yağış da uzaqlarda qalırdı.

"Heç yerə getməmək çox gözəl şeydi”, - ömründə bu qədər şənlənməmiş uşaq beynindən keçirdi. Günəş islanmış torpağı qurudanda, karuselçi örtüyü qaldıranda hamı qışqırıb qaçdı.

Uşaqların heç biri bir daha həmin karuselə minmək istəmədi.




Lüsiano QONSALES EXİDO

İNERSİYA


Bütün əşyalar öz mövcudluqlarında inad göstərirlər
Spinoza

YARIAÇIQ qapıdan səhərin şəfəqlə oyanan səslərini eşidirdi. Mətbəxdə qaşıq qəfildən daş döşəməyə düşdü. Sədaqətli köpək fasiləsiz, tələsə-tələsə hürdü. Doğan Günəşin yeni şüaları təntənəylə pərdələrə sarı uzandı. Mələfə həmişəki kimi, hərarət və mehribanlıqla bədənimə yapışdı. Qımıldanmadı ki, mələfənin bozarmış gülləri qırışmasın. Möcüzə baş verdi - nəfəs almaq bir qədər asanlaşdı. Hələ yataq otağında dözülməz istidi. Əlləri, elə bil, gücsüz halda yanına uzanıb. Kitab gecə zülmətindən gəlmiş qonağın unutduğu asteroid kimi, qırışmış mələfənin üzərində ağzı üstə durur. Beynində xəstəlik barədə fikirlər peyda olub şüuruna soxulur. Yataq otağının sakit dəryasında, yatağın uçurumundan kənarda sərbəst hərəkət eləmək istəyindən boyun qaçırır – ora baxanda başı gicəllənir. Nə ağrı, nə istək, nə də tələsdiyi bir yer var. Elə hey yatmaq istəyir. Anası günortaya yaxın içəri girdi, onu hər gün yatdığı eyni vəziyyətdə gördü, bu dəfə də anasının zənnini aldatmadı. Vaxtsız gələn ölümdən başqa hər şey həmişə olduğu kimiydi.




Xuan Xose MİLYAS

DOLAŞIQLIQ

HƏDİYYƏ bağlamasını açmağa macal tapmamışdım ki, qutunun içindən zəng gəldi. Mobil telefon idi. Düyməni basıb arvadımın səsini eşitdim: o, yataq otağından məni doğum günüm münasibətilə təbrik eləmək üçün zəng vurmuşdu, qəhqəhəylə gülürdü. Gecə vaxtı ömür və başımıza gələnlər haqqında xatirələrə baş vurmaq istəmişdi. Amma yalnız telefonla danışmaqda israr eləyirdi. Ona görə, telefonu qurşağıma bərkidib qonaq otağında əyləşdim, o isə mənə zəng eləmək üçün yataq otağına getdi. Söhbətimiz bitəndə yanına getdim, onu dərin fikrə qərq olmuş halda çarpayıda oturmuş gördüm. Dedi ki, ərinə zəng vurmuşdu, indi həmin söhbətə qayıtmalı olub-olmadığını bilmir. Sən demə, başımıza gələn əhvalat onda yalnız utanc hissi doğururmuş. Başqa əri olmadığına görə, qət elədim ki, yəqin, məni yatağa çəkmək istəyir. Həmin gecə sevgililər kimi, ehtirasla sevişdik.

Səhəri gün işdə oturub buterbrod gəvələyirdim, yenə zəng vurdular. Şübhəsiz, zəng eləyən o idi. Dedi, aşiqi olduğunu etiraf eləmək istəyir. Bu oyunun ona çox fayda verəcəyini düşünüb özümü o yerə qoymadım, təskinlik verməyə başladım, dedim, başımıza çox şeylər gəlib, yəqin, bu sınaqdan da şərəflə çıxacağıq. Əvvəlki gün olduğu kimi, yenə gecə telefonla söhbətləşdik, dedi, aşiqi indi gəlməlidi. Əməlli-başlı qızışdım, telefonu kənara atıb yataq otağına cumdum, səhərəcən fasiləsiz sevişdik.

Bir həftə belə davam elədi. Nəhayət, şənbə günü, növbəti telefon söhbətindən sonra yataq otağında olanda dedi, məni sevsə də, çıxıb gedir, ərinə daha çox lazımdı. Sonra çıxıb getdi, bir daha da zəng eləmədi. Mənə elə gəlir, arada dolaşıqlıq oldu.



Ana Mariya ŞUA

HAVA GİMNASTLARI

-QORXMA, o, uçacaq, onda bizim genimiz var, - hava gimnastı deyir. Sonra lap qübbənin altından hələ çox kiçik olan qızını aşağıda əllərini irəli uzadıb dayanan qorxmuş, yolsuz arvadına atır. Arvadı əbəs yerə qorxur: qıza sirk gözbağlayıcısı olan əsl atasından xüsusi qabiliyyət keçib, həqiqətən, uçur. Ya da sadəcə özünü elə göstərir.




Eduardo BERTİ

KEÇMİŞDƏN GƏLMİŞ ADAM


RƏFİQƏM T.-nin ulu babasının doxsan beş yaşı olandaözü barədə yalnız keçmiş zamanda danışmağa başladı. O, "Mən çimməyə gedirəm” yox, "Mən çimməyə getdim” deyir, vanna otağına yollanırdı. Yaxud "Mən yatmağa getdim”, - söyləyib birbaşa çarpayısına gedirdi. Rəfiqəm əminiydi ki, qoca artıq özünü "tamam keçmişə məxsus” adam sayır.




Andres NEYMAN

ÖZÜNÜ ÖLÜLÜYƏ VURMAQ

ÖZÜMÜ ölülüyə vurmaq niyə belə xoşuma gəlir? Doğrudanmı, söhbət dostlarımın, yaxud həddən artıq hissiyyatlı ər-arvadların təəssüfləndikləri vəhşisayaq vərdişdən gedir? Nəyə görə məni ta uşaqlıq çağlarından – biz elə ömrümüz buyu uşaq olaraq qalırıq, - consuz müddətdə öz gələcəyimdəki mumiya kimi, hərəkətsiz qalmaq cəlb eləyir? Hələ çevrilmədiyim meyitə mənsub olmaqdan duyduğum kəskin zövq hardan qaynaqlanır?

Bunun izahı çox sadə, elə buna görə də sirli ola bilər.

Heç nəyə baxmadan bu dünyaya nəzər salanda, fikirləşmək isrtəmədən fikirləşəndə özümü çox əminliklə inandırıram ki, sağam, amma daha güclü təəssürat alıram. Mən transsendenliyin yeganə mümkün, kiçik formasını sınaqdan keçirirəm. Mən özümdən çox yaşayıram. Mən ölümdən həvəslə aralanıram.

Oğlum evə qayıdır. İndi yenidən nəfəs almağa başlayacağam.



Auqusto MONTERROSO

XƏYALPƏRVƏR TARAKANCIĞAZ

Biri vardı, biri yoxdu, Qreqor Zamza adlı bir Tarakancığaz vardı, o yuxusunda Frans Kafka adlı Tarakancığaz, Kafka da yuxusunda Tarakancığaza çevrilən kommivoyajör Qreqor Kafka barədə roman yazan yazıçı olduğunu görürdü.


Çevirən: Nəriman ƏBDÜLRƏHMANLI