adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 May 2018 13:37
4289
GÜNDƏM
A- A+

Rövnəq Abdullayev: “Cənub Qaz Dəhlizi” ilə...

Gələcəkdə "Cənub Qaz Dəhlizi”nin boru kəməri sistemi ilə əlavə qaz həcmlərinin nəqli üçün ötürücülük qabiliyyəti ikiqat artırıla bilər.

Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.

R.Abdullayev xatırladıb ki, ötən ilin noyabrında Azərbaycanda 2 milyardıncı ton neft hasil olundu. Hazırda neft hasilatının əsas hissəsi "Əsrin müqaviləsi” çərçivəsində işlənən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun payına düşür: "İşlənmənin əvvəlindən, yəni 1997-ci ildən 2018-cı ilin aprelin 1-nə kimi AÇG-dən 452,6 milyon ton neft və 143,5 milyard kubmetr səmt qazı hasil olunub. AÇG layihəsindən Azərbaycanın payına düşən mənfəət neftinin həcmi ilbəil artır. Ötən müddətdə AÇG layihəsinə 4 minə yaxın yerli müəssisə və şirkət cəlb olunub. "Əsrin müqaviləsi” eyni zamanda, son onilliklərdə ölkəmizdə həyata keçirilən regional və qlobal əhəmiyyətli digər layihələr üçün yol açıb. Axtarış-kəşfiyyat işlərinin intensivləşdirilməsi, yeni yataqların kəşf edilməsi və hesablanmanın daha müasir və dəqiq texnologiyalar əsasında yenidən aparılması nəticəsində Azərbaycanın karbohidrogen ehtiyatları şərti yanacaqla 10 milyard tona çatdırılıb".

O vurğulayıb ki, AÇG yataqlar bloku bu gün də neft-qaz ehtiyatları ilə kifayət qədər zəngindir: "Ötən il layihənin 2050-ci ilədək uzadılmasını nəzərdə tutan yeni müqavilə imzalanıb. Bu ilin ilk üç ayı ərzində "Azəri-Çıraq-Günəşli” yataqlar blokunda 5 hasilat quyusu qazılaraq təhvil verilib. Ümumilikdə 2018-ci ildə AÇG-də 12 hasilat və 4 suvurucu quyunun təhvili planlaşdırılır".

SOCAR prezidenti əlavə edib ki, dünyanın ən böyük qaz-kondensat yataqlarından hesab olunan "Şahdəniz”in gündəlik hasilat gücü isə hazırda 30 milyon kubmetr qaz və 7 min ton kondensat həcmindədir: "Ötən il yataqdan 10,2 milyard kubmetr qaz və 2,4 milyon ton kondensat hasil edilib. "Şahdəniz-1” layihəsi üzrə qazma işləri davam edir və bu il daha 2 hasilat quyusunun tamamlanması nəzərdə tutulur. "Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsi çərçivəsində hazırkı illik hasilata daha 16 milyard kubmetr qaz əlavə olunacaq. Bu həcmin ildə 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək. "Şahdəniz-2” layihəsi üzrə mühəndis-layihə, təchizat, tikinti işlərinin, habelə istismar sınaqlarının 99%-i artıq tamamlanıb. Bu ilin əvvəlində "Şahdəniz-2” layihəsi üzrə bir quyuda qazma işləri artıq başa çatıb və il ərzində cəmi 5 hasilat quyusunun tamamlanması planaşdırılır. "Şahdəniz-2” neft-qaz sənayemiz tarixində tikinti-quraşdırma işlərinin tam həcmdə ölkə daxilində yerinə yetirildiyi ilk layihədir".

R.Abdullayev qeyd edib ki, 2015-ci ildə təməli qoyulan Transanadolu boru kəmərinin (TANAP) tikintisi üzrə işlərin 93%-dən çoxu tamamlanıb: "Hazırda bütün işlər ilkin qrafikə uyğun şəkildə, yüksək dəqiqlik və tikinti keyfiyyəti nəzərə alınaraq davam etdirilir. Əvvəlcədən planlaşdırıldığı kimi, cari ildə ilk qaz TANAP vasitəsi ilə Türkiyəyə ixrac olunacaqdır. 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 milyard kubmetrədək artırıla bilər. "Cənub Qaz Dəhlizi”nin boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə əlavə qaz həcmlərinin nəqli üçün ötürücülük qabiliyyətinin ikiqat artırılmasına imkan verəcək".