adalet.az header logo
  • Bakı 13°C
08 May 2018 22:12
14979
GÜNDƏM
A- A+

Azərbaycan və Rıqor Borodulin

Ales Karlyukeviç,
Belarus Respublikasının
İnformasiya naziri

Belarus ədəbiyyatı ilə Azərbaycanın milli ədəbiyyatı arasında möhkəm və davamlı əlaqələr var. Hələ 1930-cu illərdə Azərbaycan yazıçıları Belarusun xalq nəğməkarlarını - Kupala və Kolasın yaradıcılığını təbliğ edirdilər. 1935-ci ildə "İnqilab və Mədəniyyət" jurnalında Yanka Kupala barədə məlumat dərc olunmuşdu. 1939-cu ildə isə Kupala Nizaminin 800 illik yubiley tədbirlərinin təşkil edilməsi üzrə yaradılmış Komissiyanın tərkibinə daxil edilmişdi. Bizim xalqımızın nəğməkar şairinin "Oğlan və təyyarəçi" adlı kitabı 1940-cı ildə Bakıda nəşr edildi.
Bundan başqa, müxtəlif illərdə Bakıda Edi Oqnesvetin, Petrusya Brovkinin, Yelena Vasilyeviçin, Pavel Kovalyovun, Kastusya Kireyenkonun, Yakub Kolasın və digər Belarus müəlliflərinin kitabları nəşr edilib. Bilirəm ki, müxtəlif illərdə Bakıya Belarus ədəbi prosesinin bugünkü fəal nümayəndələri - şair və tərcüməçi Tatyana Sivets, şair, tərcüməçi və ədəbiyyatşünas Yuliya Aleyçenko səfər ediblər. Tatyana Sivets Azərbaycana həsr etdiyi "Bakı" adlı poema yazıb. Lakin bu gün mən Belarusun tanınmış şairi və tərcüməçisi Rıqor Borodulinin Azərbaycanla əlaqələri barədə danışmaq istəyirəm. Rıqor Borodulini Azərbaycanda bir o qədər də tərcümə etməyiblər. Onun cəmi bir neçə şeiri "Ədəbiyyat və incəsənət" qəzetində (1975) və "Ulduz" (1977) jurnallarında dərc olunub. Bu şeirləri Azərbaycan dilinə İ.İsmayılzadə və A.Abdulla çevirib. Amma dəqiq məlumdur ki, 1967 və 1981-ci illərdə Rıqor Borodulin Azərbaycanda olub, Bakını özü üçün "kəşf" edib. Belarusun klassik şairi Azərbaycan haqqında neçə-neçə şeir yazıb, azərbaycanlı dostlarına şeirlər ithaf edib. 7 sentyabr 1967-ci ildə R. Borodulin qeyd dəftərçəsində yazır: "Bakı. Səhərdir... Bazarda kişilərdir. Qarpızların qırmızı dillərini dadmaq üçün adama göstərirlər..." Daha sonra oxuyuruq: "Tikinti daşının misli yoxdu. Minsk üçün də bu daşdan olsaydı..." O, 1967-ci ildə Azərbaycanın xalq şairləri Məmməd Arazla (1933-2004), Fikrət Qocayla görüşüb tanış olur və qayıdandan sonra Fikrət Qocaya "Etiraf poeması: Azərbaycana məktub" adlı bir poema həsr edir. Bu poema 1973-cü ildə onun "Rum" şeirlər kitabında çıxıb. Görünür, Rıqor Borodulin Bakıda hərbi hissədə təxminən üç həftəlik toplanış təcrübəsində imiş. Bu barədə Bakı HHQ Dairəsinin qəzetində yazılıb.
Onun 1981-ci il Bakı səfəri isə daha dolğun və zəngin olub. Rıqor İvanoviç Azərbaycan paytaxtına 1981-ci ilin mayın 31-də gəlib. Gündəliklərinin birində yazır: "Şəhəri gəzirəm. Bakının havasından neft qoxusu gəlir. Şəhəri həm tanıyıram, həm də tanıya bilmirəm. Çayxanalar ağacların kölgəsində...". Bakıya Rıqor İvanoviçlə birlikdə televiziya briqadası da gəlib. Tərkibdə Belarusun Dövlət Mükafatı laureatı, Belteleradionun baş teleoperatoru, kinooperator Vladimir Pranko da vardı. Şairin gündəliyindən oxuyuruq: "...Yolda Vilayət Rüstəmzadəyə rast gəldik (Belarus barədə poema yazmışdı, qardaşı həlak olmuşdu, izini tapmışdılar), Maşerov qəbul eləmişdi... O, verilişdə iştirak etməyə razılıq verdi. Cümə axşamı poemanın axırının sətri tərcüməsi hazır olacaq..." Belarusun klassik şairi öz gündəliklərində və bloknotlarında çoxlu Azərbaycan sözləri və onların adlarını yazıb. Söz ustasının diqqətini bir çox melodiyalı Azərbaycan sözü çəkib - torpaq, vətən, nağıl, layla... sözləri. Belarus şairi onların mənasını köhnə lüğətlərdən tapıb. Rıqor Borodulin Bakıda yazıçı Sabir Əhmədovla, şair, yazıçı və publisist Məmməd İsmayılla da tanış olur.
Televiziya filminin çəkilişlərinə hazırlıq mərhələsində o, Sovet İttifaqı Qəhrəmanı Aslan Vəzirovla da (1910-1988) görüşür. Böyük Vətən müharibəsində Aslan Vəzirov Belarusu alman-faşist işğalçılarından azad edib. 1944-cü ilin mayında o, 1-ci Qvardiya mühəndis-istehkamçı briqadasının komandiri təyin olunur. Pronya və Basya çayları ətrafında almanların müdafiə mövqelərinin yarılmasında iştirak edib. Mogilyov rayonunda Dnepr çayını döyüşə-döyüşə keçib. Onun briqadası məşhur "Mogilyov briqadası" kimi tarixə düşüb. Bu döyüşlərdə briqadasına bacarıqla rəhbərlik etdiyinə və göstərdiyi şücaətə görə o, ikinci dəfə Qırmızı Ulduz Ordeni ilə təltif edilir. Halbuki Vəzirov buna qədər iki dəfə kontuziya almışdı, lakin döyüş meydanını tərk etməmişdi.
1944-cü ilin iyul ayının ikinci yarısında 1-ci Briqadanı Novoqrudka rayonuna köçürürlər. Burada briqada 5-ci ordunun tərkibində döyüşməli olur. Belostok uğrunda döyüş əməliyyatlarında briqada ordunun bir hissəsinin Neman çayından keçməsinin təhlükəsizliyini təmin edir. Osovets qalasına hücuma görə Vəzirov üçüncü ordenlə - Qırmızı Bayraq ordeniylə təltif edilir. Və çox keçmir ki, o, daha bir Qırmızı Bayraq ordeni alır. Artıq Berlin uğrunda döyüşlər gedərkən Azərbaycan xalqının qəhrəman oğlu Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
...Şübhəsiz, Rıqor Borodulinin Azərbaycan və azərbaycanlılarla o zamankı may-iyun görüşləri onun yaradıcılığına da çoxlu yeniliklər gətirmişdi, bu uzaq ölkənin Belarusda tanınması və dərk edilməsi istiqamıətində mühüm rol oynamışdı. Xəzər gilavarı Belarusun xalq şairinin poeziyasına əbədi həkk olundu. Buna bir damcı belə şübhə yoxdur. Ona görə tam əminliklə deyirəm ki, Rıqor İvanoviç hələ sağlığında Minskdə yaşayan azərbaycanlı rəssam Kamil Kamalın emalatxanasına çox böyük həvəslə, açıq qəlblə gedirdi. Və o, bu qrafika və təsviri sənət ustasının yaradıcılığı barədə də ürək genişliyi ilə gözəl sətirlər yazmışdı. Azərbaycanlı Kamil Kamal isə artıq qırx ildir ki, Belarusda, Minsk şəhərində yaşayır; Rıqor Borodulinin portretini yaradıb. İndi bizim klassik şairimiz həyatda yoxdur, amma rəssam onun çin poeziyasından etdiyi tərcümələr kitabına gözəl tərtibat verib. Biz Kamil Kamalla birlikdə şairin ölümündən sonra çıxan bu kitabının illüstrasiyalarına baxanda, rəssam dedi:
- Yaxşı olar ki, Rıqor Borodulinin tərcüməsində Azərbaycan şairlərinin şeirlərini də toplayaq, onun Azərbaycan və azərbaycanlılara həsr etdiyi poetik toplusunu nəşr edək... mən böyük məmnuniyyətlə bu topluya da illüstrasiyalar hazırlayaram... Borodulinin şeirləri, Səməd Vurğunun və Fikrəıt Sadığın belarus dilindəki şeirlərini... və onun "On üç şam" poemasını...topluya daxil edək...
Çox yaxşı. İnanıram ki, belə bir Ədəbiyyat Layihəmiz, bu iki həqiqi yaradıcı şəxsiyyətin dostluq layihəsi baş tutacaq və həyata keçiriləcək; və bizim milli mədəniyyətlərimiz arasındakı daha bir dostluq körpüsü meydana gələcək.

"Sozvuçie" Beynəlxalq Ədəbiyyat və Publisistika Portalı,
7 may, 2018-ci il
Tərcümə etdi: Kamran Nəzirli