Adalet.az | ƏDƏBİ ADLAR: LEV TOLSTOY Adalet.az | ƏDƏBİ ADLAR: LEV TOLSTOY Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

ƏDƏBİ ADLAR: LEV TOLSTOY

İnsanların əzablarından ilhamlanan dahi

16149    |   2018-05-09 10:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünya ədəbi klassiklərinin ilk sıralarında yer alan dahi Lev Tolstoy haqqında indiyədək o qədər yazılıb, o qədər araşdırılıb ki, insan elə bilir daha deyiləsi söz qalmayıb. Və hamı bu böyük qələm ustadının dühası qarşısında baş əyir. Əysinlər, haqqıdır. Çünki həqiqətən də qələmdən məharətlə faydalanmış və dünya ədəbiyyatına böyük irs qoymuş Tolstoy öz ucalığını hələ sağlığında ikən təmin edə bilmişdi. Amma necə? Hər bir yazıçının öz ilham mənbəyi olmalıdır. Tolstoy kimi bir dahinin ilham mənbəyi güman ki, sıravi qələmdaşlarından fərqlənməliydi, amma dünyanın humanist yazıçı, insan hisslərini dərindən bilən və qiymətləndirən biri kimi tanıdığı Tolstoy elə ilhamı da məhz bu hisslərdən – başqalarının duyğularından alırdı. Ancaq ülvi hisslərdən deyil. "Ədəbi Adlar”da bu dəfə Tolstoy haqqında gizli qalmış, indiyədək danışılmamış, yazılmamış mətləbləri işıqlandıraq.

Yəqin ki, çoxlarımız Lev Tolstoyu məktəb illərində onun nağıllarından tanımışıq. Bu nağıllar o qədər xalqın dilində əzbər idi ki, bəzən onları elə müəllifi olmayan xalq nağılları kimi tanıyırlar. Amma "Tülkü və Qarğa”, "Şir və siçan”, "Durna və leylək”, "Taxta qab” və başqaları kimi ibrətamiz nağılların müəllifi Tolstoyun özüdür ki var. Onun bütün yaradıcılığı ibrət üzərində qurulub. Tolstoy nağıllarından tutmuş kiçik hekayələrinə və böyük romanlarına qədər oxucuya insanlıq dərsi keçir. Belə bir müəllimin əslində ən gözəl duyğulara sahib olduğunu, qəlbinin insanlara məhəbbətlə daşdığını düşünmək olar. Elə mən özüm də dəfələrlə Tolstoyun kasıblara necə yardım etməsi, valideyn himayəsindən məhrum uşaqlar üçün məktəb açması haqqında yazmışam. Hər kəs onun var-dövlətdən, zəngin şəhər həyatından imtina edib kənddə yaşadığını təqdir edir, əsl rus kəndlisi kimi həyatına sadə davam etməsini yüksək qiymətləndirir. Bu, yazıçının təbii ki, öz seçimidir, əslində insan həyat tərzini dəyişib sadələşdirib deyə şəxsən mənə görə mübarək insana çevrilmir. Amma burda düşüncələr fərdə görə haçalana bilər. Mən sadəcə dünya şöhrətli yazıçının qaranlıq tərəfini – başqalarından gizlətdiyi, ailəsindən isə çəkinmədiyi qəddarlığını diqqətə çatdırmaq istəyirəm.

Xüsusilə bu qəddarlıqdan birbaşa əziyyət çəkən onun həyat yoldaşı Sofiya Bers olub. Halbuki hər şey elə nağıl kimi başlamışdı. Rus nağıllarındakı kimi üç bacının ən ağıllısı, savadlısı və istedadlısı olub. Həm də bəxtlisi. Təbii ki, ilk baxışdan belə görünürdü. Çünki Sofiya dövrünün tanınmış yazıçılarından birinə ərə gedirdi. Sofiya ixtisasça müəllimə idi, bununla yanaşı kiçik hekayələr də yazırdı. Hamı düşünürdü ki, bu istedadlı qız Tolstoya ərə getməklə daha da parlayacaq. Amma tam əksinə oldu. O, nəinki müəllimlikdən, yazıçılıqdan, hətta xanımlıqdan belə imtina etməli oldu. Ər evinə gəldiyi ilk gündən onun qulluqçu həyatı başlayır. Halbuki Lev zadəgan oğlu idi, onun qulluqçu ordusu saxlamağa imkanı çatırdı. Amma elə ilk gündən bütün qulluqçu və aşpazları işdən çıxarır və arvadından bu işləri özü görməsini tələb edir. Bütün günü dayanmadan işlədikdən sonra isə ta gecə yarısına qədər ərinin əlyazmalarını köçürməli və korrektə etməliydi. Yenə də ərindən qabaq yuxudan oyanmalı, ev işlərinə başlamalıydı. Üstəlik də uşaq doğmalıydı. Əlbəttə ərli qadın dünyaya uşaq gətirməlidir, amma 6 uşaq doğandan sonra həkimlər zəif düşmüş, xəstəlik tapmış qadına daha uşaq doğmağın ona zərər verəcəyini deyirlər. Amma Tolstoy elə həkimlərin yanındaca xəstə arvadına belə çımxırır: "Uşaq doğmayacaqsansa, mənim nəyimə lazımsan?” Çarəsiz qadın hər il hamilə qalmaq məcburiyyərində idi. Həkimlərin dediyi kimi, o getdikcə zəifləyir, doğduğu uşaqlar ya doğuş vaxtı, ya da körpə ikən ölürdülər (2 uşaq doğuş zamanı, 2-si körpəykən ölüb). Bütün bunlar baş verərkən Lev kənardan xəstə uşaqlarının ölümünü, arvadının çəkdiyi zülmü soyuqqanlılıqla izləyirmiş.

Sofiya xatirələrində yazırdı ki, o, kefikök, sağlam olanda əri qaşqabağını tökürmüş. Qadının əhvalını pozmaq üçün əlindən gələni edir, onu ağladırmış. Yalnız bundan sonra masaya keçib yazmağa davam edirmiş. Yəni insan əzabı, xəstə zülmü Tolstoya duyğularla zəngin şedevrlər yaratmağa yardım edirmiş. Bu qara ilham pərisi Tolstoyun böyük uşaqlarının da gözündən qaçmır. Yazıçının böyük qızı Aleksandra xatirələrində belə yazır: "Anam ağır xəstə idi. O yatağında qıvrılsa da atamın vecinə deyildi. Bizim də gözyaşımızı sakitcə seyr edirdi. Məcbur qalıb yaxın qohumlarımıza vəziyyəti dedim. Onlar yığışıb gələrək təcili həkim çağırdılar. Həkim gələnə qədər atam anamı sanki şəkil kimi diqqətlə gözdən keçirir, onun hər ağrısını gözüylə ciyərinə çəkirdi. Həkim anamı müayinə edib əməliyyatın qaçılmaz olduğunu dedi. Atam isə anamın heç nəyi olmadığını, iş-gücdən sıyrılmaq üçün özünü xəstəliyə vurduğunu dedi. Həkim israr etdi ki, əməliyyat olunmasa anam öləcək. Yalnız xəstənin başına yığışanların inadla israrından sonra atam razılıq verdi. Anamın günü-gündən sağalmasını atam qaşqabaqla qarşılayırdı. Çünki onun əzabları atama daha gözəl bir əsər yazmağa, insanları daha bir ibrətamiz söz yığnağına inandırmağa kömək edəcəkdi”.

Aleksandranın sözlərinə görə, atası tezliklə ailədə başqa bir ölümdən ilhamlana bildi. Onun digər qızı Mariya sətəlcəmdən dünyasını dəyişib. Uşağının da ölümünü sakitcə izləyib, qız öləndən sonra bir damcı göz yaşı tökmədən, hətta övladının nəşi ilə vidalaşmadan dinməzcə yazı masasının başına keçib. Həyat yoldaşına zülm vermək qəbulolunmaz olsa da, hardasa azərbaycansayağı desək, yad qızıdır, anlamaq olar. İnsan öz övladının əzabından necə zövq alar? Əgər hər şey ədəbiyyat üçündüsə, o zaman tənhalıqda bunu başucalığı ilə edə bilərdi. Övladlarının yaddaşına da ailəsini ədəbiyyata qurban verən bir zalım ata kimi qalmazdı. Yaxın dostları da etiraf edirdi ki, o, bir-birinin ardınca dünyasını dəyişən körpələrinin ölümünü də sakit qarşılayırdı. Bayırda anasını itirmiş, acından ölən pişik balaları üçünsə göz yaşı tökürdü. Öz övladlarının əzablarına laqeyd idi, kənd uşaqlarının dərdi, çətinliyi isə onu ağrıdırdı. Bu nə idi? Başqalarına qarşı empatiya qurmaqdırsa, bunu öz övladlarına qarşı niyə edə bilmirdi. Ya insanlar arasında, gələcək nəslə humanist obrazı yaratmaq canfəşanlığı idimi? Hər halda beləydisə, istəyinə çatıb. Amma belə məlum olur ki, su əvəzinə içdiyimiz Tolstoy şedevrləri əslində bədbəxt qadının göz yaşları, azyaşlı uşaqların ağrı-əzabı üzərində qurulub. Bəlkə elə buna görə dünya ədəbiyyatının incilərinə çevrilib? Çünki təməlində təxəyyül deyil, həqiqi insani əzablar yatır...

Tolstoy özü də yaxınlarının ölümünü manyakal sakitliklə izlədiyini və bundan zövq aldığını qeydlərində etiraf edirdi: "Mən həyat yoldaşımın necə öldüyünü sakitcə izləyirdim. O, sanki mənim qarşımda açılır, məni tamamilə başqa dünyaya aparırdı. O, ölərkən necə də kədərli və gözəl görünürdü”. Yeri gəlmişkən, "Qırmızı əjdaha” adlı horror janrlı filmdə də manyak qatil öz qurbanlarının ölümü haqqında belə məmnuniyyət və sakitliklə danışır. Halbuki bu filmin rejissor və ssenaristi manyak obrazı yaratmaq üçün ruhi xəstəxanalarda olmuş, ağır rejimli həbsxanalarda qatillərlə söhbət etmişdilər.

Bütün bunlardan sonra Lev öz arvadına daim işəyaramaz, fərsiz deyirmiş. Hətta sonuncu övladını dünyaya gətirərkən qadın çox ağır vəziyyətdə imiş. O, yenə də həkim çağırmaq niyyətində deyilmiş. Yalnız böyük oğlu İlya atasına qəzəblənərək onunla mübahisə edib və həkimin dalınca çıxıb. Qadın ərinə "bəlkə bu doğuşdan sağ çıxmadım, gəl vidalaşaq”, desə də Tolstoy heç nə olmamış kimi bağa çıxıb gərnəşir, sonra həvəslə masasına keçərək oxucuları insan ölümünə, əzabına biganə qalmamaqla bağlı çağırış dolu əsərə girişir. Yazıçının tərcümeyi-halında yazılır ki, o 82 yaşında evdən uzaq, ailə üzvlərinin olmadığı bir yerdə səfilcəsinə ölüb... Artıq böyümüş, atasının biganəliyindən bezmiş övladların da ona qarşı eyni münasibət göstərməyi normal deyildimi? Övlada dünya şöhrətli yazıçıdan çox, qayğıkeş ata lazımdır. Bəlkə də böyük yazıçı aqibətinin belə olacağını düşünmürdü. Çünki o elə bilirdi ki, uşaqları da, arvadı da onun gözünün qabağında çərləyib öləcəklər... Amma fələk üçün dahi də adi də eynidir.


Şəfiqə ŞƏFA




İmza:
SON XƏBƏRLƏR
2018-08-18
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK