adalet.az header logo
  • Bakı 21°C
07 May 2018 22:15
10820
ƏDƏBİYYAT
A- A+

Geriyə yol varmı...

Nemət Veysəlli

(əvvəli ötən saylarımızda)

Kəndin qız-gəlinləri, uşaqları meyvəsi yığılan bağların, bostanların "ura" gününü səbirsizliklə gözləyirdilər. "Ura" vaxtı yığılan üzüm salxımları, küncdə-bucaqda qalmış yemiş, qarpız tağlarının arasından tapılanlar daha şirin, ləzzətli idi. O böyüklükdə bağlardan, bostanlardan üzümə qoz düşəndən ta solana qədər, sərasər yemiş, qarpız, şamama yeyirdik - bütün bunların nəşəsi ayrıydı, "ura"dan sonra ordan-burdan, dəngül-düngül şəkildə yığıb topladığımız meyvələrin ləzzəti ayrı. Biz yeyib-içməklə yox, ovqatla, emosiyalar burulğanının xoş nəqarətiylə böyümüşük, yaşa dolmuşuq. Veysəlli bağlarını el yolu ilə ayıran dərin xəndəklərin o üzü ilə bu üzü arası ayrı-ayrı qütblərə bölünmüşdü. Bütövlükdə bir kənd Rzalar obasından tutmuş ta Yal obaya qədər - ayrı, Veysəlli bağları - bu yaşıl aləm ayrı həyat yaşayırdı. Vəli kişinin bağından keçirdin, o biri qardaşın bağına, oradan da Balaş kişinin, Məşədi Eyvazın, Qulu kişinin yaşıl səltənətinə. Qara kəhrizin o gur, dupduru suyu da bir neçə arxa bölünüb - bağları neçə-neçə hissəyə bölürdü. Sığırçın və sərçə sürüsü iri, hündür ağacların qol-budaqlarında qatarlanırdılar. Onların min səsli cirriltisi pıçıldayan yarpaqların nəğməsinə qarışırdı. Yaz vaxtı yorğun, heydən düşmüş ayaqlarını göylük, payız fəsli isə xəzəl sığallayırdı. Ürəyinə arzular, duyğular dolub-boşalırdı. Qara kəhrizdən törəmə çayların şırıltısı, haradansa, uzaqlardan, lap uzaqlardan, Qanlı gədik, Türk bağları tərəfdənmi sirli-sehrli sərin meh, ağacların gövdəsinə, qoluna-qanadına, yarpaqlarına toxunurdu - ətrafda sözə, ifadəyə gəlməyən simfoniyaya çevrilirdi. O zamanlar mən hələ Üzeyir Hacıbəyovun, Baxın, Bethovenin, Şoponin kim olduqlarını, necə möhtəşəm musiqi əsərləri yaratdıqlarından xəbərsizdim. Sonralar böyüdüm, qabaqca Martuniyə, Füzuliyə, sovet ordusu sıralarına (1961-1964), tin və küçələri, dalan və skverləri yumor, lətifə, deyimlərlə dolu anamız - Odessanı, Nikolayevi, Tiraspolu, Moskva və Riqanı dolaşdım. Çox-çox sonralar (2015), Malaziya, Qətər, Şotlandiya Birləşmiş Krallığına (2017) yolum düşdü. Qədim və qoca Avropanın tən ortasında - Aberdində, Edinburqda, Qlazqoda, Frankfurtda bayaq adlarını çəkdiyim böyük bəstəkarların məlum əsərlərinin melodiyalarını dinlədim, mənə elə gəldi ki, çox-çox əvvəllər, on-on bir yaşımda Veysəlli bağlarında, o sirli-soraqlı aləmdə bu melodiyaları, o əsərlərdən fraqmentləri dəfələrlə eşitmişəm. Uzaq ölkələrdə eşitdiyim melodiyalar mənə tanış gəlirdi.
...Məşədi Eyvazın Qulu bağı ilə sərhəddində suyu çoxdan qurumuş arxın üstündə dəvə boynu kimi əyilmiş erkək bir tut ağacı vardı. Elə bil o böyüklükdə ağacın gövdəsini, iri qol-budaqlarını qəsdən sındırmışdılar, əymişdilər. Ağaca yarpaqları, giləsi gah qonura, gah da qırmızıya çalan üzüm tənəyi çıxarılmışdı.
Bağlarda mövcud o biri uzüm növləri tədricən yığılıb qurtarırdı, amma bu ağaca dolaşmış üzüm tənəklərinin üstündə hələ də salxımlar, kiçik gilələr vardı. Bu qonurmu, qırmızıya çalan üzüm salxımlarını yedikcə adamın dişləri altında xırçıldayırdı, səs salırdı. Kənd arasında bu üzüm növünə "sədr üzümü" də deyirdilər. Çünki bu üzüm növü aman-zaman, göz muncuğu kimi qorunurdu - çünki bu üzüm salxımları sədr üçün, onun ailəsi üçün nəzərdə tutulmuşdu. Erkək tut ağacının, üzüm tənəklərinin yarpaqları saralıb-solurdu - amma o üzüm salxımları heç nə olmamış kimi oktyabrın axırları, noyabrın əvvəllərinə qədər bütün təravəti ilə qorunub qalırdı. Səhər-səhər üfüqlərdən qızaran günəşin zəif şüaları salxımların, üzüm dənələrinin üstünə düşürdü. Ətrafda qızıl şarlar yaranırdı.
Qulu bağı nisbətən güneydəydi. Buradakı ağaclar da alçaqdı. Gövdələri çəlimsiz üzüm tənəkləri kifayət qədərdi. O biri bağlarla müqayisədə buradakı uzüm salxımları da kiçikdi, dənələri də buğda boyda. Amma qənd kimi şirindi. Qulu bağı bir az erkəkləşmiş, çox yerini fızıllıq basmışdı. Vaxtında doyunca sulamadığına, yaxşı-yaxşı baxılmadığına görəmi tut ağacları kütləvi şəkildə cırlaşmışdı: ağı, qarası. Qulu bağında yay, payız böyürtkəni da çoxdu. Bağ içi suyu qurumuş arxlardan, hovuzu xatırladan tikintilərdən güman etmək olardı ki, nə vaxtsa bu sahələr gündüşməz bağ sahələriymiş. Artıq alma, armud, qoz, şaftalı ağacları kökü ilə birgə qurumuşdu, çürümüşdü. Hiss edilirdi ki, bu yerlər uzun illərdi baxımsız qalıb, becərilməyib. Hələ o zamanlar, əllinci illərdə, Şəfi dayımın evinin qabağında, üzümlüklərin şeytan ağaclarının üstündə, üstəgəl Qulu kişinin bağının qurtaracağında su dəyirmanlarının xarabalıqları, divarları, dəhnənin yerləri qalmışdı. İndi təsəvvür edirsinizmi Veysəlli bağlarının o çağlarını, haylü-küylü günlərini. Hər iki dəyirmanın dəhnələri Taptıq Pənahovun evinin yanından başlayırdı. Yol boyu, kəndin güneyindən quzeyinə sarı boylanırdın. Yamac boyu uzanıb gedən arxın əzəmətli mənzərəsi adamı heyrətləndirirdi.
Qulu bağında əzgil, göyəm, qarellə ilə yanaşı, xırda dənəli əncil topası da əkilmişdi. Əncil ağacları bəzi yerlərdə sıxdı. Seyrək yerləri də vardı. Məhsul yetişən zaman kənd uşaqları onun içərisi ilə o qədər o yana, bu yana gedib-gəlirdilər ki, ayaq izlərindən əməlli-başlı cığır yaranmışdı.
Əncil dənələri kiçikdi, amma çox dadlı idi.
Astan kişinin bağlarından Məşədi Eyvazınkına qədər təpəlikdi. Dəvə boynuna oxşar uzun təpəliklər bir neçə bağı birləşdirir, həm də ayırırdı. Yastı təpəlik deyəndə bu heç də açıq, çılpaq çöl deyildi. Yastı təpənin çökəyi, sağı, solu, döşləri ağaclıqdı. Həm də bu təpəliklər Qulu sağı ilə, Məşədi Eyvazın geniş bağını sıx ağaclar, nar və göyəm kolları hesabına birləşdirirdi. Elə bil bir yaşıl kəmərlə hər iki bağı doğmalaşdırmışdın, mehriban etmişdin.
Ədalət naminə onu da deyim ki, bu bağların məhsulları - odunundan, otundan o biri obaların əhalisindən daha çox, Rzalar camaatı istifadə edirdilər. İstifadə edirdilər deyəndə, pis zamanlar, aclıq və yoxsulluq kabusu hökm sürürdü. Alma, armud, qoz, üzüm yığmağa hara gedək? Analarımız - Çullu xala, Tutu xala, Çulum, Nabat mama, Əziz nənə təndir qalamaq, odun toplamaq üçün bəs hara gedəcəkdi? Ayrı yerimiz, gedən yerimiz yoxdu. Dar məqamda camaatın yeganə ümid və güman yeri bağlardı. Kəndin əl-ayaq tutan uşaqları bütün günü bağları dolaşırdılar. Bağlardan, çör-çöp, göy və quru ot daşıyırdıq. Qış vaxtı divarları daşdan hörülmüş evlərimiz buza dönəndə o saat bağa qaçırdıq. Siz nə danışırsınız, o zamanlar elektrik enerjisinin, mavi yanacağın nə olduğunu belə bilmirdik heç. Nə vaxtsa belə xoşbəxtliklərin bizə nəsib olacağını da ağlımıza gətirmirdik.
Astan kişinin bağının ayağında, çayın güney üzündə bir neçə heyva ağacı əkilmişdi. Biri o birindən yaraşıqlı, boylu-buxunlu. Onların üstündəki iri və sapsarı saralmış heyvalar düz qışın oğlan çağına qədər qalırdı. Saralmış, sulanmış heyvaları dilim-dilim doğrayıb yeyirdik, onların fil qulağı boyda yarpaqlarından isə çay dəmləyirdik. Heyva yarpağından dəmlənmiş çayın ayrı ləzzəti, ətri var. Fərzalı (cici), Mirzə (xoxu), Əbdül, Boran, Cəlil - bu yaşıl qalanın, yaşıl səltənətin daimi sakinləriydi, partizanlarıydı. Fərzalının, Kamilin, Astanın, Quliyev Süleymanın - neçə-neçə yaşıdlarımızın ataları müharibədən qayıdıb gəlməmişdilər. Belə tərcümeyi-hala sahib uşaqları aclıq, kasıbçılıqla yanaşı, tale, bəxt da birləşdirirdi. Analarımız cavan yaşlarından dul qalmışdılar. Atalarımızdan qara kağız gəlmişdi. Atalarımız müharibədə həlak olduqlarına görə həddi-buluğa çatana kimi - bizə, necə deyərlər, qan pulu, dövlət tərəfindən təqaüdü də ayırmışdılar. Demək istədiyim odur ki, bu qəbil mövzulara həsr edilmiş tədbirlərdə - həyat yoldaşları, qardaşları, oğlu müharibədə həlak olan analarla yanaşı, valideynlərini davada itirən uşaqlar da iştirak edirdi. Mən bu mühitin necə ağır, üzücü olduğunu öz taleyimdə yaşamışam.
Anam axşamlar evimizin qaranlıq bir küncünə çəkilib xısın-xısın ağlayırdı. Anam, əslində bizə, azərbaycanlılara heç bir dəxli olmayan o amansız müharibədə cavan həyat yoldaşını - atamı, qardaşımı, dayımı itirmişdi. Böyük qardaşı - Məhəmmədəli isə kənddə baş verən adı dolaşıqlıq işindən altı il həbs cəzası almışdı və bir daha geri qayıtmamışdı. Təkcə sabiq SSRİ-də iyirmi yeddi milyon insanın həyatına son qoyan bu dava mənim uşaqlıq və yeniyetməlik illərimi əlimdən aldı. Atamı, iki dayımı itirdim. Mən heç kəsi kövrəltmək istəmirəm. Faciəyə bir bax ki, mənim nə anamla, sözsüz, nə də atamla, heç qardaşlarımla da bir yerdə fotoşəklim yoxdur. Lap olsaydı belə həyatımda, keçib gəldiyim ömrümdə nə kimi dəyişikliklər olacaqdı? Mən ilk dəfə fotoşəkli Martunidə, beynəlmiləl orta məktəbdə təhsil aldığım illərdə (1957-1959) çəkdirmişəm.
Cəmiyyət arasında ara-sıra sabiq SSRİ-nin dağılmağına təəssüf hissi keçirən insanlara da rast gəlirəm. Onların nostalgiyasına şərik çıxmadan ürəyimdə fikirləşirəm: "Nələtə gəlsin SSRİ-də, onun qurumları da, kommunist rejimi də. Mənim üçün Hitler də, Stalin də eyni adamlardı - qaniçən, milyonlarla insanların həyatını puç edən, hətta bu saat dünyada kommunizm rejimi ilə, faşizmi, eyniləşdirə, eyni tərəzinin gözünə qoyan aydınların sayı da çoxalıb. Hər iki rejim bəşəriyyətin şər qüvvələri sırasındadır".
...Kənddəki ataları müharibədə (1941-1945) həlak olan tay-tuşlarımın heç sonrakı telləri də gətirmədi. Sonralar, Fərzalı öz yaxın dostunu, qohumunu - Əbdülü axmaq bir münaqişə üstündə armaturla başından vurub öldürdü. Uzun illər həbsxanada cəza çəkəndən sonra azadlığa çıxdı. İndi-indi azad nəfəs almaq, ailə qurmaq istəyirdi ki, qaniçən ermənilər Martunin Xocavənd kəndində, təzə düzəltdiyi evinin, qapısının ağzındaca onu avtomatla güllələdilər. Uşaqlıq və yeniyetməlik illəri ac-yalavac keçdi. Atasız böyüdü. Cavan illərində isə həbsxanalarda çürüdü. Axırda da erməni gülləsinə, namərd gülləsinə tuş gəldi.
Mirzə (xoxu) isə hərbi qulluğa yollandı, Qazaxıstanın ucu-bucağı görünməyən küləkli çöllərində itib-batdı. Nə anası Çullu xalanın, nə də böyük qardaşı Şükürün yas məclisinə gəlmədi. Adsız, ünvansız, işsiz-tozsuz itib batdı.
Həyatın insanlar tərəfindən axıra qədər dərk edilməyən, yozulmayan qanunları var. Adlarını çəkdiyim, çəkmədiyim tay-tuşlarımın, müharibə uşaqlarının ilk addımları daşa dəydi. Dözüləsi mümkün olmayan ağrılar, yük onların çiyninə düşdü - əzildilər, büküldülər, bir daha qədlərini düzəldə bilmədilər. Ha vurnuxdular, ha çabaladılar - talelərini, həyatlarını qura bilmədilər. Həyatlarını hansı nəqarətlə başlamışdılarsa, elə həmin minvalla da bu dünyanı tərk etdilər.
...Sənəm nənəm, dayılarım rəhmətə gedəndən, onlardan xəbər çıxmadıqdan sonra Allahverdi babamın evi, yurdu sahibsih qaldı. Yazıq Sənəm nənəm iki oğul itkisinə necə dözüb, Allah bilir. Belə vəziyyət yaranandan sonra anamın dayısı - Şəfi dayım kolxozun xırman yerindəki evini söküb - bacısının - nənəmgilin hazır, hər bir şəraiti olan evinə, həyətinə sahib çıxıb. Deyəsən o, həm də bu addımı atmağa məcbur olub: onun bir mərtəbəli daş evi kolxoz xırmanının ərazisindəydi.
Düzdür, anamın dayısı, Şəfi dayını nənəmin, bacısının evinə, həyətinə köçmüşdülər - kimsəsiz və baxımsız evin qiyafəsi nisbətən dəyişilmişdi. Amma ev, sözün geniş mənasında, əsl sahiblərinin - nənəmin və babamın, onun oğlanlarının nisgilini həmişə çəkirdi. Hündür qaya üstündə, qırmızıya çalan, damı küləşli ev həmişə fikirli və qəmliydi. Məktəbə həmişə nənəmgilin einin qabağından keçib gedirdim. Evin nasazlığı, qəmli və nisgilli görkəmi ürəyimi parçalayırdı. Anam hərdənbir ata evindən, nənə və babamdan danışırdı. Nənəmin ölümündən, subay qardaşlarının talelərindən... Vaxtı ilə doğma sahiblərinin məhəbbət və qayğılarla dolu xoş günlərini yaşayan ev, həyət - indi hündür qayalar üstündən qəmli-qəmli ətrafa boylanır, heç cür ürəyi açılmırdı. Sənəm nənəmin, Allahverdi babamın qəm, kədər, hüznlə dolu o evi, həyətləri tez-tez yadıma düşür.


(ardı olacaq)