adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 May 2018 15:49
9673
MƏMLƏKƏT
A- A+

26 minə yaxın küçə və prospektə ad verilib

"2018-ci ilin yanvar-mart ayları ərzində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ümumilikdə 16 rayonda torpaqların kadastr uçotuna alınması işləri yekunlaşıb”.

Bunu Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə çıxış edən Komitə sədri Kərəm Həsənov deyib. Onun sözlərinə görə, artıq kadastr uçot işləri yekunlaşmış rayonlarda görülən işlərin nəticələri ilə bağlı təqdimatların keçirilməsinə başlanılıb və bu məlumatların elektron şəkildə yerli icra hakimiyyətlərinə və aidiyyəti qurumlara xidməti istifadə üçün təqdim edilir:

"Bu məqsədlə Salyan və Beyləqan rayonlarında İctimai təqdimat keçirilib. 53 rayon mərkəzi və ona bitişik yaşayış məntəqələrində elektron kadastr uçotu üzrə çöl-ölçmə işləri tam olaraq bitmiş, kameral işləri yekunlaşıb. 2018-ci ilin birinci rübü ərzində Göygöl rayonu üzrə 23, Beyləqan rayonu üzrə 34, Oğuz rayonu üzrə 14 və Samux rayonu üzrə 19 bələdiyyə xəritələri hazırlanıb”.

Komitə sədri bildirib ki, respublikanın rayon və şəhərləri, o cümlədən qəsəbə və kənd yaşayış məntəqələri üzrə ümumilikdə 26 minə yaxın adsız küçə və prospekt Komitənin təşəbbüsü ilə müvafiq rayon (şəhər) icra hakimiyyətləri tərəfindən adlandırılıb: "Ümumilikdə, respublikanın 57 şəhər və rayonu, o cümlədən, 74 qəsəbə və 1700-ə yaxın kənd yaşayış məntəqəsi üzrə 30 mindən artıq küçə və prospekt, 640 mindən artıq giriş ünvan nömrələri Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib”.