adalet.az header logo
  • Bakı 19°C
07 May 2018 12:09
37834
MƏDƏNİYYƏT
A- A+

Azərbaycan filmi dünya arenasına niyə çıxa bilmir? - SORĞU

Azərbaycan kino sahəsində Sovet dövründən bu yana demək olar ki, barmaq sayı qədər keyfiyyətli filmlər ərsəyə gəlib. İstər müharibə mövzusunda, istərsə də başqa mövzularda. Bu məsələdə həmişə müxtəlif fikirlər səslənir. Biri deyir, maddi problemlər həll olunmalıdır, biri deyir, tamaşaçı nə istəyir, onu da çəkirik. Tamaşaçı deyir, bizə nə göstərirlərsə ona da baxırıq. Fikirlər həmişə haçalanır. Məsələn, matəm günləri televizorda ya keçmiş Sovet filmlərimizi göstərirlər, ya bir-iki son dövrlər çəkilən müharibə filmlərimiz, ya da xarici filmləri. Heç adi günlərdə də tamaşaçıya təqdim etməyə maraqlı filmlərimiz yoxdur. Üstəgəl, dünya film arenasındakı dinamikaya bir qatqımız yoxdur. Qonşu ölkələrdən biri olan İranın filmləri Oskar mükafatlarına layiq görülərkən, biz heç bir filmlə dünya arenasının, dünya tamaşaçısının rəğbətini qazana bilmirik.

İran film sahəsində artıq rejissorlar arasında yaxşı bir mübarizə gedir. Məsələn, Məcid Məcidi, Mohsen Makhmalbaf, Cəfər Pənahi, Əsgər Fərhadi kimi bir sıra fars rejissorlar öz stilistikaları ilə diqqət çəkirlər. İran filmləri dünyanı maraqlandıra bilir. Bəs, niyə biz öz film dünyamızda bu cür rejissorları görə bilmirik? Bu haqqda çox danışmaq olar, amma mən filmşünas deyiləm deyə istədim ki, aktyorlardan, rejissorlardan bu suala cavab alım. 

Azərbaycan kinosunun hal-hazırkı vəziyyəti sizi qane edirmi? Dünya film arenasına niyə çıxa bilmirik? İstedadmı çatmır, maddiyatmı?

Sorğuya yalnız bu aktyorlar cavab verdi.

Adalet.az aktyorların cavablarını sizə təqdim edir.


Faiq Mirzəyev


- Deməzdim ki, Azərbaycanda yaxşı filmlərin çəkilməyi üçün istedadlı aktyorlarımız, yaxud da pul yoxdur. Belə bir sual çıxır ortaya. Ki, məgər çəkilən savadsız, mənasız, duzsuz filmlərə pul xərclənmir? Həmin filmlərdə istedadlı aktyorlar da var, Hollivud, Bollivud, İran və Türk filmlərinə ayrılan pul qədər də olmasa o filmlərə yaxşı pul ayrılır. Bu problemin kökündə başqa səbəblər dayanır. Dünya arenasına çıxmaq üçün məhəllə kütləsinin zövqünə yox, daha bəşəri mətləblərə toxuna biləcək rejissor, senarist lazımdır ki, ətrafına istedadlı aktyorları yığsın və o filmə nə qədər lazımdırsa, o qədər də pul ayrılsın. Belə olsa, filmlərimiz dünya arenasına çıxacaq. Yoxsa, "3 badam 1 qoz” mövzularla, məhəllə mövzuları ilə, qurşaqdan aşağı söyüşlərlə, yaradıcı heyətdə olan birinin yaşadığı primitiv sevgi macəraları ilə, heyətdəki adamların aralarındakı zarafatlardan əmələ gələn senarilərlə alınmayacaq. Dünya qloballaşır, rejissor, senarist sənəti də qloballaşır, onlar dünyada nələrin baş verdiyini, dünyanı nələrin maraqlandırdığını bilməlidirlər.

Məsələn, deyirik ki, "Sarı gəlin”i ermənilər oğurladılar. Bəs, yaxşı, bugünə kimi niyə bu mövzuda bir film çəkilməyib? Yaxud da Fransada vəfat etmiş milyonçuMirzə Əsədullayevin qızı, Musa Nağıyevin nəvəsi, mütərəqqi fikirli bir xanım Ümmülbanu (Banin) haqqında bir film çəkilməyib. Bu mövzularda film çəkib dünya arenasına rahatca çıxarmaq olar.

Sənan Əlləz


- Azərbaycan filminin hazırki vəziyyuəti məni təbii ki, qane etmir. 2016cı ildən bu tərəfə C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında birdənə də film çəkilməyib. Yaradıcı insan kimi, aktyor kimi bu məni necə qane edə bilər? Dünya film arenasına çıxmaq üçün menecment və prodüserlərimiz dəyişməlidir. Prodüsser məktəbi olmayanda çağdaş dövrdə 2 il film çəkş bilmirsən. İstedadsa var, bizdə istedad və istedadlıdan bol heç nı yoxdu. Ümid edirəm hər şey tez bir zamanda öz həllini tapacaq.

Rza Rzayev


- Təkcə istedadımız çatır, qalan hər şeydə geridəyik. Təhsildə,peşəkarlıqda, texniki işçilərdə, texnikada. Ən əsası pulumuz və əhali sayımız azdı. Kino əsas bu iki amillə bağlıdır.

Azər Aydəmir


Kinonun hal-hazırkı vəziyyəti qane edir. Çünki qısa müddətdə özəl film sektorunda inkişaf var və bunu cavan uşaqlar öz gücünə edir. Bundan tez və dinamik inkişaf zatən mümkün deyil. Dünya film arenasına çıxa bilməməyimizin səbəbi isə madiyyatla əlaqəli deyil. "Vedna iz Bleyr” və "Pila” filmlərinin ilkin büdcələri 50 min dollar idi. Arenaya çıxmamağımızın səbəbi ilk növbədə zövqdür. Kino ilə məşğul olan adamlarımızın bir çoxu zövqsüzdür. Biz öz kinomuzu və stilistikamızı yaratmalıyıq. Nə qədər ki, biz türk kinomatoqrafiyasını təkrarlamağa çalışacağıq, bir o qədər də beynəlxalq arenaya çıxmağımız mümkünsüz olacaq.