“Məmur və deputat maaşı orta aylıq əmək haqqından kəskin fərqlənməməlidir”
Son günlər məmurların maaşının artırılması məsələsi gündəmi zəbt edib. Adalet.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov məsələyə münasibət bildirərəkən, məmurlar da daxil olmaqla hər bir vətəndaşın yüksək maaş almasının arzuolunan olduğunu bildirib:
"Amma yalnız bir kateqoriya üzrə əmək haqqı artımında bir sıra məqamların gözlənilməsinə ehtiyac var. Əvvəlla, məmurların maaşı ilə orta aylıq əmək haqqı arasında kəskin fərq heç bir halda arzuolunan deyil. Məmurların və eləcə də deputatların maaşındakı artım orta aylıq əmək haqqıdakı artım tempindən kəskin fərqlənməməlidir”.
"Beynəlxalq Valyuta Fondu bir müddət öncə korrupsiya ilə əmək haqqı arasındakı asılılığı müəyyənləşdirmək üçün İndoneziya Maliyyə Nazirliyinin işçilərinin maaş fondu vəsaiti hesabına 2 dəfə artırmışdı. 1 il sonra fond bu əmək haqqı artımının korrupsiyaya necə təsir etdiyini araşdıran zaman bəlli olmuşdu ki, həmin dövlət qurumunda rüşvətin həcmi də 2 dəfə artıb. Rüşvətin həcmi əmək haqqındakı artıma uyğunlaşdırılıb. Deməli, yüksək maaş heç də həmişə az korrupsiya anlamına gəlmir. Bu isə o deməkdir ki, əmək haqqı artımları nəzarətin gücləndirilməsi ilə müşahidə edilməlidir ki, korrupsiyanın həcmi artmasın, əksinə azalsın. Nəhayət, hər bir qurumda əmək haqqı səviyyəsi o qurumda xidmət səviyyəsinə uyğun olmalıdır. Əmək haqqı artımından öncə xidmətin keyfiyyətini yüksəltməyə ehtiyac var”.(modern.az)