adalet.az header logo
  • Bakı 20°C

POEZİYA... POEZİYA...

VAQİF YUSİFLİ
20003 | 2018-05-05 00:36
ƏDƏBİ HƏYAT

(2017)

III

Öncədən belə bir sual vermişdik ki, 2017-ci ilin şeiri XXI əsr Azərbaycan insanının estetik zövqünü, tələbatını ödəyə bilirmi? Dünyaya, həyata, insana, təbiətə, gözəlliyə, real həyatda baş verən hadisələrə şeir necə reaksiya verir? Bir sözlə, şair və şeir bolluğunda boğuluruq, yoxsa şeir bizi bu mürəkkəb dünyanın qayğılarından xilas edir, yaşamağa, düşünməyə, sevməyə səsləyir? Həmin suallara cavab verməyin iki yolu var - ya biz 2017-ci ilin şeirlərini ənənəvi mövzuları üzrə izləməli, hər bir mövzuda yazılan uğurlu şeirləri nümunə göstərməli, sonra da bu mövzularda nəzərə çarpan qüsurları qeyd etməliyik, bir-iki kəlmə də sənətkarlıq məsələlərindən söz açmalıyıq - bu, birinci yol və deyim ki, illərdən bəri şeir təsərrüfatına belə bir baxış, rəhmətlik Aydın Məmmədov demiş, "mühasibat əməliyyatını" xatırladacaq. "Nə yaxşıdır, nə pisdir" prinsipi artıq ədəbi tənqidin köhnəlmiş iş metoduna qayıtmaq deməkdir. İkinci yol isə 2017-ci ilin şeirlərini ədəbi cərəyanlar üzrə təhlil etmək yoludur. Vaxtilə bizim tənqidçilərdən biri 1998-ci ildən sonra meydana çıxan poeziya nümunələrini milli realist şeir, simvolik şeir, modernist şeir və postmodernist şeir bölgüləri üzrə qruplaşdırmışdı və bəzi məqbul cəhətlərinə baxmayaraq bu bölgü Azərbaycan poeziyasının müasir vəziyyətini heç də düzgün əks etdirmədi. Çünki o şairlər ki, modernist şeir və postmodernist şeir bölgüsünə daxil edilmişdi (Qulu Ağsəs, Ağayar Şərif), bu ədəbi cərəyanların həmin şairlərin yaradıcılığına heç bir dəxli yox idi. Bizim poeziyada simvollar, rəmzlər istənilən qədərdir, lakin bunlar bütövlükdə "simvolik şeir" cərəyanını yaradırmı?. Ona görə 2017-ci ilin şeirlərini müəyyən mövzular və ədəbi cərəyanlar üzrə deyil, bizi düşündürən bəzi problemlərlə bağlı gözdən keçirəcəyik.
Azərbaycan şeirinin milliliyi, özəl xüsusiyyətləri ilk növbədə müasir ədəbi dilimizdə öz əksini tapır. Əli Kərimin "Üçüncü atlı" poemasında rus şairi Lermontov deyir ki:

Bu şirin dilini yaratmış güman,
İlahi damağı çağ olan zaman.
Tar üstə, saz üstə bəsləmiş onu,
İlk dəfə avazla səsləmiş onu.
Bu dildə varlığın hər sədası var;
Bir neçə sait də düşməmiş kənar.
Nəinki hər səsi, hər yarım səsi,
Dinlə sədaların zərrəsini sən.
Bu dil təmizlikdə uşaq nəfəsi,
Gözəllik utanır bu incə dildən.

Dilimizin gözəlliyini, "nərmi-nazikliyini", qəlbimizin ən dəruni hisslərini ifadə etdiyini, kədərimizi, qəzəbimizi, harayımızı, fəryadımızı ilk növbədə, şeirimizdə, bədii sözümüzdə hiss edirik. Akademik Nizami Cəfərov yazır: "Məlum məsələdir ki, mükəmməl forma həllini tapa bilməyən poeziya əsl poeziya deyil - istər əruzda, istər hecada, istərsə də sərbəst şeirdə olsun. Şairə "belə yaz, elə yaz, bu sözü, bu cümləni, bu təşbehi elə işlətmə, belə işlət" demək absurddur. Onu şair bilir, əgər bilmirsə, - demək, şair deyil. Ana dilinin keşiyində birinci növbədə məhz şairlər dururlar. Onlar ana dilini bir mərhələdən digər mərhələyə, bir dövrdən digər dövrə aparırlar - Nəsimi kimi, Füzuli kimi, Vaqif kimi, Səməd Vurğun kimi". Amma bunu da gizlətmək istəməzdik ki, şeirimizə də xeyli texniki, müxtəlif elmi terminlər axışıb gəlməkdədir. Şeirdə elmi terminlərin, söz və ifadələrin, riyaziyyata, fizikaya, həndəsəyə, mexanikaya aid kəlmələrin bədii təyin kimi, ya da guya mətləbə dəxli olan sözlər kimi işlənməsinin şahidi oluruq və bunların şeiri zəiflətdiyini görürük. Məsələn, gənc şair Aqşin Evrənin şeirlərində bu tipli sözlərə, ifadələrə rast gəlirik: "qövsvari dodaqların üfiqi uniforma geyinərək, yəni gülüşsüzlük erası" misralarında "qövsvari dodaq" ifadəsini anlamaq olar, bəs uniforma (mənası rəsmi paltar geymiş manec xidmətçisi) sözünü mütləq işlətmək lazım idimi? Yaxud, elə həmin şairin bu misraları: "İndi bizim tale yolumuza enir zebr şlaqbaum. Şlaqbaumda canını tapşır ambulans duaları". Özünü bu cür zora salmağın bir mənası varmı? Çox təəssüf ki, dilimizdə bu tipli sözlərə, ifadələrə, əcaib terminlərə təkcə cavanların deyil, təcrübəli, artıq az-çox özünü təsdiq etmiş yaşlı şairlərin də şeirlərində təsadüf edirik.
Sanki bunlar etiraz kimi Firuzə Məmmədli "XXI əsr" şeirində yazır ki, "Uzaqgörən" ədəbiyyatşünasların fikrincə, "izm"lərdən sonra postinsan mərhələsi (cərəyan) başlanacaq. Əgər belə bir fəlakət baş verərsə, elə bilirəm ki, bu özünü öncə əsərin dil-üslubunda göstərəcəkdir". Baxın həmin şeirə:

Şizofrenik döyüşlər,
Rostmodern söyüşlər.
Energetik görüşlər,
Diplomatik öpüşlər.
Ekstrasens xətalar,
İnnovasion ədalar.
Alternativ cərimələr,
Plüralist kəlmələr,
Monoqam dartışmalar,
Poliqon atışmalar.
Kosmodrom ölkələr,
İppodrom bölgələr.
Milli kamikadzelər,
Yarımmilli mazelər.
Eksperimental maraqlar,
Degenerativ yaraqlar.
Eksklüziv fərmanlar,
Kosmopolit dərmanlar.
Laminant göydələnlər,
Mobil çərən-pərənlər.
İnternet manqurtlar,
Supersmarket anqutlar.
Tolerant teleekranlar,
Yevrovicin reklamlar.
Nə... Nə yaxşı yenə də
Astarı üz dünyadı.
Sirrində, sorağında
Gecə-gündüz dünyadı.

Bütün yaradıcılığı boyu şeirlərində bəlkə bir xarici terminə belə müraciət etməyən, həmişə dilimizin və dilçiliyimizin təəssübünü çəkən Firuzə xanımın narahatlığını başa düşürük. Təbii ki, narahat olmağa dəyər. Bakıda oturub internet vasitəsilə Avropa mədəniyyətinə yiyələnmək ehtirasının zərəri göz qabağındadır. Amma Vətəndən çox-çox uzaqlarda yaşayan bizim ünlü şairimiz Məmməd İsmayıl heç bir təsirə, yabançı məlumatfüruşlağa qapılmayaraq Avropada da Azərbaycan şeirini yazır və onun şeirlərində dilimizin əzəli-əbədi saflığı da göz qabağındadır:

Ah, cavan vaxtlarım, cavan vaxtlarım,
Aynalara baxsam, xəbər-ətər yox.
Qocalan canımda gəncliyə yer yox,
Hardasan, mən səni harda axtarım?

Yaşın çoxdan keçib iki otuzu,
Bəlkə də iştahın iki əllidi.
Çöpləri boşalan kibrit qutusu,
Alışmaq adına boş təsəllidir.

Yazın gəlişinə əriyən qarmı,
Getsən də yolların mənzilə çıxmaz.
Əriyən qarlardan qalxan buxarmı?
Nə qədər bağırsan, səs zilə çıxmaz.

Ata yox, ana yox, bir oğlu birdin
Yorğunluq yolunu sarmış bu ömrün.
Sən otuz səkkizə çatmaz deyirdin,
Yetmiş səkkizi də varmış bu ömrün.

XXI əsr gəldi və şeirimizdə tale, ömür, xatirə, nostalgiya xətləri gücləndi, fərdi, subyektiv duyğular daha çox diqqət mərkəzinə çəkildi. Azərbaycan şeirində ömürnamələr, xatirə dəftərləri, tərcümeyi-hallardan gələn motivlər poeziyada əvvəllər də mövcud idi, lakin yeni əsr bütün mürəkkəbliyi ilə insanı öz ömrü, keçmişi və indisi barədə düşünməyə sövq eləyir. Əlbəttə, bu düşüncələrdə təkcə keçmişi xatırlayıb pessimist xəyallara qapılmaq yoxdusa, keçmiş bu gün üçün xoş bir xatirə, yaşamağa stimuldursa, daha yaxşı.
Burada mübahisə doğura bilməyəcək bir məsələ barədə də söz açmaq istərdim. Bu da şeirdə "lirik mən" məsələsidir. Vaxtilə, sovet dönəmində "lirik mən" - yəni şairin öz aləmi mütləq cəmiyyətdə yaşayan insanlara da aid olmalı idi. "Mən" deyəndə "biz" nəzərdə tutulmalıydı və ədəbi tənqid də çox zaman şairdən bunu tələb edirdi. Amma eyni zamanda, bunun əksinə olaraq "lirik mən" yalnız şairin öz tərcümeyi-halına, şəxsiyyətinə də aid idi. Məsələn, Səməd Vurğunun "Şair, nə tez qocaldın sən" şeirində ifadə olunan fikirlər bir şair ömrünün bəlirtiləri idi, eləcə də "Mən tələsmirəm" şeiri. Amma "Düşüncələr" şeiri təndiddə belə yozulurdu ki, burada şair təkcə özünü yox, ümumən bütün aqil, düşünən insanların, artıq müdriklik yaşına çatmış sovet filosofunun fikirlərini ifadə edir. Rəsul Rzanın şeirləri də bu iki münasibətin hədəfi idi. "Yazıq sənə, yazıq, Rəsul Rza" misrası dövr edən şeir yalnız Rəsul Rzaya, onun "lirik mən"inə aid edilirdisə, bir çox şeirləri "Mənə bir sərgi salonu verin", "Mən istəyirəm buludlar ağlasın, uşaqlar ağlamasın" şeirlərindəki fikirlər təkcə özünə yox, həm də ümumiyyətə şamil edilirdi. Belə misalların sayını yenə artırmaq olar. Əslində, tənqiddə belə bir "haçalanma" - ikili münasibət mənasız idi. Amma bu "xəstəlik" ayrı-ayrı ustad şairlərin fikri "münaqişələri"ndə də öz əksini tapırdı. Rəsul Rzanın məqalələr toplusunun adı "Mənim fikrimcə", Məmməd Rahimin məqalələr toplusunun adı "Xalqın istəyincə" adlandırılmışdı. Bəs indi?

Nə əvvələm, nə indiyəm,
Səksənimin içindəyəm.
Axırıncı keçiddəyəm-
Keçidimi keçim gedim.
O bulaqdan çox içmişəm,
Bu çeşmədən içim gedim.
Bir sot biçin yerim qalıb,
Bu yeri də biçim gedim.

(Musa Yaqub)

Belə misalların sayını yüz qat artıra bilərik. Yəni "lirik mən" tənqidin bu birtərəfli sancmalarından xilas olur. Biz də bu məsələyə Vissarion Belinskinin bu fikirləri ilə xitam verək: "Ürək orqanizmdən asılı olduğu kimi, yaradıcılıq da sənətkardan asılıdır. Şairin yaradıcılıq fəaliyyətinin mənbəyi onun öz şəxsiyyətində ifadə olunan poetik ruhundadır. Şairin əsərlərinə valeh olan adamlar həmişə bu əsərlərdə nə isə özlərinə çoxdan tanış olan bir şey tapırlar, elə bir şey ki, bu onların özünündür".
(ardı gələn şənbə sayımızda)


TƏQVİM / ARXİV