adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
05 May 2018 00:30
18982
ƏDƏBİYYAT
A- A+

Başım cəllad əlində - nə kəsər, nə bağışlar...


Ötən il əziz dostum Əli Mahmudun doğum gününə həsr etdiyim yazımı nöqtələrlə bitirmişdim. Elə o nöqtələrdən başlamaq istəyirəm. O nöqtələr həsrətin, ayrılığın zərrələri kimi yadımda qalıb. Şuşadan, Qarabağdan ayrı düşmüş şairlər var. Onlardan biri də Əli Mahmuddu. O Əli Mahmud ki qələmini həmişə döş cibindən vətəndaşlıq cəsarətiylə çıxarıb. Elin, obanın, bütövlükdə, xalqın təəssübünü çəkə-çəkə yazıb-yaradıb.
Əli Mahmud 1948-ci il mayın 1-də Laçın rayonunun Piçənis kəndində doğulub. Bu mayda onun 70 yaşı tamam olur. Və beləcə, Əli Mahmudun 70 illik həyat və 50 ilə yaxın da keşməkeşli yaradıcılıq yolu gözlərim önündə canlanır. O, iki fərqli dövrdə fəaliyyət göstərib, yazıb-yaradıb - həm siyasi-ideoloji basqıların, təzyiqlərin insan ruhuna hakim olduğu bir dövrdə, həm də sözün azadlığa, günəş işığına çıxdığı bir zamanda- müstəqillik illərimizdə. Onun ədəbi taleyi sınaqlardan keçə-keçə zamanımıza öz saflığı, duruluğu ilə birgə gəlib çıxıb. Biz indi onu həm sovet dövrünün, zamanının şairi, həm də çağdaş, müstəqil Azərbaycanın şairi kimi tanıyırıq. Postsovet ədəbi mühitinə məxsus müsbət əlamətləri də bir şair kimi özündə qoruyub-saxlayıb. Eyni zamanda sözün müasir ruhunda da özünəməxsus koloritilə seçilən zəngin yaradıcılıq nümunələrilə seçilən yazarlarımızdan biridir. Ədəbi yaradıcılığı Qarabağ tabloları, parçalanmış Vətənin ayrılıq, həsrət dolu əzabları ilə çulğalaşıb. Nəticədə, onun yazdığı bütün poetik örnəklər canında, qanında təpər olan hər bir soydaşımızın milli mənliyinin, milli özünüdərkinin formalaşmasına təsirsiz ötüşmür. Əli Mahmudun yaradıcılığı ilə nə vaxt baş-başa qalıramsa, o zaman sanki XIX əsr ədəbi mühiti də yaddaşımdan bir-bir gəlib keçir. O dövrün düşüncəsi, şifahi yaddaşı, hər cür tərənnüm vasitələri Əli müəllimin şeirlərində milli-mənəvi yaddaşımızın bir guşəsi kimi əzizlənir, nazlanır. Bir sözlə, şair bu günə, sabaha olduğu kimi, dünənə, ötən çağlara da böyük sevgilə yanaşır. Dedik ki, Əli Mahmud Şuşadan, Qarabağdan ayrı düşmüş, lakin qəlbi doğma yurd eşqi ilə çırpınan şairlərimizdəndir. Ədəbiyyatşünas, tənqidçi Vaqif Yusifli bu məqamda çox doğru qeyd edir:
"...Əli Mahmud mənim üçün Qarabağın mənəvi təcəssümüdür. Tale elə nəhs gətirib ki, iki dəfə Şuşaya getmək istəmişəm, amma gedə bilməmişəm. Bax, Əli Mahmud mənim üçün həmin Şuşadır - bütün şanlı tarixilə, indisiylə. Qarabağdan, o cümlədən Şuşadan çoxlu tanışım var. Amma onların hamısı bir yerdə - bütün gözəl xüsusiyyətlərilə birgə Əli Mahmud obrazında cəmlənir. Yəni mən əsl qarabağlıdan və əsl şuşalıdan danışıram..."
Bəli, sözün gerçək mənasında Əli Mahmud Piçənisdə doğulmasına baxmayaraq, həm də təpədən-dırnağa bir şuşalı, qarabağlıdır. Çünki Şuşa ağrısı onun dilinin ucunda bitib. Və istər-istəməz bu ağrını heç bir misrasında, heç bir beytində gizlədə bilmir.

...Şuşa şəhərlərin baş şəhəriydi,
Yaddaş şəhəriydi, daş şəhəriydi-

deyən şairin içində, ruhunda tüğyan edən Vətən yaralarını gözündən, alnının qırışlarından, sözünün hərarətindən, od-alovundan oxumaq olur:

Para meşə paradımı?
Qara daşım qaradımı?
Dağlar məni aradımı?
Kimə dedi gileyimi?

Saçlarımda mehi qalıb,
Əllərimdə şehi qalıb,
Bu dağların nəyi qalıb,
Çalınmayan bir neyimi?

Məncə, o ney təcavüzə məruz qalmış insan taleyinin ən kədərli nəğməsini çalmaq istəsəydi, yenə də şairlərə üz tutardı. O şairlərdən biri də elə haqqında danışdığım müəllifin özüdür. İçində həm də millətin ağrı-acısını gəzdirən, ruhu etiraflarla dolu bir şairin özü.

Ürəyimiz dağlı hələ,
Yollarımız bağlı hələ,
Bir qılıncam zağlı hələ,
Bəs niyə qoruyammadım,
Quzeyimi, güneyimi?

Bu yerdə yenə də cəfakeş tənqidçimiz Vaqif Yusiflinin şair haqqında dedikləri yadıma düşür: "Əli Mahmudun haqqı var deməyə ki, "bu Vətən oğulsuz imiş". Əli Mahmudun haqqı var qışqırmağa ki "Vətən, haram olsun bizə çörəyin"".
Elə şairlər var ki, onların bu və ya digər misraları buz üstdə yeriyən poeziyanı xatırladır. Əli Mahmudun da elə misraları var ki, onu təkar-təkrar yada salmaqdan, misal gətirməkdən çəkinmirsən. Yada salacağım həmin misralar da şairin poeziyasının baş tacı hesab etdiyi Şuşa haqqındadır:

Dan yeri qanla
Sökülən şəhərim.
Kişnərtisi qızıl qayada
boğulub itən,
tövləsi, axuru sökülmüş,
yüyəni, yəhəri yandırılmış,
inadı sındırılmış
Kəhərim.

Bax, həmin inadı sındırılmış kəhərin - Şuşanın da işğal günü yaxınlaşmaqdadır. Düşmən tarixin elə bu günlərində Əli müəllimin doğma kəndini - Meşəlini, Kərkicahanı, Malıbəylini, Quşçuları, Xocalı qəsəbəsini viran qoyaraq Şuşaya doğru irəliləyir. Amma Şuşanın süqut edəcəyinə kimsə inanmırdı. Və beləliklə, Şuşanın işğalı günü Azərbaycan xalqının mənəviyyatına, düşüncəsinə endirilən böyük zərbə, hər bir yurdsevər azərbaycanlının bağrını qana döndərən fəlakət, daim ürəyimizdə, gözlərimizdə sızlayan yaraya çevrildi. O yara artıq vücudumuzda üçüncü onilliyini yaşayır. Amma eyni zamanda, bətnimizdə bir qeyrətin, şücaətin formalaşıb doğulması ərəfəsini də yaşamaqdayıq. Bu ruhu bizə dövlətimizin, hökumətimizin tutduğu Azərbaycançılıq, türkçülük yolu ilə bərabər, şair-yazıçılarımızın- təkcə silahın yox, həm də sözün qələbəsinə inanan yaradıcı insanlarımızın mənəvi əzəməti aşılayır. Biz mübariz şairlərin şeirlərini oxuduqca, içimizdə bir dirçəliş dalğası ləngərlənir. Bu baxımdan, Əli Mahmudun da şeirləri hər zaman bir qayda olaraq mübariz əhvali-ruhiyyə ilə bitir. Yəni o, bir az əvvəldə də dediyim kimi, heç vədə sözün bədii məğlubiyyətilə barışmır, yəni dekadent şair deyil. Məsələn, Məhəmməd Hadi yazırdı ki, ölüm, eyvah, o bir nemət, o bir şanlı səadətdir.
Çıxış yolunu yalnız ölümdə görən şairlər ən pis halda intihara məhkumdurlar. Bax, dediyim poetik-bədii keyfiyyət də Əli müəllimə Sovet poeziyasının ənənələrindən yadigar qalıb.
Fikirlərimi əsaslandırmaq üçün özümü çox da zora salmaq istəmirəm. Elə şairin yaddaşımda ilişib qalmış misralarını dilə gətirirəm.

Var-yoxu talanım mənim,
Düzlərdə qalanım mənim.
Yüzüm mənim, minim mənim,
Ay imanım, dinim mənim.

İnsan dinə-imana sahiblənəndə həm də çox güclü, qüdrətli olur. Şair demək istəyir ki, insanın üzləşdiyi bütün kritik məqamlarda çıxış yolu var. Yetər ki, o, özünə, ağlına, ədalətinə güvənsin. Onda bir yüzə, yüz minə çevrilir.
Əli Mahmudun çox sevdiyim poetik obrazlarından biri də "dağ" obrazıdır. Dağları vəsf edən şairin dağlardan ayrı düşdüyünün qüssəsini yaşadan çoxlu şeiri var. Bu silsilədən "dağlara bahar gələr" şeiri özəl poetik duyğular yaratmasıyla fərqlənir.

İnsanlar qayaların
məxmər, mamır telləri.
Burum-burum burular
dərələrin selləri.
Şimşəklər çaxar gələr.
dağlara bahar gələr.

Vətəni talan edilmiş, yurdu yağmalanmış şairin dağlara mütəmadi üz tutması da təbiidir. O, dağlara bir əyilməzlik simvolu, təbiətin nizamını qoruyan, yerin ləngərini saxlayan güc-qüdrət mənbəyi kimi baxır.
Əli Mahmud obyektiv və təmənnasız bir ziyalı, sakit və təmkinli bir insandı. Elə yaradıcılığı da özünə bənzəyir. Şeirləri öz təmkini və sanbalı ilə göz oxşayır.
Bu yaxınlarda yüz on illiyi respublika səviyyəsində qeyd ediləcək Mir Cəlal Paşayevə həsr etdiyi şeiri yadıma düşür. Bu şeir həm də müəllifin öz obrazını xatırladır.

Xırdalanıb bölünməmək,
Yaddaşlardan silinməmək,
Ələklərdə ələnməmək,
Şax yaşamaq ölənədək,
Müdriklikdi.

Bulaqlardan duru olmaq,
Min-min gözün nuru olmaq,
Qaranlığa işıq salmaq,
Əbədi zirvədə qalmaq
Müdriklikdi.

Şairin əqidəsindən, xarakterindən doğan bu müdrikliyinə, onun milli-mənəvi yaddaşımızı daim ayaqda saxlayan ədəbi və işgüzar fəaliyyətinə dövlətimiz və müxtəlif ədəbi təşkilatlar həssaslıqla yanaşaraq, yüksək qiymətləndiriblər. Belə ki o, "Qızıl qələm", "Məmməd Araz", "Dan Ulduzu" mükfatlarına layiq görülüb və prezidentimiz İlham Əliyevin Sərəncamı ilə bu ilin əvvəlində "Tərəqqi" medalı ilə təltif edilib.
Mənim düşüncəmə görə isə, onun adı qarşısına yazılan şair titulu bütün rəsmi və mənəvi adlardan ucada dayanır. Əsası odur ki, şair millətimizin məğlubiyyətilə barışmır. Daim milli qürurumuzu, soydaşlarımızın əqidə və amalını qələbə uğrunda inama kökləyir. Doğrudur, onun şeirlərinin əsas qəhrəmanı Vətəni talan olmuş, yurdu yandırılmış, ocağı söndürülmüş Azərbaycan övladlarıdır. Lakin bu övladların, şeirlərində poetik məni canlandırılan bu qəhrəmanların gözündən bir ümid işığının boylanmasını da görürük. Şair özü də etiraf edir ki, ruhu məğlubiyyətə uğramayan bir millət, bir xalq nə vaxtsa öz haqqını tələb edərək, öz ədalətini bərpa edəcəkdir. Əsası odur ki, ruhumuzun işğalı baş verməyib. Şair ən adi təbiət təsvirlərində də bu qəbildən olan sarsılmazlığı poetik fikir kimi ortaya qoyur. Zərifliyi, nəcibliyi Allah da qoruyur. Yetər ki, varlığın, insanın içərisindəki inam qırılmasın, itməsin. İşıq nə qədər gur olsa da, gözlərini qırpmadan işıq selinə baxa bilmək üçün insanın mənəvi ləyaqəti büdrəməməlidir. Təbiətdəki bənövşələr yağı ağzından, qəfil tufandan, seldən-sudan və s. necə qorunur? Bu poetik fikri də ədəbiyyata gətirən Əli Mahmuddu və mən bu fikri həqiqətən poetik kəşf hesab edirəm.

Qoxlanmamış bənövşələrə
Keşik çəkən
Qaratikan kolu.
Yaxud:
Yağı əlinə düşməmək üçün
Özünü qayadan atan
Qız şəlalələrim.

Qarabağın Araza doğru millənən son ətəklərində, yamaclarında - doğulduğum Cəbrayıl torpağında da bənövşələr adətən qayaların sığınacaqlarında, daş taxçalarda və qaratikan kollarının dibində qorunardı. Bir qədər geniş sferadan yanaşanda, bu üç-dörd sətirə bütöv bir həyatın fəlsəfəsi sığışdırılıb. Həm də təkcə fəlsəfəmi? Diqqət etsəniz, bu misraların arasında böyük bir tarix də uyuyur - qanlı-qadalı bir tarix. Xocalıda, Laçında, Şuşada, külli Qarabağda əsir düşən, qanı axıdılan, qətlə yetirilən, ruhuna və məninə təcavüz edilən qan qardaşlarımız, bacılarımız, analarımız yada düşür. Şeirdə o da xatırlanır ki, sən demə, zərifliyi qorumaq üçün tikanlar da gərəkmiş. Və düşmən bizim zərifliyimizə susasa da, tikanlarımızı da görməlidir.
...Düşüncələrimi şairin sevdiyi poetik obrazlardan biri olan dağa müraciətlə yazdığı misralarla bitirmək istəyirəm.

Uca dağ,
Bütün dağlardan
Qoca dağ!
Gəlmişik,
Bir ürək sevgi
Gətirmişik sənə.
Övlad məhəbbətiylə
Qorunacaqsan yenə.

Bu da Əli Mahmudun özünəməxsus poetik vüqarı və gələcək qələbəmizə inamı işarələyən zəfər nidası...
Amma təəssüf, min təəssüf ki, hələ də həsrət, hicran, ayrılıq onun başı üzərində amansız cəllad kimi dayanır. Şairin öz ifadəsiylə desək, əlində də zağlı qılıncı. Klassik düşüncədə deyildiyi kimi, başım cəllad əlində - nə kəsər, nə bağışlar...