adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
05 May 2018 00:24
10320
ƏDƏBİYYAT
A- A+

Geriyə yol varmı...

Nemət Veysəlli

(əvvəli ötən saylarımızda)

Veysəlli bağları...

Elegiya

Veysəlli bağları bağ deyildi ha, yaşıl muzeydi, botanika bağıydı. Bağ deyəndə bu bir neçə adamın - ilk növbədə Alı, Vəli və Həsən Rzayevlər qardaşlarının, Məşədi Eyvazın, Qulu kişinin, nəhayət Astan kişinin bağlarının cəmi, toplusu idi. Amma onlar yan-yana, yanaşı idilər. Bu bağlar qıraqdan bütöv, tam şəkildə görünsə də, o içəridən kvadratlara, ayrı-ayrı sahələrə bölünmüşdü. Bağları bir-birindən qıraqlarına göyrüş əkilmiş arx-çəpərlər ayırırdı. Bu arxlar indiki nəsillərin təsəvvür etdikləri şəkildə deyildi. Arxların qıraqları boyu sıx-sıx əkilmiş göyrüşlə bərabər, gövdələrinə üzüm tənəyi dolaşdırılmış qol-budağı göylərə dirənən tut ağacları da əkilmişdi. Belə arxların qıraqlarında, adlarını sadaladığım ağaclarla yanaşı, əncil, nar kolları da salınırdı. Bu xüsusi bağlar XVIII əsrin axırlarındamı, XIX əsrin ortalarındamı əkilmişdi, deyə bilmərəm. Quş uçuşu zirvəsindən boylanırdın - bağlar xalça şəklindəydi. Hər şey yerli-yerində. Bütövün, tamın içində təsadüf deyilən bitki yoxdu. Bu ağacların salınmasında, qohum meyvə ağaclarının qruplaşdırılmasında, onların düzülüşündə, normal, vaxtlı-vaxtında tozlanması üçün bütün amillər qabaqcadan nəzərə alınmışdı. Məsələn, bir qrup ağaclar - qozlar bir xəttin üstündə əkilmişdi. Dübbədüz, oxlov kimi. Məlumdur ki, qoz ağacları böyüdükcə, qol-qanad artdıqca böyük bir ərazini əhatə edir. Bağbanlar bunu da nəzərə almışdılar. Qoz ağaclarının iri gövdələrinin ətrafı nisbətən genişlikdi. Amma səliqəli, cərgə ilə əkilmiş ağacların uca qol-budaqları havada, göylərdə bir-biriylə birləşmişdilər. İri yarpaqlı qoz ağacları ətrafa sakitlik, sərinlik gətirmişdilər.
Meyvələr yetişər, yetişməz qoz ağaclarına daş atardıq, salvalayardıq. Elə ağacın dibindəcə çoxlu-çoxlu çay daşı vardı, onlarla yetişməkdə olan meyvələri parça-parça edirdik, əllərimiz, əllərimizin içi qaralırdı.
Kənd yolu ilə bağları bir-birindən iri, enli və dərin xəndəklər ayırırdı. Mal-qara, qoyun-quzu bağlara girib ziyan vurmasın deyə, kənd camaatı haradansa uzun gövdəli qaratikan kolu qırıb gətirmişdilər. Xəndəyin lap üstünə iri ağac payaları sancmışdılar, qaratikan kolları bu payalar vasitəsi ilə xəndəyin üstündə bərkidilmişdi. Belə qaratikan çəpərlərdən sonra bağlara nəinki qoyun-quzu, heç iribuynuzlu camışlar, inəklər də yaxın dura bilməzdilər.
...Nəhəng gövdəli, uca qol-budaqlı qoz ağaclarının cərgəsi qurtarandan sonra, bağın sol tərəfi sıx əkilmiş incillikdi. Ağ və xırda meyvəli incillə yanaşı, elə həmin sırada da qara, dənələri gürcü xəngəlinə oxşayan incillik də əkilmişdi. Çoxdan, lap çoxdan əkildiyinə görə incillərin gövdəsi yoğunumuşdu, şaxələnmişdi. Qızmar günəş zamanı kölgəsinə girirdin - iri yarpaqlar çətir kimiydi, yerə günəş şüaları düşmürdü.
İri ağ və bedana tut ağacları bağın aşağı tərəfindəydi. Yerin bu hissəsində Həsən kişinin bağını o birilərindən qara kəhrizin bir dəyirmanıq suyu, arxı ayırırdı. Su arxının bəzi yerlərinə göyrüş ağacının kötüyü düşmüşdü. Su bu yerlərdə hərlənir, fırlanır, burulğana çevrilir, bəzən də kiçik göl əmələ gəlirdi. Burulğana dönmüş, gölə çevrilmiş sular söyüdlərin xırda yarpaqlarına, yay böyürtkəninin iri salxımlarına toxunurdu, axıb aşağılara gedirdi.
Veysəlli bağları o illərin, o illərdə yaşayan bağbanların istəyinə, zövqlərinə uyğun salınmışdı. Bağda elə yerlər vardı ki, günorta istidən, kövşəndən gələn birincilər, bostanda çalışan qız-gəlinlər yalnız bu yerlərdə dincəlirdilər, geniş süfrə açırdılar.
Bedana ağaclarının ətrafında başqa bitkilər də əkilirdi. Heç onların iri gövdələrinə üzüm tənəkləri də dolaşmırdı.
Bu ağacların yumşalmış, əriyə bənzər iri dənəli tumunu camaat yeyirdi. Vedrələrə doldurub evlərinə aparırdılar. Qapılarında ocaq qalayıb bəhməz düzəldirdilər.
Rəhmətlik Rzayev Həsən Rza oğlunun bağı ərazicə çox da böyük deyildi: uzaqbaşı olardı iki hektar. Amma ərazicə çox da böyük olmayan bu yaşıl səltənətə girirdin. Elə bil sirli-sehrli bir aləmə düşürdün - iri gövdəli, zirvələri buludlara toxunan qoz ağacları, üzüm tənəkləri, tənəklə bağlı üzüm salxımları bir ağacdan o birisinə asma körpü saçırdılar, cürbəcür, qara, ağ, qonur rəngli salxım, üzüm qatarına baxırdın - hayıl-mayıl olurdun. Aşağıdan, ağacların dibindən günəş şüaları altında bərq vuran, yetişmiş üzüm salxımlarına baxırdın, ağzının suyu axırdı. Qarabağda ayda-ildə bir dəfə əsən güclü küləklər - əncil yarpaqlarını xışıldadırdı, uğuldadırdı... Ağacların lap zirvəsində mürgü döyən sığırçınlar "pırr" eləyib uçub gedirdilər.

***
Rzayev Vəli Rza oğlunun bağında o biri qardaşları ilə müqayisədə oxşar və ümumi cəhətlər olsa da, fərqli məqamlar da kifayət qədərdi. Əvvəla kiçik qardaşın bağ sahəsi böyük qardaşla müqayisədə böyükdü, genişdi. Müxtəlif növ meyvə ağaclarının əkilməsində, əraziyə necə paylaşmasında da fərqli cəhətlər vardı. Vəli kişinin bağında iri gövdəli, erkək tut ağaclarına üzüm tənəkləri daha çox sarmaşmışdı. Mən biləni, yadıma düşəni odur ki, burada məhsuldarlıq daha artıqdı. Ağaclara dırmaşdırılan üzüm tənəklərinin əksəriyyəti də qara sort idi. Salxımlar orta çəkilidi. Amma, istəyirsən lap bir vedrə ye, səni incitmirdi, köpdürmürdü. Bu üzüm növləri Veysəlliyə haradan gətirilmişd, necə gətirilmişdi, bilmirəm. Bu uca, iri gövdəli ağaclar niyə vaxtında calaq edilməmişdi, bu da sirdi. Sonralar dərk etdim ki, bu ağaclar məhz elə bu sort üzüm tənəkləri üçün nəzərdə tutulubmuş. Axı, uşaqlara, camaata üstündə tutu olan ağaclara çıxmağı kim qadağa edəcəkdi?
Mənim indiki düşüncəmə görə gövdəsinə, budaqlarına üzüm tənəkləri dolaşmış ağaclardan tonlarla məhsul yığılırdı. Üstü bıtraq kimi dolu üzüm məhsullarını qabaqca kolxozçular yığırdı, sonra bu sahələrə camaatın, uşaqların hücumu başlayırdı. Kolxozçuların əlləri çatmayan yerlərə uşaqlar, yeniyetmələr dırmaşırdı. Onlar vedrələrini, toxunma cəvərənlərini, qoltuqlarını əl vurulmamış üzüm salxımları ilə yanaşı, dəngül-düngül, xırda salxımlarla da doldururdular.
Vəli kişinin bağı bizim evimizlə üzbəüzdü. Həyətimiz aşağı tərəfdən gedib xəndəyə dirənirdi. Yolun o üzü isə bağdı. Enli və hündür xəndəyi aşırdın - cərgə ilə əkilmiş incillikdi. Burada qollu-budaqlı, yarpağı sıx palıdla yanaşı cır, daş armud da əkilmişdi. Qara kəhrizin bir neçə səmtə yönələn suyunun bir qolu da elə buradan keçirdi. Bu ərazidəki torpaqlar necəydisə, hansı təbii əlamətlərə xas idisə - ağacların dibi, yan-yörəsi həmişə qatı palçıqlı olardı. Bəlkə də arxdan su sızırdı - məlum deyildi.
Həsən kişinin bağı çoxsüjetli, çoxilməli, yüzlərlə gülü, çiçəyi birləşdirən xalçaya, tabloya bənzəyirdi. Beş, on addımlıq torpaq sahəsində, indiki ləhcəylə desək, landşaft yaradırdı. Müxtəlif növ nar kolları, tut ağaclarının başına dolanırdı. Sıx əkilmiş göyrüş, incil topası küləyin, qarın, çovğunun qəzəbini ram etməklə yanaşı, onlar həm də ətraf üçün, daha zərif ağacların, bitkilərin çəpəri vəzifəsini yerinə yetirirdi. Ətrafda əkilən ağaclara, onların əkilmə qaydasına, düzülüşünə, bir-biriylə necə "danışmalarına" diqqət yetirirdin - yerində quruyub qalırdın! Hər şey əvvəlcədən düşünülüb, nəzərə alınıb.
Vəli kişinin yaşıl məmləkətnin tən ortasında həmişə günəşli açıq torpaq zolağı olardı. Təqribən bir hektarlıq yerdə heç bir ağac, gül-çiçək əkilməmişdi. Maraqlıdı, qara buludu xatırladan bağın göbəyində bu nə açıqlıq, zolaqdı?
Sən demə bu bir parça yer meyvə-tərəvəz, bostan məhsulları becərmək üçün nəzərdə tutulubmuş.
Bu məqsəd üçün yer elə ayrılmışdı ki, bağlar hər iki tərəfdən onu əhatəyə - küləyin, qarın, çovğunun qabağını alırdı. Kiçik bir sahədə yemiş, qarpız, xiyar və pamidor çınqıl kimidi.
Ədalət naminə onu da deyim ki, burada becərilən bostan məhsullarından kənd camaatının hamısına pay düşürdü.
Həsən, Alı və Vəli Rzayev qardaşlarının gözə görünməyən, az sezilən qəribə bağbançılıq kompoziyası, bəndi-bərəsi, yaşıl kəmərləri də vardı. Azərbaycanın, dədə-babalarımızın bağbançılıq və əkinçilik mədəniyyətinə iliyinə qədər bələd olan bu qardaşlar sənət əsəri kimi yaratdıqları bağların seçilən, dərhal gözə çarpan nöqtələrində elə nadir növ ağacları əkiblər ki, bu bitkilər böyüyəndən, qol-qanad açandan sonra mayak qiyafəsinə düşürdülər. Bağın harasından baxırdın - bu ağaclar hündürlüklərinə, yaraşığına görə başqalarından seçilirdilər. Və həmişə də bağbanlar, bağ gözətçiləri daxmalarını bu ağacların iri gövdəsi, qol-budaqları arasında quraşdırırdılar. Göyrüş kəsiklərindən də ayaqaltı, pilləkən düzəldirdilər. Belə gözətçi evlərindən ətrafa baxırdın - dünya görünürdü.
...Düzdür, Qaryaginin bərəkətli torpağı müharibə illərində insanların əlindən çox tutub. Füzulidə becərilən arpa, buğda, darı, noxud nəinki yerli əhalini aclığın əlindən xilas edib, o hətta ətraf rayonların, burunlarından gəlsin, sabiq DQMV-nin ac, yalavac axçiklərni, kirvələrimizin, boyunlarının ardından ürəkbulandıran iy, qox gələn dığalarını da xilas edib. Yaşlı adamların söylədiklərinə görə, Füzuli camaatı müharibə illərində Cəbrayıla, Qubadlı və Zəngilana, xüsusilə də Naxçıvan tərəflərə taxıl sarıdan əl yetiriblər. Tarixi yaddaşları çox zəif olan qonşularımız, İsfahanın, Çartazın, Herherin, Məşədkəndin, Quzeykəndin müharibə illərində yaşlı adamları evlərinin, el-obalarının ən qiymətli daş-qaşlarını, qızıl və məişət əşyalarını beli palanlı eşşəklərinin üstünə aşırıb bir kiloqram buğda, darı, noxuda dəyişmək üçün veysəllilərin, qacarlıların, divanalıların həyətlərini dolaşırlarmış. İndi igidləşmiş, "qəhrəman" qiyafəsinə girmiş qonşularımız qırx bir-qırx beşinci illərdə azərbaycanlılardan bir pud buğda, arpa əldə etmək üçün evlərinin dəmir dam örtüklərini sökürmüşlər.
Bütün bunlar uzaq-uzaq, qaranlığa, qatı dumana-çənə bürünmüş illərin söhbəti deyil. Bunlar dünənin, bugünün söhbətidir. Bütün bunları, olub-keçənləri qonşularımızla çox yaxşı münasibətdə olan dayılarım - Səfi və Cavad dayım, Əli və Qara əmim, anam, Şura bibim danışıb.
...Deyilənə görə, qırx bir-qırx beşinci illərdə Hayzüllər də, Əstəməz və Tola düzündə yaxşı, adama boy verən qaraqılçıq buğdası becərilirdi. Zəmi biçilir, bafalanır, dərzlərə vurulur, öküz və kəl arabaları ilə kəndin mərkəzindəki xırmana gətirilirdi. O zamanlar xırman kəndin ən qaynar, çox-çox məsələlərin həll və müzakirə edildiyi yerlərdi.
Bir tərəfdə darı və arpa tayası, o biri tərəfdə qaraqılçıq və sarısünbül. Bütün bunlarla yanaşı, SSRİ deyilən ölkədə müharibə gedirdi. Veysəlli qadınlarının, qız-gəlinlərinin dişi-dırnağı ilə toplanan taxılı - nar dənəsi boyda buğdanı tədarük edib dövlətə verirdilər. O zülm və əziyyətlə toplanan buğdanın cüzi bir hissəsi camaata paylanırdı. Ərzaq məmulatlarının belə qıt vaxtında Veysəlli bağları, bağlarda kifayət qədər bol qida məhsulları camaatın karına yetişirdi. Bağlarda ilk növbədə çörəyi, un məmulatlarını azdan-çoxdan əvəz edə biləcək nələr yoxdu? Müxtəlif üzüm növləri, əncil, şax tut, ağ tut, bedana, qoz, armud, heyva, qarellə... əzgil, göyəm, yay və payız böyürtkəni.
Qarnımıza doyunca çörək yeməyəndə cumurduq bağlara. Bütün günü iri ağacların qol-budağında dolaşırdıq. Sizə deyim ki, Veysəlli bağlarında becərilən qozun, üzümün, almanın, tutun xüsusi tutumu vardı. Əzgil, göyəm, qarellə də köməyimizə yetişirdi. Hər halda aclığın qara kabusu böyrümüzdən sürüşüb keçirdi. Kərpic kimi bərk camış qatığı, ondan da bərk və yeməli qaymaq, süd, şor və ayran da dadımıza yetişirdi. Hərdən qonum-qonşu iri buynuzlu heyvan kəsirdilər. Qonşularla paylaşırdılar. Toyuq-cücə, hinduşka çolpası da kifayət qədərdi. Doğrudur, sadaladıqlarım bu qida məhsulları, əlahəzrət çörəyi heç cür əvəz edə bilməsə də, hər halda aclıqdan üzülmürdük, hərəkət edirdik, yaşayırdıq.
...Məşədi Eyvazın alma bağının əzəli bu ətrafda yeganə su quyusunun yanından başlayırdı. Ağız dolusu "alma bağı" ifadəsini işlədirəm. Söhbətimizin bu yerinə aydınlıq gətirmək lazımdı. Mən o bağı görməmişəm. Yaşlı adamlar deyirdilər ki, bax bu su quyusunun üstündə Məşədi Eyvazın alma bağı olub. Sonralar məhv edilib. Su quyusunun yanından ta topa əncirliyə qədər boşluq idi. Hələ bu boşluq bir az da bağın dərinliklərinə kimi uzanırdı. O böyüklükdə ərazi də təkcə bir nəfərin, bostançının adı yadımda qalıb: göygöz, arıq Zeynal kişi. Zeynal kişinin bostanında yemiş, qarpız, xiyar, pamidorla yanaşı, dirəklərə sarılmış lobya, bibər də becərilirdi. Zeynal kişinin bostanındakı soğan ləkləri xüsusi gözəlliyə malikdi. Qadınlar, qızlar iri başlı soğanları ləklərdən dartıb çıxarırdılar, qız-gəlinlər saçlarını necə hörürlərsə, qadınlar da soğan dəstələrini o cür hörürdülər. Bu cür hörülmüş soğan dəstələrindən bostanın qırağında təpəciklər yaranırdı.

(ardı gələn sayımızda)