adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 May 2018 00:17
11228
ƏDƏBİYYAT
A- A+

Böyüklük

(Ulu öndər Heydər Əliyevin parlaq xatirəsinə)


Vaqif Aslan
Azərbaycan Yazıçılar Birliyi
Şəki bölməsinin sədri,
ADPU Şəki filialının baş müəllimi

(Oçerk - esse)
23-24 yaşım olardı. Yuxuma Mirzə Fətəli Axundov, Cəfər Cabbarlı, Səməd Vurğun girmişdilər. Onların hamısının bədəni tuncdan tökülmüşdü, çox hündür, qıvraq idilər. Mənimlə də çox mehribancasına salamlaşmalarına baxmayaraq , onların böyüklüyü qarşısında üşünmüş və oyanmışdım...
İndi də Misir pramidaları, Himalay dağları, hətta Kişlilər demişkən, hər gün gözümüz qabağında olan Qarlı dağlar və bir də Şəki Xan sarayının qarşısındakı qoşa çinarlar tez-tez yuxuma girir.
Böyük şəxsiyyətlər haqqında yazmaq duyğusunu yaşadıqca heyrətlənirəm...
2002-ci il noyabr ayının 9-u idi. Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin təşəbbüsü ilə inşa edilən Şəki Olimpiya Kompleksinin açılışı gününə yığışmışdıq. Ulu öndər Heydər Əliyevlə birlikdə İlham Əliyevin özü də mərasimdə iştirak edirdi. İynə atsan, yerə düşməzdi. Böyüklü-kiçikli bütün Şəki onların görüşünə gəlmişdi. Ulu öndər Heydər Əliyev şəst ilə tribunaya qalxdı.
Bizim Qarlı dağlar oradan əzəməti ilə görünürdü. Gün düşdükcə gen sinəsini sanki daha da qabağa verən Qarlı dağlar və keçirdiyi qürur hissindən köksü qabarıb daha da şax dayanan Heydər Əliyev üzbəüz idilər.
Ulu öndər ilk çıxışından böyük şəkililəri - Mirzə Fətəli Axundovu, Rəşid bəy Əfəndiyevi, Salmam Mümtazı, Sabit Rəhmanı, yanında yer alan Bəxtiyar Vahabzadəni, Yaqub Mahmudovu, ən nəhayətdə isə həm böyük fəxr, həm də böyük təəssüf hissi ilə artıq dünyasını dəyişmiş Yaşar Qarayevi xatırladı. Kiş çayı üzərində salınan körpüləri qeyd edəndə isə ulu öndərin böyüklüyünə heyran qaldım: axı bizim kəndimizdə hamı ona Böyük çay deyir. İnsan-böyük, dağ-böyük, çay-böyük... Böyüklüyün böyüklük ilə görüşünü müşahidə etmək, yaşamaq nə ilahi məqam imiş!...
Elə bu an yaddaşıma güclü bir işıq düşdü: görkəmli ədəbiyyatşünas akademik Yaşar Qarayev sağlığında yay istirahətini ya "Marxal"da, ya da "Gələrsən-görərsən"də keçirərdi. Hər dəfə görüşünə gələndə onu Böyük çayın sahilində əyləşərək nəsə düşünüb yazan və arabir peyğəmbəri təbəssümlə gülümsəyən görürdüm. Bir gün ondan soruşdum:
Yaşar müəllim, biz Kişlilər çayımıza Böyük çay deyirik. Böyük çayın böyük alimə nə dediyini bilmək istərdim.
Yaşar Qarayev xeyli danışdı və son sözü belə oldu: "Böyük çay böyük alimə deyir ki, Vaqif Aslana etibar etmək olar".
O gün xalqımızın dünya şöhrətli oğlu Heydər Əliyev mənim gözlərimdə Qarlı dağlar kimi uca, Böyük çay kimi ləngərli göründü. Qət etdim və inandım ki, hələ axşamdan həm Qarlı dağlarımız, həm də Böyük çayımız o gecəki Ayın və ulduzların şahidliyi ilə ona demişdilər: "Şəkiyə etibar etmək olar, çünki böyük dövlətçilik tariximizin bir çox səhifələri Şəkinin əli ilə yazılmışdır".
Əslində insanın, şəhərin, kəndin, dağın, daşın, okeanın, dənizin, çayın böyüyü olan kimi talenin, qədərin və qismətin də böyüyü olur. Böyük bir tale yaşadıqca özümün də böyüdüyünü hiss etdiyim üçün o böyük günün böyük qismətinə minnətdaram. Şəkidə böyük günlər, tarixin yaddaşına böyük hərflərlə yazılan unudulmaz günlər çox olub, amma onların rəngi heç vaxt ogünkü qədər ağ və parlaq olmayıb. Böyük dövlətçilik təcrübəsi olan, dünyada tanınan ictimai-siyasi xadim ulu öndər ilə böyük dövlətçilik ənənələri olan Şəkinin görüşü ancaq və ancaq belə isti, belə hərarətli ola bilərdi.
Heydər Əliyevin çıxışlarında Şəki və Kiş sözlərinin paralel işlənməsi də qan yaddaşımızla bağlı məsələ idi. Axı tarixi mənbələrdə Kişsiz Şəki, Şəkisiz Kiş yoxdur. Elə Şəki xanlığının özü də Şəki-Kiş birgəliyi üzərində qurulub və birgəlik-bütövlükdür. Şəxsən mənim düşüncəmə görə, böyüklük bütövlükdən irəli gəlir. Şəkinin tarixini daha da şanlı və şöhrətli edən Şəki-Azərbaycan bütövlüyüdür.
Odur, Heydər Əliyev danışır... Mən isə böyüklüyün ölçüləri haqqında fikirləşirəm. Ölçü demişkən, bəzən elə ölçülər olur ki, rəqəmlərə, hissə, ağla və idraka sığışmır. Buna görə də böyüklük - müqəddəslikdir və bu müqəddəslik həm də böyük insanların şəxsiyyətində özünü göstərir. Hələ ki min üç yüz otuz ildən də çox bundan əvvəl bir dilənçi əl açıb:
Ey Böyük İsgəndər, mənə kiçik bir şey verin, - deyib.
Xahişin kiçikliyindən təəccüblənən hökmdar tez cavab verib:
-Böyük İsgəndər kiçik bir şey vermir.
Onda dilənçi üzünü daha da sintararaq hazırcavablıq etmək istəyib:
-Elə isə, ey Böyük İsgəndər, mənə böyük bir şey verin.
Hökmdar bu dəfə daha ciddi bir tövr alaraq:
- Böyük İsgəndər böyük şeyi böyük adamlara verir, - deyə üzünü yana çevirib yoluna davam edir.
Əlbəttə, hədiyyə, bəxşiş, ənam vermək, kimisə təltifə, fəxri ada layiq görmək, kiməsə təqaüd təyin etmək həmişə birinci şəxsin səlahiyyətlərində olan şeylərdir. İsgəndər üzünü dilənçidən ikrah hissi ilə ona görə yana çevirir ki, kiçilmiş insan həmişə iyrənc görünür və ona baxmaq dözülməzdir. Axı, hər bir böyük şəxsiyyətin böyüklüyə öz münasibəti olur. Mənə elə gəlir ki, Fironun pramidası, Semiramidanın bağı, hətta Nəmrudun qülləsi də böyüklüyə işarə kimi inşa edilib.
E.ə. 522-ci ildə І Dara öz tarixini Bisütün qayasına yazdıranda böyüklüyünü nümayiş etdirmək istəmişdi. Böyük türk hökmdarı Əmir Teymur isə böyüklüyünü özünə qədərki şeyləri qoruyub saxlamaqda və özündən sonra böyük şeylər qoymaqda görürdü. Vaxtilə Qarabağda gördüyü və böyüklüyünə heyrət etdiyi bir ağacı kəsdirdiyinə görə oğlu Miranşahı belə cəzalandırması, Misir ehramlarına nizələrinin ucu ilə toxunmaq istəyən əsgərlərinə: "Böyük şeylərə dəyməyin demişəm", - deyə xəbədarlıq etməsi böyük şəxsiyyətin böyük şeylərə mühafizəkar münasibətindən irəli gəlirdi.
Özünü, dünyanı, Allahı dərk etmək istəyi də elə bu münasibətin məhsuludur. İnsanlar və əşyalar beləcə müqəddəsləşir. Müqəddəslər haqqında hörmət və ehtiramla danışmaq isə hər bir insanın müqəddəs borcudur.
Hələ XVII əsrdə - Şah І Abbasın dövründə bir tacir gedib Hindistana çıxır. O zaman Hindistanı Böyük Moğol adlanan türk sülaləsi idarə edirdi. Necə olursa Böyük Moğol həmin o taciri qəbul edir və ondan soruşur: "Bizim Abbas necədir?"
Tacir özünü eşitməzliyə qoyaraq deyir": Şah sağ olsun, yaxşı eşitmədim".
Böyük Moğol "yaxşı eşitmədim" sözünün fərqinə varmadan sorğusunu davam etdirir:
-Vali Abbası deyirəm.
Səfəvi taciri bu dəfə əlini qulağının dibinə qoyaraq: "Yenə yaxşı eşitmədim, bir az bərkdən deyin, hansı Abbası deyirsiniz?" - deyə şaha doğru bir qədər əyilir.
Onda Böyük Moğol səsini ucaldaraq: - "Şah Abbası deyirəm, o necədir?" - deyə fikrini açıqlayır. Bu zaman tacirin rəngi açılır, gülümsəyə-gülümsəyə cavab verir: "Aha, şahım, qulağım indi eşidir. Şah Abbas yaxşıdır və Sizə salamlar göndərir".
Böyüklüyü dərk edən insan budur. Əvvəla ona görə ki, böyük insanın düşüncəsi də böyük olur. İkincisi də böyük insanı bütövlükdə görmək hamıya qismət olmur.
Heydər Əliyev tarixin yetirdiyi fenomen şəxsiyyətlərdən biri olduğu üçündür ki, onu zamanın yanıb-sönən işıqları fonunda seyr etmək çox azdır. Gərək o işıqların gur və zəif yanan məqamlarını tutub saxlaya biləsən ki, onun böyüklüyünə hissə-hissə nəzər salıb, sonra da bütövlükdə gözdən keçirə biləsən.
Onu çox vaxt teleekranda görsəm də, şəxsən məni titrədən bir neçə məqam olubdur. Zərifə xanım Əliyevanı son mənzilə yola salarkən dəfn alayının önündə Heydər Əliyevin yanaqlarından göz yaşlarının axdığını görüb keçirdiyim ağrını indi də yaşayıram desəm, həqiqəti etiraf etmiş olaram. Onda bildim ki, böyük adamların göz yaşları da böyük olurmuş - lap elə bizim sellənə-sellənə axan Böyük çayımız kimi.
İkinci titrəyişim məşur 1990-ci ilin 20 Yanvar faciəsi dövrünə düşdü. Bu da televiziya vasitəsilə olmuşdur. Hələ Moskvada, nəzarət altında olmasına baxmayaraq, baş vermiş faciəyə münasibətini bildirən Heydər Əliyev qəzəb və nifrət, gərginlik və əzginlik ilə sevgini, ağrını, təmkini və qətiyyəti cəmləşdirib tarazlaşdırmışdı. Onda necə də böyük güc var idi...
Üçüncü titrəyişim 1991-ci ilin yanvar ayında Ali Sovetin sessiyasında olub: yenə də televiziya vasitəsilə. Onu vulkan kimi püskürən gördüm və heyrət qarışıq çaşqınlıq keçirdim: püskürən vulkan kimsəyə zərər verməsin deyə, sanki kimsəsizlikdə axırdı.
Dördüncü titrəyişim tarixi qayıdış və tarixi çağırış zamanı baş verdi: bu, xalqa qayıdış və xalqı çağırış idi, hər iki tərəf eyni hərarətlə bir-birinə səs verdi.
Beşinci titrəyişim yazıçıların X qurultayına təsadüf etdi və artıq mən orada iştirak edirdim. Ümummilli lider ədəbiyyatımızın, dövlətimizin, gələcək vəzifələrindən danışdı. Elə bir məqam yetişdi ki, hərbi-siyasi durumla bağlı bir neçə söz deyərkən kövrəldi: "Mənə ağır gələn şey odur ki, bizim ordumuz... Dözümsüzlük göstərdi".
Heydər Əliyevə "ağır gələn"in ağırlığı onun özündən başqa kimsənin gücü müqabilində deyildi. Hər necə olsa da, o məqamda yazıqlaşdım. Neynəyim ki, indinin özündə də ağırın və ağrının böyüklüyündən yazmaqda çətinlik çəkirəm.
Növbəti titrəyişim Şəki-Heydər Əliyev görüşlərində doğuldu. O tarım çəkilmiş sim kimi şax dayanıb: - "Mən bu axşam daha yaxşı yuxulamışam", - deyə dövlətçiliyimizin gələcək taleyindən rahatçılığını ifadə edəndə də, daha sonra az qala hər şeydən danışanda da əzəmətli, vüqarlı qarlı dağlar ilə prezidentimizi müqayisə edirdim, onların bir-birinə bərabər olduğunu düşünürdüm və bu mənə ləzzət verirdi.
Yeddinci titrəyişim Heydər Əliyevin Şəki Xan sarayının həyətindəki Xan çinarın qarşısındakı çıxışından yaranmışdı. O daha da sövq ilə danışırdı. Elə buradaca deyim ki, o çinarlar yaşca Xan sarayının özündən təxminən 300 il böyükdür. Böyüklüyü ilə insanı heyrətə gətirən, ucalığı ilə az qala baxışlara boy verməyən, qolları-budaqları boyunca, lakin sığallı və hamar gövdəli xan çinarlar zəriflik və nəhəngliyin bütövlükdə görüntüsü kimi Heydər Əliyev ölçülərini təcəssüm etdirirdi. Sən demə, böyüklüyün ölçüləri hər yerdə və hər şeydə eyni imiş!...
Sevginin, dərdin, qəzəbin, borcun, ağrının, əminliyin, zövqün böyüklüyünü yaşayan kamil insanlar tək-tək olur. Və bu təklər içərisində öz təkliyi ilə seçilmək, bənzərsizliyi ilə diqqəti cəlb etmək nadir hadisədir.
Ptolomeyin xəritəsində, Strobonun coğrafiyasında, Böyük və Kiçik Plinilərin salnamələrində, lap elə Favstos Buzandın, Moisey Xorenlinin tarix kitablarında, Musa Kalankatlının "Albaniya tarixi"ndə adı çəkilən, Kərim ağa Fatehin, Hacı Seyid Əbdülhəmid Əfəndinin xronikalarında bizi heyrətə gətirən Şəkinin tarixi görüşləri çox olub...
1551-ci il... Şah Təhmasib Şəkiyə hücum edir. Səbəb: Şirvan-Səfəvi qarşıdurmasında Şəki xanı Dərviş Məhəmməd xan Şirvanın tərəfini saxlamışdır.
Nəticə: Kiş qalası bütünlüklə dağıdılır, yerlə-yeksan edilir. Kişlilərin hələ də Qız və ya Qızlar adlandırdığı qala alınır. Dərviş Məhəmməd xanın başı kəsilir və Şah Təhmasibin ayaqları altına atılır. Şəki xanlığı ləğv edilir, bu hadisədən sonra Şəkini şah tərəfindən təyin edilən məliklər idarə edirlər.
Məntiq: Ölkədə sabitlik pozulmuşdur, daxili çəkişmələr nəinki iqtisadiyyatımızı, həm də tariximizi dağıtmışdır.
1743-cü il... Nadir şah Şəkiyə hücum edir.
Səbəb: Hacı Çələbi şah tərəfindən Şəkiyə təyin edilən məliyin özbaşınalığından bezərək onu qətlə yetirib və özünü xan elan etmişdir.
Nəticə: Şəkililər üç ilə qədər Qızlar qalasında mühasirədə qalmışlar. Əfqanıstanı, Hindistanı fəth edən Nadir şah bundan təəccüblənərək: "O necə qaladır?" - deyə soruşmağa məcbur olmuşdur. Bəlkə də, Şah Təhmasiblə bağlı hadisəni xatırladığı üçün Hacı Çələbi xan: Gələrsən, görərsən, - deyə ürəkağrısı ilə cavab vermişdir. Yenə, bəlkə də "Gələrsən, görərsən" sözündəki ağrı və qətiyyət Nadir şahı qalanı mühasirədə saxlamaq, axır-axırda isə onu yerlə-yeksan etdirmək fikrindən daşındırmışdır. Və... Nadir şah mühasirədən əl çəkmişdir.
Məntiq: Öz əliylə zədələnmiş Vətən qalasına qələbə əhval-ruhiyyəsi ilə baxmaq Böyük Nadiri Kiçik Nadir edərdi.
Buyurun, baxın! Bu da 2002-ci il...
Heydər Əlirza oğlu Əliyev Şəkiyə səfər edir.
Səbəb: Şəki tarixində ilk dəfə inşa edilən nəhəng idman qurğusunun-Olimpiya Kompleksinin açılışı mərasimidir.
Nəticə: Şəkililər Ulu öndəri özünün xilaskarı, sevimli prezidenti kimi qəbul edir, onun simasında öz hamisini və işıqlı gələcəyini gördüyü üçün 2002-ci illə müqayisədə 451 il bundan əvvəl Şah Təhmasibi, 259 il bundan əvvəl isə Nadir şahı qılınc, qalxan, nizə, yaba, balta, dəhrə və daş-kəsəklə qarşılayan şəkililər bu dəfə əlində üçrəngli bayrağımız və rəngarəng gül-çiçəyimizlə Heydər Əliyevin görüşünə gəlmişdir. Ulu öndərlə şəkililərin hələ sovet dövründə və ondan sonrakı dəfələrlə baş verən görüşləri son dərəcə səmimilik və qarşılıqlı hörmət şəraitində olmuşdur.
Məntiq: Şəxsiyyətin, məqamın və rütbənin böyüklüyü vəhdət təşkil etdikdə xalq və rəhbər bütövlüyü, birgəliyi əmələ gəlir. Elə buna görə də Heydər Əliyevin Şəki səfəri təkcə Şəki Olimpiya Kompleksinin açılış mərasimi ilə bitmədi. Yüz mindən çox insanın müşayiəti ilə bu görüşlər Şəki İpək Şirkətinə, Şəki Xan sarayına baş çəkməklə davam etdirildi: nəhayət, Şəki şəhər İcra Hakimiyyətinin iclas salonunda tamamlandı. Burada isə daha bir tarixi hadisə baş verdi. Ümümxalq sevgisinin ölçüsüzlüyü Heydər Əliyev böyüklüyünü çox təbii bir şəkildə tamamladı: - Kimin sözü vardır? - sualının müqabilində Kiş kənd 1№-li orta məktəbinin mərhum direktoru Müzəkkir Qarayev şagirdsayağı əl qaldırdı. Rəhbər qarşısında söz demək səlahiyyəti beləcə əldə edildi. Söz demək məsuliyyətinin həyəcanları isə onun səsinin titrəyişində özünü göstərirdi.
Yadıma yenə Nadir şah və Hacı Çələbi xan əhvalatı düşür. O zaman boynuna dar ağacının kəndiri salınmış vəziyyətdə Nadir şahın hüzurunda danışmağa cəsarət edən Hacı Çələbinin məhz dili tutulmadığı üçün hamını təəccübləndirmişdi.
Nə yaxşı ki, hadisələr və müqayisələr vardır. Abidələri ilə maddi, adamları ilə mənəvi tariximizi yaşadan Kiş kəndi özünə və prezidentinə yaraşan bir hədiyyə qazandı: Müzəkkir müəllimin xahişi ilə kəddə müasir layihə ilə gözəl bir məktəb tikildi və ona Heydər Əliyev adı verildi. Bu tarixi görüşdən qazanan təkcə Kiş kəndi deyil, bütövlükdə Şəki oldu. Bundan sonra Regionaların İqtisadi İnkişaf Dövlət Proqramında Şəkinin kəndlərində daha altı, özündə isə iki orta məktəb binası, reabilitasiya mərkəzi, konserv zavodu və sair obyektlərin tikintisi ilə öz həllini tapdı.
Böyüklük böyük mirasdır və nə yaxşı ki, bu mirasa varisimiz də vardır. Hazırda Şəkinin içməli su və kanalizasiya sisteminin əsaslı şəkildə yenidən qurulması, Kiş kəndinə gələn yolda böyük bir körpünün tikintisi və Kiş məbədinə gedən yolların təmirinə ayrılan milyonlarla vəsait, üstəlik Şəki şəhərində və onun digər kəndlərində yeni təhsil və tədris ocaqlarının, ictimai və inzibatı binaların tikintisinə göstərilən qayğı görünməmiş bir vüsət almışdır. İndi Şəki özünün intibah dövrünü yaşayır. Bu günlərdə ümumxalq səs verməsi zamanı yekdilliklə prezident seçilən İlham Əliyev Heydər Əliyev irsinə layiqli bir varis kimi işıqlı sabahlara alnı açıq, üzü ağ getməkdədir. Qədirbilən xalqımız isə Ulu Öndərin parlaq xatirəsini ehtiramla yaşatmaqdadır.

Böyüklük alına yazılan yazı,
Cəfakeş doğulur böyük olan kəs.
Bu ağlı- qarlı dünyanın nazı
Böyüklük olmasa, çəkilə bilməz.
Təlxək atmacası yer eylər ona,
Nadan gülüşündən sınar böyüklük.
Gah peşiman olar doğulduğuna,
Gah da öz-özünü qınar böyüklük.
Ona əli çatmaz yalanın, şərin,
Diksinməz, səksənməz yağı səsindən.
Səbrinə güc verər, düşünər dərin,
Enməz öz böyüklük mərtəbəsindən.
Dəyər topuğuna paxılın daşı...
Bilər, üzə vurmaz...böyükdür, axı!
Sonra da kədərlə çatılar qaşı,
Kəsər qabağını böyük olmağı.
Böyüklük ilahi nurdur, işıqdır...
Neyləyə bilər ki, qaranlıq ona?
Böyüyün hər yerdə alnı açıqdır,
Yoxdur ehtiyacı bəzəyə, dona.
Böyük - böyük fikir, böyük ürəkdir,
Haqq özü səs verir onun səsinə.
Dünya, Vaqif Aslan, baş əyəcəkdir
Daim böyüklüyün təntənəsinə.