Faiq QİSMƏTOĞLU: ...VƏ BİR DAHA ALLAHIN MÖCÜZƏSİ

FAİQ QİSMƏTOĞLU
55334 | 2018-05-04 17:10
...Mən həmişə Allahın möcüzəsini gözləmişəm və onu görmüşəm. Daha doğrusu, Allahın möcüzəsinə inanmışam. Hər addım atanda, hər yola çıxanda, hər işi görəndə yalnız və yalnız Ulu Yaradana sığınmışam. Və qurban olduğum da məni heç vaxt darda qoymayıb. Beş-altı dəfə Allah-Təala məni möcüzə nəticəsində ölümdən xilas edib. Dörd dəfə də ağır əməliyyat keçirmişəm və onda da qurban olduğumun nəzəri üstümdə olub...

...Və həmişə açılan hər səhərə, udduğum havaya, yediyim ruziyə və yaşadığım günə görə Allahıma şükür eləmişəm. Və beləcə sıxıntılı, çətin və hər yerdən əlim üzüləndə Ulu Yaradanın köməyini hiss etmişəm. Və indi də Allahdan kömək istəyib Mərkəzi Klinik Xəstəxanaya yollanıram. Aprelin 30-u səhər saat 7-də ora çatıram. Hələ axşam vaxtı kordio- cərrah və mənim dostum, tibb elmləri doktoru Firdovsi İbrahimov dedi ki, səhər tezdən saat 7-də orda ol ki, hamıdan tez səni müayinə edək. Səhər saat 7-də Firdovsi İbrahimova zəng vururam. O dəqiqə cavab verir və deyir ki, düş 1-ci mərtəbəyə Təcili Yardıma. Orda qızlara yaxınlaş, onlar sənə lazımi məsləhətlər verəcəklər. Mən də təcili yardımda işləyən tibb bacılarına yaxınlaşıram və Firdovsi İbrahimovun pasiyenti olduğumu xatırladıram. Onlar həkimlə telefon əlaqəsi yaradırlar. Və həkim də deyir ki, Faiq müəllimə qiymətdə güzəşt eləyin. Çox sağ olsun Firdovsi İbrahimovu. Onun köməyi nətcəsində güzəşt edilməklə pulu xəzinədara ödəyib qəbzi alıram. Sonra da onlar mənə müqavilə şərtlərini təqdim edirlər. Deyirlər ki, müəllim, bu yerlərə imza at! Mən də müqavilə şərtlərinə baxıram və imzamı atıram. Bu da ondan ibarətdir ki, əməliyyat zamanı dünyanı dəyişsən, həkimlər məsuliyyət daşımır. Yəni sən könüllü olaraq Anju olunursan və məsləhət bilinəndə də stend qoyulur. Tibb bacısı sənədləri götürüb liftlə 4-cü mərtəbəyə qalxırıq. Sənədləri tibb bacılarına təqdim edib deyir ki, Faiq müəllim Firdovsi həkimin xəstəsidir.

Qızlar sənədlərə baxırlar və məni əməliyyata hazırlayırlar. Kəmalə adlı tibb bacısı bir anın içərisində həyəcanımı hiss edib məni sakitləşdirir. Sonra sinəmə qulaqcıqlar yapışdırılır. Və eyni zamanda sistem köçürülür. Bundan əvvəl isə qan analizləri götürülür. Təyziqim bir qədər artır. Səhv eləmirməsə, 170-ə qalxıb. Hər an təzyiqə nəzarət edən tibb bacısı Kəmalə yenidən mənə lazımi dərmanlar gətirir və onların hamısını qəbul edirəm. Dərmanlardan sonra həyəcanlarım azalır və özümü bir qədər sakit hiss edirəm.


Artıq analizlərin də cavabı gəlib. Həkim Məmməd Məmmədli deyir ki, analizlərin nəticəsi kafidir. Elə bir problem yoxdur. Beş-on dəqiqədən sonra öz həkimim, kordio-cərrah dostum Firdovsi İbrahimov gəlir. O da çöhrəmdəki həyəcanı hiss edir və deyir ki, hər şey yaxşı olacaq! Tibb bacılarına lazımi göstərişlər verir. Artıq əməliyyata aparılmaq vaxtıdı. Bu vaxt mən "Qurani-Kərim"dən "Əl-Fatihə", "Əl-İxlas", "Əl-Fələq", "Ən-Nas" surələrini oxuyuram və canımı qurban olduğuma tapşırıram. Bu surələri oxuyandan sonra özümdə, ürəyimdə və içimdə Allahın möcüzəsini hiss edirəm. Hiss edirəm ki, çox arxayınam və heç bir qorxu keçirmirəm.

Adətən əməliyyata gedən pasiyentləri xərəkdə aparırlar. Ancaq mən bundan imtina edirəm. Deyirəm ki, piyada gedəcəyəm. Bunu görən tibb bacısı təəccüblənir. Deyir ki, müəllim, sən əməliyyat otağına elə həvəslə gedirsən ki, elə bil toy-bayrama gedirsən. Mənimlə birlikdə başqa bir xəstə də aparırlar. O isə həddən artıq həyəcanlıdı. Tibb bacısına deyirəm ki, məni belə güclü edən Allah- Təalanın verdiyi qüvvədi. O işıq, o nur məni çox inamla əməliyyat stoluna aparır.

Bu da əməliyyat stolu. Məni onun üzərinə qaldırırlar. Otaq soyuq olduğu üçün üstümə həddindən artıq isti adyallar örtürlər. Kordio-cərrah Firdovsi İbarhimov və tibb bacıları əməliyyat stolunun ətrafındadılar. Özüm də hər şeyi hiss edirəm, görürəm və ağrı-acını duyuram. Sağ qolumdan iynəyə oxşar nəsə batırılır. Bax, elə bu Anju deməkdi. Sonra sağ qolumda möhkəm ağrı hiss edirəm. Narahatlığımı hiss edən Firdovsi həkim hər şeyin bir azdan bitəcəyini və ağrı-acının kəsiləcəyini deyir. Monitorda ürəyimin içi çox aydın görünür. Birdən Firdovsi həkimin çox mehriban səsini eşidirəm:

- Şükür Allaha, əvvəlki stendlər çox yaxşı işləyir. Üç il bundan qabaq əsas damarında olan tutulma azalıb. Bir balaca problem var, onu da indi yoluna qoyacağıq. Elə sənin də kürəyinə və ürəyinə ağrı verən həmin yerlərdi. Onu da asanlıqla aradan qaldırırıq. Bir az da dərman müalicəsi eləyəcəyik. Bununla da bir müddət durumun daha yaxşı olacaq.

...Bu da Allahın möcüzəsi! Axı mənim ürəyimdə açıq əməliyyat aparılmalıydı. Hələ bunu 3 il bundan qabaq Firdovsi həkim demişdi. Görünür, Allah hansı əməlimə görə isə bu sıxıntıdan məni xilas edib. Hansı ki Anjudan əvvəl bir neçə həkim israrla deyirdi ki, mütləq açıq əməliyyat olunmalısan. Nə yaxşı ki, o deyilənlərə əməl etmədim və yenidən Firdovsi İbrahimovun yanına gəlib Anju olundum. Elə əməliyyat stolunda bu xeyirxahlığa görə həkimim Firdovsi İbrahimova Allahdan dualar oxudum, can sağlığı arzuladım. Çünki Firdovsi İbrahimov çox savadlı, həm də vicdanlı kordioloqdu. Məsələn, o mənə deyərdi ki, ürəyində açıq əməliyyat aparılmalıdı və təbii ki, mən də onunla razılaşardım. Ancaq onun böyüklüyünü onda gördüm ki, o haqqı, ədaləti hər şeydən üstün tutur. Həkim var ki, sağlam xəstəni heç bir ehtiyac olmadan pula görə əməliyyat edir. Amma görürsünüzmü, Azərbaycanda heç də Avropa ölkələrindən geridə qalmayan və onlardan bir az da irəlidə olan Firdovsi İbrahimov kimi vicdanlı və ədalətli həkimlər də var...



Onun mənə verdiyi şad xəbərdən sonra kövrəlirəm və sevincimdən hönkürtü məni tutur. Bu vaxt tibb bacıları dillənir ki, Faiq müəllim, ağlamayın, həyəcanınız artar, təyziqiniz yenidən yüksələr. Bilirik ki, siz sevincinizdən ağlayırısınız. Bəli, mən Allahın möcüzəsini görüb sevincimdən ağlayırdım. Çünki dünyada Allahdan böyük heç bir varlıq yoxdur. Elə mən də əməliyyat stoluna Allahımı köməyə çağırıb böyük ümidlə sevinə-sevinə getmişdim və sevinə-sevinə də yenidən məni palataya qaytarırlar.
Orda həkim Məmməd Məmmədli, Zöhrə Əlimli, Xanım İbrahimqızı, Sevinc Əliyeva, tibb bacıları Kəmalə Əhmədova, Xanım Əliyeva, Nərgiz Şirinova, Lalə Hacıyeva, Günay Babayeva, Nəzakət Qədimova, Gülər Məmmədova, Kəmalə Mirzəyeva, Aytən İmanzadə sanki bir mələk kimi nəinki mənim, bütün xəstələrin başının üstündə dolanırlar. Tez-tez təzyiqə və digər göstəricilərə diqqət yetirirlər.

Mərkəzi Klinik Xəstəxana mənim həyatımda ən çox ümid yerim olub. Və həmişə ora gedəndə, müalicə olunanda, əməliyyat ediləndə sevinclə stoldan qalxmışam, pəncərədən dənizə baxıb mavi Xəzəri görmüşəm. Və ən birincisi məni həyata qaytaran Allahın möcüzəsinə sevinmişəm və Ulu Yaradana buna görə duaçı olmuşam. Sonra da Allahın əliylə məni xilas edən gözəl insan və ziyalı dostum Firdovsi İbrahimova dualar eləmişəm. Və həmişə inanmışam ki, əməliyyat stolundan sağ-salamat ayağa qalxacağam. Min şükür, Allahım bu dəfə də möcüzə göstərdi. Mənim ailəmi, balalarımı, nəvələrimi sevindirdi. Bundan gözəl nə ola bilər?!

...Və bir də əməliyyatdan sonra mən mobil telefonumu söndürmüşdüm. Əməliyyat olunduğumu nə doğmalarıma, nə də dostlarıma bildirmişdim. Ancaq telefonum bağlı olanda o qədər mənə zəng gəlmişdi ki, sayı-hesabı yox idi. Bu zənglərə görə, mənim səhhətimlə maraqlanan, mənə arxa duran bütün insanlara öz təşəkkürümü bildirirəm. Onlara öz sevgimi, ailəmin, balalarımın salamlarımı söyləyirəm. İnsan sevildiyini hiss edəndə, unudulmadığını biləndə o daha güclü olur. Və mən həmin gün çox güclü idim. Çünki bir daha Allahın möcüzəsini gördüm...



TƏQVİM / ARXİV