adalet.az header logo
  • Bakı 18°C
03 May 2018 17:17
26372
MARAQLI
A- A+

Məşhur serialın çəkildiyi faciəli ərazi: “Ufak-tefek” dəhşətlər

Son zamanlarda reytinqləri zəbt edən, saysız-hesabsız tamaşaçını ekran başına yığan "Ufak-tefek cinayətlər” serialı ilə bağlı maraqlı faktlar ortaya çıxıb. Serialın çəkildiyi yer həqiqətən də "Sarmaşıq” məhəlləsidir. Bu lüks məhəllədə hadisələr elə reallıqda da sarmaşıq kimi dolaşıb. Bu da istər-istəməz sual yaradır: serial üçün bu məhəllə bilərəkdənmi seçilib?

Öncə bu məhəllənin lüks tərəflərindən xəbər verək: süni göllər, kanallar, qolf sahələri, klublar, ticarət mərkəzləri, özəl klinikalar, kolleclər, dəyəri milyonlarla ölçülən villaların olduğu "Sarmaşıq” məhəlləsi "Kemer Contry” yaşayış məskəninin bir hissəsidir. 1200 hektarlıq ərazi 1986-cı ildə iş adamı Əsəd Edin tərəfindən salınıb və həmin dövrdən bəri məşhir aktyorların, zənginlərin sevimli məkanına çevrilib.


 Bu gün də tanınmışlardan Çağatay Ulusoy, Funda Arar, Hülya Avşar və başqalarının həmin ərazidə evləri var. Və günümüzdə də ən məşhur partilər serialdan da göründüyü kimi həmin hovuzbaşında (Mərvə və Sərhan Aksakların evi) baş tutur. Amma şıqlıq, göstəriş, lüks yaşantı işin görünən tərəfidir. Orda yaşayanlar ərazinin əslində lənətlik olduğunu bilirlər. Belə ki, yaşayış məskəni salınandan bir müddət sonra ölkədə devalvasiya baş verir və iş adamı böyük ziyana düşür. Üstəlik tikilməkdə olan villaların sahibləri pullarını geri istəyir və 50-60 milyon dollar borca düşən Əsəd Edinin evinə haciz gəlir. Bu sırada iş adamının həyat yoldaşı Mehparə Edin xərçəng xəstəliyinə tutulur və ailənin düşdüyü vəziyyət və pulsuzluqdan qadının müalicəsi uğurlu olmur, tezliklə dünyasını dəyişir. Həyatı kabusa dönən Əsəd 7, 12, 14 yaşlı üç uşağını götürüb dağlarda dincəlmək üçün düşərgə qurur. Həm də əvvəlki kimi zəngin istirahətə imkanı olmadığından bu üsulu seçir. Amma elə ilk gecə dəhşətli faciənin qurbanı olurlar. Belə ki, mənzərəli olsun deyə düşərgəni dərədə, çay kənarında qurublarmış. Gecəykən sel gəlib, ata və üç uşağı azğın sular qoynuna alıb. Sel həddən artıq palçıqlı olduğundan günlərcə onları tapa bilməyiblər. İş adamı Mustafa Koç öz helikopterini də göndərərək axtarışları dayandırmaq istəyən qrupa dəstək olur. Tezliklə ata və uşaqların meyitləri tapılır.

Çoxları iş adamının depresiyaya düşərək uşaqları ilə birlikdə intihar etdiyini düşünür. Amma bu, sadəcə ehtimaldır. Başqa bir məqam da var. Həmin məhəlləyə gedən bütün çəkiliş qrupu və jurnalistlər etiraf edir ki, bir müddət sonra başlarına nəsə xoşagəlməz hadisə gəlir. Maraqlıdır ki, bu hadisələr yalnız əraziyə sonradan daxil olanların başına gəlir. Sanki Sarmaşıq öz qaranlıq "kök”lərini yad gözlərdən və dillərdən qoruyur.

Yeri gəlmişkən, ərazinin qaranlığı hələ də insanları qorxuda bilməyib. Yenə də dəb və trend məkan şöhrəti insanları qorxunc faciəyə göz yummağa vadar edir. Deyilənə görə serialın populyarlıq qazanmasından sonra "Kemer Contry”də evlər ikiqat bahalaşıb.

Şəfiqə ŞƏFA