adalet.az header logo
  • Bakı 20°C
03 May 2018 00:35
9880
ƏDƏBİYYAT
A- A+

Turp ağacı

(Hekayə)

Əlibala RƏHİMOV,
publisist, "Qızıl qələm"
mükafatı laureatı

Bazar günü toy-bayram olur evdə. Səringül dolu zənbilləri gətirən kimi uşaqlar tökülüşür üstünə, gülüşə-gülüşə, tələsə-tələsə yazıq arvad nə alıbsa hamısını qamaralayıb yeyir və bir-birindən "oğurluq" da edirlər: əzgili, almanı, heyvanı, turpu, əllərinə nə keçdi dürtürlər qoyun-qoltuqlarına, nehrənin içinə, sobanın arxasına...
Səringülün işi, məşğuliyyəti ağartı hazırlayıb həftəbazarına aparıb satmaqdı, sonra da balalarının gözünün qurdu ölsün deyə göy-göyərti, bağ-bostan məhsulları alıb gətirməkdi. 2 inək, 2 camış sağır, günaşırı nehrə çalxayır... Xülasə, bir çətən külfəti pis dolandırmır o... Amma onu qocaldan, yeyib-içdiyini burnundan tökən kişidi - ağzından pərtov Mətiş. Çöl-bayırda sakit təbiətli, mülayim xasiyyətli adam kimi tanınır Mətiş. Elə ki, şər qarışanda mal-heyvanı darvazadan içəri salır, dönüb olur zəhər tuluğu, milçəyi böyüdüb eləyir fil, deyinir-danışır, söyüb-söylənir.
Həftəbazarında hər alverçidən mer-meyvə, göyərti almır Səringül. Masallının Qəriblər kəndindən gələn nənəqızla "bacı-bacıdır". Görüşürlər, ev-ailə söhbətləri eləyir, bir-birilərinin dərdinə şərik çıxırlar. Nənəqız lap yeniyetməlik vaxtlarından alış-verişlə məşğuldu. Şirin dilini işə salıb gətirdiklərini o qədər tərifləyir ki, guya mataqdır, day bundan başqa bazarda mal yoxdu.
Görüşdülər, Səringül dedi:
-Ay bacı, sənin bu turpun var ha, ölü yesə dirilər. Uşaqlar yaman xoşlayır onu, nə qədər alsam, gördüm demirlər. Bəlkə mənə onun ağacını gətirəsən, hə? Əkək həyətdə, su da başının üstündə. Nənəqız gülümsədi, istədi nəsə deyə, amma duruxdu, gözləri işıldadı, ürəyindən nə keçdisə, sözü başqa cür çevirdi:
-Bıy, ayıbdı qıza, nəmənədi o ağac, bizim həyətdə neçəsi beçələyib ey, gələn həftə arxayın ol, gətirərəm...
Səringül əl atıb corabından qırmızı onluq çıxarıb verdi bacılığına.
-Al bu da beh...

***
Gələn bazar görüşərkən alverçi qadın başını bullayır, vaysınır:
-Ay, ay, ağacları çıxarıb qoymuşam talvarda. Kirt yadımdan çıxıb, sən Allah bağışla, əlimin üstünə işarə qoyacam, gələn dəfə arxayın ol...
Gələn həftənin şənbə günü axşamüstü sərin havada Səringül çala qazdırır uşaqlara:
-Dərin qazın, içinə quru peyin gətirib tökün, sabah ağac basdıracam. Elə bu vaxt Mətiş çöldən gəlir, mal-heyvanı yerbəyer eləməmiş soruşur uşaqlardan:
-Burda nə eşələnirsiniz, ədə?
Xorla cavab verirlər:
-Çala düzəldirik... Ağac basdıracağıq.
-Nə ağac ədə...Bu istidə?
-Hə, hə, ana deyir sabah bazardan ağac gətirəcək...Turp ağacı...
-Nə? Ədə demişəm, yenə deyirəm: başına hava gələcək gec-tez bu arvadın.
Mərəkə qopdu evdə... Dişinin dibindən çıxanı dedi Mətiş yazıq Səringülə:
-Aaaz, dəlisən, nədi, ay gicbəsər, heç turpun ağacı olar? Ay avam, ay başdanxarab, bil və ağluva birdəfəlik yaz: turp meyvə deyil, ağacdı ki, bitə, yetişə?... O tərəvəzdi, şüyüd, keşniş, acıtərə kimi toxumunu səpirsən torpağa, suluyursan, əmələ gəlir, sonra da çıxarıb yeyirsən.
Gecə çox danışdılar, hərlənib-fırlanıb gəldilər yenə turpun üstünə. Səringül hər şeyi, bacılığı Nənəqızla söz-söhbətini olduğu kimi çatdırdı Mətişə, ancaq beh verməyini dilinə gətirmədi, qorxdu kişi təzədən cin atına minə.
Bir azdan Mətiş sakitləşmişdi (nə qədər zəhmli, ökbəli olsa belə gecədən keçmiş hirsi soyuyur kişinin və zəruri ehtiyac tələbatı onu qadını ilə xoşqılıq edir bir az).
Mətiş saya, avam olduğunu bilirdi Səringülün, ona yer eləyən o idi ki, niyə o talış köpəkqızı həmişə dostluq etdiyi, "bacı-bacı" olduğu Səringülə kəf gəlir, aldadır onu.
Gecə Səringülə dedi:
-Səni doluyub o. Qualaq as, bir nağıl danışım, yadında saxla, sabah sən də onu doluyarsan.
Səhər qarşılaşdılar bazarda və Səringülün gül ağzı açıldı:
-Ayıb olsun!... Ayıb olsun! Aaaz, məni ələ salırsan? Heç utanmırsan? Turpun da ağacı olar? Yaxşı deyiblər: Şaftalıdan bağ olmaz, talışdan qonaq.
Nənəqız dil olub dillənə bilmədi.
Nə desin, nə danışsın...
Səringül bazarı gəzdi, dolandı, başqa yerlərdə turp var idi, amma dişləyəndə gördü ki, pıtıldı, dadı yoxdu... Yenə qayıtdı Nənəqızın yanına. Və yadına axşam Mətişin söylədiyi nağıl düşdü. O necə nağıl idi?

***

Ala qarğa əldən-dildən düşmüşdü. 300 il yaşamaq, bu dünyanın acısına, əzablarına qatlaşmaq bezdirmiş, usandırmışdı onu: çox istəyirdi çırpsın özünü daşa-qayaya, atsın özünü fırtınalı dənizin ağuşuna, amma yenə taleyinin hökmünə boyun əyirdi, alın yazısına xilaf çıxa bilmirdi, daha doğrusu, çətənəyi dolanda təskinlik tapırdı: məndə nə günah, ilahi özü quşların şahı kimi hamıdan uzun ömür verib biz qarğaya-quzğuna, nə olsun zibillikdə eşələnməkdi peşəmiz...
Ala qarğa son zamanlar balasını gözdən qoymurdu, istəyirdi ki, gah sağında, gah solunda süzən hələ üç yaşı tamam olmayan əziz xələfi bicliyi, hiyləgərliyi ilə bütün quşların şahı olsun. Onun bu narahatlığı əbəs deyildi və şövqi-təbii bilir, hiss edirdi ki, qocalıb, bundan sonra yumurtası olmayacaq, kürt düşüb bala çıxarmayacaq daha.
Bala qarğa arabir zıqqıldayırdı, qanadları ilə anasını "döyür", dözə bilmirəm, ana "qarıldayırdı". Neyləsin yazıq, 3 gündü dilinə heç nə dəymir. Aclıq fəlakətdi, müsibətdi, o qapıdan girəndə, xoşbəxtlik, arzular-istəklər pəncərədən çıxır.
Bala qarğa ətrafı yaxşı görürdü anasından. Aşağıları seyr edərkən birdən gözlərinə işıq gəldi, arxın kənarında iki kəllə vardı - biri böyük, biri balaca. Tez anasını dümsüklədi, gördüyünü nişan verdi ona.
Ala qarğa həmin səmtə baxdı- "hə, iki kəllə"... qəbiristanlığın yanıdı, güman ki, goreşən təzə qəbirlərdən çıxarıb və helləyə-helləyə gətirib bura.
Bala qarğa istədi düşsün ora, ana razılaşmadı. 4-5 dəfə cövlan etdilər havada, tam əmin oldular ki, yaxınlıqda ins-cins yoxdu, demək hansısa ovçu onlara hücum edə bilməz.
Bir azdan qanadlarını gərib qondular kəllənin üstünə. Ala qarğa kiçiyini özü götürdü, böyüyünü ötürdü balasına: "qoy doyunca yesin, gözünün qurdu ölsün".
Aaaa, heç iki dəqiqə ötməmiş, bala qarğa atdandı anasının yanına. Ana təəccübləndi:
-Nooldu, ay bala, irisini vermişdim sənə, nə tez qurtardın?...
Bala qarğa təngənəfəs, boğula-boğula dedi:
-Mamalı, mənimkinin yekəliyinə baxma ey, talış başıdı, içi boşdu...
Səringülün nağılı pərt elədi Nənəqızı:
-Bağışla, bacılı, - dedi, - düz sözdü: turpun ağacı olmur...