adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 May 2018 00:31
9999
ƏDƏBİYYAT
A- A+

Geriyə yol varmı...

Nemət Veysəlli

(əvvəli ötən sayımızda)

Yaşımın bu çağında - atamdan qat-qat yaşlı olandan, bu mərhələdə, atamın bu addımını, anama dediyi sarsıdıcı sözləri anlamaq istəyirəm. Bu hərəkətin, sözlərin psixologiyasını, çalarlarını özümləşdirmək, ürəyimdən keçirmək istəyirəm. Müharibəyə yollanan insanın həyat yoldaşına, iki uşaq anasına belə kəskin, humanizm baxımından heç bir çərçivəyə sığışmayan sözlər işlətməyi bir az anlaşılmazdı.
Atamın boy-buxunu necə olub, hündürboylumu, alçaqboylumu - mənimçün bunlar da qaranlıqdı. Səsini, gülüşünü də eşitməmişəm, görməmişəm.
Atamın Yal obadan, qardaşlarının yanından çıxıb gəlib Rzalar obasında məskunlaşmasının bir neçə səbəbi mövcuddu. Hətta, bunlar səbəb yox, ehtimaldı. Bayaq söylədiyim kimi, əvvəla, Mehdi babamın bir neçə - Cəmil, Qara və Əli adlı oğlanları olub. Yal obasında da qardaşların hamısına yer-yurd düzəltmək çətindi. Yal obada o biri obalarla müqayisədə basdırıqdı, evlər, həyətlər sıxdı. Üstəlik də atam qoyun-quzu, mal-qara ilə məşğuldu. İyirminci əsrin əvvəllərində yüzlərlə qoyuna, iribuynuzlu heyvanlara baxıb, onların nəslini artırıb.
Nəhayət, sonuncu, bəlkə də həlledici səbəb: Anamın dayıları, qardaşları, ata yurdu, Sənəm nənəm, Allahverdi balam Rzalar obasında yaşayırlarmış. Atam on səkkiz yaşlı (1923) anamla ailə qurandan sonra yurd-yuva qurmaq üçün məhz Rzalar obasını seçiblər.
Torpaq sarıdan, həyət düzəltmək sarıdan Rzalar obası ideal yerdi. Kiçik dağlar və təpəliklərin ətəkləri, bol torpaq sahələri, təzə qurulmuş ailə üçün daha nə lazım idi?
Amma atam haqda bəzi detallar, məqamlar yadımdadır. Həmişə ikimərtəbəli daş evimiz, həyətimizdəki qoşa tut ağacından söhbət düşəndə atam mütləq xatırlanırdı. Dövlət qurumlarından doğum şəhadətnaməsi alanda, yeddiillik və orta məktəb sənədlərində də atamın adı yad edilirdi.
Deyəsən mən bu fikri başqa yazılarımda da səsləndirmişəm. Aşağı və Yuxarı Veysəlli kəndlərindən Böyük Vətən Müharibəsinə yüz əlli nəfər kişi yollanıb. Kəndimizdən davaya gedən kişilərdən yalnız qırx doqquzu sonralar ailəsinə, uşaqlarına qovuşub. Yüz bir nəfəri isə Rusiyanın soyuq çöllərində, Kerçdə, Şimali Qafqazda, Şərqi Avropada, Almaniyada - bir sözlə uzaqlarda həlak olublar.
Maraqlıdır, görəsən buğda vərləri yarımçıq qalmış, Azərbaycanın ucqar bir kəndində əkin-biçin, maldarlıqla məşğul olan bu cavanların günahı nəymiş? Davaya yollanan Veysəlli cavanlarının əksəriyyəti təhsilsiz, savadsız adamlardı. Silah işlətmək vərdişlərindən çox-çox uzaqdı. Azərbaycan dilindən savayı ayrı ünsiyyət formaları da yoxdu.
Milyonlarla insanların qırılmasına səbəb bu müharibəni kim başlamışdı, veysəllilər kimlərlə, nə üstündə müharibə aparırdılar. Bu savaş ədalətliydimi, ədalətsizdimi? Davaya yollanan bu yüz əlli nəfərin günahı nəydi? Böyük dövlətlərin, hiyləgər siyasətçilərin bu oyunu atmışdılar ortalığa - ailəsini, körpələrini, həyət-bacalarını Allah ümidinə qoyub gedən Veysəlli cavanları da düşmüşdülər bu tora, böyük burulğana.
Atası, əri, qardaşı müharibədə həlak olan insanların günahı nəydi?.. Onların parçalanmış, çilik-çilik olmuş həyatlarına kimlər məsuliyyət daşıyırdı? Atasız böyüyən müharibə uşaqlarının, uşaqlıq illəri məhv edilmiş, göz qırpımındaca ötüb keçən həyatlarını bəs kimlər geri qaytaracaqdı?
Bizim camaat hansı yerlərdən söhbət getdiyini yaxşı bilirlər. O tərəflərdə yaşayanlar hər yaz gələndə bu mənzərəyə tamaşa edirdilər. Əstəmiz tərəfdə, Mübahisəli yerlə üzbəüz sahələrdə yaz gələndə dərələr, düzlər qızıl gül zəmisini heyran-heyran tamaşa edirdilər.
Buna oxşar mənzərəyə Soltanalı kəhrizinin aşağılarında, su tutan sahələrində də rast gəlmək mümkündü. Möcüzə idimi, sirr idimi - güllər plantasiyasını bu yerlərdə kim əkmişdi? Güllərin, ləçəklərin xoş ətri insanın ağlını başından çıxarırdı. Güllər, ləçəkqarışıq gah qara, gah da qara-qırmızı rəngdə idi. Kəskin və xoş qoxu o saat adamı vururdu, elə bil ağlını başından çıxaran maye içmişdin. Ataları, əzizləri müharibəyə yollanan uşaqlarda hardaydı o bəxtəvərlik ki, onlar düzü-dünyanı al qırmızıya çalan qızıl gülləri dərəydilər, onlardan dəstə düzəldib ana-bacılarına verəydilər? Qarnı dolu çörək yeyə bilmirdilər, kasıbçılıq, ağır həyat tərzi onları vaxtından əvvəl kişiləşdirmişdi, qocaltmışdı.
gNizamı əvvəlki səhifələrdə qırılmış fikrimin üstünə yenidən qayıdıram. Valideynləri müharibəyə gedən və geri qayıtmayanların övladlarını kənddə atalarının adı ilə deyil, analarının adı ilə çağırırdılar. Məsələn, "Zərqələmin oğlu Suleyman", "Pərzadu oğlu Kamil", "Çulumun oğlu Fərzalı", "Bacıxanımın oğlu Astan".
Dünya sivilizasiyasından çox uzaq düşmüş, dünyada baş verənlərdən xəbərsiz, sıra dağların ətəklərinə səpələnmiş bu kəndin əhalisi, uşaqları nə işlə məşğuldu? Kinoya, teatra gedirdilərmi? Təsviri-sənət, heykəltəraşlıq sənəti - hərbi qulluğa gedənə qədər belə mətləblər haqda heç nə eşitməmişdim. Kənddə kütləvi və böyük idmandan əsər-əlamət yoxdu. Ancaq aydın səmalı gecələrdə çilingağac oynayırdıq. Düzünü deyim, ötən əsrin əllinci illərinə qədər mən qəzet, jurnal da görməmişdim. Nəinki bədii filmlərə, heç rəngli kitablara da rast gəlməmişəm. Bəlkə haradasa, Qaryagində, Bakıda, Stepanakertdə belə kitablar, qəzetlər dərc edilirdig Yeddiillik kənd məktəbində bizə verilən dərs vəsaitləri quru, statistik məlumatlardan savayı heç nəyə yaramırdı.
Uşaqlıq və yeniyetməlik illərimin daşlaşmış yaddaşını ha qurdalayıram, ha çalxalayıram yadıma heç nə düşmür. Qocalar, ahıllar söyləyirdilər ki, hə, Ağalar oğlu Bəylərbəy, Tahirov Məhəmmədəli Çar Rusiyası dövründə yaxşı təhsil alıblar, savadlıdılar. İnsanlar Bakıya, Moskvaya bu və ya digər məsələlərlə bağlı ərizə və şikayət eləmək istəyəndə mütləq bu adamlara müraciət edilirdi.
Amma kənddə kifayət qədər ağsaqqal və müdrik kişilər vardı. Əslində bu adamlar əsaslı təhsil almamışdılar, xarici dilləri mənimsəməmişdilər. Amma bu adamlar, kənd arasında böyük hörmətə sahib idilər. Müdrikləri, məqamında söz, məsləhət vermələri ilə başqalarından fərqlənirdilər. Şəfi Səfiyev, Əli Mehdiyev, Həsən Sultanov, Məhəmmədəli Tahirov, Dövlət Qurbanov.
Teatra, musiqiyə meyilli adamlar da çoxdu: Aşıq Vəli İmanov, Talış kişi, Balaş Mustafayev. Veysəllinin yaşlı adamları, ağbirçəkləri ötən əsrin otuzuncu, qırxıncı illərin musiqiçi və ifaçıların adlarını da tez-tez xatırlayırdılar. Fərrux, Şahmurad Tahirov.
Cəmi-cümlətani yüz on yeddi evi, gözdən-qulaqdan uzaq, bir növ dünya mədəniyyətindən, informasiyasından uzuq düşmüş bu kənddə ziddiyyətli, sirli-soraqlı məqamlar da çoxdu. Kəndin Tahirovlar obasında, demək olar ki, hamı çalıb-oynayırdı. Kəndin toylarında, şadyanaqlıqlarında bu obadan olan qız-gəlinlərin, kişilərin rəqs etmələrinə heyran qalmaya bilmirdin. İlahi, adi kənd qadınları, kişiləri belə ifadəli və zəngin xırdalıqlarla dolu oynamağı haradan, kimdən öyrənmişdilər? Tahirovlar obasının qız-gəlinləri, boylu-buxunlu kişiləri mağarda əl qaldırıb rəqs edəndə - o biri obaların sakinləri dərhal kənara çəkilirdilər. Qadınlar cüt göyərçinlər təki mağarın bu başından o başına süzür - ətrafdakıları sirli-soraqlı aləmə çəkib aparırdılar. Kişilər qadınlardan bir az aralı oynayardılar. Amma bu rəqslərdə gözəgörünməz kompozisiya, ahəng vardı.
Bir növ özüm-özümü təkzib edirəm: bir tərəfdən iddia edirəm ki, bu kənddə kino, teatr yox idi. Bəs Tahirovlar obasındakı bu səhnələr haradan qaynaqlanırdı? Bu cür rəqslərin, teatrlaşmış səhnələrin bir mənbəyi vardı, ya yox?
Yadımdadır, kənddə tez-tez Seyid Şuşinskinin, Cəmil Məmmədovun, Bülbülün, Eloğlunun adları xatırlanardı. Bəlkə də adlarını çəkdiyim bu sənətkarlar otuz-qırxıncı illərdə Veysəlliyə gəliblər, konsertlər veriblər, mənə məlum deyil.
Qısa yollarla dağlara qalxırsan - Şuşa ilə bizim kəndin arası çox da uzaq deyil: təqribən on beş-iyirmi kilometr. Bəlkə də o illərdə bizim kəndə Şuşadan hansısa sehrli meh əsirmiş. Bəlkə orada çalınan musiqinin xoş sədaları dağları, dərələri aşıb Veysəlliyə axıb gəlirmiş, - hər şey mümkündü. O uzaq, əlçatmaz uşaqlıq və yeniyetməlik çağlarımı xatırlayanda kəndin əziz və ipək xasiyyətli qadınlarını yadıma salıram. Əziz nənə, Göyçək nənə, Şura bibim, Nazimxan və Zərqələm xala, Zəhra xala, Vəli Rzayevin həyat yoldaşı Tutu. Anamın dayısı arvadı - Gülbəs, əmisi qızları - Mələk və Saray xala. Bəlkə mən başımı itirmişəm, bəlkə mən o illərin sehrinə, ovqatına düşmüşəm. İlahi, bu qadınlar necə də mehriban, istiqanlıydılar. Məhəbbətdə, insanların ünvanlarına xoş, sığallı, məlhəm söz söyləməkdə xəsislik etmirdilər - bal kimi şirin dillərini işə salırdılar: "bıy sənə qurban olum", "bıy sənin başına dönüm, anan, Nənəxanım necədir?", "qurban olum, belə haradan gəlirəm, sənə Zərqələm xalan qurban olsun" - kimi ifadə və müraciətlər ürəyimizə toxtatlıq gətirirdi, aclığımız, kasıbçılığımız yadımızdan çıxırdı. Təzəcə təndirdən çıxmış isti çörəyi əlləri yana-yana parça-parça edib bizə paylayırdılar, üstəlik də bizi əzizləyirdilər, valideynlərimiz haqda xoş sözlər söyləyirdilər.
Bu qadınlar xanım-xatın geyimləri, şirin və cazibədar oxşamaları ilə elə bil Tanrının yerdəki elçiləriydilər. Gözəllikləri ilə yanaşı, şirin dilliydilər, həddindən artıq mehribandılar. Tanrı onlardan heç nəyini əsirgəməmişdi - həlim, kövrək ürəkləri adamı ovsunlayırdı. İlahi, bu dünyanın nizamı niyə pozuldu? Kimlər pozdu? Obrazları, boy-buxunları, kəlağayı altındakı şəvə saçları ilə ürəyimdə həmişəlik heykələ dönmüş o qadınlar indi görəsən haradadılar? Bəlkə onların niskilli ruhları doğma yerlərdə - Qara kəhrizin ətrafında, Qara qayanın, Qulu dayımın zirvəsində dolaşır?
Söylədiklərimin sehrini, səbəbini indi də dərk edə bilmirəm. Bəlkə bu ona görə beləydi ki, bizim körpəlik, uşaqlıq və yeniyetməliyimiz müharibənin odlu-alovlu illərinə düşmüşdü. O illərdə aldığımız yaraların üstünü isti əlləriylə sığallayırdılar, dərman qoyurdular. Məsələ burasında idi ki, bu qadınların böyük əksəriyyəti dul qalmışdılar. Atasız uşaq böyütməyin, kasıbçılığın nə olduğunu yaxşı-yaxşı dərk edirdilər, duyurdular.
Həyat yoldaşı, ataları müharibədə həlak olan qadın və uşaqların arasında qəribə tale oxşarlığı, həmrəylik vardı. Onları bir növ, dərd, tale birləşdirirdi.
Kənddə zalım, qəddar adamlarla yanaşı, mülayim, ipək xasiyyətliləri də çoxdu: Əmir Rüstəmov, Balaş Mustafayev, Şəfi Şəfiyli, Allahverdi Hətəmov, Dövlət Qurbanov, Həsən Sultanov, Lətif dayı. Yaddaşımın qaranlıq künc-bucağında itib-batmış, unudulmuş adamlar da az deyil. Təəssüf ki, indi onların çoxlarının adlarını unutmuşam.
Demək istədiklərimi sizə dəqiq çatdırmaq istəyirəm: elə belə əməlli-başlı məşğuliyyətimiz də yoxdu. Məktəbə gedib-gələndən sonra mal-qara dalınca qaçırdıq. Hinduşka sürüsünü kövşənlərə otururduk.
gİri gövdəli, iri buynuzlu "Təpəl" camışımız ailəmizin dirəyi, az qala üzvü idi. Onun ətli, isti əmcəklərindən sağılan süd, ondan hazırlanan qatığı, qaymağı - gərəkliliyi baxımından sözə, ifadəyə gəlməz. "Təpəl"in südündən hazırlanmış qatıq, qaymaq, kətəməz, şor və ayran, nəhayət yağı - bizimçin bir növ buğdanı, unu, çörəyi əvəz edirdi. Təzəcə qaynadılmış südün içinə çörək doğrayırdıq - dörd-beş saat aclığın nə olduğunu bilmirdik.
Dürüst yadımda qalmayıb, yaxın qohumlarımızdan biri Həmzə kişi ilə birgə kolxozun qoyun fermasına baxırdılar. Çoban idilərmi, ferma müdirləri idimi - çoxdanın söhbətidir. Təsərrüfatda da təqribən iki yüz - üç yüz sağmal qoyun vardı. Hələ payızın axırları idi, qış gəlməmişdi.
Kolxoz sədri bizim yaxın qohumuza təkrar-təkrar demişdi:
- Alaf sarıdan azdan-çoxdan sizə kömək edəcəyik. Xahiş edirəm, çalış bu heyvanlar sağ-salamat yaza çıxsın. Sağ-salamat yaza çıxartdınmı, sizdən heç nə istəmirəm, allaha yalvarın, yaz tez gəlsin, qoyunların südü, qatığı, qaymağı hamısı sizin olsun. O illərdə iki yüz-üç yüz sağmal qoyunu sağ-salamat yaza çıxartmaq çətin məsələydi. Bundan qabaq neçə-neçə qoyunçuluq üzrə ferma müdirləri bu tapşırığın öhdəsindən gələ bilməmişdilər. Alaf qıtlığı, sərt qış heyvanları, quzuları ilə birgə kütləvi şəkildə qırmışdı. Balaları ilə birgə qırılan heyvanlara cavabdeh şəxslər isə istintaqa cəlb, həbs edilmişdilər.
Qabaqca evimizdən bir az aralı qoyun ferması üçün yan-yana iki ağıl düzəltmişdilər. Sağmal qoyunlar üçün ayrı, quzular üçün ayrı. Nədənsə, qışın sərt gələcəyindən ehtiyat edirdilərmi, yoxsa başqa səbəblərə görəmi fermanın yerini dəyişmək qərarına gəldilər. Bizim evimizdən aralı, gədiyin o üzündə rəhmətlik Həsən Rzayevin qədim mülkü vardı. Yaraşıqlı evi, mal pəyələri. Həsən kişinin sarayı xatırladan evindən uzun-uzadı danışmaq istəmirəm. Amma onun iri buynuzlu mal-qara üçün nəzərdə tutulmuş enli və uzun pəyəsi də vardı. Pəyənin divarları iri-iri qaya daşlarından hörülmüşdü. Eni və uzunluğu kifayət qədər geniş döşəməsinə ağ, dördkünc daşlar düzülmüşdü. İri-iri sal daşları yerə elə döşənmişdi ki, heyvanlar hərəkət edəndə dırnaqları ilişmir, yıxılmırdılar. İçinə ot, saman tökmək üçün uzun axur da düzəldilmişdi.
(ardı gələn sayımızda)