adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 May 2018 14:12
12277
ELM VƏ TƏHSİL
A- A+

BANM-da Tələbələrin Respublika elmi-texniki konfransı yekunlaşıb

Bakı Ali Neft Məktəbində (BANM) Tələbələrin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş Respublika elmi-texniki konfransı yekunlaşıb. 30 aprel – 2 may tarixlərində davam edən konfransda beş bölmə üzrə aktual mövzularda müxtəlif təqdimatlar dinlənilib. Ümumilikdə bütün bölmələr üzrə 68 məruzə təqdim edilib ki, bunun 35-i BANM-ın tələbələrinə, qalanı isə konfransda iştirak edən 10-a yaxın müxtəlif universitetlərin tələbələrinə aiddir.

Adalet.az xəbər verir ki, konfransın bağlanış mərasimində çıxış edən BANM-ın rektoru Elmar Qasımov artıq 6-ci ildir ki keçirilən bu konfransın bu il yalnız BANM-ın hüdudları çərçivəsində deyil, ölkə üzrə müxtəlif universitetlərin iştirakı ilə daha geniş şəkildə keçirilir. Rektor qeyd edib ki, BANM-da tələbələri elmi-tədqiqata həvəsləndirən hər bir təşəbbüs dəstəklənir, bilik mübadiləsinin həyata keçirilməsi üçün müxtəlif tədbirlər təşkil edilir. "Belə tədbirlərin keçirilməsi tələbələr arasında elmi məlumatın mübadiləsi, onların apardıqları tədqiqatların nəticələrinin ictimaiyyətə təqdim olunması üçün böyük əhəmiyyət daşıyır.” – deyə Elmar Qasımov bildirib.

Konfransın sonuncu günü həmçinin tələbələrin məruzələrinin qiymətləndirilməsi və mükafatlandırılması keçirilib. Ümumilikdə beş bölmə üzrə 7 nəfər tələbə birinci dərəcəli, 9 nəfər tələbə isə ikinci dərəcəli diplom əldə ediblər. Daha 9 tələbənin məruzəsi isə xüsusi mükafata layiq görülüb. Ali Məktəbin rektoru Elmar Qasımov qaliblərin hər birini təbrik edərək, onlara konfransda əldə etdikləri nailiyyətə görə diplomlar təqdim edib.

Qeyd edək ki, qalib iştirakçıların 9-u BANM-ın, 16-sı isə digər universitetlərin tələbələridir. Konfransda öz məruzələri ilə qalib olan tələbələr eyni zamanda BANM-ın əməkdaşlıq etdiyi, neft-qaz sektoru üzrə fəaliyyət göstərən bir çox transmilli şirkətlərin nümayəndələri tərəfindən təqdim olunan hədiyyələrlə mükafatlandırılıblar.