adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 May 2018 12:37
21110
İDMAN
A- A+

Gecənin bir vaxtı hələ də inana bilmirdim ki...

Hakan Şükür - hamının tanıdığı, qürur duyduğu bir futbolçu... O, indi futboldan uzaqlaşsada, dünya futboluna adını qızıl hərflərlə yazdırmış unudulmaz bir türk futbolçusu kimi tarixə düşüb. İndinin özündə də azərkeşlər milli komandada yeri boş görünən Hakan Şükür üçün darıxırlar…


Uşaqlığı

Hakan Şükür 1971-ci il sentyabrın 1-də Sakaryada dünyaya göz açıb. Dediyinə görə, uşaq vaxtı hər şeyini dostları ilə paylaşmağı sevirmiş. Həm dəcəl, həm də macərapərəst olan balaca Hakanı dostları çox sevirdi. Ana-atasına çox əziyyət çəkdirdiyini deyən Hakan sonralar bütün səhvlərini düzəltməyə, "ağıllı oğlan” olmağa başladı.

Məktəb vaxtı çalışqan bir şagird olub. Ahmet Akkoç məktəbində əvvəlcə basketbola maraq göstərən Hakan sonralar futbol adamına çevrilib. İdman həyatı adıçəkilən məktəbdə başlayıb. Boyunun ucalığı onun basketbol marağına təsir edib. Məktəb vaxtlarında unutmadığı anlardan biri basketbolda Sakarya çempionu olması və Mərmərə birinciliyi üçün yarışmasıydı.

Sonra isə Hakanın basketbol klubu finalda Bolu komandasına məğlub olaraq ikinci yer tutur. Uduzmalarına baxmayaraq, finaladək çox gözəl anlar yaşadıqlarını deyir.


İlk maaşına paltaryuyan maşın alan Hakan

Hakan uşaq yaşlarında həm oxuyur, həm də işləyib ailəsinə kömək edirdi. Futbolda qazandığı ilk maaşına anasına paltaryuyan maşın almışdı.
Karyerasına 8 yaşında doğulduğu Sakaryada başlamışdı. O həm "Qalatasaray"ın, həm milli komandanın, həm türk klublarının, həm də türk futbolunun tarixində ən çox qol vuran yeganə futbolçudur. Bundan əlavə, dünyanın ən çox qol vuran türk futbolçularından biridir.

İlk peşəkar qolunu 1987-1988-ci il mövsümündə Türkiyə kubokunda "Zonquldakspor”a vurub. Türkiyədə "Sakaryaspor”, "Bursaspor” və "Qalatasaray" klublarında forma geyinən Hakan Avropada isə "İnter”, "Parma”, "Torino” və "Blekbörn Rovers” formaları da geyinib. 1992-ci ildə Hakan Şükürün milli komanda ilə ilk çıxdığı oyun Lüksemburq millisinə qarşı oyun olub. Xatırladaq ki, o oyunda Türkiyə millisi Lüksemburq millisini 3-2 hesabı ilə məğlub etdi.

Bəli, o, Türkiyə milli komandasının 85 illik tarixində ən çox qol vuran futbolçudur. Milli komanda ilə çıxdığı 112 oyunda 51 qola imza atan Hakan U-16 Milli komandanın 1987-ci ildə Polşa ilə 1-1 bərabərə qaldığı Avropa çempionatı qrup mərhələsinin ilk oyununda ilk dəfə milli formada çıxış etmişdi. 2002-ci ildə keçirilən dünya kubokunda bir qol və iki assist edən ulduz futbolçunun, heç şübhəsiz, "Qalatasaray"la qazandığı Türkiyə çempionluqları və UEFA kuboku unudulmaz bir hadisə olaraq tarixə keçdi.


Dünyanın ən erkən qolu

Futbol həyatına 1987-ci ildə Sakaryada qədəm qoyan Hakan bu klubda 3 il oynadıqdan sonra birinci liqa komandalarından "Bursaspor”a keçid alır. Nəhayət, o, 1992-ci ildə "Qalatasaray"a transfer olunur. "Cimbom”da bir çox uğurlar qazanan Hakan 1995-ci ildə İtaliya klubu "Torino”ya keçir. Torinoda özünü lazımi səviyyədə göstərə bilmədiyindən "Qalatasaray"a geri dönür. Bundan əlavə, 1998-ci ildə FİFA tərəfindən ilin futbolçusu mükafatına layiq görülür.

2000-ci ildə Hakan UEFA kubokunu "Qalatasaray"la qazanır və bir az da diqqət çəkir. Hakan Avropanın nəhəng klubu sayılan "İnter”in də formasını geyinib. İtaliyada "Parma” klubunda da oynayan istedadlı oyunçu burada İtaliya kubokuna yiyələnir.

2002-ci il dünya çempionatında Türkiyə milli komandası forması altında dünya üçüncülüyü və Cənubi Koreya ilə oyunda 9-cu saniyədə vurduğu ən erkən qolla dünya futboluna adını yazdırır.

Karyerasını isə doğma klubu "Qalatasaray"da başa vurub. Daha sonra "TRT 1” kanalında futbol şərhçisi kimi çıxış edən Hakan Şükür 2011-ci il seçimlərində AKP partiyasından millət vəkili də seçilib.


Unudulmaz anlar

Hakan Şükürün ən böyük xəyallarından biri "Qalatasaray" forması geyinmək idi. Oynadığı ikinci klub olan "Bursaspor”da məşq əsnasında "qalatasaray"lı menecerlərin onu izlədiyini zənn edərək daha da yaxşı oynamağa çalışırdı. Dediyinə görə, gözəl günlərin birində Bursadakı evinin eyvanında çay içirmiş. O vaxtlar Hakan dayısı ilə bərabər yaşayırdı və evlərində telefon yox idi. Aşağıdakı dükandan telefon səsi gəlir, zəng edən şəxs "qalatasaraylı" menecer olduğunu deyir.

Həmin günü Hakan Şükür daha sonra belə anladacaqdı: "O anda inana bilmədim ki, xəyallarım gərçək olur. Amma tələsmədim, nikbinliyimi qorudum. Zəng edən şəxs "cimbom”lu menecer Ökkeş Polatdı. Bir neçə gündən sonra onunla milli komandanın kampına yollandıq. Menecerin şəxsi otağında "Qalatasaray" haqda danışmağa başladıq. Mənim üçün danışılan sözlər, rəqəmlər heç də vacib deyildi. Ona görə də imza atmadım, amma gərəkli hər şeyə söz verdim. Milli komanda da çox yaxşı bir performans göstərdim və bir çox klubun diqqət mərkəzinə düşdüm. Lüksemburq oyunundan sonra "Qalatasaray"la anlaşdıq. Gecənin bir vaxtı hələ də inana bilmirdim ki, sabah mən "Qalatasaray"ın oyunçusu kimi ilk məşqimə çıxacam”.

Hakanın İtaliyada unuda bilmədiyi maraqlı hadisələr də olub. "Torino” klubuna transfer olduqdan sonra oteldə ona doğum günü sürprizi verilir, işıqlar sönür və ortaya böyük bir tort gəlir. Doğum günü tortunun üstünə isə türkcə belə yazılmışdı: "Ailənlə sənə İtaliyada uğurlar, sağlıqlı, hüzurlu günlər”.

Bu, Hakanın unutmadığı və tez-tez xatırladığı anlardan biridir...

Hakan Şükür boş vaxtlarında ailəsi ilə birgə Torinonun müzeylərinə, abidələrinə, turist mərkəzlərinə baş çəkərdi…


Kral. Evlilik

Futbol üzrə Türkiyə çempionatları tarixində ən çox qol vuran futbolçuların adları açıqlanıb. Hakan Şükür karyerası ərzində Türkiyə çempionatları tarixində 249 qol vuraraq ən sərrast futbolçu olub. Türkiyə çempionatları tarixinin ikinci ən məhsuldar futbolçusu isə Tanju Çolakdır. Bu futbolçu, karyerası ərzində rəqib qapılarından 240 top keçirib. Sonrakı yerlərdə müvafiq olaraq Hami Mandiralı (219), Metin Oktay (217) və Aykut Kocaman (200 qol) qərarlaşıb.

Türk xalqı həmişə Hakanla qürür duyub. Çox qol vurduğundan Hakanın ləqəbi də "Kral” idi. İki dəfə evlənən Hakan Şükür ilk evliliyini 1995-ci ildə Esra Elbirliklə qurmuşdu. Ancaq bu evlilik qısa vaxt ərzində, yəni 4 ay sonra başa çatır. Esra Elbirlik 1999-cu ildə zəlzələ nəticəsində həyatını itirir. İkinci evliliyi 1999-cu ildə Beyda Sertbaş ilə olub. Bu evlilikdən isə Hakanın üç uşağı var: iki qız və bir oğlan.


"Mən türk deyiləm…”

Türkiyə millisinin keçmiş kapitanı, "Qalatasaray"ın əfsanəsi, hazırda isə İstanbul millət vəkili olan Hakan Şükür tələbələrlə görüş zamanı maraqlı açıqlamalar verib. Mehmet Akif Ersoy Universitetində təşkil olunan tədbirdə çıxış edən Hakan Şükür tələbələrdən birinin kürd problemi ilə bağlı sualını cavablandırarkən "Əslində, mən də milliyyətcə albanam. Bu baxımdan yanaşanda, mən türk deyiləm” cavabını verib. H.Şükür buna baxmayaraq, o, Türkiyəni sevidiyini açıqlayıb: "Mən bu torpaqların çörəyini yeyib suyunu içmişəm. Bu torpaqlarda yaşayıram. Ölkəni, bütövlüyü, məzhəbi, dini, dili, irqi bərabər şəkildə yaşamaq çox önəmlidir. Daha çox problemləri danışaraq dostluğumuzu, qardaşlığımızı pozmamalıyıq", – deyə o qeyd edib.

Bundan sonra bütün televiziyalar, jurnalistlər, mütəxəsislər Hakanın ünvanına coxsaylı iradlar, qınaqlar səsləndirib. Bu sözlərə Türkiyənin baş naziri Rəcəb Tayyib Erdoğandan da cavab gəlib. O, Hakanın türk olmadlğına normal baxdığını, onun milli komanda da qazandığı uğurları, Türkiyənin ən çox qol vuran oyunçusu olduğunu və vurduğu qollarla tarix yazdığını dilə gətirmiş, əslində, bunu deməklə Hakan Şükürə sahib çıxmışdı.


"Mən təriqətçi yox, Atatürkçüyəm”

"Qalatasaray"da oynadığı vaxtlarda onun haqqında çıxan şayiələrə cavab verən Hakan Şükür həmişə qəzet manşetlərində görünürdü: "Zaman-zaman kədərləndim və buna bir anlam verə bilmədim. Ortada bir səbəb yox ikən niyə mənimlə uğraşdıqlarına bir məna verə bilmirəm".

Hər yeni yalan xəbərdən sonra Hakan Şükür bu cür açıqlamalarla gündəmə gəlirdi: "Məqsədləri nədir bilmirəm. Gündəmi dəyişdirməkmi? Mənim təriqətlərə baxış strategiyam onsuzda bilinir. Müsəlman bir ölkədə yaşamağa çalışan Atatürkçü bir insanam, təriqətçi deyil, Atatürkçüyəm”.


Şəxsi uğurları

Dünya tarixində ən çox qol vuran Türk futbolçu (395 qol)
Türkiyə futbolu tarixində ən çox qol vuran futbolçu (249 qol)
Türkiyə futbol çempionatları tarixində Galatasarayın heyətində ən çox qol vuran futbolçu (228 qol)
Avropa Kuboklarında ən çox qol vuran Türk futbolçu (38 qol)
Çempionlar Liqasında ən çox qol vuran Türk futbolçu (22 qol)
1999-2000 – Avropa Kubokları Qol Kralı (10 qol)
1998-1999 – Türkiyə Çempionatı Qol Kralı (19 qol)
1997-1998 – Türkiyə Çempionatı Qol Kralı (32 qol)
1996-1997 – Türkiyə Çempionatı Qol Kralı (38 gol)
1998 – Gümüş Butsı mükafatı
1997 – Bürünc Butsı mükafatı
1997 – FIFA Dünya Qol Kralı mükafatı
1997 – FIFA Dünyanın Ən Yaxşı Qolçusu mükafatı
2002 – FIFA Dünya Kuboku tarixinde en tez Qol vuran futbolçu