adalet.az header logo
  • Bakı 13°C
02 May 2018 11:47
22199
ƏDƏBİYYAT
A- A+

Şeirin səadət nuru

Mənim 30 illik ali məktəb müəllimi kimi stajımda istedadlı tələbələrimin yaradıcılığını imkanım daxilində izləməkdir, uğurlarına sevinməkdir. Və bunu ən böyük sevincim kimi qiymətləndirirəm. Zaman Əsgərli, Əli Rəşidoğlu, Səxavət Qarayev, Elşad Səfərli, Yegizar Cəfərli… İntiqam Yaşar. Sonuncu nəsildir hələlik… Ən gənc şairdir, ordudan tərxis olunandan sonra axtarıb məni tapdı, xeyli söhbət elədik, yaradıcılığı (bu sözü mən işlətdim) barədə az-çox məlumat aldım. Aylar keçdi və bu günlər yığılıb illər oldu. İ.Yaşarın şeirləri də yığılıb bir poetik məcmuəyə çevrildi. Avtoqrafı isə müəlliminə bağışladı. Artıq məndə bir etibarlı inam oyandı ki, gənc İntiqam Yaşar poeziyaya ötəri hisslə yox, içindən gələn narahatçılıqdan, tabsızlıqdan, ilhamından gəlir, amma hələ özünə güvənmir: – Müəllim, – söhbətimizin bir məqamında dilləndi. – Yadınıza düşərmi auditoriyada dediniz ki, poeziya yeganə yaradıcılıq fenomenidir ki, müəllifinə elə də sadiq çıxmır, ilahidən gələn pay kəsilə də bilər və o, qayğılı gülümsündü.

Onu başa düşürdüm. Onu xatırlatdım ki, şeir «darıxanda» ürəkdə o halda yaranır – mətbuatda oxuduğum şeirlərində inanıram ki, sən poeziyaya aldanmayacaqsan: özünə qarşı tələbkarlığında, dərin hissi və intellektual müşahidəndə, ilhamına güvənəndə. Yanılmamışdım. Gənc yazarların güvənc yeri olan «Ədalət» qəzetində İntiqam Yaşarın şeirləri haqqında geniş məqalə ilə çıxış etdim. Məqaləni oxuyan istedadlı tanınan şair Əbülfət Mədətoğlu razılıqla dedi ki, bu gəncin şeirləri məni razı salır. Özü də o qədər təvazökardır! Yazınızda gənci necə də duymusuz, Allahverdi müəllim. Kaş bütün müəllimlər öz yetirmələrini beləcə duyalar…

Məqalənin çapı poeziya həvəskarlarında xoş təəssürat yaratmışdı, İntiqam Yaşarın özünə məxsus mövzu və poetik yanaşma tərzinə razılıq hissi oyatmışdı.

İntiqam Yaşarın şeirlərinin leytmotivində bədii paralellər müxtəlif rakurslardan poetikləşsə də, şairin şəxsi hissləri fərəhsiz zülmətə işıq salır, şəhərin yeknəsək ritimlərindən darıxır, bəlkə bununla autizmdən – zehni gərginlikdən, narahatçılıqdan ayrılmaq istəyir – təbii haldır. Müsbət cəhət odur ki, qeyri-reallıq vizionerlik aşılamır. Şairin sentimental əzəməti də bundadır.

Bir şəhərin boşluğu

bir balaca otaqdan başlayır dost.

Oynama sükutun ağır havasına –

sümüyünə düşmürsə –

mübhəm və həzin kədərin içində bir sevgi işartısı da var ki, bu, İntiqamın şeir dünyasında səhərlər oyanır – poetik borcunu ödəyir, amma iztirabların, duyğuların təzadları ilə. Poeziyaya bu soyuqluq – əkslik gətirmir, oxucu duyğulanır. Belə poetik yanaşma İntiqam Yaşarı digər gənc şairlərdən fərqləndirir. Eyni zamanda şeirin poetikasında özünü canlandırır.

Öz qanadlarım yandıqca,

Kəpənək qanadlarına ağladım.

Söykəndiyim divarlar o qədər soyuq oldu ki,

Nə mən deyim, nə siz soruşun.

Günəş iki olsa belə xeyri olmazdı…

Üşümək alın yazımız idi –

Obrazlı çevrilmələr – mənim qənaətim!

Şeir «düz misralarla» elə də sirdaşlıq etmir, nəsrə çevrilməkdən ehtiyatlanır, belə olarsa öz «oyunu»nu itirərdi – həzinliyi daxilində gəzdirən şeirin sirri də bundadır, əlbəttə, zahiri kamilliyi saxlamaqla. İntiqamın bir üstünlüyü də ondadır, poeziyada (adətən, nəsrdə axtarılır) protekstlikdən qaçır, yəni biçimsizlikdən!

İntiqam Yaşara başqa bir fərqli rakursdan yanaşanda demonemenlik ovqatı yoxdur, buna hacət yox: fikir-qayənin dominantlığı, oxucusuna olan nəzakətliliyi – kultuazlığı, yeri gələndə mötədilliyi – orta həddi gözləməsi… Poeziyanın atributları. Bir nümunə: şeir «Əkiz ağaclar» adlanır və oxucu yaxşı mənada yoza bilər; bu isə müəlliflə oxucu arasındakı ruhi – sosial «ixtilafa» da yön ala bilər.

Bəzən ağrılar da əkiz doğulur,

Məsələn,

Ürək ağrılarıyla kürək ağrıları kimi.

Ayırmırsan heç birini,

Qolların daha geniş açılır,

Qoynun daha isti olur onlara.

Hər əsən küləkdən,

Hər yağan yağışdan qoruyursan.

Onlar boy atıb böyüdükcə –

Sən ayaq üstə quruyursan.

«Şəkər» kimi adı şirin olur,

dadı acı.

Bir gün də, bir gün də,

Səni «təbrik»ə gəlir dostlar, tanışlar.

Qurtulursan büsbütün,

Çatır dadına ağrıların ən sonuncu əlacı.

İntiqam Yaşarın şeir aləmində bir üstünlüyü də ondadır – tənhalıqdan monofobiyadan qoruyur: halbuki şeir şairi həmişə tənhalığa çəkmişdir. Ona görə ki, tənhalıqda bol və təmiz hava var, təbiətin predmetləri canlı təsir bağışlayır, qaibanə səslər içərisində poetik misralar ürəkdə məskunlaşır, xüsusilə, ötən günlərin kövrək xatirələri – sevgi notları. Təbii xatırlamadı, o cümlədən, mənim yozumumda. Lakin İntiqam Yaşarda bu sevgi tənhalığın örtüyünü dəlib bəşəri hissə qovuşur, necə ki, «Mən yenə də hamını sevirəm» şeirində olduğu qədər inandırıcıdır:

Bu gün də ürəyim sözümə baxmadı,

Bu gün də ondan şikayətçiyəm.

Bir payız fəsli qədər səssiz,

bir fəsil kimi yorğunam.

Nəfəsimdə düyünlənən o qədər söz var ki,

Hansı birini susum,

hansı birini gizlədim?

Bilirsənmi,

Mən həmişə kimisə və ya nəyisə gözlədim.

Təqvimlər və dostlardan başqa nə dəyişdi ki?

Ümidlər məni yaşatdıqca,

içimdə çox şeyi öldürdü.

Dərdim kimsənin dərdinə bənzəmədi,

Dərdim də təkrarsızdı,

dərdim də birdi.

Mən ayaq ucunda yeridikcə həqiqət tərəfə

Ən doğma bildiklərim üçün çevrildim hədəfə.

Dostum, gəl sağollaşaq,

baş qoşma mənə,

Mən yenə də hamını sevirəm.

Şairin manerası bitmiş formaya əsaslanır, o halda şeirlərində tamlıq (bitkinlik) güclü alınır. Belə də misraların «boy sırası» müəllif üçün vacib sayılmır; axı şeir yuxarıda vurğulpdığım kimi «oyundur», yazanı isə «Gizlənpaç»ın qəhrəmanıdır, özünü göstərmirsə, baxır, görür və tapılmayacağına sevinir. Təəssüf ki, son on illərdə poeziyaya gələn gənclər «gizlənpaç» oyunundan çəkinirlər ki, oxucusu onu tapar və məğlub edər. Mən İntiqam Yaşarın şeirlərində birinci tərəfi duyuram. Birincisi o, estetik idealının bədii şərhini verir. İkincisi sözün məna (fikir) həcmini genişləndirir. Üçüncüsü istedadından qaynaqlanan fəhmin ittifaqını yerində sahmanlayır. Dördüncüsü müəllif olaraq pedantçılıqdan uzaqlaşır. Beşincisi mövzunu özbaşına buraxmır, – proteksionluq-himayəçilik göstərir. Ona görə də mövzu (tema) Yaşardan qaçmır – nə gözəl poetik səadət! Və «Şeir «kimdir» şeirində pıçıldadığı qədərində. O poeziya qazanır – mövzu müəllifdən qaçmır, şairdən bixəbər yaddaşda cilalanır, təxəyyüldə formalaşır, ürəkdə səslənir, hətta tremendik səslərin təkrarında belə qeydsiz-şərtsiz qəbul olunur.

Şeir təkcə mənəmmi,

Şeir təkcə sənsənmi,

Şeir təkcə bizikmi?

Şeir bəzən yağışlı gündüzlərdi,

Şeir bəzən zəhər dadan gecələrdi.

Şeir susuz səhralardı,

Saçlarını küləklərə öpdürdüyün bozqırlardı…

Şeir içində qəfəslənmiş sualdı,

Barmaqları nəfəslik istər sinəmin sol küncündən.

Bu qış gecəsində ürəyim necə alovlanardı,

Şeir kimdisə, nədisə şeirə halaldı.

Gənc şair İntiqam Yaşarın son iki-üç illik qısa poetik aləminə intellektual və emosional yanaşmağım mənim üçün heç də gözlənilməz deyil və bu fikirdən uzağam: hər bir ədəbiyyatşünas – tənqidçi, xüsusilə, poeziyaya qədəm qoyan cavan söz sahibinə qarşı həssas, diqqətli və qayğılı olmalıdır, çünki bu şəxs həyatı və yaradıcılığı təcrübəsində xeyli sayda şeirlər oxumuşdur, sevinmiş və qəmlənmişdir. Amma mən belə düşünürəm ki, qəmlənməyə elə də haqqı çatmır: şeir cavanlar üçün eksperiment ola bilir, oraya qədər daha qələmi xəyanət edirsə, özü isə yorulursa misraların aqibətindən kənara çəkilir. Yox əgər şeirlərdə dan qızartısı varsa, o, haçansa öz günəşindən bəhrələnib yayılacaqdır. Axı, tənqidçinin də hövsələsi olmalıdır, tələsməməlidir. Və onu kəsdirməlidir ki, lap gənc olsun – poeziyanın qaynarlığında, atəşində «ölür» də – fiziki mənada yozmazdım – poetik uğurun ruhən çəkilməsində «oyuna» qoşula bilməməsində – son şeirlərinin birində olduğu kimi!

Məni hər gün öldürürlər,

Bir gün dostum öldürür, bir gün düşmənim.

Məni hər gün öldürürlər,

Bir gün sən öldürüsən, bir gün sənsizlik.

Mənim yuxularımdakı dünya yumru yox,

edam kötüyü formasında

Mən hər gün intihar edirəm,

içimdəki üsyan eşqinə.

Bax, gördünmü mən

yaşamaqdan çox ölürəm, addımbaşı.

27.02.2018.