adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
02 May 2018 00:35
9447
ƏDƏBİYYAT
A- A+

Geriyə yol varmı...

Nemət Veysəlli

Bu təbii qanundur. İnsan ömrünün axırlarında, yaşlı və ahıl çağlarında keçib gəldiyi həyat yolları, onun keçid və döngələrini tez-tez xatırlayır. Mən kiməm, haradan gəlib, hara gedirəm? Düşüncələrim, ağrılarım, uğur və itirdiklərim. "Geriyə yol varmı..."da mən belə mətləblərlə üzləşmişəm. Həyatımın əhəmiyyətli məqamlarını, uşaqlıq və yeniyetməlik illərində yadımda qalanları, xatırlanması vacib olan detalları, anları qeydə almağa çalışmışam. Bu əlyazmada həyatımın elə incə, intim anlarını qələmə almışam ki, bəlkə də bütün bunlar oxucularda təəccüb və təəssüb hissi doğuracaq. Deyəcəklər "burada söylənilənləri geniş oxucu ixtiyarına verməyə ehtiyac vardımı?"
Fikrimi ha yana yozursunuz, yozun, mənim həyatım bu məqamlardan, döngə və keçidlərindən ibarətdi. Bu mənim həyatımdır.

Müəllif
12.03.2018


Olub keçənlər, düşüncələr
21 mart, 1941-ci il

Atam - Mehdiyev Bayramalı Mehdi oğlu 1941-ci ilin səhəri, martın 20-də atını buğda ilə yükləyib qonşu Qacar kəndinə, oradakı su dəyirmanına yollanır. Veysəlidən Qacar kəndinə, Köndələn çayının üstündəki dəyirmana getmək üçün bir neçə istiqamət mövcuddu: Rzalar obasından keç Quzumkəndə (Martuni), ya da Yal yoluna. Yaşıl sarmaşıq kimi dağların, dərələrin sinəsinə dolaşan əyri-üyrü yollarla qalxırsan lap zirvələrə - Ağoğlan dərəsinə tərəf. Bir-birinə söykənmiş, bir-birinə dayaq silsilə dağların o üzünə aşırsan - düzəngahdı, qaratorpaqdı - ta Sarışının dəyirmanına kimi. İstəsən heç Ağoğlan dərəsinə, ucu-bucağı görünməyən tut bağlarına dönməyə də bilərsən - bağların ətəyindən, çay boyu, Aşağı Divanalılardan qalxırsan Qacar kəndinə.
Hə, bax, bu da Qacarın su dəyirmanı. Səma ilə, buludlarla əlləşən nəhəng qoz ağaclarının iri gövdələri, qol-budaqları çay qırağındakı dəyirmanı görünməz etmişdi. Dəyirman, dəhnəqarışıq, arxı, pərləri ilə birgə qalırdı qoz ağacının iri qol-budaqlarının altında. Hətta, Qacar kəndində elə qoz ağacları mövcuddu ki, onun qol-budağı geniş kənd yollarının üstünü çətin kimi tutmuşdu.
Mənbəyini Xəzəzin meşələri, Herher və Pus bulağı deyilən tərəflərdən götürən Qarqar çayı dəyirmana çatar-çatmaz əyilib-bukülürdü, çoxdalğalı burulğan yaradırdı. Göm-göy, göz yaşı kimi duru çayın dibində quyruqlarını şappıldada-şappıldada üzən, iti burunlarını çay daşlarının altına soxan fareli xüsusi torla, tələ ilə tutmağa heç ehtiyac da yoxdu. Dəyirmanda növbəsini gözləyən nobatçılar, Qacarın qazdan ayıq uşaqları farel balıqlarını havaya qalxandaca, çayın əks istiqamətinə sıçrayandaca qamarlayırdılar. Köndələnçayın suyu o qədər soyuq idi ki, balıq həvəskarlarının ayaqları, əlləri qıpqırmızı qızarmışdı. Bir azdan çaydan tutulan farelin şorbasının xoş ətri dəyirmanın çax-çaxının, su şırıltısının səsinə qarışır, ətrafa xoş ovqat gətirirdi.
Geriyə - kəndə qayıtmaq vaxtıdır. "Həm də Nənəxanımı evdə, ağır vəziyyətdə qoyub gəlmişəm".
Qacar kəndinin içindən, kəndin dağlara söykənən səmtindən Ağoğlan dərəsinə sərt cığırlar qalxır. Buna nə adı verirsiniz verin - cığırmı, dağ yolumu - söhbət bunda deyil. At, ulaq üçün hesablanmış bu cığırla yuxarılara qalxdıqca - Qacar, Dövlətyarlı, Qərəmmətli, Cəmilli kəndləri ayaqların altında qalır.
Uzun çəkəcək söhbətimin bu məqamında qəribə bir detal yadımdan çıxıb. Atam, beli yüklü atı ilə Qacar kəndindən aralanar-aralanmaz yükü aşır. Niyə aşır, nə üçün aşır, bunları mən də bilmirəm. Maraqlı burasındadır ki, çəni, dumanı, qarı, yağışı qaş-göz arasında baş verən bu çöllükdə hər an yağış, qar yağa bilərdi. Neçə gündən bəri çəkdiyin əziyyət də məhv olardı. Belə bir narahat yerdə səni yağış tutdumu - un islanacaqdı. Belə bir gərgin məqamda əslən Qacardan boylu-buxunlu, cüssəli bir cavan atama tuş gəlir. İşin nə yerdə olduğunu görən cavan atama əməlli-başlı köməklik göstərir. Sonralar, çox-çox sonralar anam danışırdı ki, hətta qacarlı cavan oğlanla atamı qısa, atüstü söhbətləri də olub.
Kömək etdiyinə görə atam cavan oğlana minnətdarlığını bildirib, axırda da adını soruşub.
Cavan oğlan "Adım Nemət"dir, - deyib. Atam bu adı yadında saxlayır. Beləliklə, axar-baxarlı bir yerdə - bir tərəfdən Xəzəzi meşəsi, o biri tərəfdən üzü aşağı axıb gedən Köndələn çay, iri gövdəli qoz və tut bağlarının geniş mənzərəsi açılan bir yerdə atamla cavan oğlan arasındakı qısa söhbəti bitir.

***
Təqribən dörd-beş saatdan sonra Ağoğlan dərəsi, tut bağları, Muses in dəyirmanı arxada qalır. Dağlardan üzü aşağı düşürsən - Yal yolu uzanıb gedir. Yal yolunun zirvəsindən baxırsan elə bil Yuxarı Veysəlli əllərivin içindədi. Kiçik kənd dağlar silsiləsinin ətəklərinə səpələnmişdi. Axırıncı ev Səfəralının idi. Həsənqara Bağırovun daş evi isə dağın döşündəydi. Uzun müddət Bakı şəhər metropolitenində çalışan və Abşeronda da rəhmətə gedən Əliyev Teymur Mirzalı oğlunun baxımsız və unudulmuş evi isə az qala Qulu qayasının qarnına girmişdi. Həyətlərində də bir neçə tut ağacı vardı. Hamısı da bedanaydı.
Lap uşaqlıq illərimdən həyət-bacası baxımsız evləri görəndə bu mənə dərd gətirir, boynu bükülmüş, yarpaqları solmuş ağacları becərilməyən həyətləri görəndə, özümdən asılı olmayaraq, kədərlənirəm.
Rzalar obası qurtardıqdan sonra yeddiillik məktəbə qədər evlər seyrəkdi.
...Yal yolunun qənşərindən iki mərtəbəli daş evimiz ap-açıq qorunurdu. Ala-bula qaya daşlarından hörülmüş, divarları, mərmər tərkibli guşə daşları, qapımızdakı bir çox tut ağacı.
Belə bir xoş ovqat məndə dəfələrlə təkrarlanıb. Uşaqlıq və yeniyetməlik illərimdə hər dəfə ya Zadorun, ya Musisin, ya da Qacar su dəyirmanlarından geri qayıdanda, Ağoğlan dərəsi, o uzun və paralel yollar arxada qalanda - Yal yolunun zirvəsinə çaxanda, dağların qoynuna sığınan üstü küləşli evimizi görəndə elə bil dünyanı mənə verirdilər. Anam, qardaşlarım yadıma düşürdü.
...Atam, 1941-ci il martın 21-də səhər-səhər evinə çatır. Atın yükünü açır. Nədənsə, səhər-səhər nə səkkiz yaşlı böyük qardaşım Valeh, nə də anam qabağına çıxmırlar. "Bunlara nə olub, görəsən haradadırlar?" Atam var-gəl etdiyi bir məqamda Əziz nənə eyvanda görünür. Həyətdə atamı görən kimi ona gözaydınlığı verir.
- Ay Bayramalı, gözün aydın, - deyir. - Oğlun olub, daha səni gözləmədik, adını da Bayram qoymuşuq.
Atam ani pauzadan sonra - yox, Əziz nənə, - deyir. - Yolda atımın yükü aşmışdı. Qacar kəndindən "Nemət" adlı bir cavan mənə yaman kömək etdi. Təzə doğulan körpəyə də onun adını qoyacam - "Nemət".
Əziz nənə:
- Allah xoşbəxt etsin, atalı-analı böyüsün.
Bununla da mənim adqoyma mərasimin sona çatıb.

***
Anamın söylədiklərinə görə atam 1941-ci il, iyunun 22-də Əstəmiz dərəsində taxıl biçirmiş. Səhər-səhər yemək, içməyini, çinini, orağını da götürübmüş. Kənd adamı biçinə, kövşənə nə aparır? Qatıq, bir bardaq su, bir də təndir çörəyi. Qızmar günəş başını, üz-gözünü qarsmasın, yandırmasın deyə, özləri ilə nazik dəsmal da götürürlər. O zamanın biçinçiləri dəsmalı tez-tez isladıb, onu elə nəmli-nəmli başlarına bağlayırmışlar.
Ərazi-inzibati bölgüyə görə Yuxarı Veysəlli kəndi Qaryagin (indiki Füzuli) rayonundan ərazicə xeyli aralıdı. Maraqlıdır, o zamanlar hərbi mükəlləfiyyətli şəxslərə çağırış vərəqələrini Qaryagindən, Qaryagin hərbi komissarlığından Yuxarı Veysəlliyə kimlər, hansı nəqliyyat vasitələri ilə - at arabası iləmi, elə belə pay-piyada çaparlamı, maşınlamı - gətirirdilər, - bilmirəm.
Bu qəliz dünyanın gəliş-gedişindən o qədər də başı çıxmayan atam sonralar Böyük Vətən Müharibəsi adlanan savaşın başlandığını, almanların SSRİ-yə hücum etdiyini Əstəməz dərəsində, yarımçıq qalmış vərinin üstündə eşidir. Hərbi komissarlığın əməkdaşının müşayiəti ilə evinə gəlir, anamla, uşaqları ilə vidalaşır, cəbhəyə yollanır və bir daha geri qayıtmır. Şimali Qafqaz uğrunda gedən döyüşlər zamanı (1942) həlak olur.
Sonralar, təqribən 1942-ci ilin qışında atamdan "qara kağız" gəlir. Anam iyirmi altı yaşından dul qalır. O zamanlar mən üç aylıq, böyük qardaşımın isə səkkiz yaşı varmış. İki uşaq ilə, cavan yaşlarından həyat yoldaşını itirən qadının sonrakı taleyini təsəvvür edirsinizmi? Anamı, bizi sonrakı illərdə nələr gözləyirdi? Dumana, çənə bulənmiş yaddaşımın üstündən o illərə, aylara boylanıram. Sözə, ifadəyə gəlməyən hadisələr, olaylar, xoş və qəmli günlərlə yanaşı, ağır və faciəli günlərim. İnsan həyatı, ömrü o qədər dolanbac, ağlı, qaralı çalarlardan ibarətdir ki, hə, deyəsən ki, mən hər şeyi dərk etmişəm, hər şeyi aydınlığı ilə bilirəm - vallah, banların hamısı gülməli, qeyri-səmimi söhbətlərdi.
Belə-belə məsələlərdə aydınlıqdan, dəqiqlikdən danışmaq, fikir söyləmək heç cür mümkün deyil. Olsa-olsa hadisələrin, illərin qaranlıq toruna düşüb çabalayan detallardan, bu detalların konturlarından söhbət gedə bilər. Artıq qocalmış, heydən düşmüş yaddaşımda o illərin zərrələri, qığılcımları ilişib qalıb.

Veysəlli və veysəllilər
Bir az da başqa mətləblər haqda

Veysəlli camaatı kimdi, görəsən haradan gəlib hara gedirlər? Bəlkə də elə indi məskunlaşdıqları yerlərdən, dağların, dərələrin qoynundan çıxıblar? Bu camaat elə qoynunda məskən saldıqları Qara qaya, Qulu qayası kimi qədim və əzəmətlidir. Söylədiklərim mövzu ətrafındv xırda, ötəri məqamlara da toxunmaq mümkündü. Füzuli rayonunda iki Veysəlli kəndi mövcuddu: Aşağı və Yuxarı Veysəlli. Cəbrayıl rayonunda da iki kənd var: Daş və Göyərçin Veysəllisi. Deyilənə görə, Şamaxıda da Veysəlli adlı kəndlər var. Eşitdiyimə, bildiyimə görə Türkiyədə də Veysəlli adlı kənd var. Sadaladıqlarımın, dediklərimin tarixi, toponomik baxımdan dəqiqliyinə heç cür zəmanət verə bilmərəm. Tarixi faktları araşdırmaq məsələsində fərli-başlı mütəxəssis deyiləm. Bu əlyazmada qarşıma heç belə maarifləndirici məqsəddə qoymamışam. Mən özümün yetmiş altı yaşlı ömrümün dolaylarını, eniş və yoxuşlarını yaddaşımın öləziyən vaxtında yadıma salmaq, araşdırmaq istəyirəm. Ağlım, yaddaşım ancaq və ancaq şəxsən özümün, öz başıma gələnləri, dərk etdiyim, anladığım mətləbləri yada salmaq, işıqlandırmaqdır. Hə, durum car çəkim ki, mən böyük bir elatın - Veysəlli kəndinin və Veysəlli camaatının keçdiyi tarixi yolları, inkişaf və tənəzzül mərhələlərini araşdıracam, tədqiq edəcəm - bu cəhdlər çətin söhbətdi. Mən sözün dəqiq və birbaşa anlamında öz şəxsi duyğularımı, uşaqlıq və yeniyetməlik çağlarımda gördüklərimi, müşahidə etdiklərimi, ürəyimdə ilişib qalanları yazmağa cəhd göstərəcəm. Uzaqbaşı anam, qardaşlarım, əmi və dayılarım, qonum-qonşular - bir sözlə, ətrafımdakılar, yaxından ünsiyyətdə olduğum adamlar haqda fikir söyləyəcəm. Atam, nədənsə Yal obada, - qonşuluqlarında deyil, gəlib Rzalar obasında ev tikdirmişdi.
Heç atamın bu addımının konkret səbəblərini də bilmirəm. Gülüzlü Şura bibimin dediyinə görə, ata babamın - Mehdi kişi çoxarvadlıymış. Atam o biri qardaşları ilə ata tərəfdən doğma, ana tərəfdən isə ögeydi. Xoşagəlməz haldır ki, mən heç atamın anasının, ata nənəmin ad və soyadı, ulu nənələrimin adları da məlum deyil.
Bircə onu bilirəm ki, atam ana tərəfdən sürücü Əvəz, Aşıq Vəli İmanovlarla qohumdu.
Onların bu qohumluqları nə dərəcədə yaxındı, uzaqdı, - heç bunlar haqda da dəqiq məlumatım yoxdur. İndi bu ahıl çağımda bilmək istədiklərim, bu mətləbləri gərək mən çoxdan, sağ ikən atamın ana qohumlarından öyrənəydim.
Hələ yaxşı ki, atamın - Mehdiyev Bayramalı Mehdi oğlu - adını, soyadını tamam-kamal öyrəndim. Atamın ata balasının adı Bəndəalı, ulu babamın adı isə Cəmilmiş. Yadımda qalanlar, bildiklərimin sərhəddi bu xətdən o yana keçmir. Məsələ burasındadır ki, atam cəbhəyə yollananda evdən yeganə, baş barmaq boyda fotoşəklini də özü ilə aparıb. "Nənəxanım, çətin ki, mən bu müharibədən qayıdam", - deyib.
Yeganə fotoşəklini özü ilə aparmaq - arxada qalanlar - anam və bizim üçün faciyəydi. Maraqlıdı, üstəlik də cəbhəyə yollanan anda bu cür sarsıdıcı sözləri söyləməyə, görəsən, ehtiyac vardımı? Deyilənə görə, atam uzun müddət çöldə-bayırda dolaşıb. Müharibədən qabaq çobançılıq, mal-qara saxlamaqla yanaşı, qəssablıq da edib. Anasını erkən itirib. Atası Bəndalı ilə ara-sıra münaqişələr, çölçülük həyatı, bəlkə bu amillər atamın xasiyyətinə pis təsir göstərib. Anasını erkən itirməyi, ögey-doğmalıq, elə cavan yaşlarındanca həyatın sərt üzü ilə rastlaşmağı - onun ürəyini buzlaşdırıb, soyuqqanlı edib.
(ardı gələn sayımızda)