adalet.az header logo
  • Bakı 12°C
01 May 2018 12:46
25146
ƏDƏBİYYAT
A- A+

BƏNDƏR ŞAH

Sudan yazıçısı Tayib Salih (1929-2009) XX əsr ərəb ədəbiyyatının məşhur nümayəndələrindən biridir. Onun tematik trilogiya hesab edilən "Zeynin toyu”, "Quzeyə köç mövsümü” və "Bəndər şah” əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub və böyük rəğbət qazanıb. Mehman Cavadoğlu bu əsərləri Azərbaycan dilinə tərcümə edib. Adalet.az həmin tərcümədən bəzi parçaları öz oxucularına təqdim edir.

 Əvvəli burada

9

Əyləncəli axşamlar, ziyafətlər dövrü keçmişdi. Hamı tökülən qanlara bulaşmışdı. Əvvəlki məhəbbət məhv olmuş və ya öz məhvinə yaxınlaşmışdı. Günəşsə çıxır və batırdı, ay göy qübbəsinin başına qalxır və enirdi, küləklər əsir, çaylar axır, şəhər yatır və oyanırdı. Ancaq hər şey mənasını və ləzzətini itirmişdi.

Hadisədən üç ay sonra onların üçüylə babamın evində rastlaşdım. Hamısı səssiz-səmirsiz və saymazyana şəkildə çarpayıda uzanmışdı. Baş verənlərin məğzini anlamağa çalışaraq xeyli gözlədim. Bəndər şahın tapşırığıyla Məryudun buzovla bağlı qiymətləşməyə gəldiyi səhəri xatırladım. Bəzən möcüzə necə də fəlakətə oxşayırmış!

Artıq səbrimi cilovlaya bilmədim. Nəyin bahasına olursa-olsun onlarla açıq söhbət eləmək qərarına gəldim və qışqırdım:

-Hər şeyə görə Bəndər şah məsuliyyət daşıyır. Əgər o olmasaydı, bu baş verməzdi.

Mənim bu kobud sözlərimə yüngülvari əsəbi hərəkətlərlə reaksiya versələr də, susmaqlarına davam etdilər. Həlak olanlar çoxdur, onların hamısını unudub yalnız birindən ötrü ağlamağın nə mənası var?

-Deyilənə görə, Bəndər şahla nəvəsi fədakarcasına müqavimət göstəriblər.

Vad Həlimə buna əsəbi şəkildə etiraz elədi:

-Kim bunu eşidib-görüb,ki, hələ bir ağızdolusu da danışırlar.

Mən hər vasitə ilə onların susqunluğunu pozmağa çalışaraq dedim:

-Mən eşitmişəm, adamlar belə danışırdılar.

Ancaq onlar yenə susdular. Yalnız babam dilləndi:

-Qoy, allah onlara lənət eləsin.

Həmin səhər Həməd Vad Həlimə onların hamısından çox fəlakət içindəydi. Yəqin ki, onun qəlbi hələ də bu ağır təəssüratlar içində çırpınırdı. Əgər o danışsa, digər iki dostu da söhbətə qoşulacaq. Mən ona üz tutdum:

-Bəndər şahı birinci sən gördün, eləmi?

-Muxtar Vad Həcəb ər-Rəsul əsəbi tərzdə fısıldamağa başladı. Vad Həlimə ah çəkdi, babamsa dedi:

-Əclaf zəmanədir.

Mən acı-acı düşündüm ki, görünür, onlar tezliklə axırlarının çatacağını hiss eləyirdilər. İndi bu üç ixtiyar qoca ola bilsin, özlərinə ölüm də arzulayırdı. Ömürləri o qədər uzun çəkdi ki, hətta dünyanın günahlar burulğanında boğulduğunun şahidi oldular. Bəndər şah məsələsindən sonra həmyaşıdlarının çoxu qəflətən vəfat elədi. Babam hər dəfə onların hansınınsa ölüm xəbərini eşidəndə ağır sarsıntı keçirdirdi. Həmin olaylardan sonra həqiqətən çox qəribə işlər oldu. Əl-Kyəşif Vad Rəhmətulla yaşının ahıl çağında qəfil şəhərimizi tərk etməyi qərara aldı. İmam məscidə gələnlərə xütbə oxumaqdan imtina elədi və dedi ki, artıq onların hamısı lənətlənib, bundan sonra onlara daha nə dua, nə də öyüd-nəsihət kömək edən deyil. O, ömrünü başa vurmaq üçün Məkkəyə yollandı. Bəkrinin əlli il dustaq kimi evdə oturan arvadı başı açıq halda ərinin evindən çıxdı və bir daha ora dönməyəcəyinə and içdi. Qiyam qaldırmayanlar qiyama qalxdılar. Həmişə özlərini sakit aparanlar savaşa çıxdılar. Adamlar danışırdılar ki, şeytanlar günün günorta çağı şəhərin küçələrindəgəzməyə başlamışdı.

Mən davam elədim:

-Deyirlər, onlar Bəndər şahı və nəvəsini kəndirlə zalın ortasındakı kreslollarına bağlayıblar.

Vad Həcəb ər-Rəsul nəfəsini çəkməklə kifayətləndi. Ardınca Vad-Həlimə də dərindən nəfəs aldı, babamsa dilləndi:

-Qoy, allah onların hamısına lənət eləsin.

-Deyirlər, onlar babanı və nəvəni nil akasiyasının kökündən qayrılmış qamçıyla döyüblər.

-Babam qəflətən durub çarpayının üstündə oturdu:

-Deməli, boğmayıblar və xəncərlə doğramayıblar?

-Bir də deyirlər ki, o, şir kimi vuruşurmuş, az qala öz on bir oğluna üstün gələcəkmiş.

Muxtar ər-Rəsul açıqca təəssüf hissilə dedi:

-O, başqalarının tayı deyildi, əsl bahadır idi. Hə, əlbəttə, onların hamısı eyni materialdan düzəlmiş adamlar idilər. Nəvəsi davamçısı olduqu üçün onu özü kimi, özünə oxşar yaratmış, ona on bir oğlunun üzərində hakimlik etmək səlahiyyəti vermişdi. Onlar sevgi və mərhəmət hissini tam unutmuşdular, gücə tapınaraq idarə edirdilər. Bütün bunlar hamısı sonra üzə çıxdı. Hər ikisi qeyri-insani bir enerjiyə malik adam idi.

Mən dedim:

-Danışırlar ki, Məryud onların hər birinə tapşırıqlar verir, mükafat ödəyirdi. Böyüklü-kiçikli hər şeyə fikir verirdi. Onun gözündən heç nə yayınmırdı. Hər axşam böyük zalda məhkəmə qururdular. Bəndər şah və Məryud zalın ortasındakı hündür kresloda oturub birlikdə hökm çıxardır, günahkarlara şallaq cəzası kəsilirdi. Məryud şallaqlayır, Bəndər şah bardaşqurma oturub qulaq asır və tamaşa edirdi. Siz bunları bilirdiniz?

Sualıma heç kim cavab vermədi. Mən heyrət içindəydim. Axı adamın necə dərisi qara, gözlərisə yaşıl ola bilər, adam necə bir-birinin ardınca on bir oğul dünyaya gətirə, sonra da yeganə nəvəsini həmin oğlanlarının başı üstündən özünün yer üzündəki kölgəsi elan eləyə bilər?! Mən davam elədim:

-Danışırlar ki, babayla nəvə birlikdə şərab içir, gecələrsə kənizlər onlar üçün oxuyur və çılpaq şəkildə rəqs eləyirlər. Bu ya böyük zalda, ya da çadırların içində baş verir. Siz bunu bilirdiz?

Yenə də sualıma cavab verən olmadı. Mən təsəvvürümdə onların yüksək təpənin başında qurulmuş və yaşayış məhəlləsindən uzaqda yerləşən kiçik qalalara oxşayan çadırlarını canlandırdım. Dedim:

-Danışırlar ki, Məryüd Bəndər şahın adından onların ən məhrəm işlərinə də qarışırdı. Onlar hətta doğma qızlarını da özləri ərə verə bilmirdilər.

Babam dedi:

-Şahidlik edirəm: Allahdan başqa tanrı yoxdur.

Həməd Vad Həlimə əlavə elədi:

-Şahidlik edirəm: Məhəmməd allahın elçisidir.

Mən öz ifşaedici açıqlamalarıma davam elədim:

-Danışırlar ki, Məryüd onları sübh tezdən durquzur, gün batandan sonra evə salıb qapını kilidləyirdi. Hər gün onları mal kimi sürüb işə aparırdı.

Onlar öz çarpayılarında qurdalandılar, ancaq heç nə söyləmədilər. Mən davam elədim:

-Danışırlar ki, Bəndər şah öz övladlarını mirasdan məhrum eləyib və bütün mal-mülkünü Məryudun adına keçirdib. Deyirmiş ki, onların hamısı birlikdə Məryudun çeçelə barmağının dırnağına dəyməz.

Vad Həcəb ər-Rəsul qışqırıb yerindən tullandı:

-Sən Vad Cabir əd-Dara, Vad Miftaha əl-Həznə və Vad Rəhmətulla kimi əclafların sözlərinə qulaq asırsan. İndi, əlahəzrət məhkəmə başa çatandan sonra dedi-qoduyla məşğul olmağa başlayıblar: "Bəndər şah elə gəldi, belə getdi, filan-filan oldu”. Bəndər şah başqa adamlara oxşamırdı. Bəndər şah şərab içib? Allah şahiddir ki, Bəndər şah ömründə şərab içməyib, heç bir pis iş tutmayıb.

Qəflətən üçü də yerindən qalxdı və məni qəbirdəki kimi tək qoyaraq bir-birlərinə söykənə-söykənə çölə çıxdılar. Məni hədsiz qəzəb və kədər hissləri bürüdü, karıxdığımdan yerimdəcə donub qaldım.

10

Kürəyi üstə uzanmış Ət-Tahir Vad ər-Rəvvasi tavana baxa-baxa dedi:

-Bilirsiz, qardaşlar, bu dünyada hər şey tərsinə alınır. Bax, Mihyamid, götürək səni, fermer olmaq istəyirdin, ancaq şəhər əfəndisi oldun. Məhcubsa əfəndi olmaq istəyirdi, ancaq əkinci oldu.

Axır vaxtlar Məhcubun vəziyyəti yaxşılaşıb. Daha astmadan şikayət eləmir, daha məscidə sübh namazına getmirdi. O, gülə-gülə dedi:

- Allah köməyi olmuş, əgər vaxtında oxumağa getsəydim, indiki savadlılar mənimlə ayaqlaşa bilməzdilər. Ya rəis, ya da nazir olardım.

Ət-Tahir etiraz elədi:

Bu çox sadə işdir. İndiki zəmanədə nazir olmağa nə var? İmanıma and olsun ki, əgər Bəkrinin oğlu Ət-Türeyfi nazir olmasa, mən heç atamın oğlu deyiləm.

Mihyamid söhbətə qoşuldu:

-O necə nazir ola bilər? Bütün nazir postları artıq tutulub.

Ət-Tahir dedi:

-Bir şey fikirləşərlər.Götürüb xeyriyyə çəmiyyətləri üzrə nazir qoyarlar. Ağıllarına nə düşsə eləyərlər.

Məhcub etiraz etdi:

-Bəkrinin oğlu Ət-Türeyfi heç kooperativin öhdəsindən gələ bilmir. Sən də istəyirsən ki, hələ nazir olsun?

Ət-Tahir cavab verdi:

-Sən elə bilirsən söhbət qabiliyyətdən gedir? Burda hər şey çox sadədir. Əsas məsələ gözəl danışıb, az iş görməkdir. Tez-tez qışqırmaq lazımdır: "Yaşasın filan şey, eşq olsun bəhmən şeyə!” Gördün hansı partiya güclüdür, onun üzvü ol. Hardasa nitq söylə, hardasa banket təşkil elə, hardasa rüşvət ver. Ən azı bir də gördün ki, parlamentin deputatısan. Bundan sonra özünçün dalı üstə uzan, tavana tüpür.

Mihyamid soruşdu:

-Əgər parlamentə seçiləndən sonra səni nazir qoymasalar, onda neyləyəcəksən?

Vad ər-Rəvvasi cavab verdi:

-Əgər məni nazir qoymasalar, canım haqqı, hərbi çevriliş edərəm.

-Bəs sonra?

-Nə sonra? Vəssalam. Özümçün yatıb şellənəcəm. Bir şey lazım olan kimi zəngin düyməsini basacam: "Filankəs gəlsin, filankəs çıxsın. Səni polis rəisi, sənisə inspektor təyin edirəm. Sən mənə yaramırsan, haydı zindana. Sənin görünüşün xoşuma gəlmir, sənsə döşümə yatan oğlansan”. Onda şəhərdə "şevrole”ylə gəzəcəm, adamlar da qışqıracaqlar: Yaşasın Ət-Tahir Vad ər-Rəvvasi! Ət-Tahir Vad ər-Rəvvasiyə eşq olsun!” Vəssalam. Artıq mən ali hökmdaram.

Məhcub qəhqəhə çəkdi:

-Ay sənin, gör, bir hara gedib çıxdın! Gör, sən nə fikirlışirsən? Dövlət idrə eləmək zəngin düyməsini basıb "filankəs girsin, bəhmənkəs çıxsın” deməkdir?

Mihyamid dedi:

-Məlumun olsun ki, orda sənin "şevrole”ndən daha yaxşı maşınlar var, "şevrole” onların yanında atın böyründəki eşşəyə oxşayır.

Vad ər-Rəvvasi təəccübləndi:

-Doğrudan? Onlar hətta "şevrole”dən də böyükdür.

-Əlbəttə.

-Çox böyükdür?

-Belə də, bax bu otaq boyda.

-Hə, hər şey allahın iradəsinə bağlıdır.

-Əgər elədirsə, qoy, yaradan sizi bağışlasın. Sabahdan məni prezidentliyə namizəd hesab eləyin.

Üçü də birdən güldü.

Nahardan sonra söhbət davam elədi. Onlar elə bayaqkı pozada çarpayıda uzanmışdılar. Mihyamid dedi:

-Eh, əziz dost, sən allaha minnətdar olmalısan. Direktor kimdir, nazir kimdir? Sən onların hamısından yaxşı durumdasan. Nə qayğı çəkirsən, nə başağrısı.

Məhcub kədərlə köks ötürdü. Ət-Tahir cavab verdi:

-Vallah, sən haqlısan. Nə qədər ki, adamın şam eləməyə nəyisə var, onun polis rəisi və ya hansısa bir general olmağına ehtiyac yoxdur. Mihyamid, indi özün de. Bütün ömrün boyu oxudun, ora-bura getdin, axırda yenə də bu bədbəxt Vad Həmidə qayıtdın. Özü də necə getmişdin eləcə, əli ətəyindən uzun. Sən sanki səhvən əfəndi olmuşdun. Gör, neçə vaxtdır ki, çöldə-bacada külüng çalırsan, torpaqla əlləşirsən.

Babasının çarpayısında uzanmış Mihyamid dərindən nəfəs aldı, bir az fikrə gedib dedi:

-Sən düz deyirsən. Əslində, bu, Məhcubun gedəcəyi bir yol idi. Məhcub şöhrətpərəstdir, hökm eləməyi sevəndir. Mənsə həqiqəti sevirəm. Hakiməyyətə və həqiqətə aparan yollar bir-birindən ayrıdır.

Vad ər-Rəvvasi acı-acı güldü:

-Deməli, indi sən bədbəxt Vad Həmidə ona görə gəlmisən ki, burda həqiqət var? İşə bir bax!

Məhcub dedi:

-Burda məsələ həqiqətdə deyil, onun öz axmaqlığındadır. Biz Mihyamidlə ibtidai məktəbdə bir oxumuşuq. Yadındadır? Mən sinifdə ən qabiliyyətli şagird idim. Mihyamidsə dərslərdən geri qalırdı. Bir gün rəhmətlik atam dedi: "Daha oxuduğun bəsdir. Bu məktəb-zad boş-boşuna vaxt itkisindən, çənə döyməkdən başqa bir şey deyil”. Həmin il məhsul bol idi, adamlar əldən-ayaqdan düşmüşdülər. Atam dedi ki, bizimlə sahədə işləməyə gedəcəksən, başqalarından nəyin artıqdır. Mihyamidin atası da, eyni sözü dedi. Ancaq babası öz dediyindən dönmədi: "Qətiyyən ola bilməz. O, sona kimi təhsil dalınca getməlidir”. Bəs bu son harda qurtarırdı? Mihyamid hər yeri dolandı, fırlandı və yenidən torpağa qayıtdı.

Ət-Tahir dilləndi:

-Onun babası qürurlu, hökmlü adam idi. Əgər beyninə bir şey girdisə, öldürsən də dediyindən dönən deyildi. Allah onu bağışlasın!

-Bundan sonra, – Mihyamid dedi, – hər şey baş-ayaq düşdü. Adam lap başlanğıcda "yox” deməyi bacarmalıdır. Vad Həmiddə məmim günüm xoş keçirdi. Gündüzlər sahədə işləyir, axşamlarsa qızlarçün mahnı oxuyurdum. Cələylə quş tutur, begemot kimi şappıltıyla Nildə hoppanıb-düşürdüm. Qəlbimdə bir rahatlıq, sakitlik hökm sürürdü. Mən ona görə şəhərli əfəndi oldum ki, babam belə istəyirdi. Məktəbi qurtarandan sonra həkim olmaq istəyirdim, ancaq müəllim oldum. Maarif nazirliyində Merovada işləmək istədiyimi bildirəndə dedilər: "Yox, Xartumda işləyəcəksən”. Xartumda oğlanlara dərs keçmək istədiyimi bildirəndə dedilər: "Yox, qızlara dərs keçəcəksən”. Qızlar məktəbində tarixdən dərs demək istədiyimi bildirəndə mənə etiraz etdilər: "Sən Avropa çoğrafiyasını tədris eləyəcəksən”. Hər şey belə oldu.

Vad ər-Rəvvasi güldü və sonra dedi:

-Adamlar kordurlar. Allaha and olsun ki, sənin yerinə olsaydım, çevriliş edərdim.

Məhcub dedi:

-Eh, kaş, elə bir çevriliş olaydı ki, Bəkrinin oğlu Ət-Türeyfi kooperativin sədrliyindən uçub gedəydi!

Mihaymidin gözlədiyi sual qəflətən üzə çıxdı. Vad ər-Rəvvasi cəld hərəkətlərlə tez-tələsik yerindən durub çarpayının üstündə oturdu və dedi:

-Mihyamid, sən Məhcubdan və məndən xeyli cavansan. Məncə hələ pensiya yaşına çatmarsan. Nəyə görə səni vaxtından tez təqaüdə göndərdilər?

Mihyamid bununla bağlı uydurduğu namaz məsələsini xatırladı və güldü.

Məhcub Vad ər-Rəvvasinin sözünə dəstək oldu:

-Doğrudan, nə məsələdir?

-Gördüm ki, daha səbrim tükənib, – deyə Mihyamid cavab verdi, – rəhbərliyin yanına gedib dedim: "Bəsdir. Daha bacarmıram. İmtina edirəm. Mənimlə hesablaşın. Öz doğmalarımın, babamın, atamın yanına qayıtmaq istəyirəm. Başqaları kimi əkin-biçinlə məşğul olmaq istəyirəm. Gil bardaqdan təmiz su içəcəm, çörəyi isti-isti təndirdən çıxardıb yeyəcəm. Gecələr öz evimin həyətində oturacam və təmiz, əsrarəngiz səmanı, gümüş boşqab kimi bərq vuran ayı seyr edəcəm”. Onlara dedim ki, keçmişə, adamların adam, dövranın dövran olduğu günlərə qayıtmaq istəyirəm. "Bəsdir, dedim, mənim işimə baxın, haqq-hesabı üzün, birdəfəlik vidalaşaq.

Vad ər-Rəvvasi soruşdu:

-Bəs, onlar sənə nə cavab verdilər, Mihyamid? Deyirlər ki, paytaxtakı rəislər çox ciddi olurlar, allah saxlasın. İngilislərin vaxtı olsaydı, üstünə qışqırıb deyəcəkdilər ki, "rədd ol burdan”. İndisə, deyilənə görə, bizim paytaxt rəisləri, sadəcə, adamın dalından təpik vururlar.

Mihyamid gülə-gülə dedi:

-Daldan təpik-zad vurmurlar. Nəzakət və ehtiramla. Tam rəsmi qaydalar çərçivəsində, qanunun bütün bəndlərinə uyğun olaraq: "Təəssüflə sizə bildiririk ki, məmuniyyət hissilə nəzərinizə çatdırırıq ki...” Düz bir ay evdə oturdum. Sonra məsələ qarşılıqlı razılıqla yoluna qoyuldu. Axı, cəmi bir il xidmət vaxtım qalmışdı. Onu staja əlavə eləyib dedilər ki, "yaxşı yol”.

Bəs səninlə hesablaşıb qurtarandan sonra ürəyin sakitləşsin deyə heç kimin sifətinə bir-iki yumruq ilışdirmədin?

Məhcub dedi:

-Mihaymid davakar adam deyil.

-Əgər hər şeyi ağılla yoluna qoymaq mümkündürsə, dalaşmaq nəyə lazımdır? – deyə Mihyamid cavab verdi.

-Mihyamid, bəs sənin oğlanların, qızların necədirlər?

Mihyamid kədər hiss olunan səslə dedi:

-Oğlanlarımı dövlətə etibar eləmişəm, qızlarımsa yaxşı, ləyaqətli insanlarla ailə qurublar. Onlar indi maşınlar və velosipedlər dünyasında yaşayırlar. Bura gəlmək istəsələr, gözlərim üstə yerləri var, orda qalmaq istəsələr, elə hesab edərəm ki, onları azadlıq, sivilizasiya və demokratiya əsrinə hədiyyə etmişəm. Mən özüm səhvən əfəndi olmuş əkinçiyəm. Dünyanı gəzib-dolandım və axırda başladığım yerə qayıtdım. Qayıtdım ki, öləndə burda dəfn olunum. And içmişdim ki, öz meyitimi ancaq Vad Həmid torpağından başqa heç bir yerə tapşırmayacağam.

Vad ər-Rəvvasi gülə-gülə dedi:

-Mihyamid, sən ya şairsən, ya da qocalıqdan ağlını itirmiş sadəlövh bir insan. Biz sənə deyirik: "Bizim bədbəxt Vad Həmidə xoş gəlmisən. Yayda buranın istisinə, qışda soyuğuna dözmək olmur. Xurma ağacları tozlanmağa başlayanda qarışqaların, məhsul yetişəndəsə milçəklərin əlindən qaçıb canını qurtara bilmirsən. Bura həm ilanlar, həm əqrəblər, həm malyariya, həm də dizinteriya məskənidir. Sən soruş, biz deyək. Burda adam doğulanda da, öləndə də ağlaş eləyirlər. Sən, hörmətli cənab, bütün ömrün boyu sərinkeş altında kabinetdə oturub sərinləmisən. Su krandan gəlib, elektrik işığı, nə bilim, birinci dərəcəli vaqona bilet. Məgər, düz demirəm? Qışda ayaqyalın, başaçıq qalıb soyuqdan donmamısan. Eşşək səni belindən yerə çırpmayıb. Sən, allah eləməmiş, sel-su basar və ya quraqlıq qurudub məhv eləyər deyəpalmaların taleyindən narahatlıq keçirməmisən. Sən taxılı quşların dimdiyindən, çəyirtkələrin caynağından qorumaq üçün ürək ağrısıyla gecəni-gündüzə qatmamısan. İndi, orda külək bir balaca səmtini dəyişən kimi uzanıb göyün yeddinci qatında ayın necə işıq saçmasına baxmaqdan ötrü durub bura gəlmisən. Lütfən, buyurun, möhtərəm cənab! Min dəfə "xoş gəlmisiniz!”

Məhcub gülə-gülə qışqırdı:

-Afərin, Vad ər-Rəvvasi!

Mihyamid nə vaxtsa xeyli əvvəllər güldüyü kimi incə və uğultulu səslə güldü:

-Əgər bizim ikimizdən birimiz şairdirsə, onda həmin şair elə sən özünsən.

11

Mənim hesablamalarıma görə Ət-Türeyfinin indiotuz altı və ya otuz yeddi yaşı olmalıdır: Zeynin toyu olanda onun təxminən on iki yaşı var idi. Həmin il Məhcub otuz beş yaşındaydı. Bunu dəqiq bilirəm. Sonralar çoxlu qızı olan (indi hamısı gəlindir) Əhmədin yaşısa iyirmiydi.

Mən bu gün səhər terrasda əlində bir fincan kofe tutaraq ayağını- ayağının üstünə aşırdıb qarşımda oturmuş Ət-Türeyfinin üzünə baxırdım. Balaca, bicbala gözlərini və ağzının sol küncündə qərar tutmuş,həmsöhbətinə qətiyyən düşündüyünü danışmayan bir adam olduğunu nümayiş etdirən kinayəli təbəssümünü nəzərə almasaq, sifətində nəzərə çarpaçaq bir şey yox idi. Bu sifətdə başqalarının üzərində hökmranlıq etməyə imkan verən başqa nəsə də var idi: fədakarlıqla qorxunun, səxavətlə tamahkarlığın, ehtiyatlıqla cəldliyin, səmimiyyətlə yalançılığın qarışığından doğan cizgilər. Ona baxanda adamda elə təəssürat yaranır ki, qarşısında dayanan şəxs öz rolunu oynayan aktyordur: siz səhnədə baş verənlərin həqiqət olmadığını yaxşı başa düşsəniz də, onarın həqiqətə oxşamasıyla bağlı üllüziyalardan yaxa qurtara bilmirsiniz. Ət-Türeyfi öz rolunu gözəl oynayırdı. O mənim qarşımdakı "monoloq”unu bu sözlərlə bitirdi:

-Həyat daim qabağa getməlidir, geriyə yox. Şübhə etmirəm ki, kim olmasa da, sən bunu yaxşı başa düşürsən. Məhcub artıq öz rolunu oynayıb. İndi biz öz üzərimizə düşən missiyanı gerçəkləşdiririk.

Bu sözlərə qulaq asa-asa Ət-Türeyfinin Məhcubun sadəcə, qohumu, bacısı oğlu deyil, həm də kürəkəni olduğunu xatırladım.

-Məhcub və onun kompaniyası – o dedi – mütləq hakimiyyət hüququna malik olduqlarını düşünürlər. Onlar artıq şəhərin dəyişdiyini unudublar. Vad Həmid otuz il bundan qabaqkı Vad Həmid deyil. Yeni nəsil və onunla birlikdə yeni şərait, yeni ehtiyaclar yaranıb. Qabaqlar çayda gəmi görünən kimi adamlar böyük bir palma ağacının altına yığışaraq onu elə maddım-maddım seyr edirdilər ki, elə bil böyük bir möcüzəyə baxırdılar. İndi zəmanə başqadır.

Mən onun uşaq vaxtı Məhcubun qonaq otağında bizə necə su süzdüyünü xatırladım. O bu ənənəvi vəzifəni çox başdansovdu və saymazyana yerinə yetirir, başqa uşaqlar kimi "bəli-baş üstə” demirdi. Bu cür davranışla bizə elə bir hiss aşılayırdı ki, özünüz-özünüzə qulluq etməlisiniz. Kim bilir, bəlkə də o artıq lap erkən çağlarından başa düşmüşdü ki, adamın adamdan neçə yaşsa böyük olması hələ heç nə demək deyil. Məktəb müəllimləri deyirdilər ki, o çox bic, ikiüzlü şagirddir, daim başqa uşaqları dəcəlliyə, sözə qulaq asmamağa təhrik edir, özüsə həmişə sudan quru çıxır. Aranı qatan o, cəza alan başqaları olur. Bir sözlə, ət-Türeyfi anadangəlmə bu cür xasiyyət yiyəsidir, necə deyərlər, belə rollar oynamaq onun alnına yazılıb.

Zeynin toyunda qonaqların gəldikləri eşşəklərə yem verməyi Məhcub ona həvalə etmişdi. Ancaq onun könlündən içki içənlərə şərab paylamaq keçirdi. Məhcub eşşəklərə yem verilmədiyini görəndə adamlar Ət-Türeyfini axtarır və sərxoşlarla birlikdə çaxır içən yerdə tapırlar. Məhcub onun üstünə qışqırır və sifətinə bir şillə ilişdirir. Ancaq Ət-Türeyfi dilini dinc qoymur. "Sən özünü nə hesab edirsən”? – deyə Məhcubun üstünə qışqırır və toyu tərk eləyib gedir.

Artıq lap balaca vaxtlarından o, yaşına uyğun gəlməyən şeylər eləyirdi. Özündən böyüklərin yanında ayağını ayağının üstünə aşırdıb oturur, hamının böyük hörmət bəslədiyi Vad əş-Şaib başına gələn əhvalatlardan danışanda bərkdən əsnəyir, böyüklərin söhbətinə qarışır, öz fikrini açıq şəkildə söyləyir, daim atası yerində olan adamların fikirlərini mənasız və axmaq fikirlər adlandıqaraq onların ziddinə gedirdi. Hamı bir nəfər kimi qət etmişdi ki, bu gədədən heç vaxt adam olmayacaq.Məhcub onun atasıyla görüşərkən bəzən deyirdi: "Qoy, allah bizi sənin oğlun Ət-Türeyfinin alçaq hərəkətlərindən qorusun”.

Bütün bunlara baxmayaraq, Ət-Türeyfi öz üstünlüyü və özü seçdiyi, könlü istədiyən işi yüksək səviyyədə görmək qabiliyyətiylə həmişə camaatı heyrətləndirib. Vad Həmid onun çox cəsur hərəkətlərinin şahidi olsa da, bu hərəkətlərinə görə öz həqiqi qiymətini almayıb. Çünki hər hansı yaxşı bir hərəkətinin ardınca dərhal adamların əttökən, biabırçılıq hesab elədikləri elə işləklər durquzub ki, bütün xoş əməllərinin üstündən xətt çəkib. Öz hərəkətlərinin yaxşı və pis qəbul olunacağı sanki onu qətiyyən maraqlandırmırdı. Adamlar ona necə münasibət bəsləməyi bilmədiklərinə görəheyranlıq və qorxu hisslərinin qarışığından yaranmış bir ovqatla yanaşırdılar.

Ət-Türeyfi davam elədi:

-İnsanlara öz rolunu dərk eləyən lider lazımdır. Məhcubsa özünü köçəri ərəblərin şeyxi kimi aparırdı. Söz var, iş yoxdur. Bilirəm ki, Məhcub sənin dostundur, ancaq dediklərimin hamısı həqiqətdir.

Nilin daşması nəticəsində hər tərəfi öz ağuşuna almış güclü sel vaxtı ət-Türeyfinin Əmuna Bint Ət-Tomu xilas eləməyini xatırladım. O, adayla çayın sahili arasında üzərək bütün gecəni yatmamışdı: burda harasa bağlanmış inəyi azad eləyir, orda bənd qurur, başqa yerdə suyun içində qalmış şeyləri çıxardır və ya kömək diləyən adama yardım əlini uzadırdı. Səhər camaat özünə gələrək elliklə sellə mübarizəyə qalxanda o öz evində yatırdı. Sakinlərindən kimin gəlib-gəlmədiyini yoxlanılarkən bəziləri deyinməyə başlamışdı: "Görün, bu Bəkrinin oğlu Ət-Türeyfi necə adamdır. Hamı işləyir, zülm çəkir, osa evdə özüyçün fıs vurub yatır”.

Amuna Bint At-Tom hər şeyi camaata danışsa da, heç kim ona inanmır. Hamı bir yerə yığılanda Qadınları Yemləyən Səid deyir:

-And olsun müqəddəs dinimizə, Ət-Türeyfi gözəl insandır, sizsə korsunuz.

Vad əş-Şaibsə camaata qoşularaq rişxəndlə onun sözlərinə gülür:

-Qadınları Yemləyən Bəkrinin oğlunu reklam edir. Bu bədbəxtlə o dikbaş qoçu yaxşı tapışıblar.

Bütün bunlara baxmayaraq, günlərin bir günü adamlar böyük akasiyanın altına toplaşaraq Ət-Türeyfini özlərin rəhbər seçdilər.

İndisə Ət-Türeyfi nitqini davam etdirirdi:

-Qohumluq və dostluğun heç bir əhəmiyyəti yoxdur.

-Mən ondan soruşdum:

-Bəs sənin prinsiplərin nədir?

Ola bilsin ki, yanılıram, ancaq mənə elə gəldi ki, o çox dikbaş tərzdə cavab verdi:

-Mənim prisiplərim bu şəhəri gerilik və tənbəllik girdabından qurtarmaqdır. Sivilizasiyaya doğru getmək, zamanla ayaqlaşmaq lazımdır. Bizim əsrimiz elm və texnika əsridir. – Sonra lovğa-lovğa mənə baxıb soruşdu: – sənin indi baş verən proseslərə münasibətin necədir?

Mən güldüm. Gülüşüm onu acıqlandırdı və məncə daha böyük təkəbbür və lovğalıqla dedi:

-Bu ciddi məsələdir. Belə məsələlərlə zarafat eləmək olmaz. Sənin mövqeyin necədir?

Könlümdən onu yaman cırnatmaq, ələ salmaq keçsə də, özümü saxlayıb heç nə demədim. Yəqin ki, Ət-Türeyfi ona xüsusi rəğbətlə yanaşmağımın səbəblərini bilmir. Axı, o, Məryəmin oğludur. Əgər o vaxt babam "yox” deməsəydi, mənim oğlum ola bilərdi. Məryəm öz oğluna qarşı çıxaraq, qardaşının tərəfini saxlamış və evini tərk edib Məhcub gilə köçmüşdü. Hərçənd, Ət-Türeyfi ailənin ilki, anasının sevimlisi və fəxriydi. Həmin hadisədən sonra o öz oğluyla görüşmədi. İmşir ayındasa qadın öldü və biz onu günəş batmamış, ertəykən dəfn elədik. Çox kədərli mənzərəydi. Mən hələ Ət-Türeyfinin ağladığı kimi ağlayan bir kişi görməmişəm. Biz üçümüz – Vad ər-Rəvvasi, Əbdül Hafiz və mən onu anasının ardınca qəbirə tullanmaqdan güclə saxlaya bildik. Bədbəxt. O da iztirab çəkməyi bacarırmış. Şöhrətpərəstlik insanı haralara, hansı yüksəkliklərə dartıb aparsa da, o həmişə qadın övladı olaraq qalır. Görünür, Ət-Türeyfi bu fikirlərin mənim sifətimdə necə əks olunduğunu gördü. Qəflətən qamətini düzəltdi, əlindəki siqareti söndürdü və oturduğu stulun üstündə qurdalanmağa başladı. Sonra yavaşca nəfəsini dərdi və gözlərini küt-küt aşağı dikdi. Mən mümkün qədər yumşaq tərzdə dedim:

-Sən imşir ayındakı həmin erkən sübh çağını xatırlayırsan?

O, başını qaldırıb təşviş içində mənə baxdı:

-Hansı səhəri?

-Məryəmin dəfnindən sonra adamların məscidə doluşduğu səhəri.

O yenə keyləşərək gözlərini aşağı dikdi və heç bir cavab vermədi. Mən davam elədim:

-Biz səni qəbirstanlıqdan huşsuz vəziyyətdə çıxartdıq. Sən bunu xatırlayırsan?

-Yox, xatırlamıram, – deyə kəskin şəkildə cavab verdi.

-Sən qəbrin kənarında dayananda huşunu itirdin, bir də səhər tezdən məsciddə ağlayanların səsinə ayıldın. Ayılmamışdan azca əvvəlsə yuxu görmüşdün. Yadına düşür?

O, əsəbi halda etiraz elədi:

-Yox, yadıma sala bilmirəm.

Mən ona dedim:

-Yuxuda səs eşidirdin.

-Mən heç bir səs-zad eşitməmişən, – yenidən etiraz etdi.

-Səni çağırırdılar.

-Məni heç kim çağırmırdı, – demək olar ki, çığırdı.

Mən ona xatırlatdım:

-Məgər sən həmin səhər nə baş verdiyini unutmusan? Yadındadır, məscidə yığışanlar necə ağlayırdlar? Yadındadır, sən elə ağlayırdın ki, az qala canın bədənindən ayrılacaqdı?

O, başını qaldırdı və gözlə sezilən bir ciddi-cəhdlə yaddaşını qurdalamağa başladı. Səsi titrəyə-titrəyə dedi:

-Xatırlamıram.

Görünür, onunla şox amansız davrandım. Mənim Vad Həmidə gəlişimin səbəblərindən biri də nə qədər gec deyil, həqiqəti öyrənmək arzusudur. Bu körpüdən mən də keçmişəm, mən də özümə əziz olan çox adamı dəfn eləmişəm, köhnənin yerində təzənin necə bitdiyini, böyüdüyünü görmüşəm. Nəyin bahasına olursa-olsun, tamın, bütövün hər iki yarısının arasındakı əlaqəni başa düşmək lazımdır. Mən danışmağa başladım, amma yəqin ki, sözlərim ona əzab verdi:

-Qoy, həmin vaxt nə baş verdiyini mən sənə danışım. Sənin yanına elçi gəlir. Sən huşsuz halda ayağa qalxıb, qaranlıqda onun dalınca gedirsən. Sonra zülmət dağılır və sən bir qəsr görürsən. Onun içində gah işıqlar yanır, gah da sönür. Elçinin dalınca gedərək qəfil mahnı və rəqs sədaları eşidirsən. Elə bil bu zülmətin içində kimsə toy-büsat qurub. Qəsrin qapısı açılır və sən bir-birinin ardınca aydın işıqlandırılmış böyük bir zala çatana qədər çoxsaylı dəhlizlərdən keçirsən. Zalın ortasında iki sifətdə bir adam oturub. O səni gülər üzlə qarşılayıb deyir: "Xoş gəlmisən, Ət-Türeyfi ibn Bəkri. Lütfən, Vad Həmidin yeni rəhbəri”. O səni özünün sağında, ola bilsin, solunda oturdur və sənə çaxır gətirirlər.

Ayılanda Qadınları Yemləyən Səidin sübh azanını eşidirsən. Onun səsi keçmiş sevinc və kədər hisslərini canlandıraraq səni valeh edir. Sən hansı gün – dünən, bu gün, sabah olduğunu bilmədən, səhərin alatoranlığında hara getdiyinin fərqində olmadan yola düşürsən. Sən heç bir səbəbsiz, dəvətsiz bir yerə toplaşmış və sanki səni gözləyən insanları görürsən. Sən şər qarışan vaxtı qəbirin ətrafına yığışmış adamları və günortaya xeyli qalmış şəhərin mərkəzindəki böyük akasiyanın altında qaynaşan kütləni xatırlayırsan. Sən sanki özün, atan, baban doğulmamışdan neçə nəsil əvvəlki ilk səhəri görürsən. Adamlar nə axtardıqlarını bilmədən ora-bura gedib-gəlirdilər. Səninlə Bəndər şah eyni vaxta həm xaosun mərkəzində, həm də fövqündə dayanaraq əlinizdə onun ipini tutmusunuz.

Qəribə bir ziyafət var idi. Sən camaatla birlikdə ağlayırsan. Pəncərənin qarşısında gah hardasa itib-batan, gah yenidən peyda olan naməlum adam durub. O vaxt mən soruşmuşdum: "Siz burda dayanan adamı gördünüz?” Bəzi adamlar "hə” dedi, sən "yox” dedin. Hə, indi xatırlayırsan?

Biz xeyli susduq. Sifətinin ifadəsi gah bir yerə toplaşan, gah dağılan buludların gəzişdiyi göy üzü kimi anbaan dəyişirdi. Gülə-gülə ona dedim ki, sənə güzəştə gedirəm, çünki Məryəmin oğlusan. Gözlədiyim kimi o da güldü.

Mən dedim:

-İndi sənin sualına cavab verim. Mənim bütün bu məsələlərə münasibətim mürəkkəbdir.

O yenidən, demək olar ki, əvvəlki Ət-Türeyfi oldu. Saatına baxıb getmək üçün ayağa durdu. Mən bir daha onunla Məhcub arasındakı qeyri-adi oxşarlığa valeh oldum. Oturuş-duruş, gülüş, gözlərin ifadəsi, jestlər – hamısı eyniydi. Anasından əxz edilmiş heç nə yox idi. Ət-Türeyfi məni öz düşərgəsinə qoşulmağa dəvət etmək üçün gəlmişdi. Bu ona müyəssər olmadı. Ancaq yəqin ki, mənim kimi o da nəsə anladı. Qapıya tərəf gedərkən dedi:

-Qoy, mən də sənə cavab verim. Həmin səhər mənim gözümə həqiqətən nəsə görünmüşdü. Amma heç də sənin təsvir elədiyin kimi yox.