adalet.az header logo
  • Bakı 20°C
01 May 2018 00:45
18767
ƏDƏBİYYAT
A- A+

Yazıçı-publisist Nemət Veysəlli ilə görüş

Bu günlərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində yazıçı-publisist, Qarabağ müharibəsi veteranı, müharibə mövzusunda yazılmış "Haran ağrıyır, Vətən!", "Yaş həddinə görə", "Mənim müharibəm", "Piyadaların döyüşü" və başqa kitabların müəllifi Nemət Veysəlli ilə görüş keçirildi.
Görüşü jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev açaraq yazıçı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək dedi:
- Yazıçı-publisist Nemət Veysəllinin imzası oxuculara yaxşı tanışıdır. Nemət müəllim uzun illər "Ulduz", "Azərbaycan" jurnallarında çalışıb, dəyərli əsərlər yazıb. Onun qələmindən bu günə qədər yüzlərlə publisist məqalə və öçerklər çıxıb. Qarabağ müharibəsi başlananda Nemət Veysəlli yaşının əllini keçməsinə baxmayaraq, Müdafiə Nazirliyinin orqanı olan "Azərbaycan Ordusu" qəzetində hərbi jurnalist, bölgə müxbiri kimi xidmətə başlamışdır. Bir çox gərgin döyüşlərdə iştirak etmiş Nemət müəllim 1993-cü ilin may ayından 1999-cu ilin aprel ayına qədər ordu sıralarında xidmət etmiş, iştirakçısı və şahidi olduğu hadisələri qələmə almışdır. Müharibə mövzusunda bir-birindən dəyərli bir neçə kitab yazmışdır. İnanıram ki, o kitablar siz gənclərin hərbi vətənpərvərlik tərbiyəsində böyük rol oynayacaq, yaddaşınıza dərin izlər salacaq. Müharibə şəraitində yaşadığımıza görə bu mövzuda yazılmış əsərlərə böyük önəm verilməlidir. Məhz buna görə də biz Nemət Veysəllini fakültəmizə dəvət etmişik. Dəvətimizi qəbul etdiyinə görə bəri başdan ona müəllim və tələbələr adından minnətdarlığımızı bildirirık.
Bu kiçik təqdimatdan sonra çıxış etmək üçün söz yazıçı-publisist Nemət Veysəlliyə verildi. Nemət müəllim tələbə və müəllimlərlə salamlaşdıqdan sonra Qarabağ müharibəsinin başlamasından, zabit və əsgərlərimizin döyüşlərdə göstərdikləri igidlik və qəhrəmanlıqlarından danışdı. Kitablarının yazılmasından söz açaraq "Müharibə şəraitində yaşadığımız günlərdə bu mövzuda yazılmış əsərlərə böyük önəm verilməlidir. Bu gün qələm də bir silahdır. Məqamı gələndə söz silahdan da güclü və təsirlidir. Müharibə mövzusunda elə dəyərli əsərlər yazılmalıdır ki, böyüməkdə olan nəsillər Qarabağ hadisələrindən ətraflı məlumat alsınlar, erməni qəsbkarlarının xalqımızın başına gətirdiyi faciələri yaxından öyrənsinlər. Bu mövzuda yazılmış kitablar gənclərdə yurda məhəbbət, düşmənə nifrət hissləri oyadır. Torpaqlarımızın işğaldan azad olunması üçün bu gün zabit də, əsgər də, yazıçı da, tələbə də döyüşməlidir. Yaşanmış tarix sübut edib ki, xalq birləşəndə güclü və məğlubedilməz olur. Sevindirici hal odur ki, bu gün ordumuz əvvəlki illərdəkindən güclü və qüdrətlidir. Bu, bizə torpaqlarımızın tezliklə azad olunacağına böyük ümidlər verir", - dedi. Sonra Nemət müəllim kitablarının yazılmasının anlarından, iştirakçısı olduğu döyüşlərdən, şahidi olduğu maraqlı hadisələrdən də ətraflı danışdı.
Professorlar Cahangir Məmmədli, Ayxan Bayramoğlu, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kitabxana müdiri Zenfira İsmayılova və başqaları çıxış edərək yazıçı-publisist Nemət Veysəllinin zəngin yaradıcılığından söz açdılar.
Sonra yazıçı-publisist Nemət Vesəlli tələbələrin ona ünvanladıqları həm müəllifi olduğu kitablarla, həm də Qarabağ müharibəsi ilə bağlı suallarına cavab verdi. Bu görüş həm N.Veysəlli, həm də tələbələr üçün çox səmərəli və yaddaqalan oldu.

Vahid MƏHƏRRƏMOV,
hərbi jurnalist, müharibə veteranı