adalet.az header logo
  • Bakı 12°C
30 Aprel 2018 14:39
12765
ELM VƏ TƏHSİL
A- A+

BANM-da Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans keçirildi

Bakı Ali Neft Məktəbində (BANM) tələbələrin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş respublika elmi-texniki konfransının açılışı olub.

BANM-dan Adalet.az-a verilən məlumata görə, konfransda ali məktəbin rektoru Elmar Qasımov, SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentin müavini Asif Şəfəqqətov, münsiflər heyətinin üzvləri kimi digər ali təhsil müəssisələrindən olan nümayəndələr, BANM-ın professor-müəllim heyəti və tələbələri, həmçinin respublikanın müxtəlif universitetlərindən olan tələbələr iştirak ediblər.

Konfransı öz sözlərilə açan BANM-ın rektoru Elmar Qasımov bütün iştirakçıları salamlayaraq bu konfransın ənənəvi olaraq hər il BANM-da keçirildiyini qeyd edib. Artıq 6-ci ildir ki, keçirilən tələbə elmi-texniki konfransının ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr oldunduğunu bildirən rektor Elmar Qasımov, bu konfransın Ümummilli liderin şəxsiyyətinə olan dərin hörmət və ehtiramın təzahürü olduğunu qeyd edib. Rektor bildirib ki, konfransın keçirilməsinin əsas məqsədi tələbələrin elmə olan maraqlarını, bilik və bacarıqlarını aşılamaq, onlarda elmi- tədqiqat işləri aparmaq üçün maraq yaratmaq və bu sahədə tələbələr arasında bilik və bacarıqların mübadiləsini təmin etməkdir.

Daha sonra SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentin müavini Asif Şəfəqqətov çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanda gənclərə göstərdiyi diqqət və qayğıdan danışdı və gənclərimizin elm və təhsilə cəlb olunmasını dövlətin təhsil siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib.

Konfrans plenar bölmə, "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişafı - 1969-2003-cü illər” bölməsi, "Kimya mühəndisliyi” bölməsi, "Fizika-riyaziyyat” bölməsi, "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” bölməsi olmaqla beş bölmədən ibarət olacaq. İndiyədək bu bölmələr üzrə BANM və digər universitetlərdən ümumi 68 məruzə təqdim edilib. Bu məruzələrdən 35-i BANM-a, qalanı isə digər universitetlərə aiddir.

Konfransda iştirak üçün bu il respublika üzrə 10-a yaxın ali təhsil müəssisəsi qoşulub.

Açılışda iştirak edən qonaqlar tərəfindən konfransın işinə dair müsbət fikirlər səsləndirilib. Konfransın ilk günündə həmçinin 5 plenar məruzə təqdim olunub.

Mayın 2-dək davam edəcək konfransda bölmələr üzrə iclaslar keçiriləcək, yekun iclasda isə tələbələr tərəfindən hazırlanmış məruzələrin mükafatlandırılması olacaq. Mükafatlandırılma zamanı tələbələrə 1-ci və 2-ci dərəcəli diplomların təqdim olunması, eləcə də çıxışları ilə seçilmiş tələbələrə sponsorlar tərəfindən həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, konfransa SOCAR, SOCAR AQŞ, ABB, Avandsis Group, Schneider Electric, Emerson, Total, Statoil, Halliburton, Confidence Capital, BP, TP Engineering, Schlumberger kimi şirkətlər dəstək göstəriblər.