adalet.az header logo
  • Bakı 17°C
28 Aprel 2018 00:27
10624
ƏDƏBİYYAT
A- A+

İSPAN ÇƏKMƏSİ

(romandan fəsillər)

Aydın TAĞIYEV

(əvvəli ötən şənbə sayımızda)

* * *
Məhkəmə qapalı keçirilsə də, zalda iynə atmağa yer olmayıbmış. Hökm oxunmamışdan əvvəl müttəhimə son söz veriləndə hamı onun hökmü yüngülləşdirməyi xahiş edəcəyini güman edibmiş, çünki dövlət ittihamçısı öz çıxışında məhkəmə heyətindən qatilə ən ağır cəza verilməsini tələb etmişdi.
Məhkəmədə iştirak edən ən yaddaşı zəif adamlar belə müttəhimin son sözlərini az qala cümlə-cümlə əzbərləyib yadlarında saxlamışdılar.
"Möhtərəm məhkəmə heyəti! Bu zala toplaşan doğmalar, yadlar! Hələ indiyəcən heç kimin yadına gəlmir ki, qəsəbəmizdə axırıncı dəfə şərəf, ləyaqət üstündə nə vaxt adam öldürüblər... Sukutu pozan da olsun gərək..."
Müttəhimin ordenli-medallı müharibə iştirakçısı, öhdəsində azyaşlı körpəsi olmasını nəzərə alan məhkəmə ona on beş il həbs cəzası vermişdi.
Məhkəmə zalında son dəfə arvadını və balaca oğlunu görən kişinin üz-gözündən sakitlik yağırmış. Arvadı sarıdan on beş illik uzaq yola tam arın-arxayın getdiyindən imiş bu...
Görənlər burasını da nəql edirdilər ki, məhkəmə prosesi zamanı qatilin zalda anasının qucağında olan oğlu adamların çoxluğundanmı, atasını dəmir qəfəsdə görməsindənmi - hər nəydisə, ağlayır, anası uşağı ovutmaq üçün ona ucuz konfet verəndən sonra sakitləşirmiş. Oğlu ağladıqca ata da yerində rahat dura bilmir, uşağın ağzına konfet apardıqdan sonra sakitləşdiyini görüb özü də rahat olurmuş.

* * *

İş bunda idi ki, aradan on beş il keçəndən sonra saçı-saqqalı ağarmış keçmiş məhbusun qatardan düşüb, kiçik dəmiryol vavağzalının ərzaq mağazasına girib 300-400 qram şüşəli konfet aldığının isə elə özü şahidi olmuşdu.g

Qəfəsdəki qartal

"Bəxtəvər o adamdır ki, göylər ona bir tikə çörək göndərir, o da bu çörəyə görə göylərin özündən başqa heç kəsə təşəkkür etməyə borclu deyil".

"Don Kixot", Servantes.
Hiss etdi ki, acıyıb. Günün elə vaxtı idi ki, nə səhərdən idi, nə də günortadan.
Dostlardan eşitmişdi ki, hər gün olmasa da bir vaxtlar tez-tez yeyib-içməyə getdikləri "Bizim məkan" kafesində qəfəsdə qartalı dustaq ediblər. Qət etdi ki, elə oraya yollansın. Kafeyə gedib çatanacan günorta yeməyinin də vaxtı çatar. Həm qarnını doydurar, həm də öyrənər ki, nə məsələdir: bülbülü qəfəsə salarlar, tutuquşunu qəfəsə salarlar, qartal hara, qəfəs hara?
Yeməkxana sıx meşənin xəlvət bir guşəsində yerləşsə də, müştəri sarıdan kasadlıq çəkmirdi. Yeməkxana sahibi gəlirindən xəsislik etməyib bir qədər vəsait ayırmış, müştərilərin rahatlığı üçün obyektə babatca çınqıl bir yol da çəkdirmişdi.
Qəfəsə salınan qartal haqqında söz-söhbət yayılandan sonra yeməkxananın adı daha da məşhurlaşmış və təbii ki, təkcə yeyib içməyə görə yox, qəfəsdəki qartala tamaşa etmək üçün buraya gələnlərin sayı da birə-beş artmışdı.
Yeməkxanadan azca aralıda boz, sıldırım qayalar idi bəzən, elə qayaların başında cövlan edib qıy vuran qartalların səsinə də qulaq asmaq üçün məxsusi gələn müştərilər də var idi.
Günlərin bir günü yeməkxana sahibinin yolu o qayaların ətəyindən düşmüşdü və qanadlarını bir-birinə çırpa-çırpa daş kimi düşüb yerdə qalan, pərvazlanıb qanadlanmaq istəyən bir yaralı qartal balasına rast gəlmişdi.
Bəlkə də qartal balasını isti yuvasından tüfəng səsi diksindirmiş və o da yuvasından qopub yerə düşmüş, qanadlarından birini zədələmişdi.
Yerdə qalmış körpə qartal balası bir qəribə, fağır səs çıxarıb guya ki, özlüyündə qıy vururdu; bu səsə qulaq asa-asa yeməkxana sahibi özlüyündə belə bir qənaətə gəldi ki, yox, balam, yəqin qartallar yalnız səmada, yüksəklikdə cövlan edəndə qıy vura bilirlər...
Körpə qartalın səsi isə köməyə, imdada çağıran yalvarış idi.
Yeməkxana sahibi yaralı quşa yaxınlaşdı. Bütün ehtiyat tədbirlərini nəzərə alıb körpə qartalın qanadlarından yapışdı.
Körpə qartalın canı nə qədər ağrı-acılı idisə, görünür, aclıq da ona güc gəlmişdi, çünki gözü ağaclardan asılmış şaqqalanmış cəmdəkləri alan kimi kişinin əlində dartındı.
Qartal balasını boş bir otağa salıb qabağına su qoydular, ət parçaları atdılar. Yeməkxananın daimi müştərilərindən olan bir ovçu yaralı qartal balasının zədəli qanadını bərk-bərk sarıdı.
Qartal balası bir-iki həftəyə dirçəlib sağaldı. Dustaq olduğu otaqdan azad olmaq üçün özünü daşa-divara çırpdı. Yeməkxana sahibi qartal balasının otaqda saxlamağın daha mümkün olmadığını görüb əvvəlcə ona rəhmi gəldi, qapını açıq qoyub onu azadlığa buraxmaq istədi. Ancaq nə fikirləşdisə ürəyində "lənət şeytana" deyib tapşırıq verdi, möhkəm dəmir məftillərdən iri bir tor qəfəs düzəltdirdi. Lap zooparklardakı qəfəslərə oxşayırdı. Yeməkxananın dörd-beş zirək işçisi köməkləşib axır ki, qartal balasını qəfəsə saldılar və o qəfəsi də yeməkxananın gen-geniş həyətində iri bir palıd ağacının altında qoydular.
Qəfəsə salınan qartal haqqında söz-söhbət yayılandan sonra yeməkxananın sorağı bir az da uzaqlara yayıldı və müştəri sarıdan onsuz da korluq çəkməyən yeməkxanaya gələnlərin sayı birə-beş artdı. Yeməkxanaya gələn yeyib içib hallananlar stoldan qalxandan sonra qəfəsin qoyulduğu yerə yaxınlaşırdılar. Qartalın qabağı heç vaxt kasad olmasa da, bəzi hal əhlləri qartal üçün də kabab sifariş edər və yağlı kabab tikələrini öz əlləri ilə şişdən çəkib qartalın qabağına atardılar.

* * *

Yenə yeməkxana müştərilərlə gur idi və qollu-budaqlı bir ağacın kölgəsində qoyulmuş uzaq stolların birinin arxasından birdən hay qalxdı. Şirin dilli, xoş qılıq, görüb-götürmüş yeməkpaylayan cəld özünü səs gələn stola çatdırdı.
Beş nəfər idilər. Aralarındakı arıq, uzun, caydaq oğlan əlindəki badəni yerə qoymuşdu. Hıçqıra-hıçqıra elə hey təkrar edirdi:
- Yox, yox, yox! Mən bu sağlığa içə bilmərəm, içə bilmərəm!
Elə bil həmxanələr də qəsdə durmuşdular:
- Neçə ildir bu sağlığa içirik. İndi noldu belə...
Caydaq içini çəkdi; gözünün yaşı sel kimi axırdı: - Sözə bax! Gül olaq, bülbül olaq, qəfəsdə olmayaq...
Caydaq barmağını qəfəsdəki qartala tərəf tuşladı:
- Əgər gözümün qabağındakı qartal dustaqdırsa, hardan bilim ki, bir gün mən bülbülciyəzi tutub qəfəsə salmayacaqlar?..
Caydaq dolu badəsini kənara itələdi, araq şüşəsini əlinə alıb qarşısındakı çappa-stəkanlardan birini ağzına kimi doldurub sağlıqsız-filansız başına çəkdi. Yalnız bundan sonra sakitləşib yerində oturdu. Yoldaşları pərtləşsələr də, üstünü vurmadılar.
Söhbətin əmin-amanlıqla qurtardığını görən yeməkpaylayan rahat nəfəs alıb stoldan aralandı.
Müştərilərin başı yemək içməyə nə qədər qarışmışdısa da, onları əyləndirən yerli aşığın ifa etdiyi gözəlləmələr, qara zurnanın səsi yeməkxananı başına alsa da, birdən hamı diksindi. Qəfil qartal qıyı elə bil bütün səsləri batırdı. Qəfəsdəki qartalın düz başı üstdə bir qartal cövlan edir, qıy vururdu. Elə bil bu səsdə həm də bir ana fəryadı, ana yalvarışı da var idi. Birdən qəfəsdəki qartal da qanadlarını çırpa-çırpa səs çıxartdı. Ancaq elə bil bu səs anasından ayrı düşüb, indi də yazıq-yazıq civildəyib onu axtaran cücənin səsinə oxşayırdı...
Hətta hallanmış müştərilər də, yeməkxanada çalışanlar da diksindilər.
Caydaq oğlan stoldan qalxıb yerindən səndələyə-səndələyə yaxşı tanıdığı yeməkxana sahibinə yaxınlaşdı, üzünü ona tutub ağlamsına-ağlamsına:
- Günahdır, ay dayı,-dedi,- vallah günahdır, billah günahdır... Nə qədər desən verəcəyəm, qiymətini de, qartalı satın alıram... Alıb azad edəcəyəm...

* * *

Qəfəsi neçə ildən bəri qoyulduğu yerdən qaldırıb yeməkxanadan xeyli qırağa, açıq talaya gətirdilər. Dustaq olduğu ilk vaxtlar qartal özünü dəfələrlə qəfəsin dəmir qapılarına çırpmışdı, sanki başa düşmüşdü ki, onu qəfəsdən çıxmağa qoymayan dəmir barmaqlı bu qapılardır. Əvvəlcə qapının qıfılını açdılar. Sonra da qıraqda durub uzun qarmaqla qəfəsin qapısını araladılar.
Qartal açıq qapılara baxıb döyükə-döyükə qalmışdı, sanki qəfəsdən, bu tor məhbəsdən azad olduğuna inanmırdı. Qartal çölə çıxıb səmaya pərvazlanmaq istədisə də, qanadlana bilmədi. Elə beləcə uçub qəfəsdən azca uzaqlaşdı.

* * *

Aradan bir müddət keçəndən sonra rəhmdil oğlan yenə öz yoldaşları ilə meşədəki yeməkxanaya gəlmişdi. Və yenə də qartalı burada, qəfəsdə gördü. Rəhmdil oğlan hirs-hikkəylə yeməkxananın yiyəsinə yaxınlaşdı. Yeməkxananın sahibi rəhmli oğlanın qırımını ayrı görüb: - Bir səbirli ol,-dedi, hövsələni bas... - Mən danışım, sən də qulaq as...
Onun danışdıqlarından belə məlum oldu ki, qartalı qəfəsdən açıb buraxdıqdan sonra elə ertəsi gün yeməkxananın ətrafında uçan görüblər. İlk əvvəl fikirləşiblər ki, yəqin quş uzun müddət yaşadığı yer üçün qəribsəyib. Onun bu etibarlılığına açığı mütəəssir də olublar. Qartal sonra yenə uçub gedib. Bir müddət görünməyib. "Doğma yer"dəkilər xəbər tutublar ki, onların qartalını qonşu yeməkxanada görən olub. Əvvəlcə heç nə başa düşməyiblər. Oraya yollanıblar və gözlərinə inanmayıblar. Qartal adi quş kimi yeməkxananın həyətində gəzib dolaşırmış. Adamlardan nə hürkürdü, nə qaçırdı. Əvvəlki sahibini görən kimi tanıyıb, elə bil hətta utanıb, uçub aralanıb..
Orda onu məsələdən agah ediblər ki, bəs beş-on gün bundan qabaq yeməkxanaya gələnlər yeyib-içməyin şirin yerində bir də görüblər ki, bir qartal enib yerə qondu. Yaxınlıqdakılar ilk əvvəl qartalın onlara hücum edəcəyindən ehtiyat edib pərən-pərən düşüblər.
Ancaq quşun fağır-fağır ora-bura boylandığını görüb başa düşüblər ki, bu qartaldan onlara bir xəta toxunmaz, o, acdır.
Hərə qabağındakılardan quşa yeməyə bir şey atıb. O-bu qarnı ac olanda uçub bura gəlir, onun-bunun əlinə baxır ki, qabağına nə atacaqlar...
Yeməkxana sahibi köksünü ötürdü:
- Hə, elə o gün qartalı tutub bura gətirdim, təzədən qəfəsə saldırdım.- Dözə bilmədim, toyuq kimi yerdə eşələnib yem axtarmaqdansa, qartal kimi qəfəsdə olması daha şərəflidir...
Şair kafedən çıxanda dərin düşüncələrə dalmışdı. Burada eşitdiyi söhbətdən əməlli-başlı kövrəlib mütəəsir olmuşdu. Hətta bir əlini cibinə aparıb yaylıq çıxarmış, bir əlini də eynəyinə aparmışdı...
Görəsən quşlar da özünə qəst edə bilirmi? Biri elə qartallar.
Qartallar canlarına necə qəst edirlər? Yəqin ki, qanadlarını yığıb sıldırım qayalardakı yuvalarından, qalalarından özlərini yerə çırpırlar,- fikrə getdi,- zirvədəkilər axı niyə də öz əlləri ilə canlarında qıysınlar. Zirvədə qərar tutanların nə dərd-səri ola bilər ki...
Hökmən qəfəsdəki qartal haqqında rekviyem yazacaqdı. Hətta dodaqaltı öz-özünə yazacağı rekviyemin ilk misralarını pıçıldayırdı: "Sürünmək üçün yarananlar uça bilməz..." Bəs uçmaq üçün yarananlar sürünə bilərmi? Budur əsas məsələ!