adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
27 Aprel 2018 17:12
26089
ƏDƏBİYYAT
A- A+

Tahir Rza : Ah, bu necə zamandır?

Tahir Rza

Ah, bu necə zamandır?

Bu dünyaya baxanda

Qanım yaman qaralır.

Ellər viranə qalıb,

Bağ-bağçalar saralır.

Ədalət dərdə düşüb,

Haqqın yolu daralır.

Vədlər saxta, söz əməl

Şər-böhtandır, yalandır,

Ah, bu necə zamandır?


Kişilər atsız qalıb,

Nadanlar minib atı.

Zülmətə çeviriblər

Qanmazlar bu həyatı.

Bilinmir heç çoxunun

Nəsli- kökü. soy adi,

Dünya yaman dəyişib,

Hər tərəf ah-amandır

Ah, bu necə zamandır?


Ədalət boynu bükük

Arzular pərən-pərən.

Bilinmir kimdi qatil,

Kimdir ölən, öldürən.

Hakimləri pul yıgan,

Vəkilləri iş verən.

İnsanlıq qan aglayır.

Yolumuz qar-borandır

Ah, bu necə zamandır?


Nədən haqq bazarında

Yag çevrilib, şor olur?

Qarabag deyiləndə

Görən gözlər kor olur?

Niyə düz sözümüzdən

Çoxları dilxor olur?

Bu dünyanın sabahı

Aydınlıq yox, dumandır.

Ah, bu necə zamandır?


Ədalət bir tərəfdə

İnləyir qolu bağlı.

İnsaf, abır tükənir,

Qanunun yo

lu bağlı.

Var-dövlət zəncirinə,

Agası, qulu bağlı.

Bəşər tamah dişini

Çəkməsə dərd yamandır.

Ah, bu necə zamandır?


Xəyanət etməsəm də

Xəyanətə tuşam mən.

Öz yurdumdan qaçqınam,

Köçgün vətəndaşam mən.

Haqq səsimi eşitmir

Yoxsa qara daşam mən?

Yurdu yanan, dağılan

Milyon-milyon insandır

Ah, bu necə zamandır?


Ürəyimin dərdləri

Çox ürəkdə dövr edir.

Suda, qanda,havada

Duz-çörəkdə dövr edir.

Ağacları yandırır

Gül-çiçəkdə dövr edir.

Tək insan can deyildir

Ağac da, gül də candır.

Ah, bu necə zamandır?


Torpağım parçalanıb,

Qəlbi para olmuşam.

Əsirdir od-ocağım

Günü qara olmuşam.

Sinəsi qan içində

Bağri yara olmuşam.

Dünya nə hala qalan,

Nə də ki, dərd duyandır

Ah, bu necə zamandır?


İmanıma,dinimə

Gülən nadan, darıxma!

Əsir qalar sənin də

Bacın, anan darıxma!

Başına oyun açar

Bir vaxt dövran darıxma!

Anlayarsan ki, tarix

Ən böyük haqq-divandır,

Ah, bu necə zamandır?

Torpaqlar qan içində

Körpələr güllələnir,

İnsanların başına

Göydən alov ələnir.

Nə hakim dada çatır,

Nə də vicdan dillənir.

Sözdə, vəddə, yalanda

Hərə bir qəhrəmandır,

Ah, bu necə zamandır?


Dağılan tifaqların

Hesabı yox, sayı yox.

Milyonların insan tək

Yaşamaq haqq-sayı yox.

Evi, yurdu, torpagı

Çörəyi yox, çayı yox.

Gözlər yollarda qalıb,

Ürəklər nigarandır.

Ah, bu necə zamandır?


Ədalətsiz dünyada

İnsanlıq ola bilməz

Körpə xəstə bədəndən

Saglam dogula bilməz.

Bu dərd, zillət, məşəqqət

Cavabsız qala bilməz.

Allahsızlar çoxalıb

Gedən dindir imandır,

Ah, bu necə zamandır?


Uşaq dərdi bilərmi

Övladı olmayanlar?

Şərəf, mənlik düşünməz

Öz adı olmayanlar.

Tərbiyədə böyüyü,

Ustadı olmayanlar,

İnsan çağrılsalar da

Əslində cin, şeytandır,

Ah, bu necə zamandır?


Tarixi qarşına qoy,

Dünənini varaqla.

Taleyinə nəzər sal,

Kimliyini soraqla.

Qalib ola bilməzsən.

Heç vaxt silah-yaraqla,

Ey insan, kamalının

Çırağını gəl yandır!

Ah, bu necə zamandır?


İnsan hüquqlarından

Danışan çox, yazan çox.

Həqiqəti çevirib

Min bir yana yozan çox,

Yazdığını bir anda,

Tapşırıqla pozan çox.

Siyasətdə naşıdır,

Onlar yazıb-pozandır.

Ah, bu necə zamandır?


Sözlərdə baxışlarda

Azadlıq havası var.

Əfsus ki, bu havada

Bir məslək davası var.

Siyasət meydanında

Şeytanın yuvası var.

Əməldə yox, avazda

Hərə bir pəhləvandır.

Ah, bu necə zamandır?


Yoxdur coşub-çaglayan

Bəlaları düşünən.

Milyonlarla kimsəsiz

Balaları düşünən.

Dagılan şəhərləri,

Qalaları düşünən

Varsa çıxsın irəli,

Gözlənilən bir andır

Ah, bu necə zamandır?


Böyüklər öz hökmüylə

Fəxr eləyir öyünür.

Kiçiklər təlaşdadır

Dərd içində deyinir.

Biri bayram eləyir,

Biri qara geyinir.

Güclülər gücsüzlərin

Dərisini soyandır.

Ah, bu necə zamandır?


Demokratiya adından

Şeytan gəzir dünyanı.

Yeməyə sıralayır,

Səmtə düzür dünyanı.

Ölkələrə dərs keçir

Basıb əzir dünyanı.

Bilinmir ki, bu necə

Əcaib bir heyvandır

Ah, bu necə zamandır?


Agıl olmayan yerdə

Zor işləyər deyiblər.

İnsan bir-birin qırar,

Didib-yeyər deyiblər.

Haqsız haqlını bağlar,

Düzü əyər deyiblər.

Agılsızın məshəbi

Mal-pul, şöhrətdir, şandır

Ah, bu necə zamandır?


İdrak, ağıl sahibi

Cahana belə baxmaz.

İnsanlığı dərk edən

İnsana belə baxmaz.

Dini olan məsləkə,

İmana belə baxmaz,

Haqqa tutar üzünü

Haqq İncildir, Qurandır

Ah, bu necə zamandır?


Andıma sadiqəm mən,

Öz haqqımı ver mənə.

Vicdan, iman, azadlıq

Söz haqqımı ver mənə.

Tanrımın buyurduğu

Düz haqqımı ver mənə.

Haqlıları sev, yaşat

Haqsıza haqqı qandır!

Ah, bu necə zamandır?


Dinsizə, imansıza,

Aman vermə bir anda.

Sərras vur, sürətli vur

Gözlərindən vuranda.

Dolanır düşmənlər bil

Hər tərəfdə, hər yanda.

O, nə haqqa gələndi,

Nə də qandan doyandır.

Ah, bu necə zamandır?


Zülmə meydan vermə gəl

Ədalətə yollar aç.

Dostluğa, qardaşlığa,

Sədaqətə yollar aç.

Sevməyə, sevilməyə,

Məhəbbətə yollar aç.

Sabahını düşün bir

Qan-qadanı dayandır.

Ah, bu necə zamandır?


Anla zülmü-zilləti

Əldə qanun tutanlar,

İnsan donundan çıxıb

Tanrıya ox atanlar,

Haqqı-sayı unudub,

Məqsədinə çatanlar,

Bir anda xar olurlar.

Çox çətin imtahandır

Ah, bu necə zamandır?


İnsan, getmə bu yolu

Yaman tora düşərsən.

Baglanar yolun-izin

Boran-qara düşərsən.

Zülm etmə, zülmə gəlib,

Bir vaxt dara düşərsən

Tutdugun yol haqsızlıq,

Şərdir, ölümdür, qandır.

Ah, bu necə zamandır?


Bəşər sənə güvənir

Sən niyə bəs susursan?

Hamı Allahım deyir

Gəlmir bir səs, susursan?

Dünya dərd içindədir

Nahaq, əbəs susursan.

Göstər haqq divanını

Vicdanları oyandır

Ah, bu necə zamandır?


Göyləri lərzə salan,

Nifrətin nidasıdır.

Yerlərə hökm oxuyan

İnsanlıq vidasıdır.

Bizi haqqa səsləyən

Tanrının sədasıdır.

Etdiyimiz əməldən

Barı bizi utandır.

Ah, bu necə zamandır?


Haqq deyib, haqqı satan

Rəhbərlərə sözüm var.

Sizin üçün oyuncaq

Yaranıbmı insanlar?

Birinə dərd verirsiz,

Birinə kül-ixtiyar.

Hər yanda zülm-zillətlə

Çarpışan müsalmandır

Ah, bu necə zamandır?


Sinəmizdə Xocalı,

Qaradağlı dağı var,

Xalqımın qan ağlayan,

Əsir Qarabağı var.

Nə qədər ki, dünyada

Erməni tək yağı var

İnsanlar inləyəcək,

Bu ki, aşkar, əyandır

Ah, bu necə zamandır?


Bilin, günahsız qanlar,

Zülmə sipər olacaq.

Zalımı susdurmağa

Qəlbdə təpər olacaq.

Dünya bir ağ xalatlı

Yüyrək kəhər olacaq.

Tanrı zülmün başına

İldırım tək çaxacaq,

Haqq ağ günə çıxacaq!

Haqq ağ günə çıxacaq!