adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Aprel 2018 00:10
8080
GÜNDƏM
A- A+

GÖYÇAY: YENİ UĞURLAR SORAĞINDA

(əvvəli ötən sayımızda)

Hesabat dövründə rayon ərazisində tikinti, abadlıq və quruculuq sahəsində müəyyən işlər görülmüş, Əli Kərim adına parkda əsaslı təmir işləri başa çatdırılmış, burada yeni monitor quraşdırılmış, müharibə veteranları üçün kafe istifadəyə verilmiş, soyqırım abidəsi Şəhidlər Xiyabanına köçürülərək əsaslı şəkildə yenidən qurulmuşdur. Hazırda parkda Azərbaycanın məşhur yazıçı və şairlərinin xatirə kompleksində son tamamlanma işləri aparılır.
Heydər Əliyev parkının ərazisində bayraq muzeyinin tikintisi aparılır. Şəhər ərazisində küçə və ictimai həyətlərin asfalt örtüklərinin yenilənməsi işlərinə başlanılmışdır. Avtovağzal binasının tikintisi başa çatdırılmaq üzrədir.
Hesabat dövründə şəhər təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi, şəhərin təmiz və səliqəli saxlanılması, məişət tullantılarının vaxtında daşınması, küçə və məhəllələrdə sanitar-gigiyenik və ekoloji tələblərə əməl edilməsi istiqamətində xeyli işlər görülmüş, əvvəlki illərə nisbətən bu sahəyə cavabdeh olan müəssisə və təşkilat rəhbərlərinin fəaliyyəti müsbətə doğru dəyişmişdir. Şəhərdə ticarət, sanitariya qaydalarını pozanlara, ərazini çirkləndirənlərə qarşı mübarizə xeyli gücləndirilmişdir. Rayon əhalisinə kənd təsərrüfatı məhsulları satışında lazımi qayda yaradılması üçün tədbirlər görülmüş, əhalinin rahatlığını təmin etmək üçün şəhərin M.Hüseynzadə küçəsində örtülü kənd təsərrüfatı məhsullarının pərakəndə satış bazarı istifadəyə verilmişdir. "Təzə bazar"ın açılmasını rayon sakinləri böyük razılıq hissi ilə qarşılamışlar. Ümumi sahəsi 9 min kv.m, 500 satış yeri olan bazarda həm alıcılar, həm də kənd təsərrüfatı məhsullarını satanlar üçün normal şərait yaradılmış, hazırda ticarət yerlərinin artırılması, həmçinin bazarın xidmətindən istifadə edənlərin nəqliyyat vasitələrinin parklanması üçün əlavə işlər görülür.
Hesabat dövründə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Göyçay rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində müəyyən tədbirlər görülmüşdür. Emal sənayesinin daha da inkişaf etdirilməsi məqsədilə "Az-Nar" QSC-də şərab sexində quraşdırılmaq üçün avadanlıqlar alınmışdır.
Rayon ərazisində yol infrastrukturunun təkmilləşdirilməsi, yerli əhəmiyyətli kəndlərarası avtomobil yollarının yenidən qurulması və əsaslə təmirinin davam etdirilməsi istiqamətində əməli tədbirlər davam etdirilir. Hesbat dövründə ümumi uzunluğu 23 km olan Cəyirli-Alpout avtomobil yolunun tikintisinə başlanılıb. Qəzalı vəziyyətdə olan məktəblər üçün yeni məktəb binalarının tikintisi istiqamətində işlər davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin "Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" 16 mart 2018-ci il tarixli sərəncamına əsasən cari ildə rayonun Veysəlli kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 230 min manat vəsait ayrılmış və hazırda tikintiyə başlamaq üçün torpaq sahəsinin seçilməsi və texniki şərtlərin hazırlanması üçün tədbirlər görülür. Rayonun Alıkənd kəndində quraşdırılan modul tipli 40 şagird yerlik ibtidai məktəb binasında son tamamlanma işləri aparılır və ölkə prezidentinin 24 fevral 2018-ci il tarixli Sərəncamına əsasən yeni məktəb binasının qazlaşdırılması üçün 17,9 min manat əlavə vəsait ayrılıb. 2018-ci ilin yanvar-mart aylarında rayonda 398 yeni iş yeri yaradılmışdır.
Yığıncaqda bir daha diqqətə çatdırılmışdır ki, ölkə Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında verilən tapşırıqlara müvafiq olaraq cari ildə Göyçay rayonunun iqtisadiyyatının yüksəldilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirilməlidir.
İlk növbədə rayonun sənaye potensialından, emal müəssisələrinin layihə üzrə istehsal güclərindən tam istifadə edilməsi üçün tədbirlər görülməli, emal müəssisələrində yeni istehsal sahələrinin yaradılması, müasir bazar tələblərinə uyğun rəqabət qabiliyyətli və ixrac yönümlü məhsul istehsalı diqqət mərkəzində saxlanılmalıdır.
Rayonun kənd təsərrüfatının mövcud imkanlarından daha dolğun istifadə edilməlidir. Baramaçılığın inkişafına xüsusi diqqət yetirilməlidir.
Cari ildə rayon üzrə 264 qutu barama qurdunun bəslənilməsi və 15 tona yaxın yaş barama istehsalı nəzərdə tutulur. Baramaçılıq sahəsində rayonun əvvəlki şöhrətinin qaytarılması üçün bu gün real imkanlar mövcuddur və dövlət səviyyəsində də sahənin inkişaf etdirilməsinə xüsusi diqqət göstərilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respubliakasında baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsinə dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" respublikada baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsinə, bu sahədə ixrac potensialının artırılmasına və kənd əhalisinin məşğulluğunun təmin edilməsinə imkan verəcəkdir. Dövlət Proqramına əsasən 2025-ci ilədək yaş barama istehsalının həcminin 6 min tona çatdırılması, həmçinin respublikanın 7 rayonunda, o cümlədən Göyçay rayonunda tədarük olunmuş baramanın ilkin emalı üçün barama qəbulu və emalı məntəqəsi yaradılacaqdır. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etməklə yaxın 3-5 ildə rayonda barama istehsalının artırılması üçün əməli tədbirlər görülməlidir.
Heyvandarlıq sahəsində də mövcud imkanlardan daha səmərəli istifadə olunmalıdır. İlk növbədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, süni mayalama tədbirlərinin səmərəliliyinin artırılmasına xüsusi diqqət yetirilməli, cins mal-qaranın tədricən qapalı bəsləmə şəraitinə keçirilməklə boşalan örüş və otlaq sahələrinin torpaq sahələrini əkin dövriyyəsinə daxil etməklə həm yem bazasının, həm də digər ənənəvi bitkiçilik məhsullarının istehsalının artırılmasına real şərait yaratmaq istiqamətində əməli tədbirlər görülməlidir.
Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması üçün ciddi tədbirlər görülməlidir. İlk növbədə taxılçılığın inkişafına diqqət yetirilməli, taxıl istehsalının onun məhsuldarlığının yüksəldilməsi hesabına artırılması, sahələrin aqrotexniki qaydada becərilməsi və mineral gübrələrin verilməsi, alaq otlarına qarşı mübarizə tədbirlərinin yerinə yetirilməsi təmin olunmaldır. Məlum olduğu kimi Göyçay torpaq imkanları məhdud olan rayonlardan biridir və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması üçün mütərəqqi texnologiyalar tətbiq edilməlidir. Rayonun kənd təsərrüfatı üçün ənənəvi sahə olan faraş tərəvəz istehsalının artırılması üçün ciddi tədbirlər görülməli və müasir istixanaların tikintisinə üstünlük verilməlidir. Hazırda dövlət tərəfindən də istixanaların tikilməsinə böyük dəstək verilir. Çünkü tərəvəz istehsalı ölkənin ixrac potensialına çox müsbət təsir göstərir.
2018-ci ildə rayonda abadlıq və quruculuq sahəsində də xeyli işlər görüləcəkdir. Heydər Əliyev Mərkəzinin qarşısında inşa edilən bayraq muzeyinin tikintisi başa çatdırılmaqla Bayraq meydanı kompleksi yenidən qurulacaqdır. Əli Kərim adına şəhər parkında Azərbaycanın görkəmli şair və yazıçılarının xatirə kompleksi yaradılmaqla bura rayon sakinlərinin və qonaqlarımızın əsl istirahət mərkəzinə çevriləcəkdir. Şəhərin bir sıra küçə və ictimai həyətlərində asfalt örtüklərinin bərpası işləri davam etdiriləcək, 20-ə yaxın çoxmənzilli yaşayış binasında əsaslı və cari təmir işləri aparılacaq, dam örtükləri təzələnəcəkdir.
Göründüyü kimi bütün yeniliklər və tədbirlərlə yanaşı, qarşıda duran vəzifələrin də həyata keçirilməsi ciddi yanaşma və işgüzarlıq tələb edir. Göyçaylılar rayon icra hakimiyyətinin rəhbərliyi ilə qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaq, daha böyük uğurlara imza atacaqlar.