Faiq QİSMƏTOĞLU: MƏRKƏZİ KLİNİK XƏSTƏXANANIN ÜÇÜNCÜ MƏRTƏBƏSİ

FAİQ QİSMƏTOĞLU
51149 | 2018-04-26 17:55
… Allah-Təala hər bir sevdiyi insanı müxtəlif vasitələrlə sınağa çəkir: ya ona xəstəlik bəxş eləyir, ya ehtiyac içində yaşadır, ya da başqa imtahanlarla sınayır. Bu sınağa, bu imtahana dözənlər Allahın sevimlisidilər. Mən demirəm ki, mən də Allahın sevimlisiyəm. Amma onu deyirəm ki, məni də qurban olduğum müxtəlif çətinliklərlə sınağa çəkib. Ürəyim xəstə olub dözmüşəm, qan təzyiqim qalxıb, səbr eləmişəm. Ehtiyacım olub yenə heç kimə deməmişəm, sakitcə dayanmışam. Və qurban olduğum da dayandığıma görə, həmişə məni çətinliklərdən, xəstəliklərdən, ehtiyacdan xilas edib. Zarafat deyil, bir ildə üç dəfə ağır əməliyyat keçirdim. Şükürlər olsun ki, hamısı da uğurlu oldu…

… İndi də bir neçə gündür ki, ürəyim yenidən mənə vəfasızlıq eləyir. Ürəyim də mənə vəfasızlıq eləyəndə o dəqiqə ürəyimə stend qoymuş kardio cərrah, tibb elmləri doktoru və Azərbaycan Kardio Cərrahlar Cəmiyyətinin sədri, gözlə insan və gözəl ziyalı Firdovsi İbrahimovu axtarıram. Gördüm ki, artıq ağrılara dözə bilmirəm. Və həmin gecə də Firdovsi həkimlə də telefon əlaqəsi qurdum. Dedi ki, sabah saat 8-də xəstəxanada olarsan. Və saat 8-də Mərkəzi Klinik Xəstəxananın 3-cü mərtəbəsinə qalxdım. Orda məndən savayı həkimi gözləyən çoxlu sayda insanlar vardı. Elə saat 9-un yarısında da Firdovsi İbrahimov gəldi və hər bir xəstəsilə öz doğması kimi görüşdü. Mənimlə də əvvəllər olduğu kimi, çox səmimi salamalaşdı. Dedi rəngin-rufun niyə belədi? Mənim yanıma gəlmisənsə, qorxmağa dəyməz...

… Bir neçə dəqiqə söhbətdən sonra analizlər üçün lazımi kağızlar hazırlandı. Və mən də düşüb aşağıda şəkərdən və xolestrindən qan analizi verdim. Bu ərəfədə eyni zamanda Exo kordioqrama olundum. Bir zamanlar mənə stend qoyulan anda yanımda olan tibb bacısı həkim məni Exo elədi. Dedi ki, ürəyində bir balaca artimiya var. Elə tez də xəstəxanada yatdığım anları xatırladı. Çöhrəsində gülüş yarandı və mənim necə həyəcan keçirdiyimi yadıma saldı. Onda elə olmuşdu ki, biləyimdən sarğını açanda qan qəfildən fontan kimi havaya qalxdı və mən də bundan çox qorxdum. Bir anın içində həmin qız o qanaxmanı dayandırdı.

Analizləri verib yenidən həkimin otağına qayıdıram. Amma həkim yuxarı mərtəbəyə əməliyyata qalxıb. Qızlar deyir ki, bir azdan gələcək. İndi isə ən yaxşısı vaxtdan istifadə edib stress-testdən keçməkdi. Həmin sənədləri də hazırlayırlar və müvafiq pulu xəzinədara ödəyib həmin otağa qayıdıram. Məndən əvvəlki pasiyent artıq stress-testdən keçib stulda əyləşib tövşüyür. Və bu adamla da mən qəbul otağında görüşmüşdüm. Özü də Naxçıvandandı. Dedi ki, qızım da, özüm də müayinədən keçmək istəyirik, 900 manat pul ödəmişik. Soruşuram, deyir ki, stress-testin nəticəsi yaxşıdı. Mən də ona Allah şəfanı versin! – deyib uğurlar arzulayıram.

İndi isə ayaqqabılarımı soyunub stress-testin üstünə çıxıram. Ürək nayihəmə bir neçə qulaqcıq yapışdırılır. Eyni zamanda qulaqcıqlar da xətlə mərkəzə birləşdirilib. Həmin avadanlığı işlədən həkim dillənir: Faiq müəllim, hazırsınız? Təbii ki, mən də hazıram. Və əməliyat başlayır. Bu vaxt həkim deyir k, müəllim, aşağı baxma, gözün axar. Hamısından yaxşı pəncərədən dəniz görsənir, dənizə bax! Onun bu sözləri mənim yadıma iki il bundan əvvəl İstanbulda olduğum anları xatırladır. Bax, onda da müayinədən keçəndə həkim mənə dedi ki, Mərmərə dənizinə baxsan nə yaxşı olar?! Elə hər iki dəniz şəffaflığına görə bir-birinə oxşayır. Dənizə baxa-baxa müddətin başa çatdığını görürəm. Sevinirəm ki, nə yaxşı testi yarımçıq dayandırmadılar. Amma görürəm ki, həkim nəyisə mənə demək istəmir, gizlədir. Soruşsam da qayıdır ki, Firdovsi həkim hər şeyi sənə deyəcək…

… Ürəyimə nəsə damır. Heç onsuz da analizlərin də nəticəsi yaxşı deyil. Şəkər çıxıb, xolestrin də normadan artıqdı. Amma yenə Firdovsi həkimin yanına çox böyük ümidlə gəlirəm. O, bütün göstəricilərə baxır və mənim psixologiyamı yaxşı bildiyinə görə, çox gözəl də davranır. Deyir ki, qorxma, yeriyə də bilərsən, hərəkət də eləyərsən. Bir-iki dərman yazacam, onları mütləq qəbul elə. Müəyyən problemlər var, bunu səndən gizlətmirəm. Amma ən dəqiqini Anju olunandan sonra bilmək olacaq. Bax, o müayinədən sonra aydınlaşacaq ki, sənə stend qoyaq, yoxsa ürəyində açıq əməliyyat aparaq. İmkanın varsa, sabah gəl, Anju eləyək. Təbii ki, mənim maddi imkanım çatmır və 350 manat ödəyə bilmədiyimə görə, hələ ki, bu əməliyyatı həkimdən saxlamağı xahiş eləyirəm. Başqa müalicələri 
davam etdirirəm…

Deyirlər ki, şəkər xəstəliyi bəy xəstəliyidi. Vallah, mən nə bəyəm, nə də xan. Bütün günü səhərdən axşama qədər piyada gəzirəm. Və hər gün də bir saat sürətlə yeriyirəm. Demirəm idmançıyam, amma həkimlərin dediyinin hamısına əməl eləyirəm. Pəhriz saxlayıram, araq içmirəm, siqaret çəkmirəm. Axır ki, sonuncu ümidlə həmin sənədləri götürüb getdim Elmi-Tədqiqat Kordiologiya İnstitutunda işləyən tibb elmləri namizədi qohumum Rafiq Yusiflinin yanına. Hamımız əlimiz yananda Rafiq həkimin üstünə qaçırıq. İnanın, indiyə qədər bəlkə də yüzdən çox imkansız adamları mən onun yanına göndərmişəm, o da heç bir şey ummadan kişi kimi təmənnasız onları müayinə və müalicə edib. Yarım saatdan sonra Rafiq həkimin yanında oluram. O da analizlərin nəticələrinə, stress-testə baxır və deyir:

- Qorxmağa dəyməz! Əgər bir şey olacaqsa, ondan qaçmaq mümkün deyil! Hər halda, mütləq Anju olun! Çünki bu çox şeyi dəqiq göstərəcək…

… Sonra Rafiq həkim mənimlə zarafatlaşır və bir lətifə də danışır. Deyir ki, birinin əcəli tamam olur. Əzrayıl da gəlir onun canını almağa. Bu adam da çox şirindil adammış. Əzrayılı yoldan çıxarır, çörək yeyir, çay içirlər. Əzrayıl da deyir ki, qardaş, yox ey, sən bu siyahıda birincisən. Ona görə də gəl, sənin canını alım. Necə olursa Əzrayılın başı qarışır, həmin kişi götürüb siyahını dəyişir və özünün adını siyahıda sonuncu yazır. Sevinir ki, canı yaxşı qurtardı. Əzrayıl da ona baxır və dillənir:

- Səninlə duz-çörək kəsdim. Ona görə də tay siyahıda birinci adamın canını almayacam. Ordakı sonuncu adamın canını alacam.

Kişinin gözü kəlləsinə çıxır və canını tapşırır…

Mən heç nədən qorxmuram. Bir Allahdan savayı. Allah da alnıma nə yazıbsa, onu da görəcəm. Hələ ki Mərkəzi Klinik Xəstəxananın 3-cü mərtəbəsinə gedib-gəlirəm… Hələ ki 3-cü mərtbədən mavi Xəzəri görürəm… Hələ ki 3-cü mərtəbədə Allahın göndərdiyi mələklərlə insanları xilas edən ağ xalatlı Firdovsi İbrahimovu və onun komandasını görürəm… Hələ ki ümidim göydə Allaha, yerdə bu həkimlərədi…

Noolsun ki, 350 manatım yoxdu, Anju oluna bilmirəm… noolsun ki, on min manat tapa bilmirəm ki, əməlmiyyat edilim… noolsun ki, heç bir qohumuma bu sıxıntılarımı demirəm…

O olsun ki, Allah-Təala məni qoruyur... o olsun ki, Allah kiminsə ürəyinə bir sevgi salacaq, bir məhəbbət salacaq, o da mənə arxa duracaq…o olsun ki, mən dərdimi, kədərimi bəndələrlə, qohumlarımla deyil, Allahla bölüşürəm. Allah da verdiyi dərdin əlacını da tapır. Qurban olum ona!...




TƏQVİM / ARXİV