ANA SƏHİFƏ / ƏDƏBİYYAT

GÜLRUX ƏLİBƏYLİ YARADICILIĞINDA TARİXİ ƏDƏBİ PORTRETLƏR

6256    |   2018-04-25 00:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Salidə Şərifova
filologiya üzrə elmlər doktoru
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu


Gülrux Əlibəyli qələmə almış olduğu "Axtarışlar, tapıntılar", "Daim yolda", "Düşünən dünyamız", "Çırpınan Dünyamız", "Dəyişən Dünyamız", "Dağılan Dünyamız" kimi əsərlərində ədəbiyyatşünaslıq sahəsində xidmətləri olmuş tarixi şəxsiyyətlərin ədəbi portret və xarakteristikalarını deyil, həm də əsrlərə meydan oxuya biləcək ədəbiyyatımız haqqında geniş analitik məlumat vermişdir. Gülrux Əlibəyli müəllifi olduğu ədəbi portretlərdə konkret təsvir etdiyi şəxsdən əlavə, ədəbiyyat və mədəniyyətimizin tərəqqisində iz buraxmış ədiblərin yaradıcılıqlarını dəyərləndirmişdir. G. Əlibəylinin ədəbi portretləri müasir ədəbi mühitin açıqlanması, nəzəri problemlərin işıqlandırılması, orta əsr Azərbaycan ədəbiyyatının örnəklərinin təhlili-nöqteyi nəzərindən xüsusi maraq kəsb edir.

Ədəbi portretlər və müasir ədəbi mühit

Ədəbi portretlərdə öz dövrünün ən mühüm, vacib məsələlərini əks etdirmiş Gülrux Əlibəyli Yaşar Qarayevin, Bəkir Nəbiyevin, Rəsul Rzanın, Mirzə İbrahimovun, Cəfər Cəfərovun, Məmməd Arif Dadaşzadənin, Nigar Rəfibəylinin, İsmayıl Şıxlının, Həsən Seyidbəylinin, İsa Hüseynovun, Anarın, Afaqın və digər ədiblərimiz haqqında ədəbi portretləri estetik dəyərə malik olan bədii əsərlər kimi maraq kəsb edir.
Bədiiləşmiş həqiqət olan ədəbi portret bədii düşüncənin vacib faktoru kimi müəllifin təqdim etdiyi şəxslərin özünün obrazını yaratmaqla bərabər, təqdim etdiyi şəxsin mühitini, o dövrdə baş verən siyasi olay və hadisələrə də nəzər salıb qiymətləndirməsini zərurətə çevirir. Bu baxımdan da, Gülrux Əlibəylinin müəllifi olduğu ədəbi portretlər dövrün təsvirini verən sənət əsərləri kimi də əhəmiyyətlidir.
Gülrux Əlibəylinin qələmə aldığı ədəbi portretlərdə yalnız tarixi şəxsiyyətlər obraz səviyyəsinə qaldırılmır, həmçinin müraciət etdiyi dövr, mühit, hadisə canlı obraz səviyyəsinə qaldırılmışdır. Məsələn, G. Əlibəyli "Rəsul Rza" ədəbi portretində şairin ədəbi portreti ilə yanaşı, dövrün ağrısına çevrilmiş Xəzər dənizinin çirklənməsi probleminə də nəzər salmış, Xəzər dənizini canlı obraz kimi oxucuya təqdim etmişdir: "...Amma Xəzər dənizimiz bu gün xəstədir!"
G. Əlibəylinin qələmə almış olduğu "Mirzə İbrahimov" adlı ədəbi portretində isə tarixi şəxsiyyətlər arasında baş verən hadisələr və bir-birilərini qərəzli dəyərləndirmə, gərgin münasibətlər o dövr cəmiyyətinə xas xüsusiyyət kimi əksini tapmışdır. İki ədibin bir-birinə olan gərgin münasibətləri açıqlayan G. Əlibəyli bunu hər iki şəxsiyyətə xələl gətirmədən təsvir edir: "Cəfər Cəfərovun fikrincə - Mirzə İbrahimov mühafizəkar mövqeli, qeyri-səmimi adamdır, Mirzə İbrahimovun fikrincə - Cəfər Cəfərov simasız kosmopolit, millətə yuxarıdan baxan nihilistdir..." Hər iki ədibi "Azərbaycan xalqının böyük, istedadlı şəxsiyyətləri və... tam kontrastlı simalar" adlandırdığı Mirzə İbrahimov və Cəfər Cəfərovun peşmançılıq hisslərini göstərməyə nail olmuşdur. Cəfər Cəfərovun ölüm ayağında "insan mərhəmətinə, insan xeyirxahlığına və alicənablığına hələ də laqeyd qala bilmirəm ..." deməsi, Mirzə İbrahimovun "... Böyük istedad sahibi həmişə müxtəlif hücumların, anlaşılmazlıq və dedi-qodunun obyektinə çevrilir" kimi fikirləri cəmiyyətdə baş verən hadisələr haqqında təsəvvür yarada bilir.
Gülrux Əlibəyli dövrünün mənzərəsini, mühitdə baş verən haqsızlıqların təsvirini "Cəfər Cəfərov" adlı ədəbi portretində də verməyə nail ola bilmişdir. M. Rəfili və C. Cəfərovun "xalq düşmənləri" kimi "ifşa" olunmalarına toxunması məhz totalitar quruluşun xalqımıza qarşı aparmış olduğu represiyaları, siyasi oyunların faciəsini əks etdirməyə qadirdir. Cəmiyyətdə baş vermiş siyasi əyinti və eybəcərliklərin təsviri, yəni totalitar quruluşun aparmış olduğu siyasətin qurbanlarından birinə çevrilmiş insanların təsviri "Nigar Rəfibəyli" adlı ədəbi portretdə Gülrux Əlibəyli tərəfindən məhz Nigar Rəfibəylinin öz dili ilə çatdırılmışdır: "Mənim əleyhimə tərtib olunan məktubda Rəsul Rzanın da qolu var idi".
Gülrux Əlibəyli Azərbaycan bədii ədəbiyyatının tərəqqisində əvəzsiz xidmətləri olmuş şair və yazıçıların yaradıcılıqlarını tədqiq etmiş, onları özünün ədəbiyyatşünaslıq prizmasından təhlil süzgəcindən keçirmişdir. Mirzə İbrahimov, Həsən Seyidbəyli, Rəsul Rza, Nigar Rəfibəyli, İsmayıl Şıxlı, İsa Hüseynov, Anar, Afaq və digər qələm sahiblərinin yaradıcılıqlarına xas xüsusiyyətləri ədəbi portretlərdə açıqlamağa nail olmuşdur.

Gülrux Əlibəyli Sovet şairi kimi

Gülrux Əlibəyli bir tərəfdən görkəmli Sovet şairi kimi tanınmış, digər tərəfdən isə Sovet dövrünədək Azərbaycan ədəbiyyatının ənənələrini öz şəxsiyyətində və yaradıcılığında cəmləşdirməyə nail ola bilmiş və SSRİ hakim dairələrin destruktiv təsirindən qoruyaraq gələcək nəsillərə bu ənənələri ötürməyi bacarmış Rəsul Rza haqqında qələmə aldığı "Rəsul Rza" ədəbi portretində şairin ədəbi yaradıcılığını təbiətlə vəhdətdə tədqiq etmişdir. "Dəniz nəğmələri" əsərini şair yaradıcılığının "dinamizminin zirvəsi" kimi təqdim edir. G. Əlibəyli "Dəniz nəğmələri" silsiləsinə daxil olan poetik nümunələri şairin "fantaziyasının geniş fəzalarda pərvazlanmasını, hiss və həyəcanlarının coşmasını, fəlsəfi ümumiləşdirmə qüvvəsini nümayiş" etdirməsinə toxunmuşdur. G. Əlibəyli daha sonra qeyd etmişdir ki, "Dəniz nəğmələri" əsərinə daxil olan şeirlərdə "həm qəribə ahəng, musiqi harmoniyasının zəngin çalarları səslənir, həm də təfəkkürümüzün inkişafına təkan verən, bizi düşündürməyə məcbur edən fikirlər ifadə olunur".
"Nigar Rəfibəyli" adlı ədəbi portretində Gülrux Əlibəyli həmcins olduğu xanımın söz sənətini yüksək dəyərləndirməyi bacarmışdır. İlk əvvəl onun Rəsul Rza ilə nikahına toxunmuş, bu ailənin uzunömürlüyünün əsas səbəblərini oxucusuna çatdıra bilmişdir. İstedadlı qələm sahiblərinin ailə ittifaqının möhkəmliyini üç amil üzərində dayandığına toxunaraq qeyd etmişdir ki, "Rəsul Rza və Nigar Rəfibəylinin ailə ittifaqının möhkəmliyi üç əsas amil üstündə qurulmuşdur: əsil məhəbbət, şəxsiyyətlərin zəngin mənəviyyatı və alicənablığı, əsrlər boyu möhkəmlənmiş milli ailə ənənəsi". Gülrux Əlibəyli Nigar Rəfibəylinin "...həzin hisslər və incə duyğular tərənnüm edən poeziyası"nın "milli ədəbiyyat tariximizdə möhkəm yer" tutduğunu qeyd etmiş, "Azərbaycan qadınlığına xas ülvi, mərd, şairin mürəkkəb şəxsiyyətinə dayaq olmaq qüdrəti, özünün də gözəl şairliyində qalmaq bacarığı olan nadir qəhrəman qadınlarımızdan" biri kimi dəyərləndirmişdir.
Gülrux Əlibəylinin Azərbaycan xalqının istedadlı şəxsiyyətlərindən biri kimi təqdim etdiyi "Gələcək gün", "Pərvanə", "Böyük dayaq", "Kəndçi qız", "Yaxşı adam" və s. kimi əsər və pyeslərin müəllifi olan Mirzə İbrahimovu "Mirzə İbrahimov" adlı ədəbi portretdə ədibi məhz "özü-özünü yaradan, formalaşdıran nadir" şəxsiyyət kimi, "...millətimizin mentalitetini özündə ali formada təcəssüm" etdirmiş şəxs kimi dəyərləndirmişdir. Gülrux Əlibəyli Mirzə İbrahimovun "Yaxşı adam" pyesini klassik əsər nümunəsi kimi dəyərləndirərək, ideyasının ümumbəşəri olmasına toxunur, əsəri müəllifin həyat təcrübəsinin bəhrəsi olmasına toxunaraq qeyd edir ki, ""Yaxşı adam" yazıçının həyat təcrübəsinin bəhrəsi kimi səmimi, emosional və psixoloji cəhətdən maraqlı əsər idi".
Gülrux Əlibəyli "İsmayıl Şıxlı" adlı ədəbi portretdə yazıçı İsmayıl Şıxlının bir yazıçı kimi Dostoyevskini sevməməsinə toxunur, səbəbini isə yazıçının öz dili ilə oxucuya açıqlayır: "Ömür yoldaşı Ümidə xanım mənə deyirdi:
- Gecələr Dostoyevskini oxuyur, az qala səhərəcən...
Mən sevincək o günü yazıçı haqqında söhbət açırdım. Deyirdi:
- Yox, yox. Qəbul edə bilmirəm. Təbiətim qəbul etmir. Həyat onsuz da ağırdır, çətindir, ədəbiyyat insanlara işıq ucu göstərməlidir, amma o hey eşələyir, qaranlıq uc-bucaqları açıb göstərir, onsuz da mürəkkəb həyatı çətinləşdirir, məni sevincdən məhrum edir..."
Gülrux Əlibəyli ədəbi portretləri yaradarkən, ədəbi proseslərdən kənar qalmamış, özünün münasibətini bildirmişdir. Məsələn, "İsmayıl Şıxlı" ədəbi portretində yazıçının "Dəli Kür" romanına münasibətini bildirmişdir. "Dəli Kür" romanının "sırf reallıqla qidalanmasına" toxunmuş Gülrux Əlibəyli Cahandar ağa obrazına biganə qalmamış, obrazın müəllif tərəfindən böyük məhəbbət və ustalıqla işlənilməsinə rəğmən, nadanlıq kimi xüsusiyyətə malik olmasını, daha doğrusu mübahisə doğuran fikirlərini belə işıqlandırır:

Cahandar ağanın faciəsi onun nadanlığındadır

Nadanlıq - mühafizəkar qüvvələrin həqiqəti bilmək istəməməyidir". Cahandar ağanı nadan kimi təqdim etməsinə baxmayaraq, obrazın psixoloji cəhətdən maraq kəsb edən obraz olmasına Gülrux Əlibəyli belə aydınlıq gətirməyə cəhd etmişdir: "İ. Şıxlının mərhəməti ondadır ki, Cahandar ağanın surətini ən kiçik detallardan başlayaraq böyük, dərin mənalı ştrixlərə qədər zəngin realist boyalarla çəkmişdir. Məhz ona görə psixoloji cəhətdən də bu obraz maraqlıdır".
"Həsən Seyidbəyli" adlı ədəbi portretdə" Astaraya gedən yol" povestini "yeni söz, yeni üslub, yeni nəsr" nümunəsi kimi, "Telefonçu qız" povestini "sxematizmdən azad, lirika, dərin psixologizm və həyatilik" əsas cizgilərə malik olan əsər kimi dəyərləndirən Gülrux Əlibəyli H. Seyidbəylinin faciəli vəfatının əsas səbəblərinə də işıq salmağa nail ola bilmişdir. "Babək" filmi ətrafında gedən mübahisələrin görkəmli yazıçı və rejissorun həyatı bahasına başa gəlməsi və onu "sistemin qəddarlığı məhv" etməsi Gülrux Əlibəyli tərəfindən ədəbi portretdə əksini tapır. "Nəsimi" filminin rejissoru kimi adını tarixə yazmağı bacarmış Həsən Seyidbəyli "insan təfəkkürünün, insan qəlbinin, insan ağlının, insan iradəsinin ən yüksək zirvəsi" olan Nəsimi fəlsəfəsini tamaşaçısına çatdırmağa nail ola bilmişdir. G. Əlibəyli bunun "İ. Hüseynov, H. Seyidbəyli və Rasim Balayev estetik üçbucağı" sahəsində həyata keçməsini, Həsən Seyidbəylinin gözəl nasir olması ilə yanaşı, rejissor kimi yüksəkliklərə qalxmasını ədibin istedadı ilə əlaqələndirir.

(ardı növbəti sayımızda)



İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK