adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
25 Aprel 2018 00:11
11675
GÜNDƏM
A- A+

Professor Əjdər İsmayılov

Alim adı müqəddəs və alidir. Hər kəs alim adına hörmətlə yanaşır. Alim bəşəriyyəti öyrədəndir. Həm də onlar öyrənərək, öyrədirlər. Məhz bu səbəbə görə ömrünü insanların maariflənməsinə həsr edən alimlər heç vaxt unudulmur. Zaman və tarix onları hər zaman öz yaddaşında yaşadır! Belə alimlərimizdən biri də professor Əjdər İsmayılovdur. Ömrünü pedaqoji fəaliyyətə həsr edən Əjdər müəllim təkcə şagirdləri tərəfindən deyil, bütün cəmiyyət tərəfindən həmişə iftixarla yad edilir.
Azərbaycan tarix və ədəbiyyatşünaslığında uzun illərin zəhməti ilə ərsəyə gətirdiyi mötəbər əsərlərlə erməni yalanlarını ifşa edən, Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verən, cavidşünas, ictimai-siyasi xadim, "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin sədri tanınmış alim professor Əjdər İsmayılovun 80 illik yubileyidir. Əjdər İsmayılov özünün tədqiqat əsərləri ilə erməni yalanlarını dünya ictimaiyyətinə çatdıran, onların tarixi Azərbaycan torpaqlarına köçürülməsini tarixi sənədlərlə sübut edən və erməni tarixşünaslığının yalanlar üzərində qurulmasını beynəlxalq aləmə bəyan edən dəyərli alimimizdir. Elə bu yerdə professor Qəzənfər Kazımovun sözlərini xatırladım: "Axır ki, türkün bir oğlu tapıldı və 300 illik erməni mifini vurub dağıtdı, puça çıxartdı. Bu, filologiya elmləri doktoru, professor Əjdər Tağı oğlu İsmayılovun çox böyük zəhmətin nəticəsində meydana gətirdiyi "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" kitabıdır".
Xatırlatmaq yerinə düşər, axı professor Əjdər İsmayılov həm də Azərbaycan ədəbiyyatında Hüseyn Cavidin ədəbi irsini mükəmməl araşdıran bir alim kimi tanınır. O öz uğurlu elmi axtarışları ilə paralel bir şəkildə 90-cı illərində ölkəmizdə baş verən ağır ictimai-siyasi mübarizədə ümummilli liderimiz Heydər Əliyevin daima yanında olmuş və xalqın azadlığı uğrunda mübarizə aparmışdır. Eyni zamanda məşhur 91-lərdən və Yeni Azərbaycan Partiyasının yaradıcılarındandır.
Əjdər İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1963-1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun Rejissorluq fakültəsində oxuyub, rejissor Mehdi Məmmədovun və aktyor Rza Təhmasibin tələbəsi olub. 1961-1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, Daxili İşlər Nazirliyinin, "Şərq qapısı" qəzetinin əməkdaşı, 1977-1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin Ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olub.
Ömrünün böyük bir hissəsini elmi-pedaqoji fəaliyyətə həsr edən Əjdər müəllim arxada qalan illər ərzində sanballı elmi əsərlər yaradıb. Professorun elmi və ictimai-siyasi fəaliyyəti həmişə yüksək qiymətləndirilib və bu fəaliyyətlərinə görə cənab Prezidentimiz İlham Əliyev tərəfindən "Tərəqqi" medalına da layiq görülüb.
Tanınmış professor Əjdər İsmayılov 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olub. Akademiyanın vitse-prezidenti akademik Məmməd Arif Dadaşzadənin rəhbərliyi altında "Hüseyn Cavidin tarixi dramları" ("Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam") mövzusunda namizədlik dissertasiyasını 1974-cü ildə müdafiə edib. Əjdər İsmayılovun bu dissertasiyası öz aktuallığını bu gün də qorumaqdadır. Əjdər İsmayılov Azərbaycan ictimaiyyətində cavidşünas alim kimi tanınır. 1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında təsdiq edilmiş "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" mövzusunda doktorluq dissertasiyası ətrafında araşdırmalara başlayıb. Burada ədəbiyyatşünaslığımızda Azərbaycan romantizminin yaranmasını 1905-1917-ci il hadisələri ilə bağlayan fikir sahiblərinin əksinə olaraq, Hüseyn Cavid romantizminin mənşəyinin Zarvan ("Avesta") fəlsəfəsindən başlandığını, sənətin fəlsəfi-estetik dəyərləri baxımından Türk "Tənzimat ədəbiyyatı" başda olmaqla, mütəfəkkir şairin dünya ədəbiyyatının korifeylərinin sənət yoluna bağlılığı demonizm kontekstində araşdırılıb. Kitabda dünya romantizmində demonizm ənənələrinin H.Cavid irsində davamı və inkişafı məsələləri araşdırılmışdır. Əjdər İsmayılov H.Cavid yaradıcılığının ideya-fəlsəfi, bədii-mifoloji köklərini açıb göstərmiş, sənətkarın aləmindəki milli və ümümbəşəri cəhətləri tədqiq etmişdir.
Tanınmış tənqidçi, ədəbiyyatşunas, sənətşunas professor A.L.Şteyn (Moskva) hələ 80-ci illərdə Əjdər İsmayılovun elmi araşdırmalarını belə dəyərləndirmişdi: "Biz-romantizm ədəbiyyatı mütəxəssisləri Əjdər İsmayılovun elmi araşdırmalarına qədər dünya romantizminin XIX əsrdə sona yetdiyi fikrindəydik, sən demə, XX əsrdə Hüseyn Cavid kimi sənət nəhəngi varmış". Professor Əjdər İsamayılov həmçinin Azərbaycan cəmiyyətində bir ictimai-siyasi xadim kimi tanınır. 1992-ci ilin 21 aprelində Azərbaycan Respublikasına prezident seçkisi öncəsi Şərur əhalisinin toplantısını təşkil etmiş, Heydər Əliyevin prezidentliyə namizədliyini irəli sürdürmüşdü. Bu toplantı müdrik siyasət rəhbərinin Azərbaycanı müstəqilliyə aparacaq mübarizə yolunun başlanğıcı idi. Toplantının çıxardığı qərarı 22 aprel 1992-ci ildə Bakı şəhərində yerləşən döyüşən Naxçıvana hər cür köməklik göstərən "Əlincə" cəmiyyətinə çatdırmışdı.
1992-ci ilin avqust ayında o, Şərur rayonunda ziyalılardan ibarət "Heydər Əliyev tərəfdarları" təşəbbüs qrupunu yaratmış, rayon ərazisini dairələrə ayırmış və bir neçə ayda otuz iki mindən artıq tərəfdarı siyahıya aldırmışdı.
Şərurluların bu fəaliyyəti 1992-ci il 21 noyabr tarixində YAP-ın Naxçıvan şəhərində keçirilən təsis konfransının tarixi əsasını qoymuş oldu. 1992-ci ilin 24 aprelində Əjdər İsmayılov keçmiş Azərbaycan SSR Ali Sovetinin binası qarşısında ədalətsiz "Yaş senzi" ilə bağlı keçirilən mitinqlərin fəal təşkilatçılarından və iştirakçılarından olmuşdu. 9 dekabr 1992-ci ildə (№ 51(80) səh.7) "Səs" qəzetində "Partiyamızın lideri xalqdır" bəyanatı ilə Heydər Əliyev partiyasının xalqın partiyası olduğunu bəyan etdi və məşhur "Heydər - Xalq, Xalq-Heydər" devizi bu bəyanatın siyasi formulu kimi yaranmış oldu.
Professor Əjdər İsmayılov 300-ə yaxın elmi əsər və məqalələrin müəllifidir. O cümlədən "Dünya romantizm ənənəsı və Hüseyn Cavid", "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi", "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları", "Moisey Xorenatsi anonim keşiş müəllifdir", "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir"" və s. kimi mötəbər əsərlərin müəllifidir.
Bu gün də öz elmi-ictimai fəaliyyətini böyük şövqlə davam etdirən Əjdər İsmayılovu 80 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, həyat və yaradıcılığında tükənməz uğurlar arzu edirik.