adalet.az header logo
  • Bakı 19°C
25 Aprel 2018 00:05
8866
GÜNDƏM
A- A+

ELMƏ, VƏTƏNƏ XİDMƏTİN NÜMUNƏSİ

Akademik Urxan Ələkbərovun 75 illiyinə həsr olunur

Müasir Azərbaycan elminin inkişafına böyük töhfələr verən, dünyanın, eləcə də dünya insanlarının gələcək taleyini düşünən, nəhəng elm fatehləri sırasında yer alan biologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Urxan Kazım oğlu Ələkbərovun 75 yaşı tamam olur. 75 yaşın işığında onun ömür yolu daha aydın, daha gözəl görünür, qazandığı uğurlar, nailiyyətlər ürək sevindirir.
Ömrünü elmə həsr edən, elmi işlərində dünyanın ekoloji tarazlığı və təbiətin bir hissəsi olan insanın həyatı dayanan, gənclərimizin dünya elminə inteqrasiya olmaları, xaricdə yiyələndikləri elm və təcrübəni doğma Azərbaycanımızda tətbiq etmələrini istəyən və buna çalışan akademik Urxan Ələkbərov dünyada tanınan və Azərbaycanı dünyada tanıdan alimlərimizdən, işıqlı, nurlu ziyalılarımızdan biridir. O, sözün əsl mənasında elmə, Vətənə xidmətin nümunəsidir. O böyük alimi, o gözəl ziyalını ABŞ-da, Fransada, Almaniyada, İtaliyada, Türkiyədə, Yunanıstanda, Kanadada və başqa ölkələrdə yaxşı tanıyır və onun əsərlərindən yararlanırlar. CNN, Rusiya, Fransa, Yaponiya, İsveç, Bolqariya və bir çox ölkələrin televiziya ekranlarında çıxışlar edən, dünyanın tanınmış elmi jurnallarında məqalələri dərc olunan, elmi əsərləri, fikir və düşüncələrilə dünya şöhrətli alimləri heyrətləndirən Urxan Ələkbərovun ABŞ, Yaponiya, Norveç və digər dövlətlərin nəşriyyatlarında kitabları dərc olunub, ona dünya şöhrəti qazandırıb.
Dünyada ilk İnsan İnkişaf Mərkəzinin yaranmasının təşəbbüskarı və 2002-ci ildən rəhbəri də akademik Urxan Ələkbərovdur. Müxtəlif Beynəlxalq və respublika elmi təşkilatların üzvü olan görkəmli elm xadiminin nəşr olunan kitablarının siyahısında biologiya və genetikaya aid monoqrafiyalar xüsusilə diqqəti cəlb edib və "Davamlı insan inkişafının təmini üçün ətraf mühitin idarə olunması" qısa kursu ABŞ universitetlərində dərs vəsaiti kimi qəbul olunub. O, Beynəlxalq və xarici mənbələrdə "Azərbaycan alimi və inkişaf üzrə ekspert" kimi təqdim olunur və onun çıxışlarından sitatlar "Tanınmışların deyimləri" siyahılarında dərc edilir. Sevindirici haldır ki, akademik Urxan Ələkbərovla yanaşı, bu elektron və çap mənbələrində eyni zamanda Kofi Annan, Hillari Klinton, Corcio Armani, Ancelina Coli və digər tanınmışların da deyimləri yer tapıb.
Akademik Urxan Ələkbərov Azərbaycanın fəxr ediləsi, öyünüləsi, qürur duyulası alimlərindən biridir və onun elmi fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycanda elmin və təhsilin inkişafındakı xidmətlərinə görə 2013-cü ildə prezident İlham Əliyev o böyük alimin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Urxan Ələkbərovun elmi fəaliyyəti ardıcıl olaraq genetik sistemlərin öyrənilməsinə və davamlılığın idarə olunmasına həsr edilib. Bu sahədə o, çoxsaylı kadrlar hazırlamış və həmin kadrlar vətənimizdə, eləcə də dünyanın bir cox ölkələrində uğurla çalışırlar.
Bütün elmi fəaliyyəti dövründə genefondun mühafizəsinin nəzəri əsasları və praktiki yolları axtarışı, antimutagenez fenomeni əsasında ətraf mühitin çirklənməsi nəticəsində cari və uzunmüddətli neqativ genetik fəsadların qarşısının alınması ilə ciddi məşğul olan Urxan Ələkbərov bu işi indi də uğurla davam etdirir.
Mənalı və şərəfli bir ömür yaşayan o böyük insan biologiya, kənd təsərrüfatı və tibb sahəsində elmi tədqiqatların planlaşdırma metodlarının təkmilləşdirilməsi və alınmış elmi nəticələrin praktiki istifadəsini uğurla həyata keçirib. Bəli, akademik Urxan Ələkbərov çox böyük uğurlara, nailiyyətlərə imza atıb. O, ətraf mühitin təbii, iqtisadi, sosial və siyasi idarə edilməsi sahəsində beynəlxalq ekspertdir; dünyada geniş əks-səda doğuran ekoloji sivilizasiya konsepsiyasının müəllifi kimi tanınır, elmi proqnozları, yüksək təfəkkürə söykənən fikirləri dünya elmi tərəfindən elmə bir yenilik kimi qəbul edilib və dəyərləndirilib. O, dünyanın ən qabaqcıl təhsil ocaqlarında, universitet və akademiyalarında davamlı inkişaf və ekoloji sivilizasiyaya dair mühazirələr oxuyub. Bir sıra xarici və beynəlxalq, akademiya, elmi cəmiyyət komitə, şuralar və digər elmi qurumların üzvü, fəxri doktoru seçilib. Urxan Ələkbərov bir alim kimi, əsl vətəndaş-ziyalı kimi, ürəyi xalqla döyünən bir vətənpərvər kimi hələ sağlığında ikən ürəklərdə özünə möhtəşəm bir abidə ucalda bilib.
Tanrının-Böyük Yaradanın onun üçün ayırdığı ömrü şərəflə yaşayan, elmə, təhsilə, ölkəmizin tərəqqisinə sərf edən, ürəyi ən ülvi, ən gözəl arzularla döyünən Urxan müəllimə Allah-Təala özü boyda işıqlı ürək verib. Bu geniş ürəkli, xeyirxah və səmimi insanla, onun kimi şəxsiyyətlə hər bir azərbaycanlının öyünməyə mənəvi haqqı var. Bu haqqı o gözəl insan öz elmi fəaliyyətilə, millətin imzasını imzalar içində tanıtmaqla, dünyanın ən görkəmli alimlərilə bir sırada dayanmaqla, Azərbaycanımıza başucalığı gətirməklə qazanıb. Vətənimiz üçün, millətimiz üçün, Azərbaycanımız üçün çox böyük işlər görən Urxan Ələkbərov ömrünün 75-ci baharını yaşayır. Onun sadəliyi də, mehribanlığı da, insanlara diqqət və qayğısı da, dağlar kimi ucaldığından, böyük ürək sahibi olmasından xəbər verir. Onun kimi dəyərli insanların, ziyalıların, dünya şöhrətli alimlərin həyatından çox şeylər öyrənmək olar.
75 yaşın mübarək Urxan müəllim!
75 yaşın mübarək, gözəl insan, gözəl dost, dəyərli ziyalı. Siz bu gün də əvvəlki enerji ilə əsl vətəndaş-alim kimi xalqımıza, Azərbaycanımıza şərəflə xidmət edirsiniz, yeni-yeni uğurlara imza atırsınız.
Mən sizin insana xoş olan bütün gözəl keyfiyyətlərinizin, mərdlik və kişilik xüsusiyyətlərinizin, alimlik fəaliyyətinizin toplusunu işığa bənzədirəm. Bu işıq həmişə, hər yerdə görünür və hər yerə nur saçır. Bu işığa üz tutub gələnlər çoxdur.
80 yaşınızda, 100 yaşınızda da sizin işığınıza üz tutub gələnlər olacaq. Qoy bu işığı Tanrı sizi sevən insanlardan, eləcə də vətənimizdən, millətimizdən əsirgəməsin. Həmişə var olasınız!

Apreldə dünyaya gəldin-göz açdın,
İllər ötüb keçdi, haqdan söz açdın.
Elminlə nur saçdın, yeni iz saldın,
Həyat təzələndi, hər şey dəyişdi
Yaş yetmiş beşdi.

Elm dəryasına baş vurub hər an,
Oxudun, öyrəndin sən yorulmadan.
Ey böyük şəxsiyyət, ey kamil insan,
Elmlə ucalmaq ən gözəl işdi
Yaş yetmiş beşdi.

Əsl ziyalısan, gözəl atasan,
Hələ çox uğura imza atasan.
Hələ nə yaşın var, yüzə çatasan,
Vahid bu sözləri haqdan demişdi,
Yaş yetmiş beşdi.

Vahid Əlioğlu,
Şair, AYB-nin üzvü,
"Qızıl qələm" mükafatı laureatı