adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Aprel 2018 15:26
37201
HÜQUQ
A- A+

Hüseyn Abdullayev Vergilər Nazirliyində istintaq olunur

Türkiyədə saxlanılaraq Azərbaycana ekstradisiya edilən sabiq deputat Hüseyn Abdulayev Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsilə ittiham olunur.

Adalet.az xəbər verir ki, H.Abdullayevin hüquqlarını müdafiə edən vəkil Ruhid Əkbərov Modern.az-a bildirib ki, hazırda istintaq hərəkətləri davam etdirilir:

"Ona qarşı vergidən yayınma ilə bağlı ittiham irəli sürülüb. Dünəndən etibarən istintaq hərəkətlərinə başlanılıb, vəkili olaraq mənimlə görüş təmin edilib. Hazırda Vergilər Nazirliyinin İstintaq İdarəsində cinayət işi davam etdirilir”.

Hazırda külli miqdarda vergidən yayınma ilə bağlı istintaqı aparılan sabiq deputaın cinayət işinə yeni maddə əlavə ediləcəyi istisna olunmur.

H.Abdullayev 2013-cü ildə ölkə başçısına müraciət edərək, bəzi hakimiyyət nümayəndələrinin ona təzyiq etdiyini bildirmişdi. O, müraciətində ABŞ səfirliyinəbina tikilməsiüçün satmaq istədiyi torpaq sahəsinə sənəd ala bilmədiyini vurğulamışdı.

Sonra H.Abdullayev Azərbaycanı tərk edərək, Almaniyaya sığındı.

2013-cü ildə H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev 23 aprel 2018-ci il tarixində Türkiyədə olarkən saxlanılaraq, Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

Vergilər Nazirliyindən Modern.az-a H.Abdullayevin istintaq olunduğu bildirilsə də, əlavə məlumat verilməyib.

Qeyd edək ki, 2013-cü ildə sabiq deputat Hüseyn Abdullayevə qarşı Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işçi qaldırılıb.H. Abdullayev uzun müddət istintaqdan yayındığı üçün barəsində məhkəmə qərarı ilə axtarış elan olunmuşdu.

Xatırladaq ki, bəstəkar, "Oğuz eli” İctimai Birliyinin sədri H.Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilmişdi. 2007-ci ilin martında Milli Məclisin iclaslarının birində, hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə həmkarı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava düşmüşdü. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alınmış, özü isə həbs olunmuşdu. Sonradan azadlığa buraxılan H.Abdullayev 2010-cu ildə 25 saylı Nizami II seçki dairəsindən növbəti dəfə deputat seçilmək üçün iddialı olsa da, namizədliyi qeydə alınmadı.