adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Aprel 2018 16:11
9149
MƏMLƏKƏT
A- A+

Energetika Nazirliyinə 599 müraciət daxil olub

Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının Energetika Nazirliyinə və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və qazla təchizatı ilə əlaqədar 599 ərizə və müraciət daxil olub.

Nazirlikdən verilən xəbərə görə, 87 müraciət "Qaynar xətt” ("Onlayn müraciət”), 512 müraciət isə poçt vasitəsilə qəbul edilib. Vətəndaşlardan ən çox daxil olan müraciətlər elektrik enerjisi təchizatı ilə əlaqədar məsələləri əhatə edib. Belə ki, 181 müraciətdən 45-i elektrik sayğaclarının quraşdırılması və ödənişlərin hesablanmasında borcun yaranması, 56-sı enerji təchizatı şəbəkəsinə qoşulma üçün texniki şərtlərin verilməsi, 80-i isə elektrik enerjisinin verilişi ilə bağlı olub.

2018-ci ilin 4 ayı ərzində qaz təchizatı ilə bağlı 152 müraciət qeydə alınıb. Bunlardan 83-ü qaz xəttinə qoşulma, sayğaclarının quraşdırılması və izafi borcun yaranması, 69-u isə qazın verilişinə dair olub.

İstehlakçılar tərəfindən nazirliyə daxil olan bütün müraciətlər müəyyən olunmuş qaydada nazirlik tərəfindən araşdırılıb, mahiyyəti üzrə təhlil edilərək lazımi tədbirlər görülməsi üçün aidiyyəti qurumlara göndərilib və icra olunub. Bəzi müraciətlər icraya nəzarət çərçivəsində nazirliyin nümayəndələrinin iştirakı ilə yerində yoxlanılıb və cavablandırılıb. Bütün ərizə və müraciətlər "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa, elektrik enerjisindən və qazdan istifadə qaydalarına, elektroenergetika və qaz təchizatı haqqında mövcud qanunvericiliyə uyğun olaraq icra edilib.

Vətəndaşların müraciətlərinə baxılması işinin çevik və səmərəli təşkili məqsədilə nazirliyin rəsmi internet səhifəsində rəhbərliyin qəbulu qrafiki yerləşdirilib. Bu xidmətdən faydalanan vətəndaşlar nazirliyin məsul işçiləri tərəfindən qəbul edilərək şikayətləri dinlənilib, problemləri araşdırılaraq həll edilib.

Energetika Nazirliyivətəndaşların şikayətlərinə obyektiv baxılması, problemlərin düzgün və operativ araşdırılmasında şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsini daim diqqətdə saxlayır və abonentlərə qarşı sui-istifadə əməllərinin qarşısının alınması istiqamətində müvafiq tədbirlərin görülməsi üçün öz işini davam etdirir.