adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Aprel 2018 15:27
12031
ƏDƏBİYYAT
A- A+

Ədəbiyyata mədəsi ilə xidmət edən qadın

Ədəbiyyata zehni, barmaqları, ürəyi, gözləri ilə xidmət edənlərə "mədə xidməti” qəribə gələ bilər. Amma bu da mümkünmüş. Alman əsilli İngiltərə vətəndaşı olan Nina adlı bir xanım ədəbiyyata xüsusi marağı ilə seçilir. Onun zəngin kitabxanası var, xüsusən də nadir nüsxədə olan kitablar və əlyazmalar saxlanılır. Bundan başqa, yeni nəşr kitablar da bu zənginliyə rəng qatır. Amma 41 yaşlı bu qadın həmin kitabları heç kimə vermir. Çünki özü bu kitabları oxuyandan sonra yeməyə başlayır. Bəli, məhz yeməyə! Dediyinə görə, ən dadlı kitablar köhnə kitablardır. Onların vərəqləri spesifik qoxulu və quru olur. Ona görə də ağızda tez əriyir. İkinci yerdə isə incə vərəqli kitablardır. Nəfis tərtib olunmuş, yağlı kağızlı kitablar yaxşı çeynənmir, dadı da pisdir. Ucuz kitablar isə daha dadlı və turşməzə olur. Ninanın kitabxanasındakı nadir kitabların hamısının kənarları yeyilib, onları tamamilə yeməyə əli, daha doğrusu ağzı gəlmir. Amma təzə kitabların təkcə üz qabığı qalıb. Bu isə kitab mağazalarına sərf edir. Qadın sanki marketdən hər həftə ərzaq alırmış kimi, kitab mağazalarından da onlarla kitab alır. Sonra həftə boyu divanda oturub televizora baxa-baxa kitabları xırıd edir. Özünün dediyinə görə, bu qəribə iştah onda ikinci övladına hamilə olarkən başlayıb.

Məsələ burasındadır ki, hamilə qadınlarda qeyri-adi iştahanın baş qaldırması sıx görülən hadisədir. Dünyanın hər yerində qadınlar hamiləlik dönəmində ağlagəlməz "qida”larla mədəsini təmin edirlər. Ayaqqabı mazı, divar kağızı, daş yeyənlər, benzin içənlər nə qədər desən var. Amma bu, bir dönəmdir, heç 9 ay da çəkmir. Hamiləliyin meyilçəkmə dönəmi bitdikdən sonra qeyri-adi qidalar da gələcəkdə ailənin gülüş və məzəli xatirəsinə çevrilir. Qəribədir ki, bəzi qadınlarda hamiləlik bitir, ancaq bu vəziyyət bitmir. Həkimlər də çarəsiz qalırlar. Axı nə müalicə yazılsın ki, qadın daş-divar yeməsin?!

Lakin Böyük Britaniya qadınlarının bir qismində hamiləlik kaprizləri bitmir, uşaq məktəbi qurtarır, anası hələ də qışın oğlan çağında təzə otu cücərmiş torpaq yemək istəyir. Bunların arasında ən üstünlük təşkil edən "qida” suvaqdır. Bəzi qadınlar evlərinin dəm-divarlarını qaşıyıb yeyirlər. Onların sözlərinə görə, ən dadlı evlər tarixi binalardır. Onların suvaqları illərdir hər cür rütubəti və qoxunu canına çəkdiyi üçün özünəməxsus dad alıb. İndi əlaqədar qurumlar həmin qadınların ərlərindən çox narahat olurlar. Çünki belə getsə "Dumanlı Albionun” tarixi binaları mədələrə gömüləcək.


Şəfiqə ŞƏFA