adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Aprel 2018 11:21
135136
MÜSAHİBƏ
A- A+

Tanınmış qiraətçi: “Canlı yayımda söyüş söyüb biabır olaram” – MÜSAHİBƏ

Xəzər Süleymanlı tanınmış qiraətçidir. Onun səsləndiriyi şeirlər maraqla qarşılanır. Bəzi şairlər məhz onun səsi sayəsində tanınıb. Xəzər Süleymanlı ilə öz sənətindən, futbol sevgisindən və digər məsələlərdən söhbət açdıq.

Adalalet.az qiraətçi Xəzər Süleymanlı ilə müsahibəni təqdim edir.


-Xəzər mənə maraqlıdı, ixtisasın nədir?

- Uşaq vaxtı futbolçu olmaq istəyirdim. Valideynlərim məni bu fikrimdən daşındırdı. Dedilər, elə sənət seç ki, o sənət Azərbaycanda da olsun. Sonra memar olmaq arzusuyla böyüdüm. Amma məktəbi bitirib Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinə yox, Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya və Dizayn fakultəsinə daxil oldum. Universiteti bitirəndən sonra 5 ilə yaxın inşaatda mühəndis vəzifəsində çalışdım. İndi isə Teleqraf.com saytında işləyirəm.


- Qiraətçilik aktyorluğa yaxındı, necə oldu ki, qiraətçi kimi tanındın? Bu öz istəyincə oldu? Yoxsa tale məsələsidi?

- Qiraətçi kimi tanınmağım məqsədli şəkildə olmadı. Yəni şeir səsləndirməklə tanınmaq istəyim, niyyətim yox idi. Bilirsiz ki, nitq mədəniyyəti-qiraətçilik aktyorluğun bir qoludur. Düşünürəm ki, az da olsa, aktyorluq qabiliyyətim var. Ən azından bir neçə peşəkar aktyorun haqqımda dediklərini nəzərə alıb bu qənaətə gəlmişəm. Hətta deyiblər ki, sən İncəsənət Universitetini bitirən bəzi aktyorlardan da yaxşı şeir səsləndirirsən. Məncə, bu artıq, tale məsələsidir.


-Tanınmış adamlar feysbukda əl çatan olanda bəzən gözlənilməz statsularıyla qarşılaşırıq. Bəzən Xəzər Süleymanlını futboldan yazan hər hansı bir adam kimi tanıyırıq, bəzən isə məhəllə oğlanı tipajında. Bu sənin yaratdığın oyundumu, yoxsa doğurdanmı eləsən, olduğun kimisən?

- Mən hələ ki, tanınmış deyiləm. Bəlkə də elə səbəb də budur ki, çox rahatam. İstənilən mövzuda fikirlərimi yazıram, insanlarla bölüşürəm. Futbolu çox sevirəm. Uşaq vaxtı məhəllələrdə az top qovmamışam. "Doxsanlar”ın uşaqları kimi, küçələrdə böyümüşəm. Yəqin ki, "məhəllə oğlanı” tipajı da ordan qalıb. Bəzən elə məqamlarla qarşılaşıram ki, fikir bildirməsəm olmur. Məncə, bəziləri kimi özünü söydürüb, yazılan söyüşləri kənardan izləməkdənsə, elə "poeziyanın qaqaşı” olmaq yaxşıdır. Həm də sosial şəbəkələrdə görüntü yaratmağa nə var ki? İnteligent də ola bilərəm, aristokrat da, "qaqaş" da. Yəni bu oyun filan deyil, elə özüməm, olduğum kimi.


- Xəzər, sənin səsləndirdiyin şeirlər çox bəyənilir. Bəzi şairlər məhz sənin səsindən sonra tanındı və nədənsə tanınan şairlər sənin dostlarındı. Xəzər Süleymanlının şeir seçmək zövqü necədir, dostlarının şeirlərini səsləndirmək onun boynuna düşən missiyadırmı?

- Hərdən eşidirəm, orda-burda danışırlar ki, Xəzər Süleymanlı yalnız tanıdığı şairləri səsləndirir. Əvvəla tanıdığı şairləri yox, hər kəsin tanıdığı və oxucuların tələb etdiyi şairləri. Aqşin Evrənin şeirini səsləndirəndə şəxsi tanışlığımız yox idi. Eləcə də Salam Sarvan, Pərviz Cəbrayıl, Aqşin Yenisey, Cəlil Cavanşir, Rəşad Nağı Mustafa və s. Bu gün ən istedadlı, ən çox oxunan, sevilən şairlər ətrafımda cəmləşibsə, nə edə bilərəm ki?

Əgər yalnız tanıdıqlarımı səsləndirəcək olsaydım, elə öz şeirlərimi səsləndirərdim. Başqalarından ümumiyyətlə səsləndirməzdim. Zövqlü oxucuların fikirlərini və öz əhvalımı nəzərə alıb, şeirlər seçirəm. Bu, təkcə şairlər qarşısında yox, poeziya qarşısında da üzərimə düşən missiyadır. Vallah, bu işin "çak-çuk”u yoxdur. Məqsədim şeirin təbliğidir.


- Eşitdiyimə görə studiyan yoxdur. Hansı çətinliklər çəkirsən şeir səsləndirərkən?

- Necə deyərlər, bu mənim yaralı yerimdir. Siz bilsəz ki, bir şeiri necə əziyyətlə ərsəyə gətirirəm, mənə yazığınız gələr. Telefonla səsləndirirəm. Çətinlik odur ki, şeiri səsləndirdiyim yerdə bir də görürsən, küçədən maşın keçir, kimsə qışqıra-qışqıra danışır, səs düşür, səsyazmaya mane olur, məcbur olub təzədən səs yazıram. Ona görə, çox vaxt səhərə yaxın səsləndirirəm ki, qoy, hamı yatsın, ətrafda səs-küy olmasın. Bu dəfə də xoruz banlayır. (gülür). Bax, bu şərtlərlə şeir səsləndirirəm.


- Dünyada səsli kitablar çıxır. Türkiyədə, Rusiyada romanlar, şeirlər səsli variantda təqdim edilir. Sənin də belə ideyaların var? Yoxsa həmişə şeir səsləndirəcəksən?

- Hal-hazırda ən çox arzuladığım məsələdir. Ayrıca sayt yaratmaq, müxtəlif hekayələri, romanları səsləndirmək və sayta yerləşdirmək istəyirəm. Bunun üçünsə, əvvəlcə səsyazma şəraitimi heç olmasa müəyyən standartlarla uyğunlaşdırmalıyam.


- Şeir də yazırsan. Qəribədir ki, öz şeirlərini təbliğ etmirsən? Bəyənmirsən? Yoxsa başqa bir qiraətçinin gəlib sənin şeirlərini səsləndirməyini gözləyirsən?

- Səmimi deyirəm, öz şeirlərimi səsləndirmək içimdən gəlmir. Bir neçə dəfə cəhd etmişəm, alınmayıb. Qeyri-səmimi, quru çıxır. Sanki bazara alma-armud çıxardıb "gəl ay müştəri" qışqırıram. Hətta başqa qiraətçilərə də məsələhət görmürəm ki, mənim şeirlərimi səsləndirsinlər.


- Hazırda qiraətçilər günü-gündən çoxalır. İstedadlı səslər çox azdı. Sən özün kimlərin qiraətlərini dinləyirsən, kimləri bəyənirsən, ya da bəyənmirsən?

- Mən həmişə deyirəm ki, qiraətdə səsin əhəmiyyəti olduğu qədər, həm də yoxdur. Şərt o deyil ki, gözəl səsin olsun. Əsas tələffüzün, intonasiyan düzgün olsun. Belə olan halda ən cır səslə də şeir demək olar. Biz bunu xarici filmlərdə, seriallarda da görmüşük. Hətta pıçıltıyla şeir deyirlər, adamın yeddi qatından keçir. İndikilərin çoxu ya özünü boğa-boğa şeir deyir, ya da pafosla. Bəyəndiyim qiraətçilər azdır. Əgər bir az yaşlı nəsli götürsək, hamı kimi mən də Rasim Balayevi çox sevirəm. Düzdür, o qiraətçi deyil, ancaq həm aktyor kimi, həm də qiraətçi kimi böyük məktəbdir. Kamran Yunisi bəyənirəm, dinləyirəm, hörmət edirəm. Ona görə ki, bəzi sənət yoldaşları pul qarşılığında ucuz kafelərdə, restoranlarda tamadalıq edib, bunun adını da qiraətçilik qoyanda, Kamran müəllim təmənnasız olaraq, qiraət sənətini yaşadıb, gözəl şeirlər səsləndirib. Rejissor-aktyor Kamal Yaşarın da şeir deməyi gözəldir. Hərçənd ki, bu sahəyə az meyl edir, ancaq əla şeir səsləndirir. Başqalarına hələ ki, qulaq asa bilmirəm. Hiss yox, duyğu yox. Şeiri necə başlayırlarsa, elə də bitirlər. Qulaq asanda yoruluram.


- Futbolu çox sevidiyini bilirəm. Çox maraqlıdı futbol şərhçisi olmaq istəyirsənmi?

- Deməli, mən bəzi adamları yaxşı parodiya edə bilirəm. Onlardan biri də Aztv kanalının məşhur idman şərhçisi Fikrət Adıgözəllidir. Hətta bir dəfə onu necə parodiya etmişdimsə, heç kəs inanmırdı ki, mənəm. Futbolu nə qədər sevsəm də, şərhçi olmaq istəmərəm. Yəqin ki, Milanın oyunlarında hislərimi gizlədə bilmərəm. Axı uşaqlığımdan bu yana, 17 ildir Milan azarkeşiyəm. Canlı yayımda ağzımdan söyüş çıxar, biabır olaram.


- Qiraətçi Xəzər Süleymanlını birdən-birə mətbuatda gördük. Teleqraf Holdinqdə yazıların, müsahibələrin gedir. Əvvəl öz səsinlə məşğul olurdun, indi başqa müəlliflərin səslərilə. Çətin deyil ki?

- Bu, tamamilə gözlənilməz oldu. Hələ ki, müəyyən çətinliklər var. Yavaş-yavaş alışacam. Bəzi adamlar elə bilir ki, saytda işləmək çox asandır. Amma əsl istedad elə burda lazımdır. Əks halda öhdəsindən gəlmək mümkün deyil. Odur ki, Allah istedadımın canını sağ eləsin, mən də onun hesabına qabağa gedim.



Söhbətləşdi: Oğuz Ayvaz