adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Aprel 2018 11:57
15544
ƏDƏBİYYAT
A- A+

Ədəbiyyat həm ümidin, həm də ümidsizliyin dəfn olunduğu yerdir...

Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz” haqqında anlayışımıza yeni bir məna gətirir. "Söz adamı” layihəsinin növbəti qonağı jurnalist, yazar Tural İsmayılovdur.

- Çexov ədəbiyyatı "ümid” , bu işlə məşğul olanları isə "boşuna ümid edənlər” adlandırırdı. Ədəbiyyatda ümid və ümidsizlik anlayışları nə vaxt və harada özünü göstərir?

- Çexov yanılırdı. Ədəbiyyatın harası ümiddir ki? Ədəbiyyat sadəcə yaşadığın həyatın sıxıntılarından qurtulmaq, özünlə tək qalmaq, hadisələr və obrazlar uyduraraq ömrünü daha dözümlü etməyin silahıdır. Ədəbiyyat həm ümidin, həm də ümidsizliyin dəfn olunduğu yerdir. Sən ədəbiyyata "bulaşdınsa” burada sadəcə yazdıqların və yaratdıqlarınla üst səviyyədə hiss edirsən özünü. Ədəbiyyat yaradıcı azadlığının ən kuliminasion nöqtəsidir. İstədin, yaz, istəmədin, düşün və sonra yenidən yazmağa cəhd et. Ədəbiyyatla məşğul olanlar "boşuna ümid edənlər” deyil, "insanlara ümid verənlərdir”. Nəinki böyük bir əsər, adicə bir hekayədəki bircə cümlə belə insan həyatını dəyişə bilir. Elə bil ki, söz soyuq bir snayperdir, hədəf isə insan qəlbidir, bir cümləylə nə qədər yaxşı yaxud pis mesajlar verə bilərsən. Məsələn, Dino Busattinin "Tatar Çölü” əsəri, ya da Saramaqonun "Korluq” əsəri hətta xərçəng olsan belə, son saniyəyə qədər qurtuluşu təbliğ edir. Ədəbiyyat insana sevinc verə bilən yaylım atəşidir, həyat enerjisinin sərbəst olduğu sahədir, ədəbiyyatla məşğul olanlar eqolarını və kinlərini kənara ataraq əsərdə obrazlara çevrilirlər və insanlardan qiymətləndirmə tələb edirlər. İnsanların ən səmimi olduğu yer ədəbiyyatdır. Burada insan məsumdur, günahları obrazlar edir, sən etdiyin bütün əclaflıqları belə dərk edir, özünə qarşı mənəvi hücumları obrazlarına yönəldirsən. Nə qədər tərif verirsən, ver, çabalayırsan çabala, ədəbiyyata tərif vermək onu sərhədlərə salmaqdır. Məhz bu baxımdan Çexovla razılaşmıram. Amma bildiyim bir şey var ki, yazmaq və yaratmaq bu dünyadakı ən dəyərli şeydir. O, bütün ideologiyalardan, ideologiyalardan, kapitalizmdən də, sosializmdən də və sair nüanslardan da bir addım öndədir. Ədəbiyyat ümiddən daha üstün nələr varsa onların külliyatından daha qiymətli və əvəzolunmazdır, bu isə danılmaz həqiqətdir!

- Bəzən yazarların çoxluğu, daha doğrusu kəmiyyət baxımından keyfiyyət göstəricilərinin aşağı olması narahatlıq doğurur. Necə düşünürsünüz bu daha çox nə ilə əlaqədardı?

- Yazarların çoxluğu bizim şişirtdiyimiz şeydir. İnsanlar yazmaq istəyir də. Neynəməli? Senzura tətbiq ediləsi deyil ki. Yazmaq istəyirlər, yazsınlar da. Kəmiyyətin çoxluğu əsla keyfiyyətə təsir edən nüans deyil. Rasional fəlsəfəyə görə, keyfiyyət əsla kəmiyyətin göstəricisi deyil. Amma təəssüf doğuran məsələ bilirsənmi nədir? Hamı özünə şair, yazar deməyə çalışır, amma tutaq ki, bir nəfər nanotexnoloq, robot mühəndisi, yaxud fizik olmağını qabartmır. Ədəbiyyatın inkişafı istənilən halda yaxşıdır, o halda ki, kütləvi ədəbiyyat yalnız bədii ədəbiyyatla təmsil olunmasın, burada həmçinin fəlsəfi və elmi ədəbiyyat da yer alsın. Bax o zaman bu dediyin nüanslardan qətiyyən narahat olmağa dəyməz. Çox istərdim ki, özünə şair-yazar deyənlərimiz, lap elə hamımız Feysbukda dəyərlərə sataşıb, insanların hissləri ilə oynayıb, təhqirlərdən feyziyab olmaq yerinə yeni nələrsə yazaq. Bax yazarların çoxluğu bu baxımdan keyfiyyətsizliyə səbəb olur ki, lazımlı məsələlər qalır qıraqda, ədəbiyyat şou elementləri ilə dolur. Axı hansı yaradıcı adamda qıcıq yaranmır? Adam bir kitab çıxarır, nə hoqqadan çıxırsa, hamı deyir ki, "yazıçı bunu etdi”. Yaxud 5-6 şeiri çıxıb, ağzına gələni yazır, o saat hədəf bəlli olur: "bizim gənc şairlər belə edir...”

Ədəbiyyatı özünə hörmət etməyən adamlardan qorumaq lazımdır, ələlxüsus da bizimlə eyni yaşda olan həmyaşıdlarımızdan. Ədəbiyyatın keyfiyyəti bir tərəfdən də oxucunun mütaliə səviyyəsindən və hazırlıqlı olmasından asılıdır. Tutaq ki, bir sevdiyi gənc şair, yazar hansısa bir bədii mətnini paylaşırsa ona az rekasiya verib, sayıqlamalarına daha çox diqqət ayırırsa, o gənc də istər-istəməz çoxluq tərəfindən yönəldiləcək. Belə məsələlərdə kifayət qədər diqqətli olmaq lazımdır. Ədəbiyyatı bizlər keyfiyyətli etməmişik. Azərbaycan ədəbi ənənələri ilə regionda önəmli yerdədir, biz çalışıb dünya ədəbi arealına çıxmalıyıq, amma içib sərxoş olduqdan sonra gedib evdə yatmaq yerinə, sosial şəbəkədə özümüzü biabır etməklə məşğul olacayıqsa, gələcəyimiz heç də pozitiv proqnozlaşdırılmır.

- Azərbaycan Yazıçılar Birliyinə üzvlüyünüz haqqında nə deyə bilərsiniz? Bu addımın atılması hansı zərurətdən irəli gəlirdi?

- Heç bir zərurəti yox idi. Sadəcə mənim 30-a yaxın hekayəm müxtəlif saytlarda, qəzetlərdə, dərgilərdə çap olunub. Tərcümələrim var sayısız, Türkiyədə ədəbi yazılarım dərc olunub, şeirlərim var, sayısız esselər yazmışam, bir ildən çox ədəbiyyat saytında redaktor olmuşam və bu ədəbi xidmətlərimi nəzərə alaraq AYB üzvü niyə də olmayaydım ki? Müraciət etdim və bir il sonra üzv qəbul olundum. Yazıçılar Birliyi gözəl, böyük, yaradıcı ocaqdır, orada təmsil olunmaq istədim. Öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında danılmaz bir möhür olan Anar kimi yazıçının sədri olduğu və özümüz kimi insanların toplaşdığı yaradıcı bir ocaqda təmsil olunmaq qürurvericidir. AYB Azərbaycanın çağdaş ədəbiyyatının pasportudur, ədəbiyyatımızdakı neçə-neçə dəyərli isimlərdə, əsərlərdə AYB imzası var. AYB-nin ədəbiyyatımız üçün önəmini görməmək sadəcə olaraq anlamadığım bir şeydir. Yazıçılar Birliyi neçə gənc yazarın yetişmə və inkişaf stimulu olub və hələ bundan sonra da neçə illər bu tendensiya davam edəcək.

- Son zamanlar mətbuatda "söz adamları” yeni mətnlərin kasadlığından giley-guzar edirlər. Ciddi mətnlərə də sanki tələbat azdı. Daha çox bayağı, şou xarakterli yazılar oxunma sayına görə fərqlənir. Saytlarda da bu hallara tez-tez rast gəlinir. Məsələ deyəsən getdikcə qəlizləşir...

- Biz bu məsələni də çox faciəvi təqdim edirik. Dünyanın bütün nöqtələrində populyar kültür və şou kultu ciddi şeylərdən və ədəbiyyatdan daha çox ilgi görür. Sadəcə dünyada ədəbiyyat da, fəlsəfə də paralel maraq görür. Bizdə isəpaparassi gündəmi ciddi şeylərdən daha böyük rəğbət görür. Mən jurnalistika ilə məşğul olduğum üçün bu tendensiyanı açıq görürəm. Redaktoru olduğum sayt aylıq ilk altı pillədə yer alır və inanın ki, oxucu ciddi materiallara daha az önəm verir ki, nəinki şou tipli, kültürəl əhəmiyyəti olmayan materiallar.

- Ədəbi tənqidə münasibətin necədir?

- Hər sahədə tənqid yenilənmədir, tərəqqidir, yüksəlişdir. Münasibətim çox yaxşıdır. Və istərdim ki, ədəbi tənqid sahəsində də gənclər yetişsin. Amma ədəbi tənqidçi olmaq üçün zəngin mütaliə bazan və biliklərin olmalıdır. Gənclərin yaradıcılığına münasibətdə ədəbi tənqid yazıları inkişaf verici nüansdır.

- Tərcümə sahəsində, xüsusən son zamanlar müəyyən işlər görülməkdədi. Kitab çapı da yeni forma və məzmun almaqdadı. Amma yenə də oxucu qıtlığı müşahidə olunur... Bu istiqamətdə əsas işlər kimlərin və ya hansı qurumların üzərinə düşür?

- Razı deyiləm. Mən uşaq olanda biz kiril əlifbasında köhnə kitablar oxuyurduq. İndi nəşriyyatlar böyük işlər görürlər. Sadəcə kommersiya xatirinə "basməmmədi”, keyfiyyətsiz tərcümələri, redaktələri ələmək lazımdır. Bilirsiz, bir tərəfdən biznesmenləri və nəşriyyatları qınamaq lazımdır ki, kommersiya maraqlarına görə bəsit materialları, kütləni aldada biləcək nəşrləri tərcümə etməsinlər, amma digər tərəfdən də onlara da haqq qazandırmaq olur. Ümumilikdə, bir neçə kitab işi ilə məşğul olan qurumlar, nəşriyyatlar istisna olmaqla samballı əsərlər, samballı redaktələr və tərcümələrdə böyük bir problem müşahidə etmirəm.

- Uşaq ədəbiyyatı haqqında nədənsə o qədər də çox danışılmır və ya işlər görülmür. Bu sahədə hansı boşluqları qeyd etmək olar?

- Modern ədəbiyyatımızda nəsr və nəzm ilgi görsə də, uşaq ədəbiyyatı və dramaturgiyaya meyil olmur. Mən 10-a yaxın nağıl yazmışam və maraqla da qarşılanıb, cizgi filmi də çəkilib. Ümid edirəm ki, uşaq hekayələri daha çox yazacağam.

- Ədəbi qruplaşmaların kənardan görüntüsü və bunu ədəbi proseslərə təsiri nə dərəcədədi?

- Ədəbi qruplaşmalar ancaq 5-10 faiz qalmaqala meyilli yazar üçün maraqlıdır. Ciddi yazarlar və oxucu üçün qətiyyən maraqlı deyil. Sadəcə bir məsələni qeyd edim ki, zamanında ədəbi qruplaşmalar arasındakı polemikalar ədəbi canlanmaya da təsir etdi. Bu, danılmaz faktordur.

- Dünya ədəbiyyatından oxumağa vacib bildiyiniz əsərlər...

- Nə istəyirsiz, oxuyun. Bu barədə o qədər siyahı demişəm, yazmışam ki. Oxucular özləri qərar versə yaxşıdır. Çünki hərənin bir zövqü və yanaşma tərzi var.

- Müasir dövr Azərbaycan ədəbiyyatından kimləri oxuyursan?

- Qarşıma çıxan hamını. Amma xüsusən Qismət, Səlim Babullaoğlu, Aqşin Evrəndən demək olar ki, hər şeyi oxuyuram.

- Nəzm və nəsr arasında keçidlərin uğursuzluğu daha çox yazarın qarşısına hansı öhdəlikləri qoyur?

- Hansı sahədə daha yaxşıdırsa o sahədə yazmağı. Şeir alınmırsa, çox üzərinə düşmək lazım deyil, o ruh gələnə kimi gözləmə mövqeyində olmaq lazımdır. Ümumiyyətlə, mən planlı yaradıcılığı anlamıram, poeziya və nəsr planla olmur, o, "gələndə” "gəlir”.

- Ədəbi mükafatlara münasibətiniz....

- Lap yaxşı. Mükafat əlavə stimuldur.

- Fəlsəfə yoxsa ədəbiyyat?

- Onlar iki "qardaşdır”. İkisi də dəyərlidir. Fəlsəfə dünyagörüş, ədəbiyyat isə yaradıcılıqdır. Biri olmadan digəri mümkün deyil.

- Andrey Platonov hər işdə sevgi, hər sevgidə bir iş olduğunu vurğulayırdı. Necə düşünürsünüz ədəbiyyatda, fəlsəfədə sevgi və iş nisbəti necədir?

- Sevgi olmasa nə yaza, nə düşünə bilmərik. Bu həyatda sevgisiz olan hər şey bərbaddır.

- Keçmiş yoxsa gələcək?

- Ancaq gələcək!

- Son olaraq "söz” haqqında sözünüz...

- Sözümüz kəsilməsin ki, nəfəsimiz kəsilməsin.


Söhbətləşdi: Tural Cəfərli