ANA SƏHİFƏ / MÜSAHİBƏ

Yasda məni az qala öldürmüşdülər... - MÜSAHİBƏ

27875    |   2018-04-20 11:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün "Ulduz" jurnalının baş redaktoru, tanınmış şair Qulu Ağsəsin doğum günüdür. Adalet.az bu münasibətlə Qulu Ağsəslə müsahibəni təqdim edir:


-Doğulduğunuz Ağdam, uşaqlığınız yaddaşınızda necə iz buraxıb?

– Həyatın elə anları olur ki, illər, aylar, hadisələr gəlir o izlərin üstünü örtür. Sonra güclə qaşıyıb üzə çıxardırsan. Amma uşaqlıq elədi ki, onun üstünü heç nə örtmür. Hətta uşaqlığımda elə kədərli hadisələr var ki, mən özüm qəsdən üstünü basdırmışam.


– Hansı hadisələr?

– İsmayıl dayı adlı bir dostum var idi. Böyük Vətən Müharibəsində əsir düşmüşdü. Buna görə tərcümeyi-halı ləkəli idi. Ona orden, medal nədi, heç yağ talonu da vermirdilər. Mən orta məktəbdə oxuyurdum. Artıq rayon qəzetində çap olunmağa başlamışdım. İsmayıl dayı ilə onun əkdiyi qoz ağacının altında oturub dərdləşirdik. Hərəmizin əlində bir çubuq. O, çubuqla yeri eşdikcə torpağın altında ölmüş adamlar çıxırdı. Hərdən çaşıb atamın da adını çəkirdi. Tez də çubuqla üstünü örtürdü. Mən də onun elədiyini təkrar edirdim. İndi o illəri xatırlayanda sanki pantomim teatrına baxıram. İsmayıl dayı kənkan idi. Onu müharibəyə qazdığı quyudan tutub aparmışdılar. İlk qazdığı səngər 6 metr olmuşdu. Ona elə gəlib ki, müharibə elə quyu qazmaqdı.

Qaraqayada sürüşək daş vardı, gedib orada sürüşürdük. Orda sürüşən uşaqların axşam evdən çığırtısı gəlirdi. Çünki mütləq şalvarları deşilirdi və buna görə evdə çırpılırdılar. Daşda sürüşən uşaqları dərhal taıyırdıq. Hamısının şalvarı yamaqlı olurdu. Yamaqlı şalvarlar da İsmayıl dayının sehirli çubuğu kimi uşaqlığımda iz salıb.


– Uşaqlığınızda travmatik bir hadisə olub?

-Təbii ki, olub. Mən onu yuxu kimi hərdən xatırlayıram. 3-4 yaşım olanda qonşuda toy olmuşdu, toy qurtarandan sonra palatka söküləndə uşaqlar dəmirdən sallanıb yellənirdilər. Çadır aşıb, altında qalmışam.


– Mən mənəvi travma deyirəm.

- Balaca vaxtı kəndə motoskletlə fotoqraf gəlmişdi. Adamların şəklini böyüdürdü. Anama dedim ki, atamın şəklini ver böyütsün. O vaxtacan məni aldatmışdılar ki, atam Bakıda yaşayır. Dalaşdığım uşaqlardan birini atamla hədələmişdim. O mənə dedi ki, sənin atan ölüb. Bakıda yaşayan böyük qardaşındı. Şəkil böyütmək söhbətini anama deyəndə tutuldu. Bildim ki, qonşu uşaq düz deyir. İlk mənəvi zədəni onda aldım.

– "Ulduz” jurnalının baş redaktorusuz. Günü-gündən də şairlər çoxalır. Sizcə, gənclik niyə digər sahələrə yox, ədəbiyyata gəlmək, tez bazar da çap olunmaq, şöhrət qazanmaq istəyirlər?

– Hansısa tanınmış musiqiçiyə bu sualla müraciət eləsən, o da deyəcək ki, bu gün hamı musiqiyə gəlir, oxumağa gəlir. 50 ilin taksi şoferi ilə söhbət eləsən, o da eyni gileyi edəcək. Ədəbiyyat bu gün həmişə olduğundan daha az şöhrət gətirdiyinə görə əslində mən bugünkü gəncliyi alqışlayıram. Əvvəl Yazıçılar Birliyinə üzvlük, sonra müəyyən güzəştlər: dincəlmək, kurort, onun dalınca ev, maşın və s. gözlənilirdisə, indi onların heç biri yoxdu. Deməli, bu gün ədəbiyyata gəlmək fədailikdi. Yəni bilirsən ki, burda heç bir xeyir yoxdu, kitabı müəllif öz cibinin puluna çap elətdirəcək, onu alan yalnız dost-tanışlarıdı, kitabların sayı təəssüflər olsun ki, 500-dən çox deyil. Son vaxtlar 30-a yaxın kitab almışam, 30 kitabın təqdimatında təxminən eyni personalı görmüşəm.

Ədəbiyyat bu gün qələm adamlarına xeyir gətirmir əvvəlki illərə baxanda. Və buna rəğmən yenə insanlar yazıb yaratmaqdan doymurlarsa, bu, artıq könül işidi. Onun keyfiyyəti məsələsi başqa söhbətdi. Biz əvvəl şeir oluruq, sonra şair. Və nə vaxtsa qayıdıb təzədən şeir ola bilsək, deməli, yazmağa dəyərmiş.


– Bildiyim qədər istedadsız imzaları çap eləmirsiz...

– "Ulduz” jurnalında maksimum çalışırıq ən istedadlıları çap edək. Onlara həmişə qapı açıqdı. Onlarla harda rastlaşsaq – dağda-daşda, facebookda şərait yaradırıq ki, çap olunsunlar. O adamlar görünsün. Xudu Məmmədov deyirdi ki, istedadlı adamla işləmək çətindi, nəinki istedadsız. Xudu müəllim təbii ki, doğru deyirdi. Mən klassiklərlə mübahisə etməyi xoşlamıram. Amma mənim fikrimcə, istedadlı adamla işləmək çətin olsa da xoşdur. İstedadlı bir şeir oxuyanda adamda qibtə yaranır. Niyə bunu mən yazmamışam deyə. İstedadlı çevrə adamı ayaqda saxlayır. Yoxsa ətrafı qrafomanlarla doldursan, özün də bir yana çıxa bilməzsən.


– Amma qəzetdə, jurnallarda, saytlarda görürük ki, istedadsız adamlar da çap olunur. Bir senzura lazım deyilmi ədəbiyyatda?

– İndi senzura dövrü deyil. Ədəbiyyat yaranandan anti-ədəbiyyat da var, insanlıq yaranandan anti- insanlıq da var, talant yaranandan talantsızlıq da var. Bunlar həmişə bir yerdə olub. Bunlar həmişə hər yerdə var. Biz onları çap eləməsəkdə görəcəyik hardasa bir yerdə çap olunub. İstedadsız müğənni baxın efirlərdə nə qədər mənasız mətn oxuyur. Yəni əgər istedadsız adam çapa meyillənirsə onun qarşısını ala bilməyəcəksən. Özü sayt yaradacaq, başqa bir yerdə çap olunacaq, mahnı mətnləri yazacaq, gedib məzar başdaşılarına şeir yazacaq. Düzdü istedad təbiət hadisəsidi. Zəlzələ kimi, vulkan kimi təbiət hadisəsidi. Amma istedadsızlıq da hadisədi. Təbiətin törətdiyi hadisə deyil. Biri var vulkan püskürər, biri də var maşını adamların üstünə sürərlər. Bax bunlar elə bil ki, maşını adamın üstünə sürürlər. (gülür) İndi çap olunmaq çox asandı. Gündəlik qəzetlərin də ədəbiyyat səhifəsi var. Üstəlik saytlar, sosial şəbəkələr. Maraqlıdır ki, zəif yazılar daha çox oxunur və bəyənilir. İstedad təbiət hadisəsidir. Hadisə isə həmişə baş vermir. Elə götürək baleti.


-Aha

-Teatrda balet oynanada 50–60 adam gəlir. Yarısı da mənim kimi eynəkli. Amma «Bu şəhərdə»yə bilet tapılmır. İndi neyləyək, Opera və Balet teatrını bağlayaq? Nə yaxşı ki azda olsa ciddi mətbu orqanlar var. Onların tiraji az olsa da ədəbi səlnaməni məhz bu orqanlar yaradır. Yutubda 100 minlərlə baxışı olan nəzm nümunələri var. Özünə hörmət edən heç bir KİV onları çap etməz. Biri var, ədəbiyyatdan sosial şəbəkəyə gələsən, birdə var sosial şəbəkədən ədəbiyyata. Bunlar fərqli şeylərdi.

Ən çox "Azərbaycan” jurnalı ilə "Ədəbiyyat” qəzeti idi ki, 80 illik tarixləri var. Və burda çap olunmaq olduqca çətin idi. Orda bir dəfə çap olunan adam yazıçılıq mandatı alırdı. Tutaq ki, biri bir şeir yazırdı əvvəlində Məmməd Araz yazırdı ki, -"onun tərbiyəsi xoşuma gəldi, uğur arzulayıram”.


-Yəqin sizin də tərbiyəniz redaktorların xoşuna gəlib. Doğurdan da Qulu müəllim siz çox həyalı, utancaq adamsınız. Amma müsabiqədə sizə "Qılınc Qurban deyirlər.

-Sözümü kəsmə. Bax indicə Məmməd Arazdan misal çəkdiyim o iki kəlməyə görə adam bütün ölkədə tanınırdı. İndi Allaha şükür bütün siyasi qəzetlər, ədəbiyyat qəzetləri, internet portallar nə qədər var. Onların yayım imkanı ilə bizim yayım imkanımız daha çoxdu. Publika üçün də son dərəcə maraqlı olan adamlar var.

Jurnalımıza müxtəlif ölkələrdən yazılar göndərirlər. Ola bilsin ki, onların arasında cinsini dəyişmiş adamlar var. Yəni, əslində kişidi, qadın imzası ilə yazır. Yaxud əksinə. Biz artıq buna cavabdeh deyilik. Biz yalnız mətnə cavabdehik. Məhşur olmayan rus yazıçısının bir hekayəsi var. Bir nəfər bekarçılıqdan yazı yazıb jurnala göndərir. Yasızı çap olunur. Amma baxıb görür ki, bir cümlə də onun deyil. Orijinalı başqa jurnala göndərir. Yenə çap olunur. Bu dəfə də onun yazısını tamamilə dəyişib çap edirlər. Beləcə məhşurlaşır, nəşriyyatlardan biri onunla müqavilə bağlayır. O öz yazısını nəşriyyata göndərir, kitab çıxanda baxır ki, bir cümlə də onun deyil. Tezliklə imzası brendə çevrilir. Ondan soruşurlar ki, ən böyük arzunuz nədir? Cavab verir bircə yol öz yazımın çap olunmağı. İndi redaksiyalara başqasının təzədən yazdığı mətnlər də gəlir. Biz heç buna da cavabdeh deyilik. Bunu həmin adamların öz vicdanına buraxırıq.


-Bir az da sizin yaradıcılığınızdan danışaq. Yaradıcılığınızda nə yenliklər var?

-Mən ləng yazıram. Az-az yazıram. Hər şeirimi ən az 6-7 variantda işləyirəm. 4-5 variant beynimdə hazır olur. Qələmə alanda tamam ayrı variant ortaya çıxır. Redaktə edib qurtardıqdan sonra isə tamam başqa. Mənimki elə bil İtaliya kinosudu. Sona qədər rejissor özü də bilmir ki, nə çəkir. Tamaşaçıya da elə təqdim edir. Mən də sonda nə təqdim edəcəyimi özüm də bilmirəm.


-Qulu müəllim, sizin şeirlərinizə romanslar bəstələnib. Bəstəkarlar İttifaqında keçirilidi tədbir. Təəssüratlarınızı bölüşərsiniz...

- Musiqi Akademiyasının müəllimi, bəstəkar Rəna Qədimova bir neçə şeirimə romans bəstələyib. Aprelin 17-də Bəstəkarlar İttifaqında onardan ikisinin təqdimatı oldu. Romansları əməkdar artist, istedadlı vokalçı İlham Nəzərov oxudu.


- Gənc yazarlar klassikləri tənqid edirlər. Buna münasibətiniz necədir?

– Üzeyir Hacıbəyov ötən əsrin əvvəlində yazır ki, 1905 –1910-cu illərdə Azərbaycan ziyalıları birdən-birə parladı. Bir çox şeylər meydana gəldi. Nələrsə eləməyə çalışdıq. Və sonra söndük.

Onunla əks cəbhədə dayanan Məmməd Əmin Rəsulzadə görün necə nəzakətlə cavab verir. Deyir ki, Azərbaycan ziyalıları filan dövrdə yanıb, indi sönüb.


-Doğurdanmı sönüb...

-O dəqiqə getdin sönmək məsələsinə ki, bəlkə məndən bir söz qoparıb qalmaqal yaradasan.


-Allah eləməsin...

-Allah eləmir e, bəndələr edləyir. Nəyisə. Qayıdaq mətləbə. Mən bu fikirlə razı deyiləm. Bir millət yüzlərlə nadan Mirzənin içindən bir Mirzə Fətəli yetiribsə, bir millət yüzlərlə bivec seyidin içindən bir Seyid Əzim yetiribsə, bir millət yüzlərlə baqqalın içindən bir Sabir yetiribsə, onun işığı heç vaxt sönməz. Məncə, mübarizə fikir üzərində qurulmalıdır.


-Sabir baqqal deyildi. İndiki dillə desək "sexavşik idi. O boyda sabun sexi vardı...

-Sən də qardaşın kimi gərək bir söz tapıb deyəsən. Bəs Aqil Abbas sənə deməyib ki, özündən ağıllı adam danışanda qulaq as.


-Qulu müəllim, istedalısınız, yaxşı. Amma daha ağıl başqa, istedad başqa...

-Yaxşı sən də ağıllısan. Harda qalmışdıq. Deyəsən, Mirzə Cəlildə. Mirzə Cəlil ilə Əbdürrəhim bəy Haqverdiyevin həmin dövrdə xalqa münasibəti. Əbdürrəhim bəy Azərbaycan xalqının ən təmiz, ən munis, ən müqəddəs, ən işıqlı cəhətlərini ön plana çəkirdisə, Mirzə Cəlil əksinə onun ən qaranlıq, nadan yerlərini qamçılayırdı və ələ salırdı. Amma bu iki daban-dabana zidd baxış heç vaxt onların münasibətinə xələl gətirməyib. Nə bir-birini təhqir ediblər, nə də düşmən olublar. Klassikləri tənqid etmək olar. Amma qərəzsiz və mətn üzərində


- "Xalqın şairi”ndə demək olar ki, münsif kimi tamaşaçıların yaddaşında siz qaldız. Bu müsabiqədə maraqlı, qeyri-adi hadisələrlə qarşılaşmısız?

-Əvvəla maraqlı hadisə o oldu ki, o müsabiqəyə 90 yaşında adamdan tutmuş 10 yaşlı uşağa kimi qatılan tapıldı. Deməli, Azərbaycan xalqının poeziyaya, ədəbiyyata marağı çoxdu. O yaşda uşağı adamın əli gəlmirdi. Və ya 90 yaşlı kişiyə deyə bilmirsən ki, müsabiqə sənlik deyil. Eləcə də fiziki cəhətdən qüsurları olan adamlar da gəlirdi. Amma əvvəldən söz verdik ki, mətnə qiymət veriləcək. Mən bu prinsipə sadiq qaldım. Bu müsabiqə cavanları çox məşhurlaşdırdı. Hər halda udan onlar oldu.

Maraqlı əhvalat odu ki, bir dəfə maşınla gedəndə post patrul saxladı məni. İndi dedim, cərimə yazacaq. Telefonunu çıxardıb "Xalqın şairi”ndəki iştirakçının videosunu göstərdi mənə. Dedi, bu cürə istedadlı birini niyə kəsdiz.


Bir dəfə də 500 nəfərlik yas yerində idim. Birdən bir topa adam əhatəsinə aldı məni. Fikirləşdim, yəqin məni tanıdılar. Sonra məlum oldu ki, bunların ağsaqqalını müsabiqədən kəsmişəm. Az qaldı orda məni öldürələr. Yas yiyəsi dedi ki, sən canın, anamın qırxına gəlmə...

Söhbətləşdi: Oğuz Ayvaz



İmza:

QƏLBİNDƏ PEŞMANÇILIQ HİSSİNİ ÖLDÜRMÜŞ ADAM

Araz Əlizadə : “Xalq yazıçısı məni tənqid edəndə ağladım” - MÜSAHİBƏ

“AtaSığorta”dan “Petrollu Kasko” həmləsi - MÜSAHİBƏ

“Dini fikirlərimə görə maşınıma bomba qoymuşdular” - Elşad Miridən ŞOK MÜSAHİBƏ

Elşad Miri : "Azərbaycan dilində namaz qılmaq olar, amma..." - Müsahibə ANONS

"Hər xalqın Xudu Məmmədovu, Azad Mirzəcanzadəsi olmur" - Filologiya elmləri doktoru

Roman yazmaq üçün universiteti atan yazıçı danışdı: “O, çox əclaf adamdır”

"BÜTÜN GÜNAHLARI YOL POLİSİNİN ÜSTÜNƏ ATMAQ ƏDALƏTSİZLİKDİ"

İnternatda əqli qüsurlu uşaqlarla birgə böyüyən "moyşik"lə söhbət

Məni 150 min adam tanıyır... - Aqşin Evrənlə MÜSAHİBƏ

"Elçibəyə ən böyük xəyanəti Əli Kərimli etdi" - Elman Türkoğlu ilə müsahibə

İntihar şansımı arvad-uşaq əlimdən aldı… - Kəramət Böyükçöllə MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2018-09-21
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Ədə, dünən məni evə kim gətirib?
- Mən apardım qaqa, amma eşşək qədər içmişdin haa.
- Ay lom, biz 5-ci mərtəbədə qalırıq, mən səhər 4-cü mərtəbədəki xalaşkanın evində oyanmışam.
- Dəlisən sən? Qapını atan açdı axı.




digər lətifələr
ARXİV
FACEBOOK